Fellininin həyat və
kino fəlsəfəsi
I yazı
Kinoşünaslardan biri yazır ki, əgər
dünyanın ən məşhur kinorejissorlarının
müsabiqəsi keçirilsəydi, onun qalibi çox
güman ki, Federiko Fellini olardı.
Bu sözlərdə böyük həqiqət var:
Fellininin çəkdiyi “Kabiriyanın gecələri”,
“Şirin həyat”, “8 1/2”, “Amorkord” kimi filmlər ekran sənətinin
incilərindən sayılır. İnsan ruhunun ən dərin
qatlarına işıq salan, ən mübhəm, ən gizli
hisslərinə toxunan bu filmlər neçə illərdir ki,
daim qızğın mübahisələrin, elmi-nəzəri
araşdırmaların predmetidir və çox güman ki, həmişə
də belə olacaq. Çünki F.Fellininin
yaradıcılıq təcrübəsini, irsini hansısa
konkret bir meyara söykənən estetik ölçülərlə
qiymətləndirmək, Fellinini hansısa bir “izm”in dar çərçivəsinə
salmaq olmur. Hətta müxtəlif vaxtlarda onun adına bəh-bəhlə
yaraşdırılan “katolik”, “dilçi”, “psixoanalitik”,
“eksiztensialist”, “sehrkar” kimi yarlıqlar da bu dahi italyan rejissorunu
bütöv şəkildə görməyə, onun
istedadını bütün çalarları ilə, tam şəkildə
duyub qiymətləndirməyə imkan vermir.
Felliniyə görə “kino həyat haqqında ilahi
vasitələrlə danışmaq, Allahın özü ilə
rəqabət etmək deməkdir. Əsl sənətkarın
yaradıcılığı öz-özünə, bir
növ kortəbii şəkildə gedən bir prosesdir və
sənətkar heç vaxt izah edə bilməz ki, bu və ya
digər ideya onun ağlına haradan gəldi”.
Sənətkar düşüncəsinin təbiətindən
danışanda Kantın ənənələrinə söykənən
Fellini, bilavasitə kino sənətinin mahiyyəti,
funksiyası barədə fikir yürüdəndə Yunqun
“Kollektiv şüursuzluq” təliminə istinad edirdi. Kino - əyləncə,
sənaye məhsulu olmaqla yanaşı, həm də sənətdir.
Kino - arzudur və mən inanmıram ki, kimsə - müəllif,
yaxud tamaşaçı nə vaxtsa arzudan imtina edə bilsin.
İndi hamı Yunqun belə bir fikrindən xəbərdardır
ki, cəmiyyətdə sənətkarın yerinə yetirdiyi
funksiyanı yuxugörmənin ayrıca bir adamın həyatında
yerinə yetirdiyi funksiya ilə müqayisə etmək olar. Bu
funksiya bütün ifadə formalarına xasdır, lakin bu məsələdə
kino öz təbiətinə görə ön plandadır.
Çünki kino hipnoz edilmiş tamaşaçıların
gözləri qarşısında hərəkət edən xəyallardan,
kabuslardan başqa bir şey deyil”.
Felliniyə görə kinematoqrafiya ilk növbədə
insanın öz şəxsiyyətinə olan pəncərədir.
Fellini öz yaradıcılıq metodunu subyektivliyini
qeyd edə-edə eyni zamanda onu gəncliyində meyl etdiyi
neorealizmdən ayrılan sərhədləri də göstərirdi.
Məlumdur ki, Fellinini kinoya Rosselini cəlb edib. Fellini
neorealizmin proqram əsəri olan “Roma açıq şəhərdir”
filminin ssenari müəlliflərindən biri olub. Lakin
özünün rejissor debütü olan “Ağ şeyx”
filmində o, reallığın obyektiv, sənədli, dəqiq
analizindən imtina edərək, mistifikasiyaya, hiperbola və
metaforlara, süjetin qəfil dönümlərinə,
karnavalçılığa üz tutdu. Təsadüfi deyil
ki, məhz bu filmdən sonra Fellinini bəzən öz
şüurunda uydurmanı reallıqdan ayıra bilməyən
yorulmaz qondurmaçı adlandırırdılar.
Ancaq insan fenomeninin bütün çalarlarını
sənətkar yozumunun bütün aspektlərindən
açmağa, izah etməyə Fellini bütün
yaradıcılığı boyu can atıb. “Mən insan
varlığının portretini bütün
ölçülərdə göstərən film çəkmək,
başqa sözlə, insanı bütün məcmuyu ilə
göstərmək istəyirdim. Elə film yaratmaq istəyirdim
ki, orada insan barədə müxtəlif planlarda - yəni onun
fiziki həyatı, hissələri, duyğuları,
arzuları, xatirələri və təxəyyülündən
söhbət açılsın. Elə etməliydim ki, xaotik,
ziddiyyətli kolliziyada insanın xisləti bütün mürəkkəbliyi
ilə meydana çıxsın”.
Fellinini bu sözləri, bir azdan haqqında geniş
söhbət açacağım “8 1/2” filmi ilə
bağlı verdiyi müsahibələrin birində deyib və
bunu ən azı Fellini yaradıcılığının həmin
filmlə başlanan yeni mərhələsinin estetik proqramı
kimi də səciyyələndirmək olar. Bu filmdən sonra
çəkdiyi ekran əsərlərində (“Satirkon”, “Roma”,
“Kazanova”, “Amarkord”, “Orkestrin məşqi”) Fellini insanı məhz
iki məkanda - çöldən və öz içindən
göstərirdi. Onun bu sahədəki uğurlarını
çoxsəsli, mürəkkəb partituranı məharətlə
təfsir edən dirijorun nailiyyətləri ilə müqayisə
etmək olar.
Bütün yaradıcılığı boyu Fellini
20-dən çox filmə quruluş verib. Həm də bu filmlərin
bəzilərinin ssenari müəllifi, bəzilərinin isə
ssenari müəlliflərindən biri olub. Lakin Felliniyə bir
sənətkar, mütəfəkkir kimi məhz “8 1/2” filminin
timsalında baxmaq istərdik. Əvvəla ona görə ki,
1962-ci ildə çəkdiyi “8 1/2” Fellininin
yaradıcılıq laboratoriyasının
açarıdır. Başqa tərəfdən, Fellininin
özünəməxsus kino dili, ekran təhkiyəsi, obrazlar
aləmi bu filmdə daha geniş planda və daha uğurla təcəssüm
olunub. Və nəhayət, filmin yaradılması dünya
kinosunda yeni ekran təhkiyəsi tipinin formalaşması ilə
əlamətdardır.
Başqa filmlərində olduğu kimi, Fellini bu filmin
çəkilişinə də demək olar ki, “əliboş”
gəlmişdi: o, nə filmin adını fikirləşmişdi,
nə də əsas rolları oynayacaq aktyorları
tapmışdı. Filmin süjeti haqqında da tam, aydın təsəvvürə
malik deyildi. Buna baxmayaraq, çəkiliş qrupu və
aktyorların bəziləri ilə müqavilələr
bağlanmış, dekorasiyalar qurulmuşdu. Çəkilişə
lap az qalmış Fellini fikirləşdiyi filmi
başdan-başa, bütünlüklə “unudur”, onu xəyalında
tapdığı kimi xəyalında da itirir. Ustad filmin kələfinin
itirdiyi ucunu çox axtarır, amma tapa bilmir və çəkiliş
pavilyonunda qızğın iş getməsinə baxmayaraq,
öz kabinetində oturub filmin prodüseri Pitsoliyə
müqaviləni pozmaq, çəkilişi dayandırmaq
xahişiylə məktub yazmağa başlayır... Və bu
zaman sanki Tanrı öz elçisini maşinist Qasporinonun
simasında Fellininin yanına göndərir. Yaxşı olar
ki, maestronun özünü dinləyək: “Studiyanın həyətindən
məni çağırdıqlarını eşidəndə
məktub yarısına qədər yazılmışdı.
Baş maşinist Metkuççonun kobud, sərt səsini
tanıdım. O, məni bir dəqiqəliyə çəkiliş
pavilyonuna dəvət edirdi. Sən demə, Qasporinonun (o biri maşinist
- Ə.H.) ad günü imiş və o, hamını, o
cümlədən də, məni bir qədəh şampana
qonaq etmək istəyirdi.
Mən pavilyona düşdüm. Dülgərlər,
maşinistlər, dekorçular mətbəxi əvəz edəcək
konstruksiyanın içində əllərində qədəh
məni gözləyirdilər. Başına qəzetdən
düzəldilmiş pilotka qoyan Qasporino şampan
şüşəsini açıb dedi: “Bu, dahi bir film olacaq,
dottore. Sizin sağlığınıza. Yeni filminizə
eşq olsun!” O, qədəhləri doldurdu, hamı onu
alqışladı və mən hiss etdim ki, xəcalətdən
yanıram, yaramazam, dar gündə gəmini qoyub qaçan
kapitanam. Mən filmdən qaçmağım barədə
yazdığım məktub olan kabinetə qalxmadım,
içimdə böyük bir boşluq yaxınlıqdakı
bağçaya enib skamyada oturdum. Mən ora-bura
qaçışan adamların əhatəsindəydim: fəhlələr,
texniki işçilər, başqa çəkiliş qruplarından
olan aktyorlar qayğılı-qayğılı yanımdan
keçib gedirdilər. Fikirləşirdim ki,
çıxılmaz vəziyyətə düşmüşəm,
film çəkməyi planlaşdırmış, amma bu filmi
tamam unutmuşam. Bax, elə həmin bu məqamda hər
şey həll olundu; mən qəfildən filmin düz ürəyinə
nüfuz etdim, onun nəbzini tutdum. Qərara gəldim ki,
çəkəcəyim filmi başıma gələnlərdən
bəhs edəcək, mənim filmim çəkəcəyi
filmin nədən bəhs etdiyini bilməyən bir rejiossor
haqqında olacaq”.
“8 1/2” belə yarandı...
Müqavilələrdə göstərmək
üçün filmə şərti də olsa, ad qoymaq
lazım idi. O vaxta qədər 7 film çəkən Fellini
(ilk filmini o, 1950-ci ildə rejissor Alberto Lattuado ilə
müştərək çəkmişdi) növbəti
filmini şərti olaraq onun sıra nömrəsi ilə
adlandırdı və son nəhayətdə elə bu ad da əsas
ad kimi qaldı.
Fəlsəfi-etik və estetik səviyyəsinə
görə “8 1/2”ni çox vaxt Tomas Manın məşhur
“Doktor Faustus” romanı ilə müqayisə edirlər.
Doğrudur, xəstə, praktiki həyata qabil olmayan Deverkyudan
fərqli olaraq “8 1/2”nin qəhrəmanı Quido Alselmi fiziki cəhətdən
sağlam “yer” adamıdır. O, bəzən ətraf aləmlə
əlaqəni üzmək, cəmiyyətdən qaçmaq,
uzaqlaşmaq istəyir. Lakin reallıq gec-tez onu özünə
qaytarır. Filmdə göstərilir ki, istəsən də,
həyatdan qaçmaq olmaz və ümumiyyətlə, həyatdan
qaçmaq heç lazım da deyil. Hötenin dediyi kimi, həyatın
məqsədi elə o özüdür.
Bu fikir, mürəkkəb təhkiyə ilə
açıqlanır. Quidonun maşını tuneldə
avtomobil tıxacına düşür. O, maşının
içində az qala boğulur. Maşının
qapılarını əlləşdirir - qapılar
açılmır, şüşəsini döyəcliyir -
sınmır. Ətrafdakı maşınların içində
də oturanlar Quidonu laqeydcəsinə süzürlər. Onlar
çoxdurlar, amma sən təksən. Və Quido tamam haldan
düşüb huşunu itirəndə onun ruhu, qeyri-maddi
ikinci “mən”i öz bədən qabığından qopur,
maşından - tuneldən çıxaraq havaya qalxır.
Kadrda Quidonun ayaqları görünür: onun ayaqlarına kəndir
bağlanıb. Aşağıda, sahildə dayanmış
balacaboy bir adam isə bu kəndirin ucundan tutaraq
qaçanın ruhunu geri qaytarmaq istəyir.
Fellininin filmi həqiqi dəyərlər
axtarışında real və irreal aləmlərə, dinə,
öz uşaqlığına, məhəbbətinə
müraciət və heç yerdə dayaq tapmayan böyük
bir sənətkarın narahat şüurunun ekran ifadəsidir.
Quido bəzən tərəddüd edir, şübhələr
işində çırpınır: bəlkə o, problemi
süni şəkildə mürəkkəbləşdirir?
Axı çəkmək istədiyi filmdə özünü
bir qədər yeniləşmiş şəkildə təkrar
etmək kifayətdir ki, prodüser də,
tamaşaçılar da, tənqid də səndən razı
qalsın. Yaxud bəlkə başqa, daha kamil bir şey
axtarıb tapmaq lazımdır? Lakin son nəticədə
Quidonun gəldiyi qənaət çox amansızdır. Sən
bir sənətkar və bir insan kimi idealdan uzaqsansa,
bütövlükdən, kamillikdən uzaq olan bu dünyada həmin
o kamilliyi, bütövlüyü necə tapacaqsan? Felliniyə
görə susmaq, sənətindən əl çəkmək
də çıxış yolu deyil.
Ustad müsahibələrinin birində deyirdi:
“İnsan özünün bütün məcmuyu ilə dəhşətli
sosial xəstəliyə - tənhalığa
məhkumdur. Bizim bədbəxtliyimiz - tənhalığımızdadır.
Onun kökü çox dərindədir, Lakin mənim fikrimcə,
bu tənhalığı dəf etməyin yolu var. Bu yol ondan
ibarətdi ki, öz tənhalığından təcrid
olunmuş bir şəxsin ürəyindən digər tənha
şəxsin ürəyinə körpü salasan, insanlar
arasındakı mürəkkəb əlaqələrin mahiyyətini
dərk edərsən”.
Filmdə hadisələr iki planda - qəhrəmanın
daxilində, içində və təmasda olduğu real
mühitdə cərəyan edir. Filmin montaj quruluşu elədi
ki, reallıqla qeyri-reallığın sərhədlərini
müəyyənləşdirmək çox vaxt mümkün
olmur. “8 1/2”nin “çətin filmlər” siyahısına
düşməsinin əsas səbəbi də elə
bundadır.
Müsahibələrinin birində “növbəti
filminiz haqqında nə deyə bilərsiniz?” sualına ustad
belə cavab verib: “Mənim hər bir filmimdən sonra zahiri
görkəmlərindən məyusluq, səslərindən isə
böyük ümid yağa-yağa eyni suallarla - “Siz nə
üçün gözəl bir məhəbbət tarixini
göstərmirsiniz” soruşanları, xüsusilə
qadınları sevindirmək istəyirəm”.
Ustad “gözəl məhəbbət tarixindən bəhs
edən” həmin filmi çəkə bilmədi. Lakin bu
gün dünyada milyonlarla insan qəlbində ekran sənətinin
bənzərsiz improvizatoru Felliniyə sonsuz və əbədi
bir məhəbbət yaşayır. Fellini dünyasını
dəyişsə də, onun adı, yaratdığı əsərlər
bəşər mədəniyyətinin tarixinə həmişəlik
daxil olub.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2024.- 21 iyun,¹107.-S.13.