Günəş palçıqla suvanmaz  

 

 

Sokratın məşhur bir sözü var, filosof deyir ki, “bircə onu bilirəm ki, heç nə bilmirəm”. Kəlmə olaraq sadə, məna olaraq o qədər dərindir ki, insan bu üç-dörd sözün arasında canını hara qoyacağını bilmir. Həqiqətən də, nə qədər çox şey bilmirik. Bir çoxumuz bilmədiyimizi belə bilmirik. Bilmədiyimizi bilənlərimiz isə kədər içindədir, nə qədər çox şey bilmədən, öyrənməyə ömür yetmədən bu dünyanı tərk edəcəyimizi bildiyi üçün...

Məsələn, Fatih bölgəsində yerləşən Balat səmtinin hər küncünü bildiyimi, bir neçə gedişlə artıq bələd olduğumu sanırdım. Ancaq ötən həftə əmin oldum ki, bildiklərim bilmədiklərimin cüzi bir hissə imiş. Ümumiyyətlə, İstanbul qat-qat, labirintli bir şəhərdir. O qədər mədəniyyətlər, hakimiyyətlər, qanlar, göz yaşları, intriqalar görüb, elə savaşlara, zəlzələlərə, ağıla gələn, gəlməyən hadisələrə şahidlik edib ki, hər dəfə bunlardan birini öyrənəndə çaşıb qalırsan.

Möcüzənin başlanğıcı

Bu təəccübü Kariye kilsəsini ziyarət edərkən yaşadım. Kilsənin VI əsrə qədər gedib çıxan böyük bir tarixi var. Günümüzə gələnədək xeyli barbarlığa, vandallığa, təmirə, təbii fəlakətlərə, restavrasiyaya məruz qalıb. Abidənin ərsəyə gətirildiyi il dəqiq bilinmir. Bəzi qaynaqlar 536-cı ildə Şərqi Roma imperatoru I Yustinian dönəmində həyat yoldaşı Teodoranın əmisi Əziz Teodor tərəfindən inşa edildiyini yazır. Kilsənin inşası başa çatmamış İstanbulda güclü zəlzələ baş verir və dağıntılarda yerlə-yeksan olan yerlərdən biri də Kariye olur. Tezliklə, imperatorun əmri ilə kilsənin yerində böyük bir monastır tikilir. Bir müddət sonra ikonalara sitayiş etmək qadağan olunur və həmin ərəfədə abidə barbarlığa məruz qalır. Aradan iki əsrə yaxın vaxt keçir, kilsənin taleyi dəyişmir ki, dəyişmir. İkinci Nikeya şurası sinod təşkil edir və verilən qərar ilə ikonaya sitayişin sərbəst olduğunu açıqlayırlar, hətta kilsəyə baş rahib də təyin olunur. Bununla da quruculuq işləri başlayır. Mövcud binaya üç məbəd əlavə edilərək ərazisi bir az da böyüdülür.

Keşməkeşli illər...Aradan xeyli vaxt keçir, kilsə yenə kimsəsizləşir. Bir müddət sonra Komninos xanədanı, böyük saray əvəzinə Təkfur sarayını istifadə etməyə başlaması ilə yaxınlıqda yerləşən Kayrenin nüfuzu yenə artır. Belə ki, xaraba vəziyyətdə qalan monastır, I Aleksiosun qayınanası Mariya Dukanın nəzarətinə keçir, qadın abidəni yenidən inşa etdirir. Məbəd xanədandakıların mütəmadi üz tutduğu yer olur. Dukanın gördürdüyü inşa işlərindən yarım əsr keçir, məlum olmayan səbəblərə görə, monastır üçün yenidən böyük miqyaslı təmir şərt olur. I Aleksiosun kiçik oğlu İshaq abidəni inşa etdirir. Bu dəfə bina xaç planından çıxarılır, kiboruon - dördkünc layihə əsasında yenidən tikilir.

Mozaikaların yaradılışı

Yenə aradan bir əsrə yaxın vaxt keçir, bu dəfə kilsə latın istilasının vandallığına məruz qalır.  Bizanslılar şəhəri geri aldıqdan  sonra Teyfur sarayı imperatorların iqamətgahı olur və Kayre monastırı yenidən əhəmiyyətli yerə çevrilir. Ancaq bu dəfə də, kilsənin qübbəsi çökür. İmperatorun əmri ilə baş xəzinadar vəzifəsinə gətirilən Bizans aristokratı Teodor Metoxites yaxınlığında yaşadığı monastırı yeniləyir. Bizans elitası arasında dini abidə inşa etdirmək, təmir etdirmək onlara bu dünyada prestij, o biri dünya üçün savab iş olaraq qəbul edilirdi. İnşadan sonra Metoxites monastırın qurucusu təyin edilir və o da öz növbəsində sərvətini abidənin təmir-tikinti işlərinə xərcləməyə davam edir. Kilsənin narteks girişi və sağında yerləşən məbəd həmin ərəfələrdə abidəyə əlavə edilir. Bölmələrin içindəki valehedici fresk və mozaikalar məhz, Motexitesin göstərişi ilə 1310-17-ci illərdə ərsəyə gətirilir. Məşhur kitabxanasını da monastıra bağışlayan Motexitesin hətta burada şəxsi mənzili olur. Sonra o da bir çox siyasətçilərin yaşadığı taleyi yaşayır, öncə imperatorun gözündən düşür, sonra da sürgün edilir. Sürgündən iki il sonra 1330-cu ildə Teoletos adı ilə monastıra qayıtmağına və orada keşiş kimi yaşamağına icazə verilir. Lakin bu da çox çəkmir, çünki Metoxit iki il sonra ölür. Öncədən məbədin içində hazırlatdığı qəbir kapellasında dəfn edilir.

Tarixi şüursuzluq

Dərin restavrasiya və inşa mərhələsindən, şəhərin osmanlılar tərəfindən ələ keçirilməsinə qədər Kayre monastırında elə də bir dəyişiklik olmur. Hətta abidə Fateh Sultan Mehmet İstanbulu fəth edərkən heç bir zərər görmür. Fəthin ilk 58 ili Kayre kilsə olaraq istifadə edilir. 1511-ci ildə Sultan II Bəyazidin baş vəziri olan Xədim Əli Paşa tərəfindən məscidə çevrilir. Özü də biabırçı şəkildə. Ümumiyyətlə, tarix bu qədər kompleksli, natamam, yarımçıq, özünə umac ova bilməyib, başqalarına ərişdə kəsməyə çalışan siyasətçilərlə doludur. Məsələn, Xədim Əli Paşa kimi dövlət adamının bu kilsəni məscidə çevirməsi, bu da az deyilmiş kimi, qədim kilsənin divarlarına ilmək-ilmək hörülən mozaika və fresklərin üzərinə suvaq çəkdirərək yox etməyə çalışması heç bir məntiqə, ağıla sığmayan hərəkətdir. Düşündükcə insan çaşğınlıq içində donub qalır. Məscidə çevrilərkən kilsə zənginin olduğu qüllənin yerinə minarə və aşağısında mehrab inşa etdirir. Şəhərdəki digər kilsədən məscidə çevrilmiş məscidlərdə olduğu kimi, bu abidə də “kilsə məscid” olaraq anılır. Xədim Əli Paşa Kariyənin yanında bir dənə mədrəsə inşa edirir. Mədrəsənin ötən əsrin ortalarında yox olduğu bildirilir. Amma onun suvaqla örtdürdüyü mozaikalar ışım-ışım ışıldayaraq, tarixə göz qırparaq var olmağa davam edir. Yeri gəlmişkən, Osmanlıda vəzir vəzifəsinə yüksələn ilk xədim olub.

Bu tarixi faktı xristian dostlarımla müzakirə edərkən, Azərbaycanda kilsələrin vəziyyətinin necə olduğunu soruşdular. Danışdım, hətta Bakıda Müqəddəs Qriqor adlı erməni kilsəsi olduğundan bəhs etdim, şəklini göstərdim, əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qorunduğunu söylədim. Yaxşı yadımdadır, mətbuata gəldiyim ilk illərdə “camaatın qazı yoxdur, erməni kilsəsinə qaz, işıq, su verilir” başlıqlı yazılar dərc edilirdi. O yazıların nə qədər absurd olduğunu, Xədim Əli paşanın əsrarəngiz abidənin üstünə suvaq çəkdirdiyini “biabırçılıq” adlandırdığım zaman anladım. Dövlətimizin ən böyük üstünlüyü bütün dinlərə eyni şəkildə qucaq açmağıdır. Bu, böyük bir mədəniyyətdir.

Kilsəyə gəldikdə isə... bir əsr sonra rum memar Peloppida Kouppas tərəfindən restavrasiya edilir və nəhayət əsrlərdir suvaq altında qalan mozaikaların bir qismi təmizlənərək gün üzünə çıxarılır. Təsvirlərin üzəri taxta örtüklə və pərdələrlə qapadılır. Yenə aradan bir əsr keçir, 1894-cü ildə İstanbulda yenidən zəlzələ olur, bu dəfə abidə II Abdulhəmid tərəfindən restavrasiya etdirilir.

Kariyenin aydınlığa qovuşması

Nəhayət, Cümhuriyyət dönəminin ortalarında qərar verilir və Kariye muzeyə çevrilir. Kilsədəki suvaq altında qalmış mozaik və fresklər təmizlənir. Bu restavrasiya işləri Amerikada yerləşən Bizans Araşdırma Mərkəzinin və amerikalı akademik institutunun üzvlərinin rəhbərliyi ilə baş tutur. On il ərzində aparılan işlərin nəticəsi olaraq bütün mozaik və fresklər ortaya çıxarılır və muzey ziyarətə açılır. Hətta yaxın keçmişə qədər İstanbulun ən çox ziyarət edilən muzeylərindən birinə çevrilir. Sonuncu restavrasiya beş il qabaq başlayır, 2024-cü ilə qədər davam edir və bir ay əvvəl mayın 6-da ziyarətə açılır.

Kilsənin görünən və görünməyən üzü...

Kariye Kilsəsi tipik Bizans abidəsidir. Çöl qismindəki kərpicdən hörülmüş divarları ilə olduqca sadə və bir o qədər də dəbdəbəlidir. Üstü qismən qübbəli, digər qisimləri tağlarla örtülüdür. Tək qövslüdür. Abidənin orta məkanını örtən qübbə yüksək çəmbərlidir. Fasadındakı dairəvi kəmərlər, nişlər və daş kərpicdən olan hörgü abidəyə dinamik görüntü qazandırır. Əsas ibadət məkanı kimi fəaliyyət göstərən “naos”, yəni tapınaq abidənin düz ortasında yerləşir. Tapınağın da üstündə qübbə var. İki mərtəbəli digər məbəd isə tapınaqla birləşir. Solda mozaikalarla bəzədilmiş iki böyük narteks var. Əsas planda kilsə zənginin yerləşdiyi qüllənin olduğu yerdə çölə açılan bir qapı və üzərində minarə mövcuddur. Ətrafı mozaikalar, mərmər örtüklər və qabarıq işləmələrlə örtülüdür. Günümüzə gəlib çatan mozaikalar və fresklərdən ibarət görüntülər, Bizansda olduğu qədər dünya rəsm tarixində də əhəmiyyətli yer tutur. Bizans sənətçilərinin bu abidədə gerçəkləşdirdiyi təsvir tərzi və rəsmlərin xüsusiyyəti “Bizans intibahı” olaraq qiymətləndirilir.

Heç nə təsadüf deyil

Təbii ki, mozaikalar təsadüf deyil. Xiristianlıqda dini abidələri, oxumağı, yazmağı bilməyən xristianlara dini izah edən təsvirlərlə göstərmək, abidələrin içərisini zənginləşdirmək və görkəm qatmaq məqsədi ilə mozaika və fresklərdən istifadə olunurdu. Kariye kilsəsi də, qədim ahidlər və apokrif incillərdən alınmış səhnələri əks etdirən mozaika və rəsmlərlə işlənib. Abidənin içindəki bəzəklər, sənət tarixçiləri tərəfindən renessansın birincilərindən olan Giotto tərəfindən yaradılan Arena Məbədi ilə müqaisə edilir. İkisində də Məryəm ananın anası Anna, atası İmran, Məryəmin özü və İsanın həyatından səhnələr var. Yüz illərdir eyni donuq və cansız şəkildə rəsm edilən dini səhnələr və üzlər bu iki abidədə fərqli üslubda əks edilib. İsanın həyatı ilə bağlı səhnələr çöl narteksdə, Məryəmin həyatı ilə bağlı səhnələr içəridəki narteksdə yerləşir. Sol narteksdə İsanın doğumu, çörəyin bərəkəti, suyun şəraba çevrilməsi, kralların İsanın doğulmağına dair xəbər verməkləri, iflic xəstələrinin sağaldıldığı an, uşaqların qətli kimi səhnələr mövcuddur. İçəri narteksin xronoloji izahı isə belədir: Məryəmin anası Annaya müjdəsi, Məryəmin atası İmran məbəddən qovulmağı, Anna və İmranın qızıl qapıda görüşləri, Məryəmin ilk addımları, onun təqdis edilməsi kimi səhnələr davam edir. Bu bölümdəki ən qədim təsvir deisisdir, yəni İsanın mərkəzdə durduğu, digərlərinin ona doğru yönəldiyi təsvirlərdir. Mənim üçün sürpriz təsvirlərdən biri girişdə, yuxarı tərəfdə Teodor Motexitesin kilsənin maketini təqdim etməsi oldu. Yəqin ki, ruhu rahatdır. Bu cür gözəlliyə vəsilə olan insan rahat uyusa, yaxşıdır. Əminəm ki, digər ziyarətçilər də mədəniyyətə bəxş etdiyi bu möhtəşəm abidə üçün onu minnnətdarlıqla anır.

 

Türkan TURAN

525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.21.