“Tələbələrimizə
“Qarabağ Universitetinə xoş gəlmisiniz” deyəcəyimiz
anı səbirsizliklə gözləyirik”
“Dünyanı dəyişdirmək üçün
istifadə edə biləcəyimiz ən güclü silah təhsildir”.
Bu sözlərin müəllifi Nelson Mandeladır və bunu
xatırlamaq bugünkü yazıda tam yerinə düşər.
Çünki ilin-günün bu vədəsində,
hamının diqqəti-nəzəri hazırda qəbul
imtahanlarına yönəlib. Zamanın bütün mərhələlərində
təhsil almaq, bir sənət sahibi olmaq, elm yolu ilə
addımlamaq həmişə arzuolunan, maraq və istək dairəsində
olub. Hər dövrün özünəməxsus qayda və
prinsipləri olsa da, təhsil vacib bir sahə kimi cəmiyyətin
əsas sütunu olaraq qalıb. Böyük kəşflərdən,
ixtiralardan keçən bəşəriyyət artıq XXI əsrin
dörddə bir hissəsini geridə qoyub və texnologiya
üzərində yürüyən təhsil də
böyük imkanlarla cəmiyyəti inkişafa doğru
sürətlə apara bilir.
“Təhsil millətin gələcəyidir”. Bunu isə
Ulu öndər Heydər Əliyev deyib. Hələ sovet Azərbaycanına
rəhbərlik etdiyi zamanlarda Vətənin gələcəyi
üçün yerli kadrların hazırlanmasında,
onların ölkədən kənarda təhsil almasına hərtərəfli
şərait yaradan bu şəxsiyyətin
yürütdüyü siyasətin davamı olaraq, bu gün
dünyanın istənilən nöqtəsində təhsil
almaq gənclərimiz üçün heç də çətin
deyil. Təhsili isə həmişə, hər zaman almaq olar,
təki istək və arzu olsun.
Biz 30 il çox ağır bir sınaq dövrü
yaşadıq. Bu 30 ildə görmədiyimiz,
yaşamadığımız bir çətinlik olmadı ki,
onunla üz-üzə qalmayaq. Lakin bəlli müddətdən
sonra bir göz qırpımında hər şey öz yerinə
oturdu və dünya gördü ki, Qarabağ Azərbaycandır.
Bu 30 il özündən sonra azad olduğu qədər də,
viran qalan bir Qarabağla üz-üzə qoydu bizi. Və
vur-tut 4 ildə Qarabağda nələr baş vermədi ki...
Əgər bu gün dirçələn Qarabağda həyat
canlanıbsa, köç karvanları ard-arda
düzülübsə, deməli, torpaq artıq öz sahibinin
əlindədir. Həyatın davam və inkişafa doğru
getdiyi yerdə isə başlanğıc nöqtə təhsildir.
Ötən ilin noyabr ayında ölkə
başçısının sərəncamı
ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar
verildi. Ötən ay isə Prezident İlham Əliyevin sərəncamı
ilə təhsil sahəsində mükəmməl təcrübəyə
malik, iqtisad üzrə fəlsəfə doktoru Şahin
Bayramov Qarabağ Universitetinin rektoru təyin edildi. Bir neçə
aydan sonra universitet ilk tələbələrini qəbul edəcək.
Elə bu ərəfədə də universitetin rektoru şənbə
müsahibəmizin qonağı oldu.
- “Böyük qayıdış” dövlət
proqramı çərçivəsində Qarabağ
Universitetinin rolu heç də kiçik görünmür...
- Möhtərəm Prezidentimiz tərəfindən
yaradılan Qarabağ Universiteti işğaldan azad olunmuş ərazilərimizdə
fəaliyyətə başlayan ilk ali təhsil
ocağımızdır. Bu universitet doğma Qarabağda tarixən
mövcud olmuş ali təhsil ənənələrinin bərpasını
həyata keçirəcək. Məlumdur ki, Xankəndi şəhərində
ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji
İnstitutunun filialı kimi qurulub. 1973-1988-ci illər
arasında ali təhsil müəssisəsi kimi fəaliyyət
göstərən fllial, ərazilərimizin
işğalından sonra bağlanıb. Lakin indi ali təhsil
Qarabağ Universitetinin timsalında yenidən öz doğma məkanına
qayıdır. Gözləntimiz ondan ibarətdir ki, bu
universitet Qarabağda elmin, təhsilin, mədəniyyətin
inkişafında fəal iştirak etsin, bununla da azad
olunmuş torpaqlarımızda həyata keçirilən
irimiqyaslı quruculuq və məskunlaşma prosesinə öz
töhfəsini versin.
- Artıq ali məktəblər yeni tədris ili
üçün tələbə qəbulu mərhələsini
yaşayır və onların arasında Qarabağ Universiteti
diqqət mərkəzindədir...
- Yeni tədris ilində Qarabağ Universiteti 6
fakültədə 27 ixtisas üzrə kadr
hazırlığına başlayacaq. Universitet yeni
yarandığı üçün hazırda təbliğat
işlərinə start verilib. Abituriyentlərlə
görüşlər keçirir, universitet barədə,
burada yaradılacaq infrastruktur haqqında məlumatlar verilir, hədəflərimizi
açıqlayırıq. Gənclərin mükəmməl
təhsil alması, zəruri tədqiqat bacarıqlarına yiyələnməsi,
onların müasir tələblərə cavab verən
peşəkar mütəxəssis, Vətəninə,
xalqına, dövlətinə sadiq vətəndaş kimi
yetişmələri üçün universitetdə
yaradılan imkanlar haqqında abituriyentlərə və
valideynlərə ətraflı məlumatlar
çatdırılır. Təbii ki, onların
çoxsaylı sualları cavablandırılır, rəy və
təklifləri qeydə alınır. İlkin mərhələdə
gənclərimizin Qarabağ Universitetinə göstərdiyi
böyük maraq bizi çox qürurlandırır. Cari ilin
15 sentyabrında tələbələrimizə: “Qarabağ
Universitetinə xoş gəlmisiniz” deyəcəyimiz anı səbirsizliklə
gözləyirik.
- Yeni universitetin üstünlükləri də
olmamış deyil...
- Qarabağ Universiteti
öz tələbələrinə zəruri nəzəri
biliklər və praktiki bacarıqlar qazandırmağı hədəfləyən
yeni akademik məzmun təqdim edəcək. Burada
dünyanın qabaqcıl universitetlərinin müsbət təcrübəsi
əsasında qurulan ən müasir ali təhsil modeli tətbiq
olunacaq. Müasir gənclərin arzu və istəklərinə,
yeni dövrün tələblərinə, əmək bazar,
real sektorun əsas trendlərinə uyğun universitet modeli
qurmağa çalışırıq. İnanırıq ki,
bu yanaşma yüksək ixtisaslı mütəxəssis hazırlığını həyata
keçirməkdə bizə imkan verəcək. Eyni zamanda
universitetdə tədqiqat sahəsinə də xüsusi diqqət
yetiriləcək. Həyata keçiriləcək tədqiqatların
əsas nəticələrilə Azərbaycanın növbəti
mərhələdə inkişafına real töhfələr
verməyə çalışacağıq. 2024-2025-ci tədris
ili üçün Qarabağ Universitetinə yalnız
dövlət sifarişli yerlər üzrə tələbə
qəbulu həyata keçiriləcək. Bu o deməkdir ki,
bütün tələbələr təqaüd alacaq. Tələbələrimiz
əlavə təqaüd almaq imkanına da malik ola biləcəklər.
Bütün tələbələr ödənişsiz əsaslarla
mənzil tipli yataqxana ilə təmin olunacaq, hər birinə
hədiyyə olaraq kompüter veriləcək. Qarabağ
Universitetində həm tələbələrə, həm əməkdaşlara
maraqlı və məzmunlu sosial həyat vəd edirik.
- Qarabağ Universitetinin müəllim heyəti...
- Hazırda universitet komandasının
formalaşdırılması prosesi gedir. Həm akademik, həm
də inzibati heyətin seçimi aparılır. Əməkdaşların
seçilməsi prosesi şəffaf şəkildə
keçirilir. Elm və Təhsil Nazirliyinin internet resursları
üzərindən cəmiyyətə mövcud vakansiyalar
haqqında elanlar verilir, hər bir vakansiya üçün irəli
sürülən tələblər açıqlanır.
İnanırıq ki, Qarabağ Universiteti doğma Azərbaycanın
adına layiq bir ali təhsil ocağı olacaq, yeni nəsil gənclərinə
xidmət edəcək, ölkəmizdə elm və təhsilin
inkişafına mühüm töhfələr qazandıracaq.
- İlk qəbul ilindən gözləntiləriniz...
- Əsas gözləntimiz
odur ki, Qarabağ Universiteti müzəffər Ali Baş
Komandanımızın və rəşadətli Silahlı
Qüvvələrimizin sayəsində düşmən
işğalından azad edilən tarixi torpaqlarımızda ali
təhsil ənənələrini bərpa edəcək. Şəhid
qardaşlarımızın qanı tökülən müqəddəs
torpaqlarda fəaliyyət göstərən Qarabağ Universitetinin
milli ali təhsilimizə yeni məzmun qazandıracağına
inanırıq. Peşəkar mütəxəssislərdən
ibarət komanda formalaşdırmaq, akademik proqramların məzmunu
hazırlamaq və parlaq düşüncəli gəncləri
tələbələrimiz sırasına cəlb etmək ilk tədris
ili öncəsi reallaşdırmağa
çalışdığımız əsas istiqamətlərdir.
Qarşıya qoyulan strateji hədəflərə çatmaq
yolunda ilk tədris ilinin çox mühüm əhəmiyyət
kəsb edəcəyinə inanırıq.
- Bu dönəmə çatmaq üçün
hamımız 44 gün adlı eyni gerçəkliyi
yaşadıq...
- 44 günlük Vətən
savaşı hər birimizə qürur yaşatdı, bizlərə
sonsuz fəxarət hissi bəxş etdi. Fürsətdən
istifadə edib tarixi zəfərimizin memarı olan Ali Baş
Komandana, möhtərəm Prezidentimizə bir vətəndaş
kimi sonsuz təşəkkürümü bildirmək istərdim.
Qalib sərkərdənin rəhbərliyi altında yenilməz
ordumuz düşmənə gücünü göstərdi.
Bu yolda canını fəda edən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyir, Vətən yolunda
sağlamlığını itirən qazilərimizə,
bütün əsgər və zabitlərimizə minnətdarlığımı
bildirirəm. Bu gün hər birimiz ərazi bütövlüyü
bərpa olunmuş güclü Azərbaycanın vətəndaşı
olduğumuz üçün sonsuz qürur
yaşayırıq. Nə gözəl ki, bu gün Qarabağ
Universiteti haqqında söhbət etmək imkanımız var.
- Elə biz də fürsətdən istifadə edib
sizi bir qədər yaxından tanıyaq. Narahat
dünyamızda hamının əhvalı eyni deyil...
- Hər şey
qaydasındadır. Qarabağ Universitetinin quruculuğu ilə
məşğul olan insanlar olaraq, qürurluyuq. Şərəfli
bir işlə məşğuluq. Bu fürsəti bizə
qazandırdığı üçün möhtərəm
Prezidentimizə sonsuz təşəkkürümüzü
bildiririk. Gözəl bir missiya ilə yola
çıxmışıq və bu istiqamətdə bizə
dövlətimizin, cəmiyyətin ciddi dəstəyi var.
- Oxucular Şahin Bayramovu öz dediklərindən
tanısın...
- Deyəcək çox şey yoxdur. Mingəçevir
şəhərində anadan olmuşam. Mingəçevir
şəhər Təbiət-riyaziyyat-humanitar təmayüllü
liseyin məzunuyam. Bakalavriat, magistratura və doktorantura səviyyələri
üzrə təhsilimi Azərbaycan Dövlət İqtisad
Universitetində başa vurmuşam. Əvvəl iqtisadiyyat,
daha sonra ali təhsilin idarə edilməsi üzrə iki dəfə
ABŞ-da təhsil almışam. Azərbaycan Dövlət
İqtisad Universitetində laborantlıqdan başlayıb
müəllim, dosent, şöbə müdiri, beynəlxalq əlaqələr
və proqramlar üzrə prorektor vəzifəsinədək
yüksəlmişəm. Daha sonra fəaliyyətim Elm və Təhsil
Nazirliyində “Elm, ali və orta ixtisas” şöbəsində
davam edib. Beş ilə yaxın Mingəçevir Dövlət
Universitetinin rektoru vəzifəsində
çalışmışam.
- Sizi yetişdirən ailə...
- Sadə, zəhmətkeş ailədə
böyümüşəm. Atam sürücü, anam evdar
xanım olub. Ailəmlə hər zaman fəxr etmişəm.
Çox yaxşı təhsil almışam. Özümü
şanslı biri hesab edirəm ki, çox güclü orta və
ali təhsilə yiyələnə bilmişəm. Hər
zaman qarşıma təhsilə önəm və dəstək
verən insanlar çıxıb. Fürsətdən istifadə
edib valideynlərimə və müəllimlərimə təşəkkürümü
bildirirəm.
- Seçiminiz iqtisadiyyat oldu. Yəqin ki, dövrün
tələbinə uyğun seçim etmisiniz...
- Birmənalı fikir söyləmək asan deyil. Orta
məktəbdə riyaziyyatı çox yaxşı
oxumuşam. Bəlkə də ixtisas seçimində
riyaziyyatın təsiri mühüm olub.
- Fəaliyyətiniz boyu uğur sizi tərk etməyib...
- Bu barədə fikir bildirməyimiz düzgün
olmazdı. Ətrafımızda baş verənlər onu deməyə
əsas verir ki, uğur qazanmağın ən mühüm və
həlledici amili uğura inanmaqdır. Təcrübə onu
göstərir ki, bilik, bacarıq və zəhmət hər
bir gəncin uğur qazanmasına kömək edə bilər.
- İxtisasca iqtisadçısınız, lakin təhsil
sahəsinə daha çox bağlı olduğunuz bir həqiqətdir...
- Əmək fəaliyyətimin əsas hissəsi ali təhsil
müəssisələrinin payına düşür...
Düşünürəm ki, milli ali təhsilimiz və
müasir dünya ali təhsili haqqında məlumatımız,
təcrübəmiz nə qədər çox olsa, Azərbaycanda ali təhsil müəssisələrinin
fəaliyyətinə bir o qədər fayda
qazandırmağa
imkanımız ola bilər. Milli təhsilimizin uğurları
üçün çalışan peşəkarlardan
çox şey öyrənmək fürsətimiz olub
- İşiniz sırf gənclərlə bağlı
olduğundan, onlardan danışaq...
- Azərbaycanın bugünkü gənci müasir
düşüncəlidir, yenilikçidir, innovatordur. Gənclərimizin
müasir dünyaya baxışı fərqlidir. Onlarla eyni
dildə danışmağı bacarsaq, həmin gənclər
Azərbaycanın parlaq gələcəyini çiyinlərində
aparmağa qadir olacaqlar. Öyünməyə dəyər ki,
kifayət qədər böyük uğurları olan,
açıqfikirli gəncliyimiz var. Səmimi deyim ki, həm gənclərimizlə
qürur duyuruq, həm də onlardan öyrənirik.
- Amma bu gəncliyin istəyi də çoxdur...
- Düşünmürəm
ki, gənclərimizin istəyi çoxdur. Zənnimcə,
bugünkü gənclik xoşbəxt olmaq istəyir. Bu da onun
haqqı və təbii istəyidir.
- Xankəndiyə ilk gəlişiniz...
- Sonsuz qürur hissi yaşadım. Doğma
Qarabağın təhsil quruculuğunda iştirak etmək
fürsətinin yarandığı şərəf və məsuliyyətin
əsl mahiyyətini dərk etdim. Azərbaycanlı olmaq
böyük bir fəxrir.
- Mediaya demək istədiyiniz...
- Media cəmiyyətin güzgüsüdür, onun
inkişafında xüsusi rolu olan sahədir. Bu sahədə
çalışan peşəkarlara strateji önəm kəsb
edən fəaliyyətlərində uğurlar arzulayıram.
Doğma Qarabağda həyata keçirilən kompleks quruculuq işlərinin
işıqlandırılmasında və Qarabağ
Universitetinin təbliğatında mediamızı daima fəal
olmağa çağırırıq.
Tamilla M-zadə
525-ci qəzet.- 2024.- 22 iyun,¹108.-S.9.