Azərbaycan təbiətinin Şabrana xas möcüzələri

BƏNZƏRSİZ TƏBİİ GÖZƏLLİKLƏRƏ MALİK BU BÖLGƏ ÖZÜNÜN QEYRİ-ADİ EKOLOJİ MÜHİTİ İLƏ SEÇİLİR

 

Bu il bütün dünyanın diqqəti yenə vətənimiz Azərbaycana yönəlib, çünki 11-24 noyabr 2024-cü il tarixdə respublikamız ilk dəfə olaraq ən böyük tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

Dünyada əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri baş verib. Lakin XX əsrdən başlayaraq insanların ölçüyəgəlməz dərəcədə iqlim sisteminə acgözlülə müdaxilə etməsi, onun işinə mənfi təsir göstərməsi nəticəsində yer üzündə qlobal miqyasda iqlim dəyişiklikləri başlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatının qorxunc açıqlamasına görə, XXI əsrdə daşqınların, yoluxucu xəstəliklərin, havada istiliyin kəskin şəkildə artması da elə iqlim dəyişiklikləri ilə bağlıdır. Dünya birliyi tərəfindən ciddi tədbir görülməsə və belə vəziyyət uzun müddət davam edərsə, dənizlərin səviyyəsinin qalxması, okeanlarda temperaturun yüksəlməsi və s. hallar əsrlər boyu davam edəcəkdir. Ona görə də çoxkarbonlu enerji mənbələrinin əvəzinə külək və günəş enerjisindən istifadə edilməsinə keçilməsi bütün dünya ölkələrinin diqqətinə yönəldilib. Meşələrin qırılmaqdan, yanğından,     xəstəliklərdən və sair təhlükələrdən qorunması, onların bərpası və daha da genişləndirilməsi iqlim dəyişikliklərinin qarşısını almaq üçün vacib olan məsələlərdən biridir.

Azərbaycan dünyanın ən səfalı, gözəl təbiətə malik ölkələrindən biridir. Əvvəlki yazılarımızdan birində qeyd etdiyimiz kimi, ərazisi iri ölkələrə nisbətdə kiçik olmasına baxmayaraq, regionda üstün mövqe qazanmış, beynəlxalq aləmdə böyük nüfuza yiyələnmiş ölkəmiz bu gün yenə də bütün dünyanın, xüsusilə enerji təhlükəsizliyinə görə ABŞ-nin və Avropanın diqqət mərkəzindədir. Çünki son dövrdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr olduqca əhəmiyyətlidir. Bütün bunlarla yanaşı, qlobal iqlim dəyişikliklərilə əlaqədar beynəlxalq əməkdaşlıq məsələlərində də Azərbaycanın rolu ildən-ilə artmaqdadır. Dövlətimzin başçısının apardığı müdrik siyasət və gedən proseslər göstərir ki, bu əhəmiyyətli mövqe “yaşıl enerji” imkanları hesabına gələcəkdə də qorunub saxlanacaq.

Azərbaycanda son 30 ildən bəri geniş yaşıllıqların salınması, çirklənmiş ərazilərin təmizlənməsi və bərpası, bitki və heyvanat aləminin qorunması, meşələrin mühafizəsi, yeni meşə zolaqlarının yaradılması yönündə ardıcıl işlər aparılır. Eləcə də Xəzər dənizi sahillərinin və digər istirahət zonalarına yaxın ərazilərin zibil və tullantılardan təmizlənməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilir.

Ölkəmizin bənzərsiz təbiəti olan, yaşıl örtüyü ilə hər zaman seçilən bölgələrindən biri də Şabran rayonudur.

Böyük Qafqazın şimal-şərqində yerləşən Şabran rayonu çox mürəkkəb relyefə malikdir. Rayonun ərazisi şərqdən Xəzər dənizinin düzənlik sahillərindən başlanır. Əvvəlcə pillə-pillə düzənliklər təpələliklərə çevrilir, sonra meşələrə, daha sonra isə qayalıqlara və dağlara qovuşur. Şabran təkcə tarixi məskənləri, qalaları, istehkamları, sədləri ilə deyil, həm də yamyaşıl çəmənlikləri, meyvəli bağları, nadir və qiymətli ağac növlərilə zəngin olan meşələrinə görə də yaxşı tanınır. Rayonun ərazisi 1,09 min kv.km., əhalisi isə 58,0 min nəfərdir. Respublika rayonları içərisində ərazinə görə 36-cı, əhalisinə görə isə 48-ci yerdədir. Şahdağ və Babadağdan əsən sərin küləklərin həzin və ritmik ahəngi, şərqdən doğma Xəzərin mavi sularının şəfaverici və sehrkar qüvvəsi, Böyük Qafqaz sıra dağlarının ətəklərini əhatə edən yaşıl don geymiş zümrüd gözlü meşələrin suqoruyucu və havatəmizləyici rolu, yerin təkindən çıxan saysız buz kimi saf, zümzüməli və müalicəvi bulaqların suyu bu yerlərin iqlimini saflaşdıraraq Şabran torpağını cənnətməkan bir diyara çevirir. Düzənlik və dağlıq ərazilərdə yerləşən rayon meşələri 21,5 min hektardır. Bu rəqəm rayon ərazisinin təxminən 20 faizini təşkil edir.

Hesablamalara görə, dünyada 500 minə qədər bitki növü, 200 min heyvan növü mövcuddur. Respublikamızın ərazisində 440 növə yaxın ağac və kol yetişdirilir. Şabran meşələrində yabanı halda bitən vələs, fıstıq, qarağac, palıd, eldar şamı, sərv, cökə, ağcaqayın dəmirağac, çinar, söyüd və digər ağac növləri vardır. Bundan əlavə, təbii halda bitən cır alma, armud və şabalıd, zoğal, əzgil, fındıq, qoz, itburnu (dərgül), gavalı, göyəm və başqa ağac, kol növləri vardır.

Şabran meşələri təkcə məftunedici florası ilə deyil, həmçinin faunası ilə də zəngin və rəngarəngdir. Dağətəyi ərazilərdə sıx meşəliklərdə canavar, tülkü, çaqqal, ayı, qaban və başqa vəhşi heyvanlar yaşayır. Azərbaycan faunasını daha da zənginləşdirən, onu dəyərli edən ceyran, cüyür, dağ keçisi kimi heyvanlarla yanaşı, meşələrdə çol xoruzu, turac, kəklik, qırqovul kimi nadir və qiymətli quş növləri də məskən salıb.

Şabran meşələrinin insan sağlamlığına böyük faydası vardır. Rayonuna aid statistika göstəricilərinə əsasən, 2022-ci ildə istirahətə gələn, otel və mehmanxanalardan istifadə edən turistlərin sayı 46.6 min nəfər olub. Bu da 2018-ci ilə nisbətən 88 dəfə çox artım deməkdir.

Əcnəbilər istirahət edən turistlərin 5008 nəfərini, yəni 10.7 faizini təşkil etsə də, bu göstərici üzrə artım 2018-ci ilə nisbətən 6 dəfədən çoxdur. 10 dəfədən çox istirahət etdiyim Şabranın Nohurlar kəndi ərazisi çox zəngin təbiətə malikdir. Kəndin ətrafında 7 dağ gölü mövcuddur. Bu yer dəniz səviyyəsindən 1000 metrdən artıq yüksəklikdə yerləşdiyi üçün onun təbiəti bizim Şuşa dağlarının və Şimali Qafqazda yerləşən Kazbek dağlarının eyni cür iqlim və bitki növünə aiddir. Xoşbəxtlikdən bu üç yerdə, özü də hər ilin isti iyul aylarında hərəsində 3-4 dəfə olmaqla dincəlmək və istirahət etmək xoşbəxtliyi bu yazının müəllifinə də qismət olub.

Şabranda meşələrin qoynunda, Çiraqqalasının alt hissəsində “Qalaaltı” adı ilə məşhur olan müalicə suyu vardır. Azərbaycanın müdrik oğlu, Ulu öndərimiz Heydər Əliyevin böyük qardaşı olan görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyev “Qalaltı” mineral suyunun məşhurlaşmasında, burada ilk sanatoriyanın fəaliyyət göstərməsində böyük rol oynayıb. Şabranın iqliminə, torpağına elmi cəhətdən dərin bələd olan akademik Həsən Əliyev Qalaaltının iqlimini və suyunu dünyanın möcüzəsi hesab edirdi.

Bir neçə ildir ki, respublika əhalisi və əcnəbi qonaqlar yeni “Qalaaltı” 5 ulduzlu müalicəvi kurort-hotelin xidmətlərindən geniş istifadə etmək imkanı qazanıblar. Rayonun “Şabran” istirahət və müalicə kompleksində istirahətə və müalicəyə gələn qonaqlara yüksək xidmət təklif olunur. Sağlam və gümrah olmaq, bənzərsiz istirahət etmək istəyənlər üçün bura yüksək imkanlar və ələdüşməz fürsətlər ünvanıdır.

Şabranın Zeyvə kəndi ərazisində dəniz səviyyəsindən 700 metr hündürlüyündə Əmbil adlı əfsanəvi bir göl var. Bu göl füsunkar mənzərəsi, təmiz suyu, ətrafının sərinliyi ilə seçilir, xoş istirahət etmək arzusunda olan yerli sakinləri və turistləri özünə cəlb edir.

Şabranın təbiəti, suyu, iqlimi əvəzolunmazdır. Azərbaycanda çox istirahət zonasının dənizi var, meşəsi yoxdur. Çoxunun sonradan salınma meşələri var, ancaq dənizdən məhrumdur. Lakin Şabranda dəniz və dağ iqlimi birləşir. Xəzər dənizinin sərin meh, Böyük Qafqazın ətəklərini pillə-pillə ağuşuna almış təbiətin ağ ciyərləri hesab olunan meşələrindən süzülüb gələn hava axını ilə birləşərək insana böyük rahatlıq bəxş edir, sanki insana ikinci nəfəs verilir.

Sadaladıqlarımız və daha neçə-neçə təbiət möcüzəsi sübut edir ki, Şabran təkcə regionun yox, dünyanın ən gözəl mənzərəyə və ekoloji mühitə malik bölgələrindəndir.

 

Zakir BAYRAMLI

​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.23.