Xəstəxana canlı bir filosof idi

 Xalq yazıçısı Elçinlə müsahibə

 

- Elçin müəllim, mətbuatda, sosial şəbəkədə xəbər yayıldı ki, siz İstanbulda xəstəxanadasınız. Oxucularınız da, tamaşaçılarınız da, dostlarınız da, bir sözlə, hamımız narahat olmuşduq. İllər boyu sizinlə birlikdə işləməyimizi, münasibətimizi bilənlər, mənə də çox zəng edirdilər, soruşurdular. Səbirsizliklə Bakıya qayıtmağınızı gözləyirdik. İndi isə artıq Bakıdasınız. Xoş gəlmisiniz, həmişə evdə-eşikdə. Necəsiniz?

- Təşəkkür, Əkrəm. Yaxşıyam, hər şey normaldır. Bu xəstəxana əhvalatı çox uzun çəkdi. Üç-dörd günlüyə sadə bir əməliyyat üçün getmişdim, ancaq 48 gün çəkdi. Məsələ burasındadır ki, mənim qanımda trombosit aşağı idi, yəni qırmızı qan kürəciklərinin azlığı, qanın duruluğu. Əməliyyatdan sonra qanaxmanı saxlamaq çətinliklər yaratmışdı. Buna görə də bu qədər uzandı. Mən yataq xəstəsi deyildim, ayaq üstə idim. Ancaq yataq xəstəsi ol, ya da olma, xəstəxana xəstəxanadır. Düzdür, işləyirdim, ancaq aura başqa idi, işığı çatışmırdı. İşlədiyin yerdə birdən fikir səni tamam başqa illərə aparır, başqa yerlərə, başqa mətləblərə gedib çıxırsan.

- Başa düşürəm. Xatirələr, düşüncələr...

- Əlbəttə. O 48 gün mənim üçün elə bil ki, bir axtarış məktəbi idi. Həyat nədir və nə üçündür? Bu ağlasığmaz dərəcədə nəhəng, müdhiş kainatda insan kimdir və onun missiyası nədən ibarətdir? Ümumiyyətlə, belə bir missiya varmı, yoxmu? Sənə deyim ki, bu sualların dərininə getdikcə, insanın problemləri, umu-küsülər, xoşbəxtlik, bədbəxtlik və s. və i.a. çox xırda, hətta miskin görünür. Mən gənc çağlarımda Nizami İnstitutunda işləyəndə,  akademik, unudulmaz Məmməd Cəfər Cəfərov şöbəmizin müdiri idi. Rəhmətlik Məmməd Cəfər müəllim deyirdi ki, adam gecə yerinə girəndə, içindən bir filosof çıxır. Başlayır səni məzəmmət eləməyə ki, filankəslə niyə elə soyuq danışdın? Filan aspirantın niyə ürəyinə dəydin? Filan qadını niyə pərt elədin? Və s. Yavaş-yavaş yuxuya gedirsən. Səhər durursan, o filosofdan əsər-əlamət yoxdur. Bir də gecə yatanda təzədən peyda olur. Yadıma gəlir, bunu mən 25-26 yaşlarında yazdığım "Poçt şöbəsində xəyal" pyesinə də salmışdım. 48 günlük xəstəxana, əslində mənim üçün canlı bir orqanizm idi. Canlı orqanizm kimi də, bax, elə bir filosof idi, özü də gecə gəlib, sonra yox olmurdu. O filosof gecə də, gündüz də səninlə bir yerdədir. Bir dəfə yeniyetmə vaxtlarımda baxdığım və çox xoşuma gəlmiş "Fanfan-zambaq" filmi, o filmdəki gözəl Cina Lolobridjida yadıma düşdü. İnternetdə az qala 100 yaşlı Cinanın fotosunu gördüm. İllər bu gözəllər gözəlini nə günə salıb? Həyatın, dünyanın etibarsızlığı, faniliyi barədə klassik aşıqlarımızın, Ələsgərin, Xəstə Qasımın, Tufarqanlının misraları fikrimə gəldi. Faniliklə bağlı, elə bil ki, Amerikanı təzədən kəşf edirdim. Sənə deyim, Əkrəm, maraqlısı da budur ki, o cür anlarda yadıma düşən yazılı ədəbiyyat yox, folklor misraları olurdu. Ancaq gəl, bu mövzunu saxlayaq sonralara.

- Mən bilirəm ki, siz səfərə çıxanda, həmişə özünüzlə kitablar götürürsünüz. Bu dəfə kitablar o xəstəxana aurasına təsir edə bilmirdi?

- Yox, Əkrəm, özümlə kitab götürməmişdim. Təkcə köhnə notbukum idi, vəssalam. Axı, dörd günlüyə getmişdim. Ümumiyyətlə, son iki-üç ildə demək olar ki, bədii əsər oxumuram. Sənədli ədəbiyyat, məktublaşmalar, xatirələr, gündəliklər, xüsusən də sovetologiyaya aid kitablar, sənədlər, arxiv materialları. Bir müddət əvvəl "Stalin" pyesini yazdım, bizim Rus Dram Teatrında tamaşaya qoyuldu. Özüm də gözləmədən "Mir Cəfər Bağırov kim idi?" kimi böyük esse meydana çıxdı. Səndən gizlətmirəm, Əkrəm, xəstəxanadakı o günlərdə, bəlkə həyatımda ilk dəfə idi ki, kitab oxumağa həvəsim də yox idi. Təkcə gündəlik mətbuatı oxuyurdum. Bakıdan bizim uşaqlar göndərirdilər, gətirirdilər. Türk qəzetlərinə də elə orda abunə olmuşdum. Sənə maraqlı bir söz deyim. İlkin yeniyetmə çağlarımda oxuduğum, mənə təsir edən kitablar bir-bir yadıma düşürdü, özü də bu qədər illərdən sonra elə təfərrüatla ki, mat qalırdım. Elə bil, "Başsız atlı"nı, Robinzonu, Qulliveri, Qarqantyua və Pantaqryueli, Ovodu, Taraskonlu Tartareni təzədən oxuyurdum... Həm də o ləzzəti alırdım ki, elə bil, heç bir kitabdan, hətta klassikadan da o cür ləzzət almamışdım. Yay vaxtı gecənin yarısına kimi Şuşadakı gözəl Yazıçılar Evinin geniş və gecə tənhalığına qapılmış şüşəbəndində, balaca bir elektrik lampasının altında Şerlok Holmsun hekayələrini necə oxumağım və necə vahimələndiyim yadıma düşürdü. Bu da yəqin maraqlı bir cəhətdir ki, niyə Tolstoy, ya Şekspir yox, Qulliver, ya Robinzon yada düşürdü?

- Bilirəm, Şuşa sizin üçün əziz bir yerdir. Rəhmətlik İlyas müəllim üçün də belə idi.

- Şuşa hamımız üçün əziz bir yerdir. Bu gün isə, Şuşa bizim milli qürur mənbəyimizdir.

- Elədir. Sizi uzun illər tanıdığım üçün, bilirəm ki, İstanbulu da çox sevirsiniz.

- Mənim palatamın pəncərəsindən o tərəfdə gözəl İstanbul idi, bəzən sadəcə İstanbulun küçələri ilə gəzmək üçün çox darıxırdım. Mən Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin dəvəti ilə getmişdim. Əziz bəy onda İstanbul Yazarlar Sintikasının başqanı idi. SSRİ Yazıçılar İttifaqından mənimlə, rus şairi, Nazim Hikmətin məşhur tərcüməçisi Muza Pavlovanı Türkiyəyə dəvət etmişdi. Getdik, qayıdandan sonra "Türkiyədən nərgiz gülləri" adlı bir esse yazdım, "Literaturnaya qazeta"da çap olundu. Silva Kaputikyanla Sero Xanzadyan Moskvada MK-ya kəskin etiraz məktubu yazmışdılar ki, sovet yazıçısı Elçin raketləri SSRİ-yə tuşlanmış NATO ölkəsindən, yəni Türkiyədən nərgiz gülləri gətirir, "Literaturnaya qazeta" da bunu çap edir. MK-dan da bir surətini bizim MK-ya, bir surətini də SSRİ Yazıçılar İttifaqına göndərmişdilər ki, baxılsın. O surətin də surətini o zaman SSRİ Yazıçılar İttifaqında işləyən rəhmətlik Azər Mustafazadə mənə göndərmişdi. "Yaxın, uzaq Türkiyə" kitabını da onda yazdım. Sovet dönəmində yazdığım o kitab bu gün də olduğu kimi nəşr olunur. O zaman İstanbuldan məni yola salan türk yazarları, mədəniyyət xadimləri ilə sağollaşa-sağollaşa fikirləşirdim ki, görəsən, bir də Türkiyəyə gəlmək mənə qismət olacaq? Görəsən, bir daha haçansa İstanbulu görəcəyəm?

- Elçin müəllim, xatırlayıram ki, İlyas müəllim də bir müddət Moskvada xəstəxanada yatmışdı. Sanki tarix təkrar olunur...

- İlyas Əfəndiyev çox sağlam adam idi, amma elə həmin 1979-cu ildə birdən-birə səhhətində problem yarandı. Bu, uzun söhbətdir, Əkrəm, qısası odur ki, Bakıda xərçəng diaqnozu qoydular. O zaman Yazıçılar İttifaqının gənc katibi idim. Rəhmətlik Tələt Qasımov da səhiyyə naziri idi, onunla isti münasibətimiz var idi. Onun köməkliyi ilə Moskvadan akademik Malinovskini Bakıya dəvət edə bildik. Yəni səhər gəldi, axşam Moskvaya qayıtdı. İlyas Əfəndiyevə baxdı, müayinə etdi, dedi ki, qəti bir fikir söyləyə bilmərəm, ancaq məsləhətim budur ki, təcili Moskvaya, özü də Kreml xəstəxanasına aparasınız. Kreml xəstəxanasına düşmək üçün MK katibi, ən azı nazir olmalıydın, İlyas Əfəndiyev isə heç Kommunist partiyanın üzvü də deyildi. Ulu öndər o zaman Azərbaycanda MK-nın Birinci katibi idi. Ona qısa bir məktub yazdım. Elə həmin gün mənimlə telefonla danışdı. Səhər Rəfail Allahverdiyev zəng elədi ki,  İlyas müəllimi Kreml xəstəxanasında gözləyirlər. Heydər Əliyev SSRİ səhiyyə naziri, akademik Petrovski ilə danışıb, bu çətin məsələni həll etmişdi. Beləliklə, İlyas Əfəndiyevlə üç aydan çox Kreml xəstəxanasında qaldıq. Məlum oldu ki, diaqnoz düzgün qoyulmayıb. Əməliyyat keçirdi, müalicə olundu və ondan sonra 17 il yaşadı. "Geriyə baxma, qoca", "Üçatılan" kimi klassik romanlarını, "Hökmdar və qızı", yaxud "Sevgililərin cəhənnəmdə vüsalı" kimi məşhur pyeslərini, bir çox başqa əsərlərini yazdı. Bunları ona görə danışıram ki, indi özümün İstanbuldakı 48 günlük xəstəlik məhkumluğumda o Moskva günlərini tez-tez xatırlayırdım. Moskvada adamın ürəyini qısan payız günləri idi və Mərkəzi Klinik Xəstəxananın - Kreml xəstəxanasının rəsmi adı belə idi - həyətinin ərazisi çox böyük idi. Günorta vaxtı birdən elə bil, həyətin üzərini qara buludlar alırdı, yüzlərlə qarğa dəstəsi uçub gəlib ağaclara, yerə, dama qonurdu, ağız-ağıza verib, elə bil ki, xor oxuyurdu. Günlərlə qarğalar beləcə payız xoru oxuyurdular. Bu da bir sirri-Xuda idi. 45 il keçib, amma indi də o mistik qarğa xoru yadıma düşəndə, elə bil, Xiçkokun filminə baxıram. İstanbulda mənim palatamla üzbəüz  yeddi mərtəbəli yaşayış binası var idi. O binanın damında qağayılar yuva qurmuşdu. Yuvaları görə bilmirdim, amma dimdiyində yem gətirən qağayılar tez-tez uçub gəlirdi, təzədən yem dalınca Boğaza uçurdu. O qağayılara baxmaq, onların Boğaza uçub, qayıtmaqlarını gözləmək, dediyim o auraya bir hərarət verirdi.

- Yəqin dostlar da yadınıza düşürdü... Gənclik dostları. Elçin, Anar, Əkrəm Əylisli... Bu mövzu ədəbi cameədə hələ də maraq doğurur. Bu barədə bir-iki söz desəz, oxucular üçün maraqlı olar.

- Hə, yada düşürdü. Bəs necə? Söhbət 48 gündən və 50-55 il bundan əvvəldən bu günə qədər bir dövrdən gedir. Vaxta görə, yaşa görə Anarla əvvəllər olduğu kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür tədbirlərdən-filandan başqa, ayda bir-iki dəfə zəngləşib, ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə yaranıb. Mənim üçün çox xoş bir ənənədir. Müştərək xatirələr çoxdur. Bəzən həm şəxsi mənada, həm ictimai mənada elə söz olur, ortaya elə söhbət çıxır ki, onu bir başqasıyla danışmaq, başqasıyla bölüşmək mümkün deyil. Yəqin ona görə ki, arada illərin etibarı, məhrəmliyi olmalıdır. Bir də, görünür, aramızda ruhi bir yaxınlıq da var ki, illərin sınağından çıxıb. Hər halda mənə belə gəlir. On illiklərdir, söz-söhbət də olub, sərinlik də olub, ancaq bir qırmızı xətt var ki, onu keçmək olmaz. Keçdin, hər şey bitəcək. Təbii ki, Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi. Əkrəm Əylisli ilə bağlı, sənə bir söz deyim. O ayyarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər... Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynindəm hansısa bir yük götürüldü. Bu, səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin səhv etmirəm.

- Siz Yazıçılar İttifaqında işləyəndə Araz Dadaşzadəni, Yusif Səmədoğlunu, Fikrət Sadığı, İntiqam Qasımzadəni tez-tez sizin otağınızda görürdük.

- Hə, elədir. Arazın da, Yusifin də yüksək bədii zövqləri var idi. İntiqam da eləcə. Onlar hekayələrimin, povestlərimin, "Mahmud və Məryəm"in, "Ağ dəvə"nin hələ əlyazmasında ilk oxucularından idilər. Onların rəyi ilə hesablaşırdım. Araz həqiqi mənada ensiklopedik bir adam idi. Yusif aristokrat idi. İkisi də tez getdi. Araz 55 yaşında, Yusif 60-ı təzəcə keçmişdi. İndi fikirləşirəm ki, 55-60 nə yaşdır ki? Nə qədər yazılmamış yazıları özləri ilə apardılar. İntiqamla hələ yeniyetməlik dövründən dostluq edirdik. Sonra Universitetdə eyni kursda, aspiranturada bir yerdə oxuduq. Vaqif küçəsindəki Yazıçılar Evində mənim altıncı mərtəbədə bir otaqlı mənzilim var idi, 16 kvadratmetr idi. Yeddinci mərtəbədə isə Fikrət Sadığın eynilə bu cür bir otaqlı mənzili var idi. O 16 kvadratmetrlik mənzildə Fikrət həyat yoldaşı, kiçik oğlu İlkin və anası ilə birlikdə yaşayırdı. Çox darısqallıq idi. Axşamlar imkan olanda Fikrət bir mərtəbə aşağı düşürdü, bəzən gecənin yarısına kimi söhbət edirdik. Fikrət söhbətin də, içkinin də qədrini bilən adam idi. Nə qədər canlı-cüssəli idisə, o qədər də səmimi, təmiz, kövrək adam idi. Onun xətrini çox istəyirdim, elə bu gün də xatirəsi mənim üçün əzizdir. Yaş fərqimiz var idi, amma dostluğumuzda heç bir fərq yox idi. Söhbət hansı dinozavrlar dövründən gedir, bilirsən? Elə bunu deyim ki, indi bizim tanınmış yazıçımız Orxan Fikrətoğlu anadan olmuşdu, biz də Fikrətlə gedib, küçədə dayanıb, Doğum evinin pəncərəsindən onu ilk dəfə gördük. Sonra da gedib bu görüşü qeyd etdik. Əkrəm, bu dostlar, eləcə də adlarını çəkə bilmədəyimiz dostlar, yalnız ədəbiyyat adamlarıdır, amma başqa sahələrlə məşğul olan dostlar da var idi və var. Hamı haqqında danışmaq mümkün deyil.

- Elçin müəllim, bir halda ki, dostlardan söhbət düşdü, bilmirəm, yeridir, ya yox, ancaq deyirəm. O vaxtlar Yazıçılar İttifaqında, sonralar "Vətən" Cəmiyyətində sizdən sonrakı nəsillərdən olan bəzi cavan yazıçılar, şairlər, tənqidçilər tez-tez sizin yanınızda gəlirdi. Onları Yazıçılar İttifaqına cəlb edirdiniz, əsərlərinin çapına, bəzilərinin Qorki adına Ədəbiyyat İnstitutunda oxumaqlarına kömək edirdiniz. Sizin vasitənizlə ilk dəfə xaricə gedənlər oldu. Hətta elələri oldu ki, məhkəmədən xilas etdiniz. Ancaq sonradan onların bir qismini sizin yanınızda görmədim.

- Əkrəm, gəl, onları heç yada salmayaq. Düzdür, onların bəziləri az qala mənim ailə üzvlərim kimi idi. Söhbət yalnız iki-üç nəfərdən gedə bilər. İnan ki, xəstəxanada heç biri yadıma düşmürdü. Yəqin ona görə ki, onların hansınısa yada salmağa mənim qətiyyən mənəvi ehtiyacım yoxdur. Görünür, onların da mənə ehtiyacları yoxdur. Həyatdır... Sənə başqa bir söz deyim. Yadındadır da, Yazıçılar İttifaqına yaşlı nəsildən, orta nəsildən olan məşhurlar gəlib-gedirdi. Onların hamısı eyni istedad, eyni xasiyyət sahibi deyildi. Bəziləri ilə gözəl münasibətim var idi, bəziləriylə aram yox idi, sən bilirsən, ad çəkmək istəmirəm. Ancaq bu gün mən o rəhmətlikləri xatırlayanda hamısını xoş hisslərlə xatırlayıram.

- Siz düz 25 il böyük dövlət vəzifəsində çalışdınız. Mən bunun şahidiyəm ki, siz işə necə məsuliyyətlə yanaşırdınız. İşçilərdən də eyni məsuliyyəti tələb edirdiniz. Yuxarıya da, aşağıya da eyni münasibət bəsləyirdiniz. Həyatınızın bu böyük hissəsi də, şübhə etmirəm ki, sizin xəstəxana düşüncələrinizdən kənarda qalmayıb. Mən ancaq bir sualla kifayətlənəcəyəm: Böyük dövlət vəzifəsindəki bu 25 il yazıçı Elçinin yaradıcılığına necə təsir etdi?

- Mənə tez-tez bu sualı verirlər. Mən də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət bir-birini tamamlayıb. Bu mənada ki, o 25 ildə mən nə qədər insan taleyi ilə rastlaşmışam. Nə qədər sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin də şahidi olmuşam. Ədəbiyyat da kimdən yazır və kim üçün yazır? Əlbəttə, insandan və insan üçün. Mən müstəqil Azərbaycan dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə sinə gərməsini, möhkəmlənməsini, dünya birliyi arasında get-gedə artan bir mötəbərliklə öz yerini tutmasını kənardan müşahidə etməmişəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam, öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm.Yeri düşmüşkən deyim ki, Artur Rasi-zadə də xəstəxana günlərində tez-tez zəng edirdi, dəstək verirdi, bu 48 gün uzunluğunu arada bir zarafata da salırdı...

- Elçin müəllim, 48 günlük xəstəxana həyatı ilə bağlı daha nəyi demək istərdiniz?

- Mən o xəstəxana aurası haqqında dedim. Düzdür, işığı çatışmırdı,  amma o auranın alt qatında başqa  bir səfa, başqa bir ab-hava da var idi. Nəyi demək istəyirəm? Həmin 48 gün ki, xəstəxanadaydım, Şuşadan, Xankəndindən tutmuş Tuğacan böyük Qarabağ Zəfərinin qüruru, ikili siyasi standartlar dünyasında Prezidentimiz İlham Əliyevin ortaya qoyduğu dəmir iradənin, sarsılmaz əzmin, böyük miqyaslı siyasi səriştəninin doğurduğu fəxarət hissi də mənimlə idi. O böyük Qarabağ Zəfəri, ən kiçik, ucqar kəndlərimizin belə geri qaytarılması, bax, elə səninlə danışdığım bu anlarda da, mənə möcüzə kimi görülür. Görünür, deyəndə, bu, mənim üçün həqiqətən bir möcüzədir. Sən demə, möcüzə yalnız nağıllarda olmurmuş.

- Son olaraq oxuculara nə demək istərdiniz?

- Ailə üzvləri öz yerində, bu barədə danışmaq artıqdır. Amma o 48 gündə mənim də, qızım Günay mənimlə qalırdı, onun da telefonlarımıza çox zənglər gəlirdi. Hamıyla danışmaq mümkün olmurdu. Mən bütün zəng edənlərə, yazanlara dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Həmişə sağlam olsunlar. Xəstələnməsinlər. Hamıya xoşbəxtlik və cansağlığı!

 

Söhbətləşdi: Əkrəm QAFLANOĞLU

8 iyun 2024

Bakı

525-ci qəzet.- 2024.- 22 iyun,№108.-S.10;11.