Tarixi Şuşa Bəyannaməsinin
3-cü ili
Azərbaycan-Türkiyə münasibətlərinin
tarixində Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət
daşıyır. Üç il əvvəl, 2021-ci il 15 iyun
tarixində Şuşada imzalanmış Bəyannamə iki
qardaş ölkənin münasibətlərini yeni müstəviyə
çıxaran tarixi və siyasi önəm kəsb edən
müttəfiqlik haqqında hüquqi sənəddir. Bəyannamədə
ölkələrimiz arasında əməkdaşlığın
bütün aspektləri əhatə olunub. Sənəddə
hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik
məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar,
səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki
imkan və potensialların birləşdirilməsi əksini
tapıb. Bəyannamədə 100 il bundan əvvəl
imzalanmış tarixi Qars müqaviləsinə istinad edilir. Həmçinin,
1994-cü il fevralın 9-da imzalanmış "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə Müqavilə"nin və
"Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Protokol"un, eləcə
də 2010-cu il avqustun 16-da imzalanmış "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında Müqavilə"nin rəhbər
tutulduğu bildirilir. Sənəddə ən vacib məqamlardan
biri şübhəsiz ki, müdafiə sahəsində əməkdaşlıq
və qarşılıqlı hərbi yardım məsələləridir.
Qeyd olunub ki, iki dövlətin ərazi
bütövlüyünə, suverenliyinə
üçüncü dövlət və ya dövlətlər
tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
bir-birini qoruyacaqlar.
Sənəddə deyilir: "Tərəflərdən
hər hansı birinin fikrincə, onun müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığına və ya təhlükəsizliyinə
qarşı üçüncü dövlət və ya
dövlətlər tərəfindən təhdid və ya təcavüz
edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr
aparacaq və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinə müvafiq təşəbbüs həyata
keçirəcək, bir-birinə BMT Nizamnaməsinə
uyğun zəruri yardım göstərəcəklər. Bu
yardımın həcmi və forması təxirə
salınmadan keçirilən müzakirələr yolu ilə
müəyyən edilərək birgə tədbirlər
görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar veriləcək
və Silahlı Qüvvələrin güc və idarəetmə
strukturlarının əlaqələndirilmiş fəaliyyəti
təşkil olunacaqdır".
Bu müddəa əlbəttə ki, həm Ermənistana,
həm də digər dövlətlərə Azərbaycan və
Türkiyənin mühüm mesajıdır. Şuşa Bəyannaməsi
ilə Türkiyə açıq şəkildə Azərbaycanın
ərazi bütövlüyünün pozulması, dövlət
sərhədlərinə təhdid kimi halların baş verməsi
halında, ordu ilə ölkəmizin yanında yer
alacağını beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırır.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri
özünün ən yüksək zirvəsindədir. Bu zirvənin
ən pik nöqtəsi isə iki ölkə arasında
Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin
imzalanmasıdır. Ümumiyyətlə, ölkələrimizin
əməkdaşlıq münasibətləri unikal müttəfiqlik
nümunəsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan tərəfindən imzalanmış
Şuşa Bəyannaməsində strateji əhəmiyyət
kəsb edən bütün əməkdaşlıq istiqamətləri
əhatə olunur.
Şuşa Bəyannaməsini tarixi anlaşma
adlandıran Prezident İlham Əliyev deyib ki, anlaşma nəticəsində
Türkiyə və Azərbaycan rəsmən müttəfiq
oldu.
“İkinci Qarabağ müharibəsində Qələbədən
sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan
münasibətləri rəsmiləşdirdi və biz bunu məşhur
Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə
qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz
üçün çox böyük nailiyyətdir,
böyük sərvətdir. Həmin bəyannamə bizim
qarşımızda yeni üfüqlər açır”, -
dövlət başçısı bildirib.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə
vurğulayıb ki, Şuşa Bəyannaməsinin müddəalarını
bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq
və bu məsələdə güzəştə getməyəcəyik.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz
mövzu ilə bağlı “525”ə bildirib ki, Şuşa Bəyannaməsi
yüz illərlə tarixi keçmişi olan Azərbaycan-Türkiyə
münasibətlərinin ən yüksək zirvəsidir. Buna
görə də Türkiyə-Azərbaycan münasibətlərini
Şuşa Bəyannaməsindən öncə və
Şuşa Bəyannamədən sonra şəklində dəyərləndirmək
olar. Bu sənədi doğuran Azərbaycanın Qarabağ zəfəridir.
General bildirib ki, dünyada 200-dək dövlət var.
Amma Türkiyə-Azərbaycan münasibətlərinin, eyni
zamanda Şuşa Bəyannaməsinin başqa iki dövlət
arasında örnəyi yoxdur. Bu sənəd NATO-nun nizamnaməsinin
5-ci maddəsi kimi bir-birinə qarşılıqlı olaraq hərbi
dəstək verməyi hədəfləyir. NATO nizamnaməsinin
5-ci maddəsinə əsasən üzv ölkələrdən
birinə xarici hücum gerçəkləşərsə,
bütün NATO dövlətləri hücuma məruz qalan
ölkəyə dəstək verməlidir. Yəni iki ölkə
biri-birinə gələn təhlükəni özlərinə
olunmuş kimi qəbul edirlər. Başqa sözlə, bu
anlaşmaya görə Ankara Bakı, Bakı isə
Ankaradır.
General deyib ki, Şuşa Bəyannaməsi ilə bərabər,
ölkələrimiz arasında hərbi, müdafiə sənayesi,
siyasi, iqtisadi, mədəni əlaqələr tarix boyu müəyyən
inkişaf mərhələsi qət edib: “Hərbi əlaqələr
baxımdan Azərbaycan Ordusu türk ordu modelinə keçib.
Komando briqadaları qurulub, Milli Müdafiə Universiteti
yaranıb, ortaq hava məkanı yaradılıb. Azərbaycan
və Türkiyə bir millət, iki dövlət, tək ordu
halına gəlib. Müdafiə sənayesində Türkiyənin
istehsal etdiyi məhsulların Bakıda istehsalı, bir sıra
digər müştərək layihələrin həyata
keçirilməsində irəliləmə var. Eyni zamanda, təhlükəsizlik
siyasəti ilə bağlı əlaqədar qurumların rəhbərləri,
milli təhlükəsizlik Şurasının üzvləri
dünyada meydana gələn təhdidləri, riskləri dəyərləndirirlər”.
Y.Karauz hesab edir ki, Şuşa Bəyannaməsi həmçinin,
Türk Dövlətləri Təşkilatının da yeni
bir səhifəyə keçməsini təmin edib:
“Şuşa Bəyannaməsi sadəcə Azərbaycan
Türkiyə münasibətlərini deyil, regional və qlobal
balansları dəyişdirib, keçmişdən bu günə
gələn və sonsuzadək davam edəcək Türkiyə-Azərbaycan
qardaşlığını sarsılmaz və əbədi
edib”.
Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə
deyib ki, Şuşa şəhərində müasir tariximizin ən
mühüm hadisələrindən biri olan Azərbaycanla
Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin
imzalanmasından üç il ötür. Bu tarixi sənədin
imzalandığı 15 iyun 2021-ci il tariximizin ən parlaq və
ən şanlı səhifələri sırasında olaraq
daim yaddaşlarda qalacaq. Azərbaycan Prezidenti İlham
Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan arasında imzalanmış Müttəfiqlik
haqqında Şuşa Bəyannaməsi iki qardaş dövlətin
münasibətlərinin zirvəsini təşkil edir.
Deputat bildirib ki, Şuşa Bəyannaməsi
qardaşlığımızın yeni tarixi mərhələsini
təşkil edir. Şuşa Bəyannaməsinin imzalanması
ölkələrimiz arasındakı münasibətlərin
bütün müstəvilərdə davamlı
inkişafını təmin edəcək. Eyni zamanda,
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin
qardaşlığını bütün dünyaya bildirən
bir mesajdır.
Onun sözlərinə görə, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri
tariximizin mühüm səhifələrindən birini təşkil
etdi: “Şuşada iki ölkənin dövlət
başçıları tərəfindən Müttəfiqlik
haqqında Bəyannamənin imzalanması isə Azərbaycan-Türkiyə
münasibətlərinə öz möhürünü vurdu.
Burada ən mühüm məqam ondan ibarətdir ki, tərəflər
təhlükəsizlik amilinə xüsusi önəm verir. Belə
ki, Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq
və qarşılıqlı hərbi yardım məsələləri
öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha
göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə
olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini
təmin edəcəyik. Necə ki, bu günə qədər
Türkiyə və Azərbaycan bütün məsələlərdə
bir yerdədir, bundan sonra da bu, belə olacaq. Hesab edirəm ki,
bu fakt Ermənistana və onun havadarlarına qarşı ciddi
mesaj oldu. Bəyannamənin Qarabağın tacı olan qədim
Şuşa şəhərində imzalanması isə
xüsusi məna kəsb edir.
Millət vəkilinin fikrincə, bundan sonra Azərbaycanla
Türkiyənin birliyi daha da möhkəmlənəcək:
“Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanla
Türkiyənin qardaşlığı sarsılmazdır, cənab
Ərdoğanın dediyi kimi, Türkiyənin gücü Azərbaycanın
gücü, Azərbaycanın gücü isə Türkiyənin
gücüdür. Bəyannamədə xalqlarımızın
böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın
sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər
Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki
dövlətdir” kəlamları da öz əksini tapıb. Beləliklə,
Şuşada dalğalanan Azərbaycan və Türkiyə
bayraqları ölkələrimizin birliyini nümayiş
etdirir. Eyni zamanda, Şuşa Bəyannaməsi müttəfiqliyin
geostrateji əhəmiyyətini artırır. Azərbaycan ilə
Türkiyə arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz
arasındakı münasibətlərin bütün müstəvilərdə
davamlı inkişafını təmin edəcək.
Şuşada Türkiyənin konsulluğunun
açılması da nəzərdə tutulur ki, bunun da
önəmi çox böyükdür. Beləliklə, Bəyannamədən
irəli gələn öhdəliklərin yerinə yetirilməsi
ölkələrimiz arasında müxtəlif sahələri əhatə
edən əməkdaşlığın dərinləşməsinə,
regional inteqrasiyaya və təhlükəsizliyə xidmət
edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli
gücünün artmasını, dünyada söz və
nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini
şərtləndirir. Azərbaycan-Türkiyə
qardaşlığı sarsılmazdır!”
Pərvanə
525-ci qəzet.- 2024.- 15 iyun,¹106.-S.5.