Qərbi Azərbaycana qayıdış festival-konqresi və milli qürurumuz

   

 

İdeya müəllifi və təşkilatçısı qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin olduğu “Qərbi Azərbaycana qayıdış” festival-konqres bütövlükdə, ölkəmizin müasir iqtisadi, sosial, mədəni, siyasi, diplomatik və digər sahələr üzrə reallıqları müstəvisində olduqca əhəmiyyətli olmaqdadır. Artıq elmin və tədrisin elə bir inkişaf mərhələsindəyik ki, burada, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması sahəsindəki nailiyyətlər həm elmi araşdırmalara, həm də tədris proseslərinə cəlb olunmalı, onun nəticələrindən isə səmərəli şəkildə olmaqla, istifadə olunmalıdır. Həmin proseslərin düzgün əlaqələndirilməsi, bu sahədə, milli və beynəlxalq miqyasda elmi və pedaqoji təcrübəsi güclü olan, böyük elmi ictimaiyyət tərəfindən qəbul olunan və səmərəli nəticələrlə öz töhfələrini verən tədqiqatçıların cəlb olunması özünün yüksək aktuallığı və əhəmiyyətinə görə seçilməkdədir. Bu baxımdan da, 21-22 iyun 2024-cü il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, ideya müəllifliyi və təşkilatçılığı ilə keçirilmiş olan “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin olduqca yüksək əhəmiyyətini qeyd etmək olar.

Məlumdur ki, 2023-cü ilin 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı festival-konqres də Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilmiş oldu. Həmin festival-konqresdə elm adamlarının bir araya toplanması və tarixi keçmişimizlə, müasir dövrümüzün səsləşməsindən ibarət olan araşdırma mövzularının tədqiqatlara cəlb olunması, bütün tərəflərinə görə, malik olduğu səmərəliliyinə əsasən seçilməkdədir.

Məhz bu mənada da, bu günlərdə, ikincisi keçirilən və uğurla baş tutmuş olan “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin daha yeni, daha aktual və daha müasir mövzuların ələ alınması ilə əhəmiyyətini yüksək qiymətləndirmək olar.

Bütün bu uğurlara nail olmaq məqsədilə 21-22 iyun 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Zəngəzur Milli Parkında (Batabat yaylağı) və Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresi yüksək səviyyədə təşkil olunmaqla, keçirildi. Bu əlamətdar tədbir, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə baş tutmuş oldu.

Festival-konqres bütövlükdə, elmimiz və təhsilimiz qarşısında yeni bir məsuliyyət gətirməkdədir. 2020-ci ildən etibarən ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması, işğaldan azad olunan tarixi ərazilərimizə qayıdış üçün etibarlı zəmin yaratmış odu. Hazırda isə həmin torpaqlarımıza qayıdış prosesləri qürurla davam etməkdədir. Belə bir inkişaf mərhələsində artıq yeni reallıqlar özünü göstərməkdə və güclü elmi əsaslar zəruriliyinə görə seçilməkdədir. Məhz tarixi və əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsi, günümüzün olduqca mühüm gerçəkliklərindən birini təşkil etməkdədir. Güclü elmi əsaslara malik olan araşdırmaların aparılması, elm adamlarının ortaq çalışmalarının həyata keçirilməsi, bununla da, tutarlı, əsaslandırılmış və dünya miqyaslı elmi nəticələri olan qənaətlərin ərsəyə gətirilməsi Naxçıvan Dövlət Universitetinin güclü təşkilatçılıq keyfiyyətlərinə xas olan dəyərlər olaraq çıxış etməkdədir.

Festival-konqresin keçirilməsi üçün hazırlıq işləri qətiyyətlə, bir o qədər də, təcrübə və qürurla ölkəmizin dilbər güşələrindən biri olan Batabat yaylasında keçirilirdi. Hava şəraitinin dəyişkən olması, güclü küləklərin əsməsi, bəzən aramsız yağışların yağaraq, görülən işlərə təsir göstərməsi, bəzən də, güclü istilərin olması, NDU əməkdaşlarının və ali məktəbimizlə işbirliyində olan digər struktur nümayəndələrinin fəaliyyətində maneəyə çevrilmirdi. Batabat yaylası, Qərbi Azərbaycan ərazilərinə olduqca yaxın olan bölgədir. Məhz buna görə də, tarixi festival-konqresin həmin ərazidə keçirilməsi həm də, özünün yüksək məntiqi əhəmiyyətinə görə fərqlənməkdə idi. Bütün hazırlıq işlərindən sonra, daha doğrusu, 21 iyun 2024-cü il tarixində Batabat Yaylağında “Qərbi Azərbaycana qayıdış” festival - konqres öz işinə başladı. Əvvəlcə, Naxçıvan şəhərində xalqımızın Ümummilli lideri Heydər Əliyev muzeyi ziyarət olundu. Ardınca isə Batabat yaylasına festival-konqresin rəsmi açılış mərasimi keçirildi.

El ağsaqqalı Dədə Qorqudun xeyir-duası ilə başlanan tədbir, tarixi Zəfərimizin qazanılması münasibətilə Şuşa şəhərində qaldırılan Zəfər bayrağımız dalğalandı. Ardınca geridə qalan 2023-cü ildə keçirilmiş olan eyni adlı festival-konqresin videoçarxı təqdim olundu. Çarxın təqdim olunması ilə Naxçıvan Dövlət Universitetinin bu sahədəki təcrübəsi bir daha təqdir olundu.

Festival Konqresin açılış nitqi ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmirullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İctimai Birliyi İdarə Heyətinin sədri Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, İqdır Universitetinin rektoru Mehmet Hakkı Alma çıxış etdilər.

Çıxışlarda, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonrakı mərhələdə Qərbi Azərbaycana qayıdış proseslərinin milli haqqımız olduğu ifadə olundu. Bildirildi ki, bu festival-konqres bizi, tarixi, coğrafi baxımdan olduğu kimi, eyni zamanda, elmi baxımdan da Qərbi Azərbaycana daha da yaxınlaşdırmaqdadır. Bu mənada da, qarşıdakı mərhələlərdə daha yeni uğurların əsasları müəyyən olunmaqdadır. Ölkəmizin yeni iqtisadi reallıqları müstəvisində Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra növbəti 2025-ci ildə üçüncüsü keçiriləcək olan festival-konqresdə indikindən daha çox iştirakçının olacağı qürurla qeyd olundu.

Çıxışlardan sonra “Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılması həyata keçirildi. Açılış tədbirinin ardınca musiqi nömrələri təqdim olundu. Rəsmi açılışın ardından, Qərbi Azərbaycandan olan iki gəncin toy şənliyi keçirilmişdir. Qərbi Azərbaycan toy adətləri: “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər nümayiş olunmuşdur. Toy mərasimində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və universitetin tabeliyində olan Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Qərbi Azərbaycana aid aşıq musiqiləri, yallılar, kompazisiyalar, musiqi nömrələri, xalq oyunları təqdim olunmuşdur.

Festival-konqresdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyası, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Müəllimlər İnstitutu, eləcə də, qardaş Türkiyədən olan universitetlər tərəfdaş qismində iştirak edirdilər. Festival-konqresdə eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Rayon icra hakimiyyətləri, Mədəniyyət və Təhsil nazirlikləri tərəfdaş qurum olaraq iştirak etmişlər.

Festival-konqresin gedişində Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən Qərbi Azərbaycan mətbəxinə məxsus olan kulinariya sərgisi keçirilmiş, sərgiyə 60-dan çox yemək, 44 çeşid meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitkilər, 94 növ mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda xoşab və meyvə şirəsi çıxarılmışdır.

Festivalda Qərbi Azərbaycana məxsus 11 mahalı əks etdirən çadırlarda muxtar respublikanın icra hakimiyyətləri və qurumları tərəfindən müxtəlif sahələri özündə əks etdirən sərgilər təşkil olunmuşdur.

Konqresdə məqsəd qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməklə yanaşı, Qərbi Azərbaycana qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməkdir. Konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, incəsənəti və digər müxtəlif sahələrinin araşdırılması, müasir dövrlə əlaqələndirilməsi, onlardan yeni reallıqlar və çağırışlar müstəvisində əsaslandırılması məsələlərinin geniş auditoriyada müzakirəyə çıxarılması elm adamlarının qarşısına məqsəd kimi qoyulmuşdu. Konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlmiş, Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinlənilmiş və fikir mübadiləsi aparılmışdır. Bu məqsədlə, konqres çərçivəsində keçirilən bölmə iclasları NDU-nun İncəsənət, Xarici dillər fakültələrində, həmçinin Magistratura və Doktorantura Mərkəzində keçirildi və aşağıdakı istiqamətlər üzrə aparıldı:

 

- Qərbi Azərbaycan: Tarix, həqiqətlər və faktlar;

- Qərbi Azərbaycanın mədəni sərvətləri;

- Qərbi Azərbaycanın dil faktları və toponimikası;

- Qərbi Azərbaycan ədəbiyyati və folkloru;

- Qərbi Azərbaycanda elm və təhsil;

- Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri;

- Qərbi Azərbaycanın təbii sərvətləri.

 

Bölmə iclaslarında elm adamlarının çıxışları dinlənildi. Konqresdə bütövlükdə, 7 istiqamət 24 bölmə və əlavə təqdimatlar daxil olmaqla 300-dən çox məruzənin dinlənilməsi ilə yadda qalmış oldu.

Beləliklə, Naxçıvan Dövlət Universitetinin ideya müəllifliyi və təşkilatçılığı ilə növbəti mühüm və əlamətdar tədbir uğurla baş tutmuş oldu. Bu, milli kimliyimizin iftixarı, tarixi keçmişimizin, müasir günlərimizə və gələcək nəsillərə qədər miras olaraq qorunması, elmi araşdırmaların yeni reallıqlar müstəvisində daha səmərəli nəticələrlə aparılması və daha böyük hədəflərin əlçatan olması baxımından da əlamətdardır. Təbii olaraq, bütün bunlar, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Qərbi Azərbaycana qayıdışla olduqca qürurverici olacaq.

 

Cavadxan QASIMOV

Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.13.