Tarixi İpək Yolundan başlayan Çin-Azərbaycan əlaqələri

 

 

 

“Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk”.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Tarixən Azərbaycanla Çin arasında bu iki ölkəni bir-birinə bağlayan və yaxınlaşdıran bir çox tellər olub. Hələ 2000 ildən də çox əvvəl Çin və Azərbaycanı qədim İpək Yolu birləşdirib. Uzun illər ərzində davam edən qarşılıqlı ticarət və mədəni əlaqələr ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsini genişləndirib, münasibətləri möhkəmləndirib.

Bu yazıda ilk növbədə siyasi, iqtisadi və mədəni aspektlərə dair bir sıra elmi ədəbiyyatlara və arxiv sənədlərinə, ümumilikdə isə əldə olan mövcud məlumatlara əsaslanaraq Çin-Azərbaycan münasibətlərini xarakterizə edən bəzi ştrixləri verməyə çalışmışıq.

Tarixi-coğrafi mənbələr göstərir ki, XIII-XVII əsrlərdə Azərbaycanla Çin arasında iqtisadi və mədəni əlaqələr xüsusi intensivliyilə fərqlənib, sonrakı dövrlərdə də bu istiqamətlərdə inkişaf davam etdirilib. 1647-ci ildə Bakıya səfər etmiş məşhur Osmanlı səyyahı Övliya Çələbi (1611-1682) qeyd edirdi ki, o dövrdə daim Çindən səfirlər və müxtəlif mallar gətirən karvanlar gəlirdi. Dərbənd şəhəri Çindən gətirilən mallara görə alınan rüsumlar hesabına böyük gəlirlər əldə edirdi.

Çindən gələn tacirlər ipək parçalar, şüşə və çini qablar, kağız və dərmanlar tədarük edir, eyni zamanda xalçalar, zərgərlik məmulatları və hətta neft məhsulları ixrac edirdilər. Azərbaycanlı sənətkarlar Çinin dulusçuluq və digər sənətkarlıq təcrübəsindən yararlanırdılar. Şirvanşahlar sarayının ərazisində, Dərbənd hökmdarlarının sarayında və Şamaxıda aşkar edilmiş çini məmulatlar arasında Çindən gətirilənlərdən başqa, Çin nümunələri üzrə hazırlanmış yerli qab-qacaqlar da var idi. Azərbaycanda Çin qab-qacağına həmişə böyük tələbat olub.

Şübhəsiz ki, Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi bir çox şəhər və kəndlərin dirçəlməsinə öz töhfəsini verirdi. Qəbələ, Mingəçevir, Şamaxıda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş nümunələr orta əsrlərdə Azərbaycanla Çin arasında ticarət və mədəni əlaqələrin yüksək səviyyədə olduğunun əyani sübutlarıdır. Yeri gəlmişkən, bu cür yüksək səviyyəli əlaqələr başqa ölkələrlə əlaqələrin inkişafına da öz müsbət təsirini göstərib.

Orta əsrlərdə Azərbaycanda Çinlə bağlı mövzuların gündəmdə olması xüsusi hadisə idi. Məsələn, dahi Azərbaycan şairi, orta əsrlər Şərqinin ən böyük mütəfəkkir şairlərindən olan Nizami öz yaradıcılığında Çin mövzusuna böyük yer ayırmışdı. Şair öz əsərlərində Çini sivil ölkə, yüksək mədəni nailiyyətlər məskəni kimi təsvir edirdi. Çin qadını isə insan gözəlliyinin unikal təcəssümü idi. Lakin onun əsərlərində təkcə bu keyfiyyətlər deyil, həm də çinli bədii obrazın qəhrəmanlıq, mərdlik, cəsarət və qorxmazlıq kimi mühüm xüsusiyyətləri də öz əksini tapmışdı. Burada qeyd etmək yerinə düşər ki, 2012-ci il dekabrın 6-da Çinin paytaxtı Pekin şəhərində Çaoyan parkında görkəmli şair Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimi olub.

Orta əsrlərdə Azərbaycan rəssamları Sultan Məhəmməd Təbrizinin, Mirzə Əlinin, Müzəffər Əlinin və başqalarının əsərlərində Çin mövzusu və obrazları - əjdahalar, fenikslər, quşlar öz əksini tapırdı. Çin motivlərinə Pir Hüseyn məqbərəsinin kaşılarında, Pirsaatdakı hanqada (XIII əsr), Abşeronun Şüvəlan kəndindəki qəbir daşlarında, Ağdam yaxınlığındakı məqbərədə də rast gəlinir. Aristokratlar arasında şahmat oynamaq ənənə halını almışdı.

Səməd Vurğun Çindən olan qonaqlarla. 1955-ci il

Orta əsrlərdə Azərbaycanla Çin arasında tibb və təhsil sahələrində də əlaqələr qurulmuşdu. Çindən olan alimlər Azərbaycanın nüfuzlu təhsil ocaqlarında tibb fənnindən dərs deyirdilər. Məsələn, Güney Azərbaycanın paytaxtı Təbriz şəhərində yerləşən universitetdə Azərbaycan alimləri ilə yanaşı, Çindən dəvət olunmuş şəxslər də çalışırdılar. Bakı, Şuşa, Şəki, Quba, Şamaxı, Gəncə şəhərlərdəki mədrəsələrdə də müalicə üsullarını öyrənir, Çin təbabətinin dərmanlarından istifadə edirdilər. Azərbaycana Çindən bəzi ədviyyələr, məsələn, darçın və jenşen gətirilirdi. Bir faktı da xatırlatmaq yerinə düşər ki, XIX əsrdə Azərbaycan neftinin əsas xarici istehlakçılarından biri də Çin idi.

Beləliklə, münasibətlərin uzun tarixi dövrü ərzində hər iki dövlətin xalqları öz mədəniyyət və tarixlərini zənginləşdirmişlər, lakin bu əlaqələrin səviyyəsi heç də həmişə sabit olmamış və tarixin müəyyən mərhələsində (XIX əsrin əvvəlləri - XX əsrin sonu), xüsusən Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, Azərbaycan Çin və dünyanın digər ölkələri ilə müstəqil, o cümlədən, iqtisadi əlaqələr qurmaq imkanından məhrum edildi.

Bununla belə, qeyd etmək lazımdır ki, Azərbaycan artıq SSRİ-nin tərkibində olduğu dövrdə Çindən bəzi istehlak mallarını alırdı. Ölkəmizin yaşlı sakinləri yəqin ki, ötən əsrin ortalarında satışa çıxarılan mürəkkəblə yazan qızıl ucluqlu Çin qələmlərinə, batareyalarla işləyən fənərlərə, idman ayaqqabılarına, termoslara, toxuculuq məmulatlarına necə böyük tələbat olduğunu hələ də yaxşı xatırlayırlar. Onu da qeyd etmək lazımdır ki, həmin dövrlərdə Bakı ayaqqabı fabriki də Çinə külli miqdarda məhsul göndərirdi.

1949-cu ildə Çin Xalq Respublikası yarandıqdan sonra SSRİ-dən, o cümlədən, Azərbaycandan olan mütəxəssislər bilavasitə neft və kimya sənayesinin yüzlərlə müəssisəsində istehsal və texnoloji proseslərin təşkilində, habelə iqtisadiyyatın digər sahələrində onlara kömək göstərdilər, eyni zamanda sovet mütəxəssislərinin köməyi Çində minlərlə innovasiya təklifinin və qabaqcıl iş üsullarının tətbiqinə səbəb oldu.

Həmin dövrdəki mədəni əlaqələrə aid bir neçə faktı burada qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, “Arşın mal alan” filmi Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə ekranlaşdırılmışdı. Film Sovet dövründə 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə, o cümlədən, Çin dilinə tərcümə edilmişdi. Film Çinin rəhbəri Mao Tsedunun o qədər xoşuna gəlmişdi ki, hətta Çində onun “Çadra altında sevgi” adlı variantının çəkilməsi üçün əmr vermişdi.

Ü.Hacıbəylinin məşhur “O olmasın, bu olsun” operettası da Çin dilinə tərcümə edilərək Pekində səhnəyə qoyulmuşdu. Ötən əsrin 50-ci illərinin əvvəllərində SSRİ Xalq artisti Rəşid Behbudov Çində olarkən burada ənənəvi proqramla yanaşı, bu ölkənin mahnılarını da ifa etmişdi.

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə Nizami poemalarının motivləri əsasında yaradılmış “Yeddi gözəl” baletində Adacio Çin rəqsindən istifadə olunmuşdu.

Azərbaycanın Xalq şairi Səməd Vurğunun  çoxşaxəli fəaliyyəti onu ölkənin hüdudlarından kənarda, o cümlədən, Çində də tanıtmışdı.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoydu. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası oldu. İki ölkə arasında 1992-ci il aprelin 2-də diplomatik əlaqələr quruldu. 1992-ci ilin avqust ayında Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyi açıldı. Azərbaycan Respublikasının Pekində səfirliyi isə 1993-cü il sentyabrın 3-də açılıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Çin-Azərbaycan Parlamentlərarası Dostluq qrupu fəaliyyət göstərir.

Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələrimiz daha intensiv şəkildə inkişaf edir və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq səmərəli nəticələr verir. Müasir dövrdə Azərbaycan-Çin münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri müstəsna rol oynayib. Bu səfər müasir mərhələdə iki ölkə arasında münasibətlərin özülü sayıla bilər. Səfər çərçivəsində ikitərəfli  çoxşaxəli əməkdaşlıq üçün hüquqi baza yaradıldı: Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalandı, iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlandı. Çinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə Heydər Əliyev sadə çinli ailələrlə, məktəblilərlə görüşüb və onların həyatı və təhsili ilə maraqlanıb, bölgələrə səfərlər edib.

Qeyd etmək lazımdır ki, vaxtilə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, Çin Xalq Respublikasının dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlərin qurulması olub.

Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun 2005-ci ildə Çinə səfəri iki dövlət arasında əlaqələrin inkişafına böyük töhfə verdi. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərini tarixi səfər adlandırmaq olar. Bu səfər çərçivəsində o, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birgə iki ölkə arasında gələcək çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradan “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının təşviqinə dair Anlaşma Memorandumu imzalandı.

2019-cu il aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinə səfər edib və aprelin 26-27-də Çinin paytaxtı Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Prezident İlham Əliyevin həmin səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb.     

Məmnunluqla qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir, həmçinin nəqliyyat-logistika, bərpa olunan enerji və digər sahələrdə çox aydın və böyük perspektivlər vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması “Bir kəmər, bir yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.

Cari ildə Çin ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub, idxal və ixrac daşımalarında böyük artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC Çində terminal almaq və ya tikmək imkanlarını nəzərdən keçirir.

Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə əsasən sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət və kənd təsərrüfatı sahələrində səmərəli fəaliyyət göstərir. Bundan əlavə, Çin müəssisələri Azərbaycanın kommersiya mühiti, bazar imkanları və sənaye siyasəti haqqında anlayışlarını tədricən dərinləşdirir, onların investisiya və əməkdaşlığa dair  maraqları əhəmiyyətli dərəcədə artıb. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Son illər Çindən Azərbaycana ixrac edilən əsas məhsullar - toxuculuq, ayaqqabı və papaq kimi məhsullar, mexaniki avadanlıqlar, elektron cihazlar və avtomobillər kimi qabaqcıl məhsullarla əvəzlənib. Bu, Azərbaycan istehlakçılarının məhsul seçimi imkanlarını genişləndirib, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına, sənayenin transformasiyasına və modernləşməsinə təkan verib. Çin, həmçinin Azərbaycanın keyfiyyətli xüsusi məhsullarının idxalını fəal şəkildə dəstəkləyir və Azərbaycandan Çinə ixrac edilən malların siyahısının ənənəvi xam neft və neft məhsullarından kimya, qida və digər daha geniş sahələrə qədər genişləndirilməsinə dəstək verir.

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinin “yumşaq güc” strategiyasının həyata keçirilməsi humanitar əməkdaşlığın inkişafını daha da gücləndirib, tərəfdaş ölkələr arasında ictimai-siyasi dialoqu intensivləşdirib.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkənin qanunvericilik orqanları - Azərbaycanın Milli Məclisi ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı arasında möhkəm əlaqələr qurulub. Parlament üzvləri arasında təmaslar daha tez-tez olub və aktivləşib.

Ötən əsrin 90-cı illərinin sonunda SSRİ Xalq artisti Zeynəb Xanlarovanın musiqi qrupu Çin Xalq Respublikasının Pekin şəhərində və onun şərq əyalətlərində olub və konsertlər verib. 

2011-ci ilin mayında Çində Azərbaycan mədəniyyəti günləri, 2012-ci il 10-14 dekabr tarixlərində isə Azərbaycanda Çin Xalq Respublikasının mədəniyyət günləri keçirilib. 2019-cu ilin noyabrında Pekində Heydər Əliyev Fondu və ÇXR-dəki Azərbaycan Respublikası Səfirliyinın dəstəyi ilə “Azərbaycan musiqisi axşamları” adlı konsert proqramı baş tutub.

2008-ci ilin 8-24 avqust tarixlərində Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya Komandası  44 idmançı ilə 10 idman növündə təmsil olundu. Açılış mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Onların Olimpiya Oyunlarının paytaxtında olması Azərbaycan idmançılarına güclü impuls vermiş və Milli Olimpiya komandamız olimpiadanı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurub.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il 50-yə qədər tələbəni Çinə göndərir, məktəblilər və tələbələr arasında “Çin dili körpüsü” müsabiqələri təşkil edir.

Bu gün Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edən Azərbaycanda turist mübadiləsi genişləndirilir. Bu baxımdan yazıçı Hüseynbala Mirələmovun 2015-ci ildə çapdan çıxmış “Kitay- vosğmoe çudo sveta” (Çin - dünyanın səkkizinci möcüzəsi”) kitabı Səma altında olan ölkənin tarixi, mədəniyyəti, Çin Xalq Respublikasının ictimai-siyasi və mədəni həyatı, eləcə də onun iqtisadiyyatı ilə maraqlananlar üçün vacib maarifləndirici mənbə rolunu oynayır.

Burada xüsusi diqqətəlayiq bir məlumat da ondan ibarətdir ki, Çin Xalq Respublikasında məskunlaşan azərbaycanlıların sayı, təxmini hesablamalara görə, hazırda 30 min civarında dəyişir.

Yekun sözü əvəzi. Çin Xalq Respublikasının sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikitərəfli qarşılıqlı münasibətlərin inkişafına böyük əhəmiyyət verirlər. Onlar birlikdə ikitərəfli münasibətləri tarixdə görünməmiş səviyyəyə qaldırıblar.

Bu konteksdə Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cu ilin may ayında Çinə işgüzar səfər proqramı çərçivəsində onunla görüşündə dediyi sözləri misal gətirmək yerinə düşər: “Bizim ənənəvi dostluğumuzun çox uzun tarixi vardır. Azərbaycanlılar həmişə deyirlər ki, bərabərlik olmayan yerdə dostluq da yoxdur. Ölkələrimiz 22 il ərzində bərabərlik, qarşılıqlı fayda və hörmət ruhunda dostluğu və əməkdaşlığı daim inkişaf etdirir. Hazırda bizdə siyasi münasibətlərin çox möhkəm təməli, qarşılıqlı etimadın yüksək səviyyəsi formalaşmışdır, praktiki əməkdaşlığın böyük nəticələri göz qabağındadır. Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı Ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə “Çin azərbaycanlıların gözü ilə” məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur. Çin Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Sintszyan və Tibet kimi mühüm məsələlər barədə Sizin qətiyyətli dəstəyinizi təqdir edir və buna görə Sizə təşəkkür edirik. Biz bundan sonra da Azərbaycan xalqının milli xüsusiyyətlərinə müvafiq inkişaf yolunda seçimini dəstəkləyəcəyik. Biz Sizin suverenliyin, müstəqilliyin qorunmasına və iqtisadi inkişafa yönəlmiş səylərinizi dəstəkləyirik. Biz, əvvəllər olduğu kimi, yenə azərbaycanlı tərəfdaşlarımızla birlikdə Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın davamlı inkişafını stimulaşdırmağa hazırıq”.

 

Rövşən AĞAYEV

525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.18;19.