Azad olan Qarabağın sənət
irsinə layiqli töhfə
Tarix üzrə fəlsəfə doktoru, dosent
Gülzadə Abdulovanın “Qarabağın sənət irsi”
monoqrafiyası bu vaxta qədər Azərbaycanın
tarixi-etnoqrafik bölgələri içərisində
xüsusi olaraq seçilən Qarabağ bölgəsinin
spesifik-lokal xüsusiyyətləri kompleks şəkildə
araşdırılıb etnoqrafik dövrəyə daxil edilməyən
bir probleminin - sənətkarlıq irsinin tədqiqinə həsr
olunub. Müəllif uzun illər boyu topladığı
çöl-etnoqrafik materialları, arxeoloji qazıntılar nəticəsində
əldə olunmuş artefaktlar, eləcə də mənbə
və ədəbiyyat göstəriciləri, muzey
kolleksiyaları və sənət irsi sahəsində bitkin
bilikləri olan məlumatçıların şəhadəti
əsasında ərsəyə gətirdiyi bu əsərində
Qarabağın sənət irsinin başlıca sahələrindən
olan toxuculuq, dəriçilik, metal, daş və
ağacişləmə, eləcə də bədii tikmə və
qurama sənətinin dolğun elmi-etnoqrafik mənzərəsini
ortaya qoya bilmiş, bu sahələrin hər birinin bölgədə
meydana gəlməsinə imkan verən sosial-iqtisadi, mədəni-tarixi
və təbii-coğrafi amillər, statistik rəqəmlərlə
inkişaf dinamikası, əhalinin məişətində yeri
və rolu, XIX əsrin sonu - XX əsrin əvvəllərində
mövcud durumu və ümum-Azərbaycan sənətkarlıq
mədəniyyəti fonunda Qarabağın sənət irsinin
öncül yeri haqqında elmi ictimaiyyətə müfəssəl
məlumat bazası təqdim edib.
Monoqrafiyanın ilk fəslinin - “Qarabağın
etnik-siyasi və inzibati-iqtisadi tarixinin qısa icmalı”nın
bu cür təqdim edilməsi də müəllifin
mühüm uğurlarındandır. Belə ki, bu fəsildə
Qarabağın etnik-siyasi tarixinin mərhələləri,
tarixi-etnoqrafik bölgə kimi formalaşması, bu
coğrafiyada baş verən siyasi proseslər, zaman-zaman
bir-birini əvəz edən inzibati dəyişikliklər
bölgənin sənət irsinin inkişafında və ya tənəzzülündə
öz izlərini qoymuşdur. Müəllif bütün
bunları şərh etməklə, oxucuda Qarabağın sənətkarlıq
mədəniyyətinin formalaşmasının çətinliyinin
aydın təsəvvürünü yarada bilmişdir.
Dövrün siyasi prosesləri nəticəsində
Qarabağa və əksinə, Qarabağdan olan köçlərin sənət
sahələrinə təsiri, naxışların, geyimlərin,
daşınan mədəniyyətin, hətta bəzən
daşınmaz mədəniyyətin (təsərrüfat və
yaşayış evlərinin formasının)
köçünü məharətlə izləməsi
müəllifin uğurlu elmi nəticələrindəndir.
Bu gün yerlə-yeksan edilmiş Ağdam şəhəri,
xüsusilə Ağdam qəbiristanlığı kimi
tanınan Qaraağac qəbiristanlığı haqqında əsərdə
verilən məlumatlar qəbiristanlığın tarixinin
öyrənilməsi üçün çox əhəmiyyətlidir.
Ermənilərin əsassız Qarabağ iddialarını
darmadağın edən Qaraağacın vaxtilə Gəncə-Qarabağ
bəylərbəyliyi tərkibindəki Xaçın
sancağının 7 nahiyəsindən biri olması
haqqındakı faktın,
Qarabağın XVI əsrə aid inzibati-coğrafi mənzərəsinin
əsərdə canlandırılması təqdirəlayiqdir.
Bu gün baş verən siyasi proseslər belə faktlara
mümkün olan bütün əsərlərdə yer verilməsini
tələb edir.
Monoqrafiyada sözügedən sənət sahələrinin
sırf Qarabağa aid edilən lokal xüsusiyyətləri,
ilkin xammaldan başlayaraq hazır məmulatın yaranmasına
qədərki istehsal mərhələləri, usta-sənətkarların
təxəyyül və fəhm imkanları, sənət
fantaziyaları, empirik bilik və səriştələri də
əsərdə qabarıq verilib. Müəllifin əsərə
əlavə etdiyi və ona əyani-vizual görüntü gətirən
bolluca illüstrativ materiallar tədqiqat işinin elmi-etnoqrafik
sanbalını xeyli artırmışdır.
Monoqrafiyada əldə edilən nəticələr də
elmi-məntiqi cəhətdən tam əsaslandırılıb.
Müəllif haqlı olaraq qeyd edir ki, Qarabağın sənət
irsində “Qarabağ sənətkarlığının
Şuşa mərkəzi başlıca rol oynamış,
bölgənin əsas sənət sahələrini
özündə cəmləşdirmişdir. Məhsuldar
qüvvələrin inkişafı ilə əlaqədar olaraq
sənət mərkəzi kimi təşəkkül tapan
Şuşa şəhəri yarandığı vaxtdan etibarən
özünün sənətkarları, ayrı-ayrı sənətkarlıq
məmulatı, sənət texnologiyası ilə nəinki Azərbaycanda,
həmçinin Qabaq və Orta Asiyada məşhur olmuşdur.
Şuşa sənətkarlarının istehsal etdikləri sənət
nümunələri təkcə yerli tələbatı ödəməyə
xidmət etməmiş, həmçinin əmtəə-ticarət
məhsulu kimi beynəlxalq bazarlara da yol tapmışdır.
Qarabağ xalçaları, zərgərlik nümunələri,
geyim elementləri, yəhər dəstləri, ipək
parçalar və s. bu qəbildən olmuşdur.
Monoqrafiyada Qarabağın sənət irsinin Azərbaycan
sənətkarlıq mədəniyyətinin məhəlli-lokal
xüsusiyyətləri ilə seçilən bir qolu
olmasının tutarlı faktlarla təsdiq olunması da müəllifin
gəldiyi uğurlu nəticələrdən biridir.
Bir sözlə, Gülzadə Abdulovanın
“Qarabağın sənət irsi” monoqrafiyası yüksək
elmi məziyyətləri ilə seçilən, Qarabağ sənətkarlığının
əsas sahələrinin kompleks araşdırılması
yolunda mühüm addım olan, elmi dövrəyə yeni-yeni
etnoqrafik materiallar gətirən dəyərli tədqiqat əsəri
kimi qiymətlidir. Əsərin müəllifinə sonrakı
yaradıcılıq yollarında uğurlar arzulayırıq.
Fəzail VƏLİYEV
Tarix elmləri doktoru, professor
525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.15.