ONA GÖZ DİKƏNLƏRİ PEŞMAN QOYMAYAN  

 

Hələ ki rəvayət edirlər, amma kim bilir, yəqin, gün gələcək, gecələrimizi nurlandıran Ayın bu ulduzdan o ulduza uçan fəza gəmilərinin nəfəs dərmək, bir az da güc yığaraq yolunu davam etdirməkçün qısa müddətə müvəqqəti yerləşdikləri dayanacaq olduğu yerli-yataqlı sübut da olunacaq. Əski əyyamlardan izləri, nişanələri yadigar qalmış, uzun yollar ayrıcındakı, bəzən niyə nə o yanlıq, nə bu yanlıq bir məkanda tikilməsi təəccüb də doğuran, amma vaxtında çətin səfərlərə çıxanların ən lazımlı anda dadına yetən, onların sığınaraq bir neçə gecəlik rahatlıq tapandan sonra yeni qüvvətlə böyük məqsədlərə doğru dikəldiyi karvansaralar da beləymiş.

Məhəmməd ağa Şahtaxtının “Şərq-i Rus”unda çalışdığı dövr Cəlil Məmmədquluzadənin həyatında, düşüncəsində, yaradıcılığında çox şeyləri dəyişir, bir çox mühüm niyyətlərin başlanğıcına çevrilir. Ən əvvəl “Şərq-i Rus”da onunla sonrakı uzun və mübarizəli yolları birgə addımlayacaq ən sadiq məsləkdaşı Ömər Faiq Nemanzadə ilə yaxınlaşır. Cəlil “Şərq-i Rus”a işə hekayəçi kimi qəbul olunmuşdu. Ancaq burada onun jurnalistlik fəaliyyəti başlanır. İctimai-siyasi həyatın bir sıra ümdə məsələləri ilə əlaqədar məqalələri ardıcıl olaraq “Şərq-i Rus”da dərc edilir. Bu redaksiyanın köməyi ilə tanışlıqlarının, əlaqələrinin dairəsi genişlənir. Məhz “Şərq-i Rus”da işlədiyi dövrdə ilk dəfə redaktorluğun da dadını hiss edir. 1905-ci ildə Məhəmməd ağa Şahtaxtı bir ara Peterburqa getmişdi ki, qəzetini Tiflisdən Bakıya köçürməyin icazəsini alsın. Həmin aralıqda “Şərq-i Rus”a redaktorluq etmək Cəlil Məmmədquluzadəyə həvalə olunmuşdu. Ancaq bir çox səbəblərdən, ən əvvəlsə maddi sıxıntılara görə “Şərq-i Rus” qapanır. Bu qəzet bağlanınca təşəbbüskar Ömər Faiq Nemanzadə təklif edir ki, gəl mətbəə açaq. Ömər Faiqlə Cəlil bu işin pul ağırlığına çiyin verəcək üçüncü adamı - tacir Məşədi Ələsgər Bağırzadəni da tapırlar, adını “Qeyrət” qoyduqları mətbəəni üçlükdə açırlar. “Qeyrət” mətbəəsi işə başlayacaq, qısa müddətdə özünü tutacaq, gəlir də gətirəcək, Mirzə Cəlillə Ömər Faiqin o vaxtacan axsayan maddi vəziyyəti də dirçələn kimi olacaq. Ancaq “Qeyrət” mətbəəsinin işlərini nizama sala-sala Cəlil qələmi də yerə qoymurdu. Bədii yaradıcılığı öz yerində, amma jurnalistlik fəaliyyətini də davam etdirirdi. Rus dilində çıxan bir sıra qəzetlərə ardıcıl olaraq məqalələrini yollayırdı. Hərçənd Naxçıvandan ayrılanda Cəlil “müəllimlikdə 10 ildən artıq davam edə bilmədim, yolum bitdi” deyirdisə və sonra mətbəəçiliyə gəlib çatanacan mütərcim də, polis məmuru da olmuşdusa, ədliyyə idarələrində dava vəkili və advokatlığı da dişinə vurmuşdusa, jurnalistlik də etmişdisə, hər halda könlü müəllimliyin yanında idi, ürəyindən keçirdi ki, bir məktəb açsın. Müraciət edir, ona rəsmi icazə də verilir ki, Tiflisdə üçsiniflik rusdilli məktəb açsın. Ancaq Mirzə Cəlillə Ömər Faiqin ortaq arzusu da vardı. Mətbəə işi onlara dar gəlirdi, nəsə yeni bir nəşrə başlamaq niyyətində idilər. Məramını, istiqamətlərini bəyan edərək “Novruz” adlı bir qəzet buraxmaq istədikləri barədə ərizə ilə müraciət edirlər, müsbət cavab verilir və o vaxt ayrı-ayrı qəzetlərdə bu münasibətlə Ömər Faiqə, Cəlil Məmmədquluzadəyə ünvanlanan təbriklər də yer alır. Lakin 1905-ci il avqustun 13-də “Tiflisskiy Listok” qəzetinin 165-ci nömrəsində Cəlilin qəzetin açılmasına icazə verilməsi səbəbiylə onu təbrik edən bütün dostlara, yaxınlara səmimi minnətdarlığını ifadə edən məktubu dərc olunur və həmin müraciətində xəbər verir ki, “bəzi səbəblərə görə verilmiş hüquqdan imtina etdiyimi bildirməyi özümə borc sayıram”.

Artıq iki gün əvvəl Mirzə Cəlil Qafqaz canişininə ərizəsində xahiş edirdi ki, ona Tiflisdə türk dilində (azərbaycanca) “Novruz” adlı qəzet açmasına verilmiş ixtiyardan elə həmin tarixdən Məhəmməd ağa Mustafa ağa oğlu Vəkilova “İqbal” qəzetini buraxması üçün imtina edir.

İmtinasına açıq səbəb göstərmirdi, belə çıxırdı ki, bir dost xeyirxahlığı edir, ancaq xeyli sonralar qələm-kağızla təkbətək qaldığı dəqiqələrdə “Novruz”un nəşrindən vazkeçmənin əsl səbəbini izah edirdi ki, onları bu işdən çəkindirən müəyyən asılılığa düçar olacaqlarının hürküsü, hökmən tökülməli bəzi tədbirləri bacarmayacaqlarını əzəl başdan bilmələri imiş: “Gördük ki, icazə alsaq da, “Şərq-i Rus” kimi ya ruhanilərə təəllüq etməyə məcbur olacağıq ki, qəzetimizə prixod mollaları abunə yazılsınlar, ya da “Məzhər” qəzetinin sahibi Kamal Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrədə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. Bircə bunu bacara bilmirdik”.

Bütün bunlar zahirən bir az gözlənilməz təsir bağışlayır - məktəb açmaq istəyir, icazəsi verilir, ana dilində qəzet buraxmaq istəyir, “yox” deyilmir, ancaq nə onun dalınca gedir, nə bunun ardınca düşür. Çünki ürəyinin dərinindəki dilək üstün gəlirmiş.

Elin dili “gün var min aya dəyər” deyib. Müqəddəs Kitabımız həmin sözü Qədr gecəsinə aid etsə də, hər ömrün özünə görə bu cür siqləti ilə aylara, illərə bərabər gecə-gündüzləri var. Bəzən bir günün əks-sədası bir insanın da, bir millətin də taleyində ən uzaq onillərə gedib çata bilir. Ancaq illər də var ki, onlar onillərə, əsrlərə bərabərdir. 1906-cı il əsla sadə bir il deyildi. Həm də yalnız Azərbaycan və Qafqaz üçün yox. Bu ilin içərisində baş verənlər XX yüzilin sonrakı bir çox mühüm hadisələrinin təkanvericisi idi. Azərbaycanın tarixində biryolluq qalacaq mətbuat möcüzəsi də həmin ildə doğuldu. Növbəti rəsmi icazə verildi, Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin “Sizi deyib gəlmişəm” söyləyən övladı - “Molla Nəsrəddin” dərgisi 1906-cı il aprelin 7-də Azərbaycan insanı ilə ilk görüşə gəldi. Bunun mübahisəsi çox gedib ki, “Molla Nəsrəddin” deyilən gerçəkdən yaşayıbmı? Bu suala cavablar axtaranlar bəzən tarixi Molla Nəsrəddini müxtəlif əsrlərdə “tapıblar”. Hətta bir zamanlar unudulmaz əlyazmaşünasımız Məmmədağa Sultanov araşdırmalar apararaq bir sıra dəlillər əsasında bu qənaətə gəlmişdi ki, Molla Nəsrəddin elə XIII əsrdə yaşamış Xacə Nəsirəddin Tusidir. Ancaq Molla Nəsrəddinin səsi yalnız XIII yüzildən gəlmir ki! Molla Nəsrəddinə bağlanan el lətifələrində bir də görürsən o, Teymurləngin sarayındadır, gah XVIII əsrdə zühur edir, bəzən XIX yüzildə üzə çıxır. Hələ məzarını demirik ki, Orta Asiyadan başlamış Türkiyəyədək xəritənin iri parçasını tutan əhatədə qəbrini göstərib qəti inamla qoca Nəsrəddinin məhz orada uyuduğunu təsdiqləyirlər. Təbii, adamın bir qəbri olar. Ancaq Molla Nəsrəddin kimi bitəcəksizlərin nə vətəni yeganə olur, nə də belələri bircə məzara sığır. Necə ki, XX yüzilin başlanğıcında o, dünyaya təzədən gəldi və köhnə Molla Nəsrəddinin şöhrətinə elə şöhrət əlavə etdi ki, bu “Molla Nəsrəddin” məşhurluqda o köhnə Molla Nəsrəddini də arxada buraxdı, nəhəng bir coğrafiyada sevilən, gözlənilən, aranan oldu.

...İnsanlara müxtəlif adlar verilir. Bəzən elə zənn edirsən, hansı adamın hansı adı daşımasının elə bir ciddi mənası yoxdur. Ancaq hər insanın taleyini izlədikcə buna da şahid kəsilirsən - sanki zaman keçdikcə insanın adıyla onun taleyi, ömür yolu arasında heyrətli bir bağlantı yaranır. O mizah dərgisi ki “Molla Nəsrəddin” adlandırıldı və çox keçmədən xalqın əzizinə çevrildi, onun başqa adı da ola bilərdi. Ancaq məhz xalqın qəlbinə yaxın olan bu ad elə həmin dərginin əsas uğurgətiricilərindən birinə çevrildi. “Qeyrət” mətbəəsini işlətdikləri vaxt Mirzə Cəlillə Ömər Faiq nəşrini başlamaq istədikləri qəzetin adını “Novruz”, jurnalın sərlövhəsini isə “Torpaq” kimi düşünürdülər. İkisi də özlüyündə gözəl sözlərdir, yaxşı adlardır. Ancaq “Molla Nəsrəddin” adındakı cazibə hara, onlardakı çəkicilik hara! Bəlkə də elə 1906-cı ilin 7 aprelində nəşrinə başladıqları mizah toplusunun adı “Molla Nəsrəddin” deyil, “Torpaq” olsaydı və eyni məqalələri, eyni şeirləri, eyni rəsmləri dərc etsəydilər, heç bu cür qəfil və püskürtülü oxucu rəğbəti də yaranmazdı.

“Molla Nəsrəddin”in ilk sayının işıq üzü görməsindən 60 il ötəndən sonra bir vaxtlar, yeniyetmə ikən mürəttib işləmiş Məmmədhəsən Səfərov keçən günləri yada salaraq belə xatırlayırdı ki, “Şərq-i Rus” qəzeti çıxanda da, “Qeyrət” mətbəəsində çalışdığımız vaxtlarda da, Mirzə Cəlilin də, Ömər Faiqin də, elə mürəttiblərin də, ümumən hamımızın vəziyyətimiz çox ağır idi, hər manatın, hər qəpiyin hesabını aparmalıydıq ki, bu aydan o aya borca düşmədən keçək. Ancaq “Molla Nəsrəddin” nəşrə başladı, hamımızın həyatını dəyişdi.

“Molla Nəsrəddin” o redaksiyada, həmin mətbəədə çalışan 5-10 nəfərin həyatını maddi baxımdan dəyişib yaxşılaşdırmışdı, ancaq daha vacib olansa “Molla Nəsrəddin”in bir günəş kimi parlayaraq bütöv xalq həyatını dəyişməsi idi.

1906-cı ilin başlanğıcında, hələ dərginin apreldəki təvəllüdündən xeyli əvvəl, “Molla Nəsrəddin”in necə olacağının kimsəyə bilinmədiyi, sabahkı jurnalın Mirzə Cəlillə Ömər Faiqin düşüncələrində, ikilikdəki məhrəm söhbətlərində doğulduğu çağlarda - fevralın 21-də axırı qərar verirlər və Mirzə Cəlil “Molla Nəsrəddin” adında satirik dərgi açmağa icazə ricası ilə Qafqaz canişinliyinə ərizə ilə müraciət edir. Bu xəbər tezcə yayılır və elə həmin fevral-mart günlərində “Baku”, “Həyat”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Tərcüman”, “Kaspi”, “İrşad” kimi çox oxunan nəşrlər tezlikcə “Molla Nəsrəddin” adlı satirik jurnalın çıxacağı barədə məlumat dərc edir. Canişinliyə edilən müraciətdə Molla Nəsrəddinin məşhur xalq təlxəyi olduğu, jurnalın da şəkilli nəşr ediləcəyi bildirilirdi. Və elə həssas, dəyişikliklərə hamilə vaxt idi ki, cəmiyyət onun dərdlərindən deyən satirik, yumoristik nəşrlərin yolunu dörd gözlə gözləyirdi. “Molla Nəsrəddin” nəşrə başlayanacan - 1906-cı ilin 26 fevralında “Kukareku” adlı rusdilli rəsmli satirik jurnal ilk sayını buraxmışdı və elə üz qabığındanca barışmaz dikbaşlığıını əyan etmişdi. Ancaq daha əvvəl işıq üzü görsə də, “Kukareku”nun “Molla Nəsrəddin”in yaranmasına heç bir təsiri yox idi və hələ “Kukareku” söhbəti heç ortada yoxkən “Molla Nəsrəddin”in buraxılacağı barədə mətbuatda xeyli soraqlar keçmişdi.

Mirzə Cəlil üstündən illər sonra dünənlərə sarı qanrılaraq yazırdı ki, mən “Kukareku”nun ilk sayını gördüm, jurnalın üz qabığında xoruz təsvir olunmuşdu, onun başı padşah Nikolayın kəlləsi idi, ancaq boynu, bədəni adi xoruz bədəni.

Şübhəsiz ki, mətbuata rəsmi çar nəzarətinin olduğu, icazə dərkənarı qoyulmadan heç bir qəzet-jurnalın basılmadığı dövrdə belə bir karikaturanın necə çap edilə bilməsi heyrətləndirir. Hərçənd indi arxivləri qaldırıb “Kukareku”nun ilk sayının üz qabığına baxanda orada sadəcə bütün səhifəni dolduran bir xoruz şəklini görürük, başı da çar kəlləsi deyil, elə adi xoruz başıdır. Onun başı da elə adi xoruz başıdır. Keçmiş mətbuat irsini araşdıranlar, o karikaturanın dərcolunmuşunu görənlər Mirzə Cəlilin bu xatirəsini oxuyanda təəccüblənərək belə qənaətə gəliblər ki, o, sadəcə yanılır. Ancaq mənim ehtimalım başqadır. Ola bilsin ki, Mirzə Cəlil “Kukareku”nun ilk sayındakı karikaturanın əslini görübmüş və həqiqətən də o rəsmdə təsvir edilən imperatorun başı imiş. Mümkündür ki, senzuranın təkidi ilə jurnalın üz qabığı son anda dəyişdirilib, ancaq “Kukareku”çular şəklin ilk əsas variantını çap edə bilməsələr də, dostlara, həmkarlara göstərirmişlər. Ancaq tarixdə qalan bir nömrəli “Kukareku”nun ilk səhifəsindəki karikautura istənilən halda ibrətlidir və senzura əslində dərinə getsəydi, bunun da dərc edilməsinə qulp qoya bilərdi: şəkildəki baş adi xoruz başı olsa da, onun ayaqları qandallıdır. Yəni öz aləmimizdə xoruzlanırıqsa da, gerçəkdə xalq əsarət zəncirindədir.

1906-cı il martın 4-ünün millət təqvimindəki dönüş anlarından olduğunu biz indi bilirik - həmin günün başqalarının xəbəri olmadan Mirzə Cəlillə Ömər Faiqin həyatında o çağacan yaşadıqları ömrün ən xoşbəxt günü olmasını əl boyda kağız, Tiflis qubernator dəftərxanasının “Molla Nəsrəddin”in nəşrinə icazə verən 874 saylı şəhadətnaməsi - dərginin doğum sənədi yaradıbmış.

Belə düşünülürmüş ki, “Molla Nəsrəddin” oxucu ilə ilk görüşünə 1906-cı il martın 31-də gəlsin. Hətta bu haqda 1906-cı il martın 18-də “Na povorote” jurnalında xəbər də çap olunubmuş. Ancaq yenə də kasıbçılıq ucbatından çatdırmayıblarmış. Səbəbin cib olduğunu Mirzə Cəlil xatirələrində belə hekayət edirdi ki, Ömər Faiq “Qeyrət” mətbəəsinin işini layiqincə aparırdı, ancaq dərgi buraxmağın bir ətək məsrəfləri vardı, jurnal şəkilli olmalı idi, fəqət rəsmləri çəkəcək rəssama pul ödənilməli idi.

Oskar Şmerlinqlə danışmışdılar, razılığa gəlmişdilər ki, ilk nömrələrdəki şəkilləri hələ nisyə çəkəcək. O biri tərəfdən də, “Qeyrət” mətbəəsində yeni jurnalın mətn hissəsinin çapı öz əllərində idisə də, rəngli şəkilləri çap etmək imkanları yox idi, ona görə rəsmləri Bıxov soyadlı bir yəhudinin mətbəəsində daşbasma üsulu ilə min nüsxədə çap etdirəsi olurlar ki, bu da bir ayrı xərc idi.

1906-cı il aprelin 6-dan 7-nə keçən gecə. Camaat yuxudadır. Sabah insanların ilk dəfə görəcəyi “Molla Nəsrəddin”in üz qabığında da elə yatan adamlar əks olunmuşdu.

“Axşam mətbəədə iki fəhlədən savayı, bir də maşınçımız Cahangir idi. Bu Cahangir yoldaş “Molla Nəsrəddin”in haman birinci nömrəsini öz əli ilə çap edən maşınçıdır.

...Fəhlələr yorulub işdən çıxdılar. Biz fəhlələr də sübh vaxtı yorulub işdən çıxdıq. Ancaq bir təfavütlə ki, biz işdən çıxanda “Molla Nəsrəddin”in birinci nömrəsinin min ədədi basılıb tamam oldu”.

Bu iki fəhlə - Mirzə Cəlillə Ömər Faiq o gecə - 1906-cı il aprelin 7-də baş verən böyük millət hadisəsinin müəllifləri idilər. Millət tarixində əbədi qalacaq müstəsna şücaəti gerçəkləşdirən fəhlələr olmaq nə şərəflidir!

...Əvvəlcə də elan edildiyi kimi, “Molla Nəsrəddin” dərgisi həftədə bir dəfə çıxmalıydı, çıxırdı da. 1906-cı il aprel ayının 14-də düz bir həftə sonra onun növbəti sayı işıq üzü görür. “Molla Nəsrəddin”in bu nömrəsi rəsmləri baxımından əvvəlkindən də qəşəngdi. Səbəbsiz də deyildi. Oskar Şmerlinq öz yerində, Mirzə Cəlil redaksiyaya, “Molla Nəsrəddin”in tərtibatına daha bir usta rəssamı - Yozef Rotteri də cəlb eləmişdi və Rotter ikinci nömrədən etibarən ta 1914-cü ilə qədər dərginin əsas rəssamı oldu.

Yolu başlayanda hansı yük altına girdiklərini gözəlcə dərk edirdilər və mütəmadi başağrısı çəkməyə də öncədən hazır idilər. Ehtimal da edildiyi kimi, təzyiq və təqiblər özünü çox gözlətmir. İkinci nömrə qırmızı rəngdə idi və jurnalın Bakıya gəlib çatmış bütün nüsxələrinin polis tərəfindən müsadirə edilməsi haqqında aprel ayının 19-da qəzetlər məlumat yayır.

Və aprelin 20-də “Ordan-burdan” silsiləsindən “İrşad” qəzetində yazdığı növbəti felyetonunda “Filankəs” imzalı Üzeyir bəy körpə dərgiyə qahmar duraraq car çəkirdi ki, “zavallı “Molla Nəsrəddin” indi dustaqdır, həbsxanada oturub öz-özünə fikir edir: əcəba, ərbab-i hökumət bu qırmızı şeylərdən yaman ürkürmüş”.

Sancan “Molla Nəsrəddin” yuxarı dairələrin, hakimiyyətin xoşuna gəlməyə bilərdi. Ancaq xalq arasında, ziyalılar dairəsində “Molla Nəsrəddin” ilk gəlişindən rəğbətlər qazanmışdı və Əhməd bəy Ağayev aprel ayının 16-da elə həmin “İrşad” qəzetində yazırdı ki, baxın “Molla Nəsrəddin”ə, bu cəridə nə gözəl cəridə! Nə qədər ağıl, zəka, məharət və zövq göstərir.

O dövrün qəzetlərində bu soraqlar da var ki, “Molla Nəsrəddin”in ilk sayları gedib Naxçıvana da çatıb. Əvvəlcə qaragüruhun bəd təsiriylə əhali “Molla Nəsrəddin”ə bir qədər ehtiyatla yanaşırdısa, çox keçmədən sadə dili, məzəli üslubu, bəhs etdiyi mövzuların ürəkdən tikan çıxarmasıyla dərki qəlblər və düşüncələri fəth edir.

“Molla Nəsrəddin”in günü-gündən artan hörmət və nüfuzuna ən bariz göstərici bu idi ki, jurnalın birinci sayı min nüsxə çıxdığı halda, çox keçmədən tiraj dörd minə çatır. Bu qədər buraxılsa da, sayılı günlərin içərisində də satılıb qurtarırdı. “Molla Nəsrəddin”ə əhali arasındakı xüsusi rəğbət ona gətirib çıxarmışdı ki, bəzi adamlar hətta bundan möhtəkirlik vasitəsi kimi istifadə edirdilər. Dərginin Bakıda yayılmasına məsul Abbasqulu Kazımov idi və onun “İrşad” qəzetində may ayının əvvəlində məqaləsi dərc edilir. Məqalə deyəcəyin, bu, xalqa bir müraciət idi. Yazırdı ki, “Molla Nəsrəddin”in qiyməti 12 qəpikdir, üstündə də yazılıb. Ancaq biz nüsxələri ayrı-ayrı adamlara camaat arasında satış üçün verəndə belə razılığa gəlmişik ki, üstünə 3 qəpik qoyub 15 qəpiyə satsınlar.

Və xəbərdar edirdi: Kim sizə “Molla Nəsrəddin”i 15 qəpikdən artığına təklif eləsə, almayın.

Üzdən sadə kimi görünən bu əhvalatın da mətbuat tariximiz baxımından ibrəti var - XX əsr başlanır, mətbuat həyatı günü-gündən canlanırdı, Azərbaycanda bir-birinin ardınca rusca və türkcə çoxlu qəzet-jurnal dərc edilirdi, ancaq kütlənin xüsusi maraq göstərdiyi “Molla Nəsrəddin” onların hamısını geridə buraxmışdı. “Molla Nəsrəddin” yeganə nəşr idi ki, onu nəzərdə tutulmuş qiymətindən də artığına satırdılar, camaat da alırdı.

1906-cı ilin ilk may günləri idi. Hələ jurnalın nəşrə başlamasının heç bir ayı tamam olmamışdı, lakin artıq onun həm dostları, həm düşmənləri yaranmışdı. Əbdürrəhim bəy Haqverdiyev yazırdı ki, “Molla Nəsrəddin” nəşrə başlayanda mən Şuşadaydım, dərginin ilk sayı əlimizə mayın əvvəlində gəlib çatdı və “bu nömrə şəhər əhalisi arasında bomba kimi partladı”.

Köhnə və köhnəlməyən şakərimizdir - istəməyənləri “Molla Nəsrəddin”lə bağlı cürbəcür şayiələr yaymağa başlayır. Biri çımxırır ki, bu jurnalı buraxanlar missionerlərdir, xaçpərəstlərə xidmət edirlər, bir başqası mırıldanır ki, bu jurnalı babilər buraxdırır və daha neçə bu cür irinli dedi-qodular.

Ruhanilərin əli ilə avam camaatın şüuruna bunu yeritməyə əlləşirdilər ki, bu jurnal başdan-axıracan küfrdür. “Molla Nəsrəddin”i yazanları, oxuyanları təkfir edərək qeyzlənirdilər ki, bunu nəinki mütaliə eləmək, heç evə yaxın buraxmaq olmaz, harada bu jurnalı görsəniz, ona əl vurmaq da günahdır - maşa ilə götürüb ayaqyoluna tolazlayın.

Bütün bunların hələ Azərbaycanın başqa bölgələrinə nisbətən irəligetmiş yer olan Şuşada söylənməsini Əbdürrəhim bəy çatdırırdı, ora o cür idisə, görün korafəhm cəhalətin, ifrat mövhumatın meydan suladığı kənd-kəsəkdə “Molla Nəsrəddin” hansı müqavimətlərlə qarşı-qarşıyaymış.

Elə Bakının özündə də “Molla Nəsrəddin”ə bura gəlib yetişdiyi ilk vaxtlardanca löyün-löyün dişqıcatmalar, açıq-örtülü həmlələr ayaq tutub yeriməyə başlamışdı. İlk iki-üç sayıyla “Molla Nəsrəddin” cəmiyyət içərisində elə vazkeçilməz əks-səda doğurmuşdu ki, ona daha heç kəs laqeyd deyildi və qütbləşmişdilər - ya şiddətli hiddət bəsləyirdilər, ya coşqun məhəbbət. 1906-cı ilin 11 mayında “Həyat” qəzetində məxsusi diqqət ayırmalı bir yazı dərc edilir. Bakıdakı birinci rus müsəlman məktəbinin müəllimlərinin imzası ilə redaksiyaya “Molla Nəsrəddin”ə qarşı etiraz məktubu daxil olmuşdu və çörəyi burnuna yeməyən “Həyat”çılar yaxşı anlayırdılar ki, bu namənin yaranması təşəbbüsü qıraqdan gəlir, müəllimlər belə düşünməz. Ancaq bunu da hiss edirdilər ki, artıq “Molla Nəsrəddin”ə qarşı ziyalı təbəqəsi səmtindən də əks mövqe hazırlamaqçün belə xəbis cəhdlər edilirsə, mümkündür ardı da gəlsin. O səbəbdən həmin məktubu da dərc etmişdilər və redaksiyanın məktubda yazılanlara tam əks olan mövqeyini də. Məktubu təşkil edənlərə də cavab verirdilər, digər müəllimləri, bütövlükdə ziyalı təbəqəsini duyuq salırdılar ki, ayıq olun, belə təxribatlar da var: “Molla Nəsrəddin” mədhiyyə, mədh ü səna üçün çıxmır. Bu vəzifəni İran şairlərinə tərk edir. O, ancaq həcv ilə, istehza ilə, xəndə ilə qüsurlarımızı tənqid və islah yolunu tutmuşdur. Bundan kimsənin dilgir olmağa haqqı yoxdur. Sabah əgər məni də həcv etsə, təşəkkürdən başqa əlimdən bir şey gəlməyəcəkdir”.

Azərbaycanın özündə müxtəlif mühafizəkar dairələrin, o cümlədən, hakimiyyətin etirazları öz yerində, ancaq elə həmin may günlərində rusca “Baku” qəzetinin 101-ci nömrəsində “Molla Nəsrəddin”ə qarşı qısma-boğmaların sərhədinin genişlənməsi haqda maraqlı bir xəbər dərc edilir. “Baku” istinadı Batumda çıxan “Alik” qəzetinə edərək yazırdı ki, orada bir dəstə adam redaksiyaya məktub yollayaraq şikyətlənir. Batumlular ondan gileylənirdilər ki, İran konsulu polislə birlikdə “Molla Nəsrəddin” jurnalının yayılmasına qarşı mübarizə aparır, jurnalı çıxaranları da, oxuyanları da “bədəfkarlar” - zərərli düşünənlər siyahısına daxil edirlər.

Nəşrə başladığı bircə ay ərzində “Molla Nəsrəddin”ə qarşı Azərbaycandan kənarlarda da belə ardıcıl hücumların artmasının pıçıldadığı önəmli həqiqətlərdən biri də odur ki, bu nəşrin sırf Azərbaycana aid dərgi olmadığı artıq sərhədlərdən kənarlarda da dərk və qəbul edilir.

İlk sayında ki “Molla Nəsrəddin” “sizi deyib gəlmişəm, ey müsəlman qardaşlarım” söyləmişdi, axıracan da bu çağırışına, bu amalına sadiq qaldı, üzünü yalnız Azərbaycan insanına tutmadı, sözünü bütün Yaxın-Orta Şərqə, müsəlman dünyasına dedi. Ona görə də “Molla Nəsrəddin” ilk qədəmlərindən oxunduğu bütün yerlərdə özününkü kimi qavranıldı, əyrini heç vaxt düz kimi göstərməyəcək müştərək güzgü kimi etiraf edildi.

...”Molla Nəsrəddin” həm də həvəsləndirir, vəcdə gətirir, ilhamlandırırdı. 1906-cı ildə may ayında artıq qəzetlərdə xəbərlər var ki, Orenburqda “Çəyirtkə” adında yeni satirik jurnal nəşr edilməyə başlanıb, rus-tatar dillərində buraxılır. Söz yox, “Çəyirtkə”nin ortaya çıxmasında “Molla Nəsrəddin”in də təsiri vardı, o elə parlaq nümunə idi ki, işığı uzaqlardan duyulurdu və gendən-genə də səfərbər edə, coşdura bilirdi. “Molla Nəsrəddin” az bir zamanda öz nümunəsi ilə qələm əhlinə başa saldı, bu gerçək də göz önündə idi ki, insanların mizahla deyilən sözə meyli daha çoxdur.

“Molla Nəsrəddin”in yola düzəldiyi ilk çağları yada salarkən Mirzə Cəlil hətta rəssamın haqqını ödəməyə pullarının çatmaması qədər yoxsul olmalarından dəm vururdusa, qısa bir müddətdə kasıbçılığın daşını atmışdılar, “Molla Nəsrəddin” gəlir gətirməyə başlamışdı və qəzetlərdə xəbərlər də görünmüşdü ki, “Qeyrət” mətbəəsinə Almaniyadan yeni çap maşını gətirilib ki, onu 20 nəfərdən çox fəhlə işlədir.

Əlbəttə ki, Almaniyadan o çap maşınını gətirmək üçün babat para lazım idi. O vəsaiti “Molla Nəsrəddin”ə ianə edən olmamışdı, özü qazanmışdı. Lap başlanğıcdan özünü bütün türk dünyasının qəzeti kimi tanıtmış “Tərcüman” 1906-cı ilin 16 iyununda iftixarla yazırdı ki, “Molla Nəsrəddin” gözəl tərtib olunur, nəfis çıxır və oxucularına məsləhət görürdü ki, o dərgini mütaliə etsinlər.

“Molla Nəsrəddin” tənqid edən, qırmanclayan dərgi idi və məntiqlə, şöhrəti artdıqca təhlükəlilik dərəcəsi də çoxalırdı, deməli, düşmənləri də tədricən daha çox xoflanmalıydılar. 1906-cı il iyun ayının 25-də çıxan “İrşad” qəzeti xəbər verirdi ki, “Molla Nəsrəddin”in Bakıya gətirilmiş yeni sayının bütün nüsxələri polis tərəfindən müsadirə edilib. Ancaq üstündən bir neçə gün keçincə “İrşad”ın 2 iyul nömrəsində yenə həmin qəziyyəyə qayıdılır və xəbəri oxuyunca bilmirsən güləsən, ya ağlayasan. Həmin xəbərin pis tərəfi də vardı, xoş üzü də. Yaman tərəfi o idi ki, yenə insan naqisliyindən, hakimiyyətin özünün içərisində olan dələduzluqdan xəbər verirdi, amma digər baxımdan polislərin cinayət hesab ediləsi naqis əməli “Molla Nəsrəddin” jurnalının artan şöhrətinin daha bir sübutu deməkdi. “İrşad” bu sirri faş edirdi ki, polis Qara şəhərdə zəbt etdiyi “Molla Nəsrəddin” nüsxələrini xəlvəti əldə qəzet satan uşaqlara paylayıb, ucuz qiymətə satsınlar deyə. Qəzet həmin pulları polislərin mənimsədiyini elan edirdi. Aydın məsələdir ki, jurnala qarşı hər basqı, illah da onun nüsxələrinin yığılması, camaata çatmasının qarşısının alınması Mirzə Cəlili, Ömər Faiqi hədsiz incidirdi. Çar polisinin o qanunazidd, tamahkar əməlləri də təbii olaraq ikraha layiqdi. Amma bu əhvalatda bir insan və naşir - “Molla Nəsrəddin”in valideyni olaraq Mirzə Cəlili də, Ömər Faiqi də sevindirən bir məqam olmamış deyildi. Polisin müsadirə etdiyi “Molla Nəsrəddin”ləri əl altından satdırması da dərginin əlavə bir gücünü, bu nəşrə insanların məxsusi məhəbbətini nümayiş etdirdi. Elə güc, elə məhəbbət ki, onun hansı səviyyədə olmasını rəislərindən aldığı tapşırığa əsasən həmin güc və məhəbbətin qarşısını almalı olan polis də anlayırdı. Tamah güc gəlmişdi, bu dəfə həmin artan “Molla Nəsrəddin” hörmətindən öz mənfəətləri üçün istifadə etməyə çalışmışdılar, bəxtləri kəsməmişdi, işin üstü açılmışdı

Gizli polis “Molla Nəsrəddin”in xalq arasında nüfuzunun hansı sürətlə artmasını izləyir, vaxtaşırı müəyyən hesabatlar da hazırlayırdı. Dərginin hansısa saylarının yayılmasına maneçilik göstərmək hələ işin bir hissəsi idi, jurnalın içinə müdaxilə edən “senzor qayçısı” da getdikcə daha fəal tərzdə işə düşürdü.

Hələ 1906-cı ildir, hələ “Molla Nəsrəddin” sütüldür. Amma o, Azərbaycan mətbuatına senzor ixtisarları ilə bağlı dövlətin siyasətini ifşa edən bir başqa yenilik də gətirməyi bacarıb. Avqust ayında, “Molla Nəsrəddin”in 18-ci sayında Peterburqla bağlı dərc edilmiş xəbərdən senzor 4 cümləni çıxarıb. Bir həftə sonra çıxan növbəti nömrədə isə senzor dördüncü səhifədəki karikaturanı qayçılayıb. Senzor nəyisə pozursa, nəyisə kəsirsə, adətən o yer başqa nə iləsə doldurulur. Ancaq “Molla Nəsrəddin” fənd işlədir, həmin yeri boş saxlayır. Jurnalın digər səhifələri dolu, şəkillər, yazılar cabəca, amma hansısa səhifədə, ya səhifələrdə dərhal diqqəti çəkən ağ ləkə - boşluq. Və “Molla Nəsrəddin”in qeydi: “Bizdən asılı olmayan səbəblə bu yer boş qaldı”. Gözə soxur ki, ay adam, baxın, siyasi çəpərlər var, söz azadlığı, ifadə sərbəstliyi yoxdur, istədiyimizi deməyə imkan vermirlər, kəsirlər, doğrayırlar, çıxardırlar. Bütün bunları açıqca demir, amma elə həm də əməlli-başlı çılpaqlığı ilə demiş olur. Jurnalın səhifəsində boş saxlanmış yerin altındakı bircə cümlə bu incə mətləbləri hər bir oxucuya çatdırmış olur, jurnalı vərəqləyən də həmin boş buraxılmış yerin yan-yörəsindəkiləri daha diqqətlə mütaliə edərək özü müəyyənləşdirməyə çalışır ki, bu pozulanlar nə ola bilərmiş.

“Uklar”, “Çöküc”, “Karçıqa” - bunların hərəsi bir dərginin adıdır. Rusiyada elə “Molla Nəsrəddin”lə eyni vaxtlarda tatarca nəşr edilən satirik jurnallar. Onların qol-qanad açmasında, söz yox, “Molla Nəsrəddin”in münbit dalğasının təsiri vardı, amma ümdə səbəb yaşanan təlatümlü il idi, həmin 1906-cı il ki, Rusiya, Qafqaz qazan kimi qaynayırdı və belə dərgilər də kütlələrin özünüifadə ehtiyacından doğurdu. Ancaq həmin dərgilərin hamısının arasında yenə “Molla Nəsrəddin” azı bir baş ucada idi. Qaspıralının “Tərcüman”ı imperiya boyunca Rusiyada da, Orta Asiyada da, Qafqazda da ötkəm söz sahibi mərtəbəsində idi. Onun rəyi ilə barışır, verdiyi qiymətləri ədalətli sayırdılar. Və “Tərcüman” 1906-cı il oktyabrın 16-sı nömrəsində tatarca buraxılan digər 3 satirik jurnalla “Molla Nəsrəddin”i tutuşdururdu: “Bu dörd məcmuə arasında nəzakət-i ibarə və dərəcat-i ədəbiyyə nəzərindən nisbət aparsaq, birinciliyi Tiflis məcmuəsinə vermək lazım olduğuna ümidvarıq”. Əlavə edirdi ki, oxucular özləri seçib ayırsınlar. Oxucular da seçib ayırmışdılar. Artıq yalnız Bakıda, Tiflisdə, Gəncədə, Qarabağda, Naxçıvanda deyil, “Molla Nəsrəddin”in sədası Orta Asiyada da yayılmışdı. İrana da sirayət etmişdi, Anadoluya da gedib çatmışdı. Ən müxtəlif ünvanlarda yaxşını pisdən, daha yaxşını daha gözəldən ayırmağı bacaranlar oxuyurdular, qarşılaşdırırdılar, görürdülər ki, “Molla Nəsrəddin”, həqiqətən, birincidir. Ancaq “Molla Nəsrəddin” hələ nə ömür yaşamışdı ki! Var olduğu bir neçə aya “Molla Nəsrəddin” ətrafında toplaşan istedadlı qələmlərlə, jurnalın get-gedə genişlənib sıxlaşan oxucu dairəsi ilə möhtəşəm bir orduya çevrilmişdi.

...”Molla Nəsrəddin” əfsanəsini doğurmanın bir hikməti də ondan ibarətdi ki, bu yolun yolçuları tənha deyildilər. Bolluca həmfikirləri, əqidədaşları, ruh ortaqları vardı. O insanlar ki, mübarizələri və qələmləri ilə Mirzə Cəlillə eyni səngərdə idilər, hətta görüşmədən belə uzaqdan-uzağa da bir-biri ilə səsləşirdilər, biri digərini müdafiə edirdilər.

1906-cı ilin noyabrıdır. Artıq yeddi aydan çoxdur ki, “Molla Nəsrəddin” çıxır, ayağı daşdan-daşa da dəyib, püxtələşib, nisbətən oturuşub, öz xəttini, məramını hər kəsə anlada bilib. Oçağkı Azərbaycan ziyalılığının önündə gedənlərin ən birincilərindən olan Əbdürrəhim bəy Haqverdiyev idi. Yazırdı ki, 1906-cı ilin noyabrında Rusiyadan Tiflisə gəldim, mehmanxanada yüngülvari dincələndən sonra yollandım “Molla Nəsrəddin”in idarəsinə. Nə qədər gözləsəm də, baş mühərrir gəlib çıxmadı. Ömər Faiq orada idi, onunla xeyli söhbət etdik.

Ertəsi günsə artıq birlikdəydilər, Əbdürrəhim bəylə Mirzə Cəlil dərdləşirdi. O gün nədən danışdıqlarını Əbdürrəhim bəy yazılaşdırıb. Mirzə deyirmiş ki, adını mühərrir qoyub ortalığa çıxan gərək hər bir vəziyyəti nəzərdə tutsun. Yəni mühərririn düşməni dostundan çox olacaq. Düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil; camaatın ancaq xoşuna gələnləri yazan... sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxaran mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp...

Bu, Mirzə Cəlilin yalnız inandığı həqiqət deyildi, istər vətəndaş, istərsə də yaradıcı kimi həm də onun həyat düsturu idi. Mirzə Cəlili Mirzə Cəlil eləyən, “Molla Nəsrəddin”i “Molla Nəsrəddin” eləyən bu oldu ki, heç vaxt nə dilinə, nə qələminə qəlp söz gəlmədi.

...Həmin ildə bu qədər oldu - 1906-cı il dekabr ayının 29-da “Molla Nəsrəddin”in sayca 39-cusu mətbəədən çıxdı. Hələ bir yaşı tamam olmamışdı, amma apreldən dekabradək basılan 39 nömrəsi ilə “Molla Nəsrəddin” elə gücə çevrilmişdi ki, ondan nəinki ayrı-ayrı nadürüstlər, hətta dövlətlər çəkinirdi. Çar hökuməti öz yerində - “Molla Nəsrəddin” Tiflisdə nəşr olunurdu, imperiyanın müsəlman əhalisi arasında yayılırdı və təbii ki, çar hökumətinin öz narahatlıqları vardı. Amma İran ayrı bir məmləkət idi, onlar da dövlət səviyyəsində “Molla Nəsrəddin”dən çəkinirdilər. 1906-cı il dekabrın ortalarında Vladiqafqazda yaşayan bir dəstə iranlı Tehrana məktub göndərərək əncümən sədrinə müraciət etmişdilər ki, “Molla Nəsrəddin” jurnalının İran ərazisinə maneəsiz daxil olmasına icazə verilsin, jurnalın İranın bütün şəhərlərində yayılmasına şərait yaradılsın.

Vladiqafqazda “Molla Nəsrəddin”i oxuyan iranlılar bunu istəyirdi, “İrşad” qəzeti isə dekabrın 22-də yazırdı ki, doğrudur, İran sərhədində “Molla Nəsrəddin” jurnalını yandırırlar, amma jurnala adı qoyulan Molla sağ olsa idi, deyərdi: “Eybi yoxdur, qoyun yandırsınlar. Çünki bir vaxt olar, camaat öz xeyrini başa düşər, onu yandıranların özünü yandırarlar”.

Çox keçmədi ki, İranda minlərlə azadlıqsevər insanı qovuşduran Məşrutə hərəkatı başlandı. O hərəkat başlandısa, o ocaq çatıldısa, qığılcımlarının çoxu “Molla Nəsrəddin”dən gəlirdi. Odur ki, “Molla Nəsrəddin” dərgisinin yazdıqlarından hövllənərək onu ölkənin içərisinə buraxmayan, sərhəddəcə yandıran siyasi hakimiyyət öz nöqte-yi nəzərindən haqlıymış. Ancaq daha haqlı çıxan “Molla Nəsrəddin”i yandıranları bir gün Mollanın özünün yandıracağına ümid bəsləyənlər oldu. “Molla Nəsrəddin”in sehri onda idi ki, kimin əlinə yetirdisə, oxuyunca ürəklərdə hürriyyət ocağı alışdırmağı bacarırdı.

...“İrşad”ın xəbəri idi ki, 1906-cı il oktyabrın 20-də növbəti dəfə “Molla Nəsrəddin”də axtarış aparılıb və dəqiqləşdirirdi ki, bu, üçüncü axtarışdır. Qəzet bunu da yazırdı ki, axtarış iki saat yarım davam edib və gələn polislər heç bir şey tapmayaraq məyus halda gediblər. Qəzet bunu da dəqiqləşdirir: onlar silah axtarmırdılar, hökumət əleyhinə hansısa yazılar, sənədlər arayırdılar. Hökumətin gözündə o təhər yazılar, o qəbil sənədlər ən dağıdıcı silahdan da pis idi. “Molla Nəsrəddin”insə məxfi sənədlə, örtülü yazıyla işi yox idi. Nə mətləbi vardısa, açıqca yazırdı, elə düşməndən ötrü təhlükəliliyi də bunda idi.

“Molla Nəsrəddin” gəlmişdi və artıq bir neçə ayın içərisində olmuşdu bütün millətinki. Və bu gerçəyi Abbas Səhhət zamanında nə gözəl ifadə etmişdi:

Ağlayıb-gülməyə gər molla əmu,

Yatacaq millət-i islam hamu.

Çox yaşa, çox yaşa, ey molla əmu,

Sizlərə göz dikib İslam hamu.

Doğru deyir, millətin gözü “Molla Nəsrəddin”də idi. Bir neçə ayın içərisində “Molla Nəsrəddin” millətin ümid yerinə çevrilmişdi.

12 iyun 2024

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.16-17.