Ədəbi
köşk: Nə var, nə yox?
100 min ver, gör nə edirəm!
Ulucay Akif vulkan kimi püskürür. Deyir, qonorar versələr,
dünya səviyyəli böyük roman yazaram: “100 min manat
qonorar versinlər, bütün işimi-gücümü qoyum
qırağa, 1 ilə Qarabağ zəfəri haqqında elə
bir roman yazım ki, tərcümə edib lap bütün
dünyaya yaysınlar o əsəri.
Rejissora, aktyora, bəstəkara, heykəltaraşa,
müğənniyə pulsuz iş gördürə bilmirsənsə,
yazıçıya pulsuz nəsə yazdırmaq istəyi
çox absurddur. Roman yazmaq çırtma çalmaq deyil ki,
“haaaaa” deyən kimi yazıla. İnsanların da
“yazıçının borcudur yazmaq!” deməyi gülməlidir.
Yazıçı niyə camaat qarşısında borclu olur
ki? Vallah, mənim 3-5 dostumdan başqa heç kimə borcum
yoxdur. Yazıçının kitabını almır, kitab təqdimatına
getmir, imza gününə getmir, amma deyir ki,
“yazıçı mənə borcludur! Qarabağ haqqında
roman yaz!” Sənə hardan borcum yarandı axı mənim?
Dediyim kimi, Qarabağ haqqında romanın
yazılmamağı səni narahat edirsə, ver
qonorarımı, yazım, özü də dünya səviyyəli
roman yazım, bəşəri əsər yazım, lokal yox.
Necə olur ki, müğənniyə sponsorluq eləyəndə
“çest”inə dəymir, amma yazıçıya
havayıdan əsər yazdırmaq istəyirsən, hələ
minnət də eləyirsən?”
Ulucay, vaxt gedir. Gördün 100 min verən yoxdu, sən
romanını yaz.
Amma çox təhlükəli məsələdi.
Birdən biri 100 min verdi, sən də yaza bilmədin. Gəl
indi 100 mini qaytar... Çətin məsələdi...
***
100 manat xərci olan şeirlər...
Orxan Saffari Aqşin Yeniseydən sonra Şəhriyar Del
Geranini hədəfə alıb. Qismət Rüstəmovun
Orxana kəskin tənqidindən sonra, deyəsən, dostumuz bu ədəbi
nəsilə qarşı “müharibə” elan edib. Bizi də
ara yerdə işə salacaq: “Şəhriyarın
bütün şeirlərində qız vəfasız, “əğyarə
gedən” obrazdadır. Bütün şeirlərin
günahkarı qadındır, hamısında qadın xəyanət
edir, başı çatmır, dəli olur. Heç nə
yox, Şəhriyara “darıxmaq”, “it”, “kədər”, “həsrət”,
“gözləmək”, “qayıtmadın” kimi barmaqla sayılacaq
sözləri qadağan edirsən, yazmaq nədir,
ağzını açıb danışa da bilməyəcək.
Dəqiq desək, Şəhriyarın şeirlərinin
uzağı 100 manat xərci var. Bir-iki qutu siqaret, bir tikə
yemək, bir litr də araq. Vəssalam. Bunlar olandan sonra
şeirə ehtiyac qalmır”.
Məncə, Saffari səmimi deyil, çünki Şəhriyarın
şeirlərini o da az sevmir. Bəs onda niyə belə
yazır?
***
Laçında bir bina -
47 il sonra...
Yazıçı-ədəbiyyatşünas Vaqif
Sultanlı Laçına gedib. Laçına gedişi
köhnə xatirələrini də təzələyib.
İllər sonra bir binanın sorağına düşüb:
“1977-ci ilin yayında, Bakı Dövlət Universitetinin
filologiya fakültəsinin I kurs tələbələri folklor
ekspedisiyasına göndərilərkən mən
Laçın rayonuna düşmüşdüm. Növbə
ilə rayonun kəndlərini gəzir, yaşlı adamlardan
xalq ədəbiyyatı örnəkləri toplayırdıq.
Rəhbərimiz universitetin müəllimi, gözəl
şair, dəyərli insan Ağa Laçınlı idi. Rayon
mərkəzində yerləşən internat məktəbinin
yataqxanasında qalırdıq. 47 il sonra Laçına gedərkən
həmin binanı axtarıb tapdım, ziyarət etdim”.
***
“Əsl ədəbiyyat şeirdi, nəsr yox”
Hökm verənlərin sayı o qədər
çoxdur ki, bilmirsən, hansını dinləyəsən,
oxuyasan. Əsəd Qaraqaplan da ziddiyyətli müqayisə
apararaq qəribə bir hökm verib. O, şeiri nəsrdən
çox üstün görür. Gətirdiyi arqumentlər isə...
“Şairlər insanları olduğu kimi deyil, görmək
istədikləri kimi görərlər və şeirlərini
ona görə yazarlar. Onlar gerçək pislik reallıqlara
deyil, əslində, olmalı olana inanarlar. Ona görə -
gördükləri elə olmur deyə bu qədər tənha
və “kədər”lidirlər.
Buna görə şairlərin yazdıqlarına
çoxları “yalandır” deyirlər.
Yalan olan, əslində, özləri və öz hekayələridir.
Şairlər özləri obrazdırlar, özləri
hər şeyin mərkəzindədirlər. Ancaq məsələn,
nasirlər uydurarlar, fərqli obrazlar yazarlar. Ona görə əsl
ədəbiyyat şeirdir, nəsr yox.
Həyatın mərkəzində olmaq, yəni qəhrəman
olmaq həm də qəhrəmanlıqdır. Bütün
yükü özün daşımaqdır. Şair də
budur elə. Həqiqi şeirlərə baxsanız, görərsiniz
ki, orda elə şairin özü var, başqa heç kim
yoxdur.
Oxucuya səmimi gələn də şairin bunu
özü yaşaması, ortada özü olmasıdır. Səhvim
varsa, əlavələr edin...
Şairin qanından, canından keçməyən
bir şey şeir olmaz, yəni həqiqi şeirin taleyi olur.
Ancaq nəsr elədirmi?
Əslində, klassikləşmiş, böyük nəsr
əsərlərinin çoxu da bu üzdən şeirdir elə...
Bəsit yazmağa çalışıram, fikrim daha
da aydın olsun deyə...
Bir həqiqi şairdən nasir düzəltmək
olar, amma bir nasirdən nə qədər şair ola bilər,
onu heç bilə bilmirəm.
Onu da demirəm indi, Folkner demiş, bütün nasirlər
uğursuz şairlərdir...
Sevgi və şeirlə qalın. Əslində, sevgi
elə şeirdir. Ona görə sevgilər ən çox
şeirlə ifadə olunur...”
***
Hansı janr daha çox oxunur?
THGM Agentliyi 56 ölkədən 945 oxucu arasında
2023-cü ildə hansı janrlarda kitab oxuduqları və
2024-cü ildə oxumağı planlaşdırdıqları
barədə bir sorğu keçirib. Avropa, Şimali Amerika,
Asiya, Avstraliya, Afrika və Cənubi Amerikanın sakinləri
oxu vərdişlərini və üstünlüklərini
bölüşüblər.
Kamran Məmmədli “Ədəbiyyat və İncəsənət”
portalında belə bir maraqlı materialı oxucularla
bölüşüb.
“Hansı janr daha çox oxunur?” sorğusunun
iştirakçılarından hansı janrda kitabları
oxuduqları soruşulub, bədii ədəbiyyat və ya
qeyri-bədii ədəbiyyat oxuduqları ilə
maraqlanılıb. Sorğu göstərib ki, 2023-cü ildə
dünyanın ən populyar üç janrı
açağıdakılardır:
- tarixi kitablar (34%),
- detektivlər (33%),
- tərcümeyi-hallar/xatirələr (31%).
Bəzi kiçik regional fərqlər də qeyd
edilib. Məsələn, kanadalılar digər ölkələrin
oxucuları ilə müqayisədə tarixlə daha az
maraqlanırlar. İngilis oxucular da öz növbəsində
fantaziyaya böyük maraq göstərlər.
Digər populyar janrlar fentezi, elmi fantastika və
motivasiya-özünəkömək kitabları olub.
Yeri gəlmişkən, yüzlərlə oxucu
sorğuya daxil edilməyən janrların adını çəkərək
təşkilatçılara irad bildiriblər. Poeziya, fəlsəfi,
dəhşət, komedik, kulinariya, sevgi romanları, uşaq
kitabları və s. Növbəti sorğuda təşkilatçılar
mütləq xeyli populyar olan digər janrları da kateqoriya
seçimini genişləndirərək əlavə edəcəklərinə
qərar veriblər (dəhşət, şeir, uşaq
kitabları, fəlsəfə, mənəvi ədəbiyyat,
sevgi romanları, komikslər, manqa və qrafik romanlar kimi).
***
Təzə nə var?
Kəramətin bu statusunu oxuyanda Akif Səmədin “Məni
dostlarım öldürdü, düşmən dirildər
İnşallah” misralarını xatırladım:
“Böyük bir ədəbiyyat müsabiqəsinin
keçirilməsi palanlaşdırılır. Mənə
deyirlər ki, sən də ora əsər təqdim elə.
Soruşuram ki, münsiflər heyəti kimlərdi? Yəni əsəri
kimlər qiymətləndirəcək? Deyirlər, narahat olma,
dostlarındı. Deyirəm, elə dostlarımdı deyə
narahatam da. Yad olsaydı, rahat olardım”.
***
Xalq şairi Sabir Rüstəmxanlı mobil rabitə
şirkətinə qəzəblənib: “Hörmətli “Azərsell”!
Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam!
Sən hansı haqla və məsuliyyətsizliklə mənim
telefonuma “İrana xoş gəlmisiniz...” mesajı göndərirsən?
Sən axı “Azərsell”sən, “İransell” deyilsən!”
***
Nicat Həşimzadənin tövsiyəsi: “Hər bir
Azərbaycan gənci mütləq Məmməd Orucun
“Köçürülmə” romanını oxumalıdır.
Bu kitab bizim yaddaşımızdır, taleyimizdir. Bu əsər
əsasında çox əla film çəkmək olar”.
***
Şair Elman Tovuzun vəziyyəti
ağırlaşıb. Bu barədə həmkarı Ehtiram
İlham məlumat verib: “Neçə müddətdir ki, Elman
Tovuz ağrılarla üz-üzə qalıb. Onillərlə
canını saran iztirablar dözülməz həddə
çatıb artıq. Vəziyyətin kritikliyi səsinə
də hopub. Taleyin qəzavü-qədəriylə yatağa
düşən Elman Tovuz, öz böyük iradəsi və
dözümüylə zaman-zaman çoxlu xəstəliklərin
dizini yerə qoymağı bacarıb... Amma indi əlavə xəstəlikləri
də yaranıb. Ömrünün böyük bir hissəsi
müalicəylə ötüşüb. Heç vaxt indiki
ağrı-acılar qədər müsibətli duruma
düşməyən ustad şairin çox ciddi müalicəyə,
ciddi həkimlərə, ciddi xəstəxanaya ehtiyacı var.
Ölkəmizin səhiyyə qurumlarına, xüsusilə də,
TƏBİB-ə üz tutaraq acizanə surətdə rica edirəm:
Azərbaycanın gözəl şairi, dəyərli
ziyalısı, mərd və böyük iradə sahibi olan
Elman Tovuza yardım göstərsinlər...”
TƏBİB şairi nəzarətə
götürüb və Elman Tovuz xəstəxanaya yerləşdirilib.
Hazırladı: Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.13.