Bütün məqamlarda
böyük MÜƏLLİM
PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOVUN
VƏFATINDAN 5 İL ÖTÜR
O məqamda ki söz və tarix var, o məqamda ki milli
təəssübkeşlik var, ən əsası, o məqamda
ki xarakter, prinsipiallıq məsələsi var, professor
Şirməmməd Hüseynovu əvəzolunmaz bir nümunə
kimi xatırlayırıq və gözlərimiz önündə
onun yaşadığı əsrə bərabər
ömür, keçilən şərəfli yol bir film kimi
canlanır. Professor Şirməmməd Hüseynov özü
ilə bərabər, böyük bir tarixi yaşatdı. Sanki
bu missiya hansısa sehrli qüvvə tərəfindən
Şirməmməd müəllimə həvalə
edilmişdi və son anına qədər o, bu missiyaya xidmət
etdi. Elə bir xidmət ki, nə məsləkinə, nə də
imzasına kölgə saldı.
Şirməmməd müəllim özündən
sonrakılara böyük salnamələr, sanballı tədqiqatlar,
parlaq irs bağışladı. Belə demək
mümkündüsə, Şirməmməd Hüseynov öz
ömrünü Azərbaycana və azərbaycanlılara
bağışladı.
Beş il əvvəlin 24 iyununu, yəqin ki, mənimlə
bərabər universitetə daxil olan və semestrin sonuncu
imtahanına hazırlaşan tələbə
yoldaşlarım da yaxşı xatırlayır. Birinci kursda
oxuyarkən uzaqdan professor Şirməmməd Hüseynovu
görəndə böyük bir tarixlə
rastlaşdığımızın fərqinə
varırdıq. Onun vəfatı isə sözü sevən hər
kəs üçün məyusedici idi. Bir yandan da... sevinirdik
ki, onu canlı görmək şansımız oldu. İllər
keçəcək, fəxrlə deməyə
sözümüz olacaq: mən o kişini görmüşəm!
Şirməmməd Hüseynovdan müxtəlif illərdə
dərs almış və bu gün mətbuata xidmət edən
şəxslər “525-ci qəzet”in bu sayında
ustadlarını yad ediblər.
Bakı Dövlət Universitetinin Milli Mətbuat
kafedrasının müdiri, professor Cahangir Məmmədli
“Uğurlarımızın müəllimi” başlıqlı
ürək sözlərini öz əl yazısı ilə
yollayıb, bu da bir tarixdir: “Məncə, hər kəsin
ömür yolunda qazandığı az-çox
uğurlarına görə borclu olduğu bir müəllimi
var. Mənim ömür yolumun ən qiymətli uğuru
Bakı Dövlət Universitetində təhsil almağım və
universitetin hələ sonuncu kursundan burada işə
başlamağımla bağlıdır. Bu isə Şirməmməd
Hüseynovun Jurnalistika fakültəsinin dekanı olaraq tələbəsinə
verdiyi dəyərlə əlaqəli olan bir faktdır.
Şirməmməd müəllim məsuliyyətli bir insan
kimi hər şeyi yüz ölçüb bir biçən
adam idi. Hələ son kurs tələbəsi olaraq bu fakültədə
işə başlamağıma səbəb olması məni
də məsuliyyətli olmağa çağırdı.
Şirməmməd müəllim əziz dostu Nəsir
İmanquliyevlə birgə dünyaca təmiz bir Jurnalistika
fakültəsi yaratmışdı. Bu təmizliyə xəyanət
edən neçə-neçə “müəllimi” (kənardan
gələnləri) buradan birdəfəlik necə
uzaqlaşdırdığına çoxları şahiddir.
Şirməmməd müəllim xaraktercə çox
sərt adam idi. Amma bu fakültəni bitirən minlərlə
məzunun hamısı onun bu sərtliyindən dərs
alıblar: saxta qiymət yazmamaq, saxta müəllim olmamaq,
saxta jurnalist olmamaq dərsi...
Şirməmməd müəllim çox cəsarətli
müəllim idi. Sovet ideologiyasının saxta məqamlarını
auditoriyada, publisistikasında birbaşa deməkdən heç
vaxt çəkinmədi.
Şirməmməd müəllim Vətən sevgisi ilə
yaşadı: Cümhuriyyət tarixinə, klassik
publisistikamıza dair yüzlərlə tədqiqat əsərləri
məhz bu sevginin təzahürüdür. Onun klassik irsə
bağlı tədqiqat obyektləri daha çox tarixən
milli azadlıq mövzuları ilə bağlı oldu.
Şirməmməd Hüseynov bütün məqamlarda
böyük müəllim oldu. Onun
yaradıcılığına Azərbaycanın ən
görkəmli ziyalıları esselər həsr etdilər. O
yazılanların hər birində biz onun parlaq müəllim
obrazını görürük.
Şirməmməd müəllim hər adamla dostluq
etməzdi. Onun dostu Vətən sevgisi ilə yazıb-yaradan
ziyalı olmalı idi; Bəxtiyar Vahabzadə, Anar, Famil Mehdi,
Qulu Xəlilov kimi...
Şirməmməd müəllim nəşr etdirdiyi
kitablarını hamıya pay verərdi. Amma çox nadir
hallarda həmin kitablara avtoqraf yazardı. O nadir hallardan biri də
mənim bəxtimə düşüb. “Mənəvi irsimiz və
gerçəklik” (2004) adlı kitabındakı avtoqrafı bu
gün də məni duyğulandırır: “Əzizim Cahangir,
80 yaşın tamam olanda bu kitabı bir də vərəqləyərsən.
Elə bir tələbənə rast gələrsən ki, sənin
kimi savadlı, istedadlı və kişi olsun!”
Ruhun şad olsun, mənim böyük müəllimim,
bütün uğurlarımızın müəllim!”
“Real” TV-nin baş
direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev:
“Ömrünün son illərinə, gününə, gecəsinə,
saatına sanki qənaət edirdi; bir anı belə hədər
yaşamamaqdan ötrü. Bəzən mənə elə gəlirdi
ki, o, bizim yaşadığımız dünyadan çoxdan
gedib. Hardasa ya Üzeyir bəyin, ya Məhəmməd
Əminin, ya Mirzə Ələkbər Sabirin, ya Ömər
Faiqin yanında yaşayır. O, tədqiq etdiyi tarixi şəxsiyyətləri
yaxın dostu, yaxın qohumu, yaxın qonşusu kimi yoluxurdu. Təvazökarlıq
etməyəcəm: mən onunla efirdə ən çox
söhbət etmiş, xüsusilə, cümhuriyyət
tariximizlə bağlı müxtəlif layihələrə
çəkilməsinə razılıq almış, ya da bunu
etməyə etibarını qazanmış yeganə jurnalistəm.
Tez-tez deyirdi: “Üzeyir bəyin sözüdür. Əsl
ziyalı mükafatı öz vicdanından alar”. Bu mənada
o, mediamızda vicdanın özü idi. Elə vicdanın
özü olaraq da qaldı. Ömrünün sonunadək
işlədi. Təqaüdü hesabına kitablar nəşr
etdirdi. Mirzə Ələkbər Sabir kimi böyük
ziyalılarımızın əsərlərinin nəşrinə
pul xərcləmək istəməyən imkanlı
soydaşlarımızı, bəlkə də, yaxud həm də
utandırmaq məqsədilə. Çünki o, Şirməmməd
Hüseynov idi. Bir az Məhəmməd Əmin. Bir az Əli bəy
Hüseynzadə. Bir az Fətəli xan Xoyski idi... daha kimlər
idi... Amma həm də Şirməmməd Hüseynov idi. Mən
ona cümhuriyyət dövrümüzün şərəf
lövhəsitək baxırdım. Elə indi də. 2019-cu
il, 24 iyun. Onun tarixə köçdüyü tarixdir. Tarixə
qovuşanda ərazi bütövlüyümüzün bərpasına
il yarımdan, dövlət suverenliyimizin təmin edilməsinə
3 il 3 aydan az vaxt qalmışdı. Amma mən heç vaxt onun
haqqında “Bu günləri görmədən getdi” kimi təəssüf
cümlələri yazmıram. Çünki onun təqvimində
və xəritəsində Azərbaycan həmişə
bütöv idi, suveren idi. Şirməmməd Hüseynovun ruhu
kimi...
- Salam, Şirməmməd müəllim! Əbədi
vaxtınız xeyir”.
Azərbaycan Mətbuat
Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad
Məcid: “Ötən əsrin 80-ci illərində - Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsində
oxuduğum vaxtlarda bəzi müəllimlər bizim
üçün əfsanə kimi görünürdü. O
müəllimlərin hamısı mənim həyatımda
böyük rol oynayıblar və indiyə qədər
xatirimdədilər. Həmin müəllimlərdən biri də
Şirməmməd Hüseynovdur. Xoşbəxtlikdən o illərdə
Şirməmməd müəllim bizə burjua ölkələrinin
jurnalistikasından dörd qoşa saat dərs dedi. Həmin
dörd qoşa saat barədə sonrakı illərdə bir
yazı da yazmışdım. Doğrudan da, həmin dərslər
jurnalistika haqqında təsəvvürümüzü dəyişdirdi.
Şirməmməd müəllim sovet rejiminin güclü
vaxtında sətiraltı mesajlarla jurnalistikanın mahiyyətini
bizə izah edirdi. Eyni zamanda, həmin vaxtlar “Elm və həyat”
jurnalında Şirməmməd müəllimin
ömür-gün yoldaşı Ülkər xanımla
çalışırdım. Ülkər xanım çox
zabitəli və ciddi qadın idi. Amma ara-sıra Şirməmməd
Hüseynovun həyat tərzi barədə
danışırdı və onun dedikləri Şirməmməd
müəllimi mənim gözümdə bütləşdirmişdi.
Bu heyranlıq bu gün də davam edir.
Sonralar həyat elə gətirdi ki, Şirməmməd
müəllim “525-ci qəzet”in müəlliflərindən
biri oldu. Biz onunla “525-ci qəzet”in redaksiyasında, BDU-da tez-tez
görüşürdük. Onun redaksiyamıza hər gəlişi
həm “525”in, həm də o vaxt Dövlət Tərcümə
Mərkəzində yerləşən digər mətbuat
orqanlarının əməkdaşları üçün
bayram olurdu. Onun maraqlı söhbətlərindən doymaq
olmurdu. Həmin illərdə Şirməmməd müəllim
Məhəmməd Əmin Rəsulzadənin, Üzeyir
Hacıbəylinin dərc olunmamış əsərlərini
“525-ci qəzet”də silsilə şəkildə nəşr
etdirirdi. Onun zəhmətkeşliyi, fədakarlığı,
klassik irsə, milli dəyərlərə münasibəti
bizi heyrətləndirirdi və hamımız ondan necə məsuliyyətli
olmağı öyrənirdik. Hər xırda söz, hadisə
Şirməmməd müəllim üçün əhəmiyyətli
idi və hər məsələyə dəqiqliklə
yanaşırdı. Vaxtilə onun təşəbbüsü
ilə “İrşad” və “Həyat” qəzetlərinin ilk
sayının, “Azərbaycan” qəzetinin cümhuriyyətin bir
illiyinə həsr olunmuş 28 may nömrəsinin
tranliterasiyasını “525”in içində xüsusi
buraxılış kimi çap etmişdik. Şirməmməd
müəllim yaşının çoxluğuna baxmayaraq,
enerji ilə dolu adam idi. Onun bir müsahibədə dediyi fikirlər
qardaş Türkiyə alimlərini heyrətlədirmişdi və
bunun üçün Azərbaycana gəlib onunla tanış
olmuşdular. O demişdi ki, mənim əlimdə işim
çoxdur, ona görə də ölməyə vaxtım
yoxdur. Beş il öncə mayın sonu, iyunun əvvəllərində
mənə zəng edib dedi ki, bu mövsümü bitirdik, yeni
yazılara sentyabrdan başlayarıq. Təəssüf ki, həmin
zəngdən qısa müddət sonra Şirməmməd
müəllimin vəfat xəbəri hamımızı
sarsıtdı. Biz həmin ilin sentyabrında da, sonrakı illərdə
də onun ruhunu, yazılarının ab-havasını hiss
edirik. Ustadımız daim bizimlədir. Bu il onun 100 yaşı
tamam olur. İnanıram ki, BDU, Mətbuat Şurası və
media qurumları ilə birlikdə onun xatirəsini
anacağıq, gördüyü işləri yad edəcəyik.
Ruhu şad olsun”.
BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir
Xalidoğlu: “Müəllim - öyrədən deməkdir. Amma
hər öyrədənə də müəllim deyilmir.
Əsl müəllim o şəxsdir ki, onun öyrətdikləri
öyrənənlər üçün həyat kredosuna
çevrilir. Şirməmməd Hüseynov bu mənada, həqiqi
öyrədəndir. O, mənim üçün həm də
həyat müəllimidir. Onu yaxından tanıyan, tez-tez
ünsiyyətdə olan bir şəxs kimi hər bir
davranışı, hər bir hərəkəti auditoriyadankənar
dərsdir. Onunla Bakıdakı bütün arxivlərin “tozunu
udmuşuq”, yol yoldaşı olmuşuq, hətta yeməyimizi
belə bölüşmüşük. Bunların hər
birində Ondan nələrsə öyrənmişəm: az
danışıb çox iş görmək, piyada gəzməyə
üstünlük vermək, hər yarım saatlıq iş
prosesindən sonra fasilə vermək, gözləri yormamaq
üçün yaşıllığa baxmaq və s. Amma əsas
öyrəndiyim elmə, tədqiqatçılığa həvəs,
müəllim peşəsinə sevgi olub. Öyrəndiklərim
isə həmişə köməyimə gəlib. Bunun
faydasını hər hansı bir tədqiqat işi ilə məşğul
olarkən də görmüşəm, tələbələrə
dərs deyərkən də. Mənə
qazandırdıqlarına görə Şirməmməd
müəllimə hədsiz dərəcədə minnətdaram,
böyük ruhu qarşısında baş əyirəm!”
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Elm və
həyat” jurnalının sabiq baş redaktoru, Şirməmməd
Hüseynovun ömür-gün yoldaşı, öz etibarı
ilə könüllər fəth edən Ülkər
Hüseynovanın tərtib etdiyi və redaktor olduğu
“Cümhuriyyət adamı” kitabını xatırlayıram.
Bu nəşr Ülkər xanımın ailə
bağlarından əlavə, həm də bir fikir adamı
kimi nəhəng alimə verdiyi dəyərdir, professora həsr
olunmuş ən qiymətli nəşrlərdən biri kimi
olduqca qiymətlidir. Kitabın adı isə hər şeyi
deyir, məsələləri aydınlaşdırır.
Ruhunuz şad olsun, Cümhuriyyət adamı...
Nadir YALÇIN
525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.12.