Tarixin faciəli və ibrətamiz əhvalatları  

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Görəsən, karvanı azan, lakin bunu hiss etməyən adamların aqibəti necə dəhşətli olacaq, yaxud da bəlkə, onlar güman edirlər ki, qədim romalılar öz diktatorluğunu tərk etmiş və böyük vəhşiliklər törətmiş Sullaya göstərdikləri biganəliyi, müasir adamlar da öz münasibətlərində təkrar edəcəklər. Özbəkistanın ilk prezidenti İslam Karimov ölkəni "dəmir əlcəklə" idarə edirdi, əsl diktator kimi tanınırdı. Lakin o, öz ailə üzvlərini idarə edə bilmirdi, ona görə də qızı atası öldükdən sonra xeyli cinayətinə görə həbs edildi.

Ermənistanın keçmiş rəhbərləri Robert Koçaryan və Serc Sarqsyan cınayətlərinə, birbaşa yüzlərlə azərbaycanlıların qanını birbaşa tökdüklərinə görə layiqli cəzalarını almalıdırlar, lakin himayədarları hesabına hələlik məhkəmədən yayına bilirlər. Diktatorlar cəzadan qaça bilsələr də, nəticədə öz arxalarınca yalnız nifrət izi qoyub, dünyanı tərk etməli olurlar.

Yaxud Asiyanın qurtaracağında yerləşən Filippinin prezidenti Ferdinand Markosun taleyini götürək. Yapon işğalçılarına qarşı İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatının qəhrəmanlarından biri olması barədəki gur təbliğatın yaratdığı təsəvvürün saxta olduğu aşkar edildi. Bu şəxs hakimiyyətə yiyələndikdən sonra çoxlu var-dövlət toplamağa, demokratik prinsipləri tapdalamağa başladı. Ölkənin gözəli sayılan İmelda ilə evləndi və sonralar bu qadın Böyük Manilanın qubernatoru oldu. Ardıcıl təzyiqlər nəticəsində Markos müxalifətin rəhbəri, mühacirətdə yaşayan Beqninto Akinonun vətənə qayıtmağına və prezident seçkilərində iştirak etməsinə razılıq verdi, lakin paytaxt aeroportunda təyyarədən çıxarkən ona sui-qəsd edildi və öldürüldü. Böyük haqsızlığı və ədalətsizliyi görən xalq Markosdan qisas aldı və mərhum siyasi xadimin xanımı Korasan Akinonu ölkəyə prezident seçdi. Markos mühacirət etmək məcburiyyətində qaldı, onun milyard dollarla hesabları hökumətin tələbi ilə dünya banklarında donduruldu və bir az sonra eks-prezident dünyasını dəyişdi. O vaxtdan uzun müddət onun gözəl xanımı məhkəmələrdən, hökumətlə apardığı pul davalarından yaxa qurtara bilmirdi. Yığılan pulların bir hissəsi əldən getmişdi, digər hissəsi isə İmelda Markosu müdafiə edən vəkillərə xərclənmişdi, mühakimələrin isə ardı-arası kəsilmirdi.

Xalqına xəyanətin zəruri nəticəsi. Traybalizm

İkinci Dünya müharibəsi dövründə Fransanın iki məşhur sərkərdəsi - Birinci Dünya müharibəsində yaxşı ad qazanmış marşal Peten və general Veyqan ən iyrənc yola - kollabaronist kimi faşistlərlə əməkdaşlığa əl atdılar və mənfur Vişi hökumətini yaratdılar ki, bu da təslim hökuməti olmaqla faşistlərlə əlbir idi. Onların hər ikisi şərəfsizlik yolunu seçdilər və sonra qazandıqları yeni eybəcər ad altında tarixdə qaldılar. Peten 1945-ci ildə ölüm hökmü ilə cəzalandırıldı, sonra isə bu, ömürlük azadlıqdan məhrum edilməklə əvəz olundu. 1940-cı ildə İngiltərəyə qaçan Şarl de Qoll az sonra Vişi hökuməti tərəfindən ölüm cəzasına məhkum edilməsinə baxmayaraq, böyük çətinliklə Fransa Müqavimət hərəkatını yaratdı və fransızların faşizmə qarşı mübarizəsinə başçılıq edərək, Parisi azad edənlərdən biri kimi 1944-cü ilin avqustun 26-da Zəfər Tağından Konkord meydanına, oradan isə qələbə duası üçün Paris Notr-Dam kilsəsinə yollandı.

Afrika ölkəklərinin müstəmləkəçilikdən azad olunması da qan tökülmədən ötüşmürdü. Milli Azadlıq hərəkatının görkəmli liderləri fiziki cəhətdən sıradan çıxarılırdı. 1960-cı illərdə  hakimiyyət davası üstündə Konqonun (Zairin) Baş naziri, Milli-Azadlıq hərəkatının rəhbəri olmuş Patris Lumumba qətlə yetirildi. Elə Zairin göylərində o vaxtkı BMT-nin baş katibi Daq Hammarşeldin təyyarəsi vuruldu və o, həlak oldu

 

Xalqdan ayrı düşən hakimiyyət prinsiplərə deyil, özünü qorumağa, əleyhdarlarını məhv etməyə, gücə, zora arxalanır. Əgər bir nəfər sənə qarşı çıxış edirsə, onun bütün ailəsini, yaxın qohumlarını, dostlarını, kim onun evinə gəlib-gedirdisə həbs etmək adi profilaktik tədbir kimi qiymətləndirilir. Yaxın adamlara isə böyük imtiyazlar verilir.

Afrikada müstəqillik qazanan ölkələrdə traybalizm geniş yayılmışdı. Anqolada inqilabçı Aqostinyo Neto hakimiyyətə gəldikdə, ilk prezident kimi vəzifələrə yalnız özünün ikinci tayfa sayılan kimbundu tayfasından olanları gətirdi, daha böyük, əhlisinin sayı kimbundu tayfasının əhalisindən 1,5 dəfə çox olan ovimbundu tayfasının nümayəndələrinə isə hökumət orqanlarında yer verilmədi. Neto 1979-cu ildə öldükdən sonra prezident seçilən Coze duş Santuş (o, Bakıdakı Neft-Kimya institutunu  məzunu idi) həmin tayfanın nümayəndəsi olmaqla, dörd onilliyə yaxın müddətdə eyni biabırçı xətti davam etdirmişdi.

Yerliçilik, traybalizm eybəcərliyi Afrikanın yeni azad dövlətlərinin sirayətləndiyi ən ağır xəstəlik oldu. Çoxlu dini konfessiyaların mövcud olduğu ölkələrdə isə hakimiyyətə yiyələnənlər öz dinindən olanları imtiyaz sahibləri edib, digər konfessiyaların nümayəndələrinə Hindistandakı hüquqsuz şudra kastasının nümayəndələri kimi münasibət bəsləməyə başladılar. İraqda və Suriyada hakimiyyətdən  narazılıq edən kürdlərə qarşı kütləvi qırğın silahı kimi zəhərli kimyəvi qazların tətbiqindən istifadə edilirdi, bütöv şəhərlərin əhalisi məhv edilirdi. Axı bu vəhşi üsullara əl atılırsa, istənilən kütləvi təqib metodlarından istifadə etmək olar, çünki başqa regionlar onlara növbə çatana qədər cəllad hökmdarı müdafiə edir, ona təriflər söyləyəyir, alqışlar ünvanlayır. Ölkə böyük olsa, onda kütləvi sürgünlər də yaxşı cəza tədbiri olardı, təəssüf ki, bəzi ölkələrdə ərazinin kiçikliyi buna imkan vermir. Çünki Stalin metodundan istifadə edib, hətta bütöv xalqları da sürgün etmək olardı. Əgər bu imkanlar yoxdursa, həbs düşərgələrinin sayı ilə yanaşı, dustaqxanalardakı sıxlığı artırmaq lazımdır ki, oradan çıxanların hekayəti başqaları üçün ibrətamiz dərs olsun, heç kəs qorxudan səsini çıxara bilməsin.

Bir də ki, hökmdarın əleyhdarlarını cəzalandırmaqla yanaşı, tərəfdarlarından, onun yolunda çoxlu qan axıtmağa, bəzən öz qanını da axıtmağa hazır olanlardan müdafiə sistemi yaratmaq da olar. Qoy bəy atı kimi onların axuru həmişə ən qidalı yemlə dolu olsun. Hökmdarın yolunda özünü fəda etmək istəyənlərin uzaqda yaşaması o qədər də əlverişli deyil, çünki hər hansı bir təhlükə yarandıqda onlar ləngiyə bilərlər, gecikə bilərlər. Ona görə də ən yaxşı yol onları yaxında yerləşdirmək, ətrafına yığmaqdır. Millət özü acından ölsə belə, çalışıb bu parazit erkək arıları yedizdirməlidir. Kim bunu həzm edə bilmirsə, təkcə onun mədəsində deyil, onun bütün orqanizmində cərrahi əməliyyat keçirmək lazım gələcəkdir. Çünki milləti, xoş gələcək naminə idarə edilməsini müvafiq qaydada yeniləşdirməlisən, ona uyğunlaşdırmalısan, adamların şüuruna, əqidəsinə, ağlına "ata" əli çəkməlisən. Belə tərbiyə olunmuş millət isə azadlıq əvəzinə köləlik əldə etsə də razı qalacaq, çünki şəraitə öyrəşmişdir, tabe olmuşdur, təslim edilmişdir, onun şüurunu heç kəs üsyankarlıq kimi pis xüsusiyyətlərlə, ləyaqət kimi dəyərdən düşmüş xassələrlə korlaya bilməz. Buna çox sayda misallar gətirmək olar.

Çünki belə "xilas" üçün millətin yeni "moiseyləri" nə qədər əziyyət çəkmişlər, hətta az qala, özlərini "qurban" vermək ərəfəsində olmuşlar, ancaq milləti "xoşbəxt" etmək üçün onlar salamat qalmışlar ki, milləti "ağ" günə çıxarsınlar, onu tərbiyə etmək üçün müasir qamçı metodundan istifadə etsinlər ki, millət heç də ram olmayan ata bənzəməsin. İraqda və Liviyada hakimiyyət sahibləri inqilab yolu ilə rəhbərliyə gəlməyə nail olmuşdular, xalq onlara böyük ümidlər bəsləyirdi. Onlar isə xalqa qarşı qəddarlıq yolunu tutdular. Atın dəlisovluğu və ya sakitliyi onun belində oturandan, onun sərtliyindən çox asılıdır. Belə milləti kölə kimi, təhkimçi kəndli kimi istənilən qaydada idarə edə bilərsən. Xam xəyallarla yaşamaq hökmdarı reallıqdan ayırmaqla, bədbəxt edə bilər. Mərkəzi Asiyanın iki dövlətində avtoratirazm elə həddə çatmışdır ki, onu müasir bəzək cizgiləri qəbul etmiş diktatura da adlandırmaq olar. Onlarda parlament də vardır, ona və bələdiyyə orqanlarına seçkilər də keçirilir, lakin bu seçkilər daha çox demokratiya oyununa bənzəyir. Dövlət guya müasir demokratik sistemə sahib olması ilə öyünsə də, hətta bəzi cəhətlərinə görə açıq monarxiya quruluşuna meyl edir.

İrqçilik sonra əks mahiyyətli bəhrə verir.

Böyük şəxsiyyətlərin əhvalatları

İndi isə faciəli hadisələrdən paradoksal xarakterli məsələlərə keçək. Doğrudan da, dünyada elə hadisələr baş verir ki, onların həqiqiliyinə böyük şübhə yaranır. Fransanın keçmiş prezidenti Ciskar d`Esten öz memuarında yazır ki, o, Qərbi Almaniyanın 70-ci illərin ortalarında kansleri olmuş Helmut Şmidtlə yaxından dostluq edirmiş. Bir dəfə Şmidt ona söyləyir ki, o, milliyyətcə alman deyil, yəhudidir. Hadisə belə baş vermişdir. Onun gənc anası ərdə ola-ola, varlı bir yəhudi ilə sevişmiş və ondan Helmutu doğmuşdur, hətta Hitler Almaniyası dövründə də ana dönə-dönə oğluna tapşırmışdır ki, o, familiyasını daşıdığı adamın deyil, məhz həmin yəhudinin oğludur. Şmidt əlavə edib demişdir ki, tarixin istehzasına bax ki, hazırda dünyada mövcud olan iki alman dövlətinin hökumətinin başçısı yəhudidir - bunun biri onun özü, digəri isə həmin dövrlərdə Avstriyanın kansleri olmuş Bruno Krayski idi. Şmidtdən fərqli olaraq Avstriyanın kansleri heç vaxt öz milli mənsubiyyətini gizlətməmişdir.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2024.- 22 iyun,№108.-S.22.