İş həsrəti

 

 

Hər şey ondan başladı; yəni o gündən başladı ki, qoca alimi pensiyaya çıxartdılar. Və dedilər ki, qanuna, həm də yuxarıdan verilən göstərişə əsasən, pensiyaya getməlisən. O da üzüsulu çıxdı pensiyaya... Və işdən çıxan gündən qapı-qapı gəzib özünə iş axtardı. Hara getdisə, ona eyni cavabı verdilər: - Səni işə götürməyə ixtiyarımız yoxdur, qanun buna yol vermir...

Mübahisə etmədi, bildi ki, heç bir xeyri yoxdur. Amma öz-özünə deyinməkdən də qalmadı: - A kişilər, nə yapışmısınız bu qanundan? Bu qanunları kim yazır? Kim yazacaq; insanlar. Bu gün biri yazır, sabah o biri. Hər kəs də özünə sərf edəni yazır... İnsan isə bir dəfə dünyaya gəlir, ömür eləyir, sonra da köçür o dünyaya... Daha ikinci dəfə dünyaya gəlmir... Odur ki, insana qayğı ilə yanaşılmalıdır. Onun nəyi bacarıb-bacarmadığı yoxlanılmalı, imtahan edilməlidir. Gənclərin yaşlıları əvəz etməsinin əleyhinə deyiləm; amma bir şeyi nəzərə almaq lazımdır ki, gənclərin enerjisi varsa, yaşlı insanların təcrübəsi var. Ona görə o təcrübədən faydalanmaq lazımdır. Bax elə götürək məni... Təcrübəli jurnalistəm, yazıçıyam, müəlliməm; qırx ilə yaxın televiziyada işləmişəm, gənclər və uşaqlar üçün on kitab yazmışam, neçə il ali məktəbdə dərs demişəm. Jurnalistliyim, yazıçılığım, müəllimliyim barədə həmişə hörmətlə danışılıb, qiymətləndirilib. Demək istəyirəm ki, bu gün də fayda verə bilərəm. Axı, mən evdə qalıb məhv oluram, işləməyə həvəsim, enerjim var...

...Qoca alim qapıları döyməkdən, iş axtarmaqdan bezdi, gücünü torpağa yönəltdi; həyətində ağac əkdi, tərəvəz, göy-göyərti becərdi, gül kolları saldı. Amma işləmək həvəsi sönmədi. Və qəribə bir əhvalat baş verdi. Yuxuda iş axtarmağa başladı. Yuxuda da bir bəhanə ilə onu işə götürmədilər; hər gün bu təkrarlandı...

...Bu gecə bəxtinə gün doğdu. Onu işə götürdülər; televiziyada işləyirdi, bədii veriliş hazırlayırdı. Hansısa bir yazıçını tamaşaçılara təqdim edəcəkdi.

Səhər günəşinin şüaları qocanın gülümsəyən üzünü işıqlandırdı. Arvadı nə qər elədisə, onu oyada bilmədi; qorxuya düşdü, uşaqlarına zəng edib vəziyyəti onlara çatdırdı. ...Uşaqları, nəvə-nəticə qocanın çarpayısını dövrəyə aldılar; həkim çağırdılar. Həkim onun nəbzini yoxladı; normal idi - amma nə nitqi vardı, nə də hərəkəti. Son fikri belə oldu: -Tərpətməyin, bir neçə saata, bir, ya da iki günə kimi ayılacaq; tibdə belə hallar olur...

Onun dediyi doğru çıxdı. Qoca özünə gəldi. Heç bir şey olmamış kimi uşaqlarını, nəvə-nəticələrini şirin-şirin danışdırdı. - Xanımzər, süfrəni düzəlt, mən də indicə samovarı salıram. - dedi. - Həyətə çıxdı. Məəttəl qaldılar qocanın bu işinə, amma üzə vurmadılar.

Bir azdan həyət-bacanı səs-küy başına götürdü. Sanki heç bir hadisə olmamışdı; hər şey əvvəlki axarı ilə gedirdi. Nəvə-nəticə oynayırdı, deyib-gülürdü, oğul-uşaqları onlara baxıb fərəhlənirdi, Xanımzər arvadsa gah onlara, gah da qocasına baxıb dualar edidi: - Kərəminə şükür, xudaya, sən bizi xata-bəladan hifz elə.

Aliminsə fikri yuxusunun yanında idi: onu işə götürmüşdülər, sabahdan işə gedəcəkdi...

 

 

Yağış intizarı

 

İmdad kişinin dincliyi əlindən alınmışdı; evdə-eşikdə rahat dura bilmirdi. Fikri-zikri ağacların yanında idi: axı qış uzunu nə qar yağmışdı, nə də yağış. Yer-yurd qupquru idi; bəzi yerlərdə çatlar görünürdü, yəqin ki, yağış yağmasa, çatlar çoxalacaqdı: ağacların quruma ehtimalı artacaqdı. İmdad kişini də bu ehtimal narahat edirdi.

- Kərəminə qurban olum, rəhm elə bu yer-yurda. Nə olar, bir yağış yağdır. Axı, sən adilsən, sən qadirsən, - dedi.

İmdad kişinin dqqətini badam ağacı cəlb elədi. - Bax e, heç fikir verməmişəm, çiçək açıb...

Kefi açıldı. Alça ağacına yaxınlaşdı.

- Tumurcuqları qızarıb, on günə kimi o da çiçəkləyər.

Başqa ağacları da nəzərdən keçirdi. Hamısında oyanma hiss olunurdu - yazın gəlişini duymuşdular.

- A kişi, nə vermisən bu ağaclara, ala bilmirsən?! Gəl çay-çörəyini ye. - Arvadı idi səsləyən. - Gəldim, Nabat, gəldim, a qadan alım! - dedi İmdad kişi.

Ərinin xoş ovqatı arvadının diqqətindən yayınmadı. - Xeyir ola, a kişi? Neçə gün idi ki, qaş-qabağın yerlə gedirdi, bu gün “qadan alım” deyirsən...

- Badam ağacı çiçəkləyib, bu gün-sabah da o biri ağaclar çiçəkləyər.

- Elə bu? - Arvadı özünü gülməkdən güclə saxladı. - Mən də deyirəm, görən nə olub, pensiyanı artırıblar, ya nədi...

- İnşallah o da olacaq, artmasa da, neyləmək olar? Ruzini verən Allahdır... İndisə sevinməliyik, badam çiçəkləyib...

Arvadı daha dinmədi. İmdad kişi evə keçdi. Çay-çörəyini yedi, televizorda verilən xəbərlərə baxdı. Ölkədə, dünyada baş verən hadisələrə reaksiya vermədi. Axı, badam çiçəkləmişdi; ağacın çiçəkləməsi onun kefini əməlli-başlı açmışdı. Bu əhval-ruhiyyə ilə də soyunub yatdı. Səhərə kimi yuxuda yağış gördü; elə yağış yağırdı, yer-yurd, həyər-baca, ağaclar su içində idi. Yağış durmadan yağır, kəsmək bilmirdi. Kişi gözlərini açdı. Külək yağışı pəncərənin şüşəsinə çırpır, damcılar qovuşub üzüaşağı axırdı. Yerindən qalxıb pəncərənin tayını açdı, ağacların dibində əmələ gələn gölməçələri görəndə salavat çevirdi:

- Şükür, Xudaya, - dedi, - səni tanımayana lənət. Torpağa can verdin, ağacları ölümdən qurtardın...

Yağış yağırdı: külək ağacların budaqlarını nənni kimi yırğalayırdı...

 

Bayram İSGƏNDƏRLİ

525-ci qəzet.- 2024.- 21 iyun,№107.-S.15.