Şuşa Bəyannaməsi:
qardaşlığın yeni tarixi mərhələsi
Üç il öncə - 2021-ci il iyun ayının 15-də iki
qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan
Respublikasının Prezident İlham Əliyev və Türkiyə
Cümhuriyyətinin Prezident Rəcəb Tayyib Ərdoğan
Şuşada müttəfiqlik münasibətləri
haqqında Bəyannaməyə imza atdılar. Bu Bəyannamə
bütün dünyanın barışmalı olduğu tarixi
gerçəklikdir. Hər iki ölkənin ümumi
maraqlarının qorunmasında imkanların birləşdirilməsinə,
eləcə də müştərək maraq kəsb edən
regional və beynəlxalq strateji məsələlərdə
fəaliyyətlərinin qarşılıqlı şəkildə
əlaqələndirilməsinə istiqamətlənən
saziş Bakı və Ankaranın
başçılığı altında yeni regional geosiyasi
konfiqurasiyanın qurulmasının
başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın
davam edən geosiyasi konfiqurasiyaların
dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə
tandeminin liderliyi ilə davam edəcək yeni regional düzənin
başlanğıcı deməkdir.
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə
arasında münasibətlərdə inqilabi gerçəklikdir.
15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi,
iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi
şəkildə elan etdi. Bəyannamədə diqqəti
çəkən ən vacib məqamlardan biri hərbi sahədə
əməkdaşlıq və müttəfiqliklə
bağlıdır. Sənəddə qeyd edilir ki, iki dövlətin
ərazi bütövlüyünə, suverenliyinə
üçüncü dövlət və ya dövlətlər
tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
bir-birini qoruyacaqlar.
Şuşa Bəyannaməsi ilə Türkiyə
açıq şəkildə Azərbaycanın ərazi
bütövlüyünün pozulması, dövlət sərhədlərinə
təhdid kimi halların baş verməsi halında, ordu ilə
ölkəmizin yanında yer alacağını beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra
bütün qonşu dövlətlər və dünya
ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət
suverenliyini təhdid etmək fikrinə düşənlər
yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.
İki qardaş ölkə həm də iki dövlətin
silahlı qüvvələrinin müasir tələblərə
uyğun olaraq yenidən formalaşdırılması və
modernləşdirilməsi istiqamətində birgə səylərin
göstərilməsi, müdafiə qabiliyyətlərinin və
hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə
yönələn tədbirlərin həyata keçirilməsi,
iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət
qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan
silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı
və bu məqsədlə səlahiyyətli struktur və
qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin
təşviq olunması ilə bağlı da
razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik
Şuralarının milli təhlükəsizlik məsələləri
üzrə müntəzəm olaraq birgə iclaslarının
keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin
maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik
məsələlərinin müzakirəsinin həyata
keçirilməsinə dair razılıq əldə
olunması Azərbaycan və Türkiyə arasında
münasibətlərin necə sıx və prinsipial
olduğunun göstəricisidir.
Müqavilədə digər vacib məqamlardan biri
iqtisadi-nəqliyyat məsələləri ilə
bağlıdır. Azərbaycan və Türkiyə
arasında imzalanan Bəyannamədə xüsusilə tarixi
türk torpağı Zəngəzur dəhlizinin adının
hallanması tarixi gerçəkliyi və hədəfləri
göstərən mühüm amildir. Bəyannamədə
milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi
üzrə səylərin artırılması, malların sərbəst
hərəkətinin təşkili mexanizmlərinin
yaradılması istiqamətində zəruri tədbirlərin
görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli
şəkildə istifadə olunmasına və daha da
inkişaf etdirilməsinə yönəldilmiş səylərin
əlaqələndirilmiş şəkildə davam etdirilməsi,
intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə
etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə
hissələrində tranzit-nəqliyyat potensialının daha
da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən
Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya
əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafının təşviqi kimi aktual məsələləri
yer alır. Sənəddə xüsusilə vurğulanır
ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın
qərbdəki bölgələriylə Naxçıvan Muxtar
Respublikasını birləşdirən dəhlizin (Zəngəzur
dəhlizi) açılması və onun davamı olaraq
Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə
arasında nəqliyyat-kommunikasiya əlaqələrinin
intensivləşməsinə əhəmiyyətli dərəcədə
kömək edəcək.
Bəyannamənin imzalanması ilə Azərbaycan və
Türkiyə həm də bir-biri ilə ticarət-iqtisadi
münasibətlərdə milli iqtisadiyyatların və
ixracın şaxələndirilməsinə nail olub.
Bəyannamədə həmçinin Azərbaycan və
Türkiyənin xarici siyasət davranışları ilə
bağlı müddəa da yer alıb. Tərəflər
öz milli maraq və mənafelərinin təmin edilməsinə
yönəlmiş müstəqil xarici siyasət aparırlar.
Sənədə əsasən, beynəlxalq münasibətlərin
inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik
və sabitlik məsələlərinin həlli
üçün birgə səylər göstərirlər.
Beləliklə, üç il öncə
imzalanmış Şuşa Bəyannaməsi öz əhəmiyyətinə
görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə
əməkdaşlığının dərinləşməsinə
və işbirliyinin genişlənməsinə xidmət edir.
Bu Bəyannamə sözsüz ki, gələcək dərsliklərə
yazılacaq mühüm tarixi hadisə kimi
yaddaşlarımıza həkk olunub.
Bəhram ŞİRİYEV
Əməkdar müəllim
525-ci qəzet.- 2024.- 21 iyun,№107.-S.6.