Cəhaləti gücə çevirən

 

Esse

 

 

İnduligensiyalar... Cənnət qəbzləri yəni... Orta əsrlərdə Avropada günahların bağışlanmasını “təsdiq edən” sənəd idi bunlar. Xristianlar müəyyən məbləğdə pul və ya kilsəyə xidmət qarşılığında günahlarının bağışlanmasına inanırdılar. Keşişlər isə pulu və ya xidməti alandan sonra onlara “cənnət qəbzləri” verirdi. Bu qəbzlər Avropada intibahın və protestantlığın təməlini qoydu. Belə ki, 1517-ci ildə rahib, alim Martin Lüter doxsan beş tezislə insanların qarşısına çıxdı və onları Roma papasına və katolik kilsəsinə inanmamağa çağırdı. Dövlət onun yanında idi. Çünki o dövrün Almaniyası din və dövlət işlərinin bir-birindən ayrılmasının tərəfdarıydı. Beləliklə, katolik kilsəsinə (mahiyyətcə kilsələrə) qarşı mübarizə başladı. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin çıxışları protestantlığın əsasını qoydu. İntibah dövrünün başlanması ilə protestantlıq əvvəlcə Avropada, daha sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Hazırda dünyada səksən beş milyondan çox protestant var. Protestanlıq sonrakı dövrlərdə bir neçə qola ayrıldı. Ən aktiv qolları isə lüteranlıq və kalvinizmdir. İntibahın beşiklərindən biri sayılan Fransada da katoliklərlə protestantlar arasında ciddi mübarizə gedirdi. Nəhayət, 1572-ci il avqustun 24-də tarixə “Varfolamey gecəsi” adı ilə keçən protestant qətliamı baş verdi. On mindən çox protestant bir gecədə öldürüldü. Həmin vaxt Roma papası XIII Qriqoribu bu qətliamı alqışlasa da, 1997-ci ildə Papa İohann Pavel (katolik) rəsmi şəkildə protestant qətliamını qınadı.

Şərqdə induligensiyaları sonuncu imam anlayışı tutdu. Əlində gücü və kapitalı olanlar özünün Mehdi elan edib tərəfdar topladı. Bu proses Avropada beş əsr əvvəl bitsə də, təəssüf ki, Orta Şərqdə hələ də davam edir. Daha “ucuz” formaları da var “cənnət satmağın”. Məsələn, bəzi təriqətlər gündə üç dəfə şorba verməklə tərəfdarlarını ibadətgahlarda pulsuz işlədir, onları müəyyən məqsədlər üçün istifadə edir. Təsəvvür edirsiniz, sizə vəd edilir ki, hər gün burada işlə, üç dəfə şorba iç və Allah sənin bütün günahlarını bağışlayacaq.

Bəs induligensiyaları və mehdiliyi insanlara “sevdirən” nə idi? Niyə kütlə müqəddəslik anlayışına bu qədər tez təslim olurdu? Müqəddəs kim idi? Nə idi müqəddəslik?

Orta Şərqin qan çağına dönmüş torpaqlarından dünyanın buz altında qalmış mavi səhralarına qədər yayılmış bu anlayışın kökündə mifologiyaya görə qorxu, din tarixinə görə kamillik axtarışı, fəlsəfəyə görə isə uduzmuş talelər var idi. Hər kəsin həqiqəti özü və qədəri qədər doğru oldu. Qərb İkinci Sənaye İnqilabından sonra müqəddəslik anlayışını bir kənara atıb, gerçək olanların izindən getməyə başladı. Şərq isə ötən əsrin əvvəllərinə qədər öz alilərini qoruyub mühafizə etdi. Əlbəttə, Qərbə müqəddəsə itaət etməyi də, onu inkar etməyi də, onu bütləşdirib yeni sistem qurmağı da, hətta onu inkar edib gerçək olanın işığına baxmağı da qoca - xoca Şərq öyrətmişdi. Amma buynuz qulağı keçdi və Qərbin inkişafı getdikcə Şərqi cahil, orta əsrlərdən qalma bir coğrafiya kimi göstərməyə başladı.

Nitsşe müqəddəslik anlayışını zəif, görkəmsiz, zövqsüz və sonu məchul görürdü. Buna görə də, ideal insanın konturlarını çizərkən onu dini rituallardan, mümkündüsə dindən, müqqəddəslərdən və əzizlərdən uzaq olmağa çağırırdı. Çünki gələcəyin dünyası göz yaşına mərhəmət edən yox, göz yaşından yeni işğal hədəfləri hazırlayan dünya olurdu. Fəlsəfənin ən bədbin xarakteri kimi tanınsa da, Nitsşe əslində mütləq gücün yanında idi. Mənsub olduğu milləti də məhz buna görə tənqid edirdi. Güc müqəddəsin yanında deyildi, ona bu imtiyazları tanıyan inancın yanında idi. Bəlkə buna görə idi ki, çox sonralar bəzi xalqlar öz milli dinlərini yaratmağa və ya milli təfəkkürlərinə uyğun dini düşüncə sistemini qurmağa başladılar.

Fəlsəfənin ən realist imzalarından biri Çoran isə müqəddəsliklə göz yaşlarını bir tərəzidə çəkirdi. O yazırdı ki, müqəddəslər insanın inamının və göz yaşının “tacirləridir”. Adəmin övladları göz yaşı qarşısında həmişə müdafiəsiz qalıb. Onlar daim atalarının günahlarının bağışlanması üçün göz yaşı axıdıb. Ağlamaq insanın ən saf halıdır. Müqəddəslər həmişə insanları göz yaşları ilə ram edə bilib. İslamda da hansı məzhəb, hansı təriqət olursa olsun, müqəddəslərinin başından mütləq göz yaşı axıdacağımız bir əhvalat keçib. Kütlə ağladanın və ağlayanın məsum olduğuna inanıb. Ona həmişə bir lider lazımdır. O həmişə birinin ardınca getmək istəyəcək. Bu kəs müqəddəsdirsə, sorğu-sualsız ona təslim olacaq.

Bu ram etmənin başqa bir üzü də qorxutmaqdır. Elə ki insanları göz yaşları və cənnətlə idarə etmək olmadı, qorxutmaq və tağutlarla bir araya gətirirlər. Tağut kəlməsi Şərqdə İran inqilabından sonra meydana çıxmış bir termindir. Bizim coğrafiyada isə bir qədər az edilmiş bir kəlmədir. Tağut allahlıq iddiasında olub ona şəkk qoşanları ifadə edir. Avropada bu üç-dörd əsr əvvəl şeytançılıq oyunu idi. Kilsə sevmədiyi və yolunda maneə olan şəxsləri iblisliklə günahlandırırdı. Uzun sözün qısası, müqəddəsliyin bütün mənfəətçi üzlərini həm Qərb, həm də Şərq gördü və görməkdədir.

Marsa uçulduğu bu günümüzdə hələ də buna oxşar xəbərlər oxuyuruq. Kimsə özünü İsa, ya da Mehdi kimi təqdim edib böyük məbləğlər və tərəfdar toplayır. Modern dövrün ən populyar filosofu kimi qələmə verilən Oşo da eyni üsuldan istifadə etmişdi. Çilçıraqlı sözlər, təbiət ananın nəvazişi və daxili aləmin sakitliyi, yoqa, meditasiya deyə-deyə milyonlarla insanı öz ətrafında cəm edə bilmişdi. Əvvəlcə öz ölkəsindən, daha sonra isə qaçdığı Amerikadan yeni təriqət qurması iddiası ilə deportasiya edildi. Danışdıqlarını, insanlara öyrətdiklərini isə ölüm döşəyində bircə cümlə - bircə etirafla qaraladı: “Mən saxta idim...”

Kütlənin və özünü tapa bilməyən toplumların belə müqəddəsliklərə hər zaman ehtiyacı olub. Onlar öz düşüncə sistemlərini dəyişə bilmədikləri üçün bu cür aldanışlara məhkum qalıblar. Qədim qitə İncili latıncadan Avropa dillərinə çevirdikdən sonra inkişafa başlayıb. Çünki nə yazıldığını, niyə yazıldığını anladılar. Biz isə hələ də bunun günah olduğuna inandığımız və özümüzə süni müqəddəslər uydurduğumuz üçün yolun yarısında ilişib qalmışıq.

 

Rəvan CAVİD

525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.19.