Dünya kiçik olsa da...
ZEMFİRA MƏHƏRRƏMLİNİN YENİ
KİTABI HAQQINDA QEYDLƏR
“Dünya görüş yerimiz...” - böyük
şairlərimizdən biri öz şeirində dünya
haqqında bu misranı qələmə almışdı. Azərbaycan
poeziyasında dünyanın böyüklüyü,
yaradılışının mənbəyi, İlahinin
insanlara bəxş etdiyi nəhəng Kürə – Kainat kimi vəsf
olunub, yaxud insanın (dərdini bölüşdüyü,
kömək umduğu, bəzən qınaq hədəfinə
çevirdiyi) bir Qüdrət Rəmzi kimi mənalandırılıb.
Böyük Nəsiminin “Dünya duracaq yer deyil, ey can səfər
eylə” misrasını da unutmayaq – Dünya həm də insan
üçün bir əzab qaynağıdır.
Yazıçı-publisist Zemfira Məhərrəmli
isə “Çox kiçikdir bu dünya” deyir. Əlbəttə,
bunu məcazi mənada başa düşürük.
İnsanın da (insanların da) öz dünyası var və
bu dünya böyük Dünya ilə müqayisədə
böyük görünə bilər.
Zemfira xanımın yeni kitabı iki povest, bədii və
sənədli hekayələrdən ibarətdir. Bu nəsr əsərlərinin
hamısını bir yerdə həyat hekayələri
adlandırmaq olar. Bu əsərlərin hər birində
İnsan – onun mənəvi dünyası,
yaşadığı həyatda özünü dərk etməyə
can atması diqqət hədəfinə çevrilir.
Bu kitabdakı hekayələr janrın spesifik
xüsusiyyətlərini özündə əks etdirə
bilirmi? Bu suala müsbət cavab veririk. Vaxtilə Çingiz
Aytmatov nəsrin kiçik janrı olan hekayəni qravüra sənətinə
bənzətmişdi. Qravürada olduğu kimi, hekayədə
də ayrı-ayrı hissəciklər bir tam halında birləşir.
Böyük ədibimiz Mir Cəlal müəllim isə hekayə
üçün ən mühüm xüsusiyətləri belə
səciyyələndirmişdi: “Yığcam süjet,
başlığa mətləb – qayə, xarakterik bir obraz və
dil mədəniyyəti”. Z.Məhərrəmlinin hekayələrində
janra məxsus bu xüsusiyyətləri görürük.
Hekayə üçün hansı mövzunu seçmək
də əsas şərtlərdən biridir. Z.Məhərrəmlinin
hekayələrində əks olunan mövzuları
bölgü üzrə qruplaşdırmaq fikrində deyilik.
Amma bu hekayələrin əsas qəhrəmanları
qadınlardır (analar, gənc zəriflər,
döyüşçülər). Hadisələrin bir qismi
ailə-məişət məkanında cərəyan edir və müəllif Azərbaycan
qadınına xas olan ən gözəl keyfiyyətləri təsvir
etdiyi qadın obrazlarında axtarır. “Bir qaranlıq gecədə”
hekayəsində o, ən kasıb ailənin qadını –
Güldəstənin necə namuslu, əri qəzada ölsə
də, qeyrətini hifz edən bir qadın olduğunu diqqət
mərkəzinə gətirir. Əslində, o, çox
böyük bir iş görmür, amma çapıq Məhərrəmi
bütün ömrünü oğurluğla yaşayan
nadürüst bir insanı ifşa edir.
“Sənə yanan varsa” hekayəsində isə
Qadın-Kişi münasibətləri öz əksini
tapır. Kişi öz qadınına o görə-görə
xəyanət edir, başqa bir
qadınla macəra keçirir və günlərin bir
günü qəzaya düşür. Həkim öncə onun
“sevgilisinə” zəng çalır, amma o “sevgili” xəstəyə
baş çəkmir. Kişinin öz qadını isə
“ona canım qurban” deyərək xəstə ərinin
yanına yürüyür.
Ümumiyyətlə, Z.Məhərrəmlinin hekayələrində
ailə məsələləri, Kişi-Qadın münasibətləri
bu əsas motivə köklənir: azərbaycançılıq
təkcə ictimai-siyasi istiqamətdə yox, həm də mənəvi
sferada (xüsusilə, ailədə) əks olunmalıdır.
Bu baxımdan müəllifin “Ailə sənin məbədindir”,
“Qiyamətə qalmayan qisas”, “Yuxunu suya danış”, “Dünya
gör necə dardır” hekayələri bəyənilir.
“Heç kimi qınama” hekayəsində biz saf,
sınaqdan keçmiş bir sevgi “dastanı” vərəqləyirik.
Ümidsiz halda əsgərlikdən qayıdan oğlan
üçün sanki möcüzə baş verir: onun sevdiyi
qız ərə getməyib, yolunu gözləyirmiş. Amma
“Oyuncaq” povestində bir-birini sevən iki gənc - Rəsul və
Nərgiz qovuşa bilmir. Rəsul başqa bir qızın
“sevgi tələsinə” düşür. Deməli, bu
“kiçik dünyada” insanları bir-birindən ayıran
böyük maneələr varmış.
Z.Məhərrəmli qadın yazarlar arasında öz
fəal publisistik fəaliyyəti ilə də seçilir.
Onun publisistikasını “bədii” sözü olmadan təsəvvür
etmirik.
Elə publisistik yazıları da hekayələri kimi
maraqla oxunur. “Salatın haqqında ballada”, “Aranzəmin qan
içində”, “Məzarda qovuşanlar”, “Əbədiyyət
nəğməsi” publisistik yazıları bədii hekayələrindən
ayrılmır. Onun qadın qəhrəmanları - Salatın,
Qaratel Azərbaycanın Qarabağ müharibələrində
qəhrəmancasına həlak olublar. “İndi Qazaxda, hünərvər
döyüşçü qızın oxuduğu məktəbin
qarşısında onun büstünü ziyarət edənlər
sanki əzəmətli bir nəğmə dinləyirlər.
Coşqun qəhrəmanlıq nəğməsi hayqıraraq
bizi düşməndən intiqam almağa səsləyir”
(Qaratel haqqında yazılıb). Şəhidlər
xiyabanında dəfn olunan Rəhilə Orucova haqqında qələmə
alınan “Məzarda qovuşanlar” sənədli hekayəsi,
fikrimizcə, müəllifin ən təsirli
yazılarından biri, bəlkə də, birincisidir. “Cəmi
27 il yaşadı. Bu qısa, lakin mənalı həyatı
ilə ölməzlik qazandı. Rəhilənin vaxtsız
ölümü atası Əli dayını, anası Dursun
xalanı göynətsə, yandırıb-yaxsa da, bircə təsəllisi
var: “Rəhilə Vətən uğrunda şəhid olub”.
Müəllifin “Qarabağ hekayələri”ndə kədərli
notlarla üzləşsək də, bu yazılarda
döyüş ruhu əskik deyil. Məsələn, “Oğul
dağı” hekayəsində təsvir olunan Nurcahan
Hüseynova Qarabağ döyüşlərində oğlunu
itirir, amma özü döyüşə yollanır ki,
qisasını alsın.
Z.Məhərrəmlinin indiyə kimi 18 kitabı nəşr
edilib (Türkiyədə də bir kitabı çapdan
çıxıb). Əlbəttə, məhsuldar
yazıçı-publisist fəaliyyətinə görə
bu, sevindirici hadisədir. Onun növbəti nəsr və
publisistik kitablarında yeni uğurlar qazanacağına
inanıram.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2024.- 21 iyun,¹107.-S.12.