Sonuncu məğlubiyyət
Hekayə
...Qış parkında oturub, telefonda qurdalanmağa
başlamışdım ki, yağış başladı.
Öz-özümə “islanmışın,
yağışdan nə qorxusu?!” deyib, telefonu cibimə qoydum.
Yarım saatdan sonra hiss elədim ki, ayaqqabımın içi
su ilə dolub, ancaq nədənsə heç nə vecimə
deyil...
Beləcə axşama kimi oturdum. Sonra yağış
kəsdi, xəfif külək əsməyə başlayanda
canıma üşütmə düşdü. Cəld
ayağa qalxıb, qaçmağa başladım. Üzü Nərimanov
heykəlinə tərəf dayanmadan qaçdım. Heykəlin
yanına çatanda yağış kəsdi.
Yağışdan sonra elə bil şəhər boşalmışdı,
gözümə bir-iki küçə iti dəydi, deyəsən,
yağışda islanmışdılar, ancaq onların da
heç nə veclərinə deyildi...
Təzə, ancaq yaxşı bir vərdişimlə
baş-başa qalıb, hamını bir-bir xatırladıqca,
gülürəm. Hərdən nəyə
güldüyümü özüm də bilmirəm, sonra
yadıma düşən bayağı bir lətifəni
yadıma salıb, gülməyimə bir əsas tapandan sonra
ciddi sifət alıram...
Qohumlarımın hamısı unutmuşam, lap
adlarına kimi. Sonra xatırlayanda gülürəm. Unutmaq
üçün zaman da ayırmağa dəyməz, bəzi
adamlar üçün... Kefimin kök vaxtında şeir də
yazıram. Sonra yazdıqlarımı gizlədirəm. Kimdən
və nədən gizlətdiyimi də bilmirəm. Guya kimdi
oxuyan, ancaq özümə təsəlli verirəm, birdən
kimsə oxuyar deyə...
Müharibədən qayıdanda çox şeyimi
itirmişdim. Atam ölmüşdü, anam da xəstə idi.
Qardaşım Rusiyaya köçmüşdü, bir daha geri
qayıtmamaq şərtilə orada ailə qurmuşdu. Nənəm
hələ sağ idi, ancaq daha razyana dəmləmirdi.
Bütün günü anama baxırdı. Qızı
gözünün qabağında şam kimi əriyib gedirdi. O
da başa düşürdü ki, xəstəliyi
amnasızdır və bir gün canını alıb gedəcək...
İndi heç kim üçün darıxmıram.
Bircə uşaqlığım yadıma düşəndə
kövrəlirəm. Həm də bu kövrəklik məni
bir az sakitləşdirir. Oyuncaqlarımın
hamısını xatırlayıram. Ən çox da nənəmin
aldığı ağ ördək oyuncağı tez-tez
yadıma düşür. Axırıncı dəfə harda
itirdim bilmirəm, sanki o itki ilə də
uşaqlığım bitmiş oldu...
İşdən çıxıb evə gedirəm,
yolboyu maşınların siqnal səsindən canımı
qurtarmaq üçün qulaqcıqdan istifadə edirəm. Adətən
radioda klassik mahnıları dinləyirəm, ya da öz səsimi
diktafona yazdırıb, sonra da öz səsimə qulaq
asıram. Düzü, səsim maşınların siqnal səsindən
fərqlənməsə də, cəhənnəm, yola vermək
olur. Zarafat deyil, səsimə qulaq asa-asa qulağımın da
daha yaxşı eşitdiyinin fərqinə varıram...
Keçiddə dayanıb, işıqforun piyadalar
üçün yaşıl işığının
yanmasını gözləmək xoşuma gəlsə də,
adətən bu müddət qısa olur deyə, kədərlənirəm.
Bunu bir dəfə işdə müdirə dedim, adam az qala məni
işdən qovurdu, birtəhər başa saldım ki, kinoya
çox baxıram axır vaxtlar, hamısı ondandı. Tərslikdən
müdir də kino həvəskarı imiş, qayıtdı
ki, hansı kinolara baxırsan? Bilmədim nə deyim, yadıma
Titanik düşdü. Titanik deyən kimi, qayıtdı ki,
yaxşı bir həkim tanışım var, istəsən
nömrəsini verim danış, lap mənim adımı ver,
səni yaxşı müayinə etsin. Həkimin nömrəsini
götürsəm də, zəng eləmədim. Votsapda profil
şəklinə baxdım, gördüm ki, yaşıl
köynəkdə qırmızı qalstuk taxıb. Tez
nömrəsini sildim. Elə bil qorxulu yuxu
görmüşdüm. Bir aya yaxın telefonu açmadım.
Onsuz da zəng edib, axtaran da yoxdu. Belə də axtaran yerimi
bilir də: günümün çoxunu Qış parkında
keçirirəm...
Qış parkı məni iki cəhətdən
xoşbəxt edir: birincisi, burada hər şey mənə yay
fəslini xatırladır. Güllər, çiçəklər,
ağaclar, hər yer yaşıllıqdır. Niyə
adını Qış parkı qoyublar - bilmirəm. Ancaq bu
parkda qışdan əsər-əlamət yoxdu. İkincisi isə
burada göyərçinlərin çox olmasıdı.
Uşaqlıqdan göyərçinləri sevirəm. Hətta
bir dəfə göyərçin saxlamağa da cəhd elədim.
Ancaq evdə atam icazə vermədi, sonra küçədə,
yolda, harda göyərçin görürdümsə, elə
baxa-baxa qalırdım...
Tələbə idim. Bir dəfə möhkəm xəstələndim.
Qızdırmam düşmürdü. Nənəm dərman əvəzinə
razyana verdi, qusdum, elə bildim zəhər içdim, bir az
keçdi düzəldim. Güclü tərləyəndən
sonra, ayağa dura bildim. Ancaq razyanadan elə iyrənmişdim
ki, adını eşidəndə ürəyim
qalxırdı. Ancaq məni sağaltdığı
üçün bir az hörmətim artmışdı ona. Nənəmin
sevimli bitkisi idi. Hərdən mənə elə gəlirdi ki,
nənəm razyana ilə nəfəs alır, razyana ilə
xoşbəxt olur. Nənəm öləndə
balıncının altına razyana
yığmışdı, həmin gün çox soyuq idi. Nənəm
ölən günü sonuncu məğlubiyyətimin fərqinə
vardım. Nənəmdən sonra bir daha həyatda nəsə
qazanacağıma inanmadım.
May ayıdır. Gecəni yatmamışam.
Günüm o qədər də ağır keçməyib.
Ancaq heç cürə yata bilmədim. Səhər də
yerimdən dura bimirdim. Divana pərcimlənib
qalmışdım. Telefonun zənginə dik atıldım. Elə
bil kimsə belimə iynə batırdı. Müdir idi zəng
edən. Həkimlə
danışıb-danışmadığımı
soruşdu. Dedim, zəng çatmadı, sonra da nömrəsini
sildim. Əsəbiləşdi. Telefonu üzümə
keçirdi. Bildim ki, iş-işdən keçib. Bu dəfə
həqiqətən işdən qovulacam...
Deyəsən, Qış parkında yabanı razyana
bitməyə başlayıb. Razyana mənə nənəmi
xatırladır. Hər axşam çay dəmləyib,
razyanadan bir-iki çimdik atardı. Bağda bitən
razyananın ətrini heç sevmirdim. Bu dəfə nəsə
xoşuma gəldi, bəlkə də nənəmi
xatırladırdı deyə, ətrinə hayıl-mayıl
olmuşdum. Elə bil bütün ağrılarım
azalmağa başlamışdı, gözümə
işıq gəlmişdi...
Nəhayət, ərizəmi yazıb işdən
çıxdım. Çıxanda müdirə şillə
vurmaq istədim, ancaq qorxdum. Qorxdum ki, sudurğası tutar,
sonra da ölər. Arada sudurğası tutanda güclə
özünə gəlirdi. Sağollaşdım, hətta əlini
də sıxdım. Bilmirəm niyə, ancaq sanki üstümdən
bir yük götürüldü. Sanki özümü həmişə
olduğumdan daha sakit hiss etdim...
Sonucu dəfə Qış parkından keçdiyim
üçün bir az razyana yığıb, cibimdən
çıxardığım qəzet parçasına
bükdüm. Sonra çəmənlikdə uzanıb, göyə
baxdım. Göyərçinlər havada uçub,
buludların yaxasına sancılırdı elə bil... Sonra
yağış yağdı. Ayaqqabımı
çıxarıb, bir tərəfə qoydum. Cibimdən qəzet
parçasına bükdüyüm razyananı
çıxarıb, burnuma tutdum. Elə bu vaxt telefonuma zəng
gəldi. Zəng edən keçmiş müdirim idi.
Açmadım. Bir az keçəndən sonra mesaj yazdı.
Mesajı açdım. Oxudum. Güldüm. “Həkimlə
danışdım, sabah səni gözləyəcək.
Mütləq gedərsən”...
Göy üzü tərtəmizdi, göyərçinlər
parkda gəzişən adamların əlindən düşən
qır-qırıntıları dənləyirdi. Razyana qoxusu ətrafı
bürümüşdü...
Tural CƏFƏRLİ
525-ci qəzet.- 2024.- 21 iyun,¹107.-S.15.