Çingiz Aytmatova görə Tyanşana qədər

 

 

Səfər təəssüratlarını yazmaq adətim var. Deyirlər, yaxşı alınır. Bu dəfə də yazdım.

Yatsam, yuxuma da girməzdi, Tyanşana - Tanrı dağlarına qədər yolum olar. ÇED-in (Çukurova Edebiyyatçılar Dernegi)  təşkilatçılığı ilə dünya türk xalqları şair və yazarlarının, musiqiçilərinin növbəti görüşü Qırğızıstanda keçirilirdi və buraya dəvət almışdım. Düzü, maliyyə xərcləri çətinlik yaradırdı, amma səfərə xüsusi önəm verirdim. Çingiz Aytmatovu yetirən torpaq məni çoxdan çəkirdi. Oraları qiyabi tanıyırdım. Sanki ilmə-ilmə, kənd-kənd tanıyıdım. Gedəndə gördüm, eynilə əsərlərdəki kimidir: “Köşək gözü”, “Cəmilə”, “Əsrə bərabər gün”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida Gülsarı”, “İlk müəlim”, “Ağ gəmi” əsərlərindək kimi. Bircə “Dəniz sahiliylə qaçan Alabaş”da ümumiləşmə güclüdür, sırf qırğız həyatı kölgədə qalır.

...Onlar çəkikgözlü, gülümsər baxışları ilə sənin qəlbinin içinə baxırlar. Elə safdırlar ki. Bizdəki kimi südə, qatığa, qaymağa saxta “nemətlər”, yağa marqarin qatmağı bilmirlər və sevmirlər. Nə yazılıb, odur. Dediklərinə inanmayıb soruşduğuma görə bir neçə dəfə utandım. Təzə İssık-kul balığının dadı adamın ağzını dada gətirir.  Meyvələri tərtəmiz və bizdəkindən ucuzdur. Suları tərtəmiz bulaq suyudur. Kolbasa təmiz dana ətindəndir, içinə karton, kök, haram olmuş heyvan əti qatmırlar. Sovet hökuməti zamanı aldığımız, ya özümüzün hazırladığımız qolbasdılar kimi dadlı və təmizdir.  Təmiz balın bir kiloqramı bizim pulla 8-10 manatdır. Yenə də təmiz, təmiz, təmiz. Biz nə qədər “çirklənmişik” ki,  təmizliyə bu qədər həsrət və heyran qaldıq.

Az əmək haqqı və pensiya alırlar. Yüz dollar verib bir dünya som alırsan. Bu pula bir müddət orda  rahat yaşaya bilərsən. Tarixlərini, toponimlərlə bağlı əfsanə və rəvayətləri hamı bilir. İlk gün valyuta mübadiləsi məntəqəsinə getdik, bağlı idi. Tur reklamı üçün orda dayanan gənc bir oğlan:

 

- Vacibdirsə, zəng vurum, işçi gəlsin, - dedi.

- Çox təşəkkür edirik. Lütfən, edin, - dedik.

 

Həmin oğlandan gəldiyimiz Çolpon-ata şəhərinin adının  mənasını soruşdum. Məntəqənin işçisi gələnəcən uzun bir rəvayəti elə həvəslə, dəqiqliklə danışdı ki. Kaş ki biz də, məsələn, Bərdəyə gedəndə kimdənsə soruşaq, Bərdə nə deməkdir, bu cür dəqiq, ətraflı izah eşidək. Ya Şəki şəhəri haqda heç olmasa, Nadir şah, Hacı Çələbi ilə bağlı tarixi hadisələri danışalar. Oğlan danışır:

- Qədimlərdə Qırğızıstanda iki tayfa yaşarmış. Biri şimali Tenqridə, biri  cənubi Tenqridə. Şimali Tenqridə yaşayan xanın qırx oğlu və Çolpon (Ulduz) adlı gözəl bir qızı varmış. Xan qızını çox sevir və hər gün oğlanlarının birinə bacılarını qorumağı tapşırır. Deyir, Çolpon ərə gedənəcən onu qorumalısınız və buna görə başınızla cavabdehsiniz. Hər gün qardaşların biri qızın keşiyində dayanır. Çolpon hər dəfə şəhərə çıxanda cəsur sərkərdələr öz qəhrəmanlığını nümayiş etdiririr: at çapır, ox atır, qılınc oynadır, qız isə onlara əhəmiyyət vermir. Bir gün kiçik qardaşı ilə şəhərə çıxan Çolpon bir kənarda qılıncını itiləyən bir döyüşçü görür. O, boqatır deyil, adi döyüşçü idi və xan qızına əhəmiyyət vermir. Çolpon ona yaxınlaşıb soruşur:

- Sən burda nə edirsən və nə üçün bizə əhəmiyyət vermirsən, diqqətimi cəlb etməyə çalışmırsan?

Döyüşçü cavab verir:

- Mən qılıncımı itiləyirəm. Ölkəmi zəbt etməyə çalışan yadellilərlə döyüşə gedəcək, xalqımı onlardan xilas edəcəyəm.

Bu əsgər Çolponun çox xoşuna gəlir. Onlar bir-birlərini sevir və görüşməyə başlayırlar. Döyüşçü müharibəyə gedir, düşməni məhv edir, xalqını xilas edib geri dönür. Çolpon ona ərə getməyi qərara alır.  Qızının adi əsgəri sevdiyini eşitdikdə xan bərk qəzəblənir, onu bu fikirdən döndərməyə çalışır. Çolpon isə sevgisindən dönməyəcəyini deyir. Xan döyüşçü əsgəri öldürməkdən ehtiyat edir, çünki çox sevdiyi qızını itirməkdən qorxur. O, döyüşçünü məhv etmək üçün cənubi Tenqridəki tayfaya qarşı müharibə etmək qərarına gəlir. Cənubi Tenqridəki tayfanın çox güclü ordusu vardı, xanın ordusu isə hərbi əsirlər, həbsxanadakı cinayərkarlar və avaralardan ibarət idi. Xanın kiçik oğlu bunu eşidir və hər şeyi bacısına danışır. Çolpon sevgilisi ilə qaçmaq qərarına gəlir. Ən güclü atları seçib gecə ikən qaçırlar. Onları təqib edən böyük qardaş Çolponun sevgilisini öldürür, bacısını götürüb geri qayıdır. Xan Çolponu bozüydə-yurtada çarmıxa çəkir. Çolpon gecə-gündüz ağlayır, göz yaşlarından İssık-kul gölü yaranır. Çolpon və sevgilisini tutduqları yerdə qırğızca adı ər-arvad mənasını verən bir çay axmağa başlayır. Çay iki yerə haçalanır. Bir qolu kiçik gölə tökülür və əfsanəyə görə, həmin cəsur qırğız döyüşçüsü gölün dibində hələ də qalır. Vətən nə vaxt darda olsa, o, göldən qalxıb ölkəsini müdafiə edir, yenə yerinə qayıdır.

Bu qırğız oğluna minnətdarlıq edib valyutamızı dəyişir, Çolpon-ataya, ətrafını həlqələyən Tyanşan dağlarına tamaşa edə-edə geriyə - məskunlaşdığımız otelə qayıdırıq. Yolboyu hər tərəfə diqqətlə baxıram. Mağazaların, bankların, restoran və otellərin - hamısının adı qırğız dilində yazılıb. Bəzilərində ikinci hissədə ruscası da var. Həsəd aparıram. Nə üçün Azərbaycanda bütün göstəricilər ancaq əcnəbi dildədir? Niyə dilimizə, milli kimliyimizə, kökümüzə hörmət etmirik, qənim kəsilmişik?! Min cür bəhanə gətirirlər, ancaq heç bir səbəb buna haqq vermir, əsla vermir!

Onu da qeyd edim ki, nümayəndələri qarşılanma mərasimi çox təntənəli oldu. Milli geyimli, başlarına lələkli qırğız ükü-topu qoymuş qəşəng qırğız qızları qonaqlara şirniyyatlar, kaymak və borsok təklf edir, nəğmə oxuyurdular. Şəkil çəkənləri, çəkdirənləri özünüz təsəvvür edə bilərsiz ta. Səhəri gün Qırğızıstan, Qazaxıstan və Özbəkistandan, Türkiyə və Azərbaycandan, Tatarıstan, Türküstan və Başqırdıstandan, dünyanın müxtəlif yerlərindən gəlmiş həm rəsmi dövlət adamlarının, həm sənət adamlarının iştirakı ilə tədbirin rəsmi açılışı oldu. Çıxış edənlər türk dövlətləri birliyinin, Turan yolunda  görüşlərin davamlı olmasının vacibliyindən, əsərlərin tərcüməsi və yayılmasının təşkilindən danışdılar. ÇED-in rəhbəri və yaradıcısı Halise Tekbaş, ÇED-in Azərbaycan üzrə rəhbəri, Dünya Türkləri Koordinasiya Mərkəzinin başçısı İlqar Türkoğlu, ÇED-in Qırğızıstan üzrə rəhbəri, “Yangi Ovoz” Orta Asiya Yazıçılar Birliyinin sədri Joldoşbek Monoldorov, Tatarıstan üzrə rəhbər, Tatarıstan Yazıçılar Birliyinin sədri, millət vəkili Rıkail Zeydulla, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli,  Qırğızıstan Dövlət katibi Süyünbek Kasmambetov, Manas Dövlət teatrının başçısı Aziz Baymırza, Qırğızıstan Yazıçılar Birliyinin keçmiş başçısı Nurlan Kalibekov, Qırğızıstanın keçmiş mədəniyyət naziri Kayrat İmanaliyev,  Qırğızıstanın Xalq şairi, Ədəbiyyat fondunun başçısı Yediger Saalayev, Özbəkistanın “Doğu yıldızı” dərgisinin rəhbəri Sirociddin Rauf, Başqırdıstan Yazıçılar Birliyinin sədri, millət vəkili Aygiz Baymuxamedov, Tatarıstan Yazıçılar Birliyinin katibi, “Kazan odları” dərgisinin rəhbəri Rüstəm Qaliullin rəsmi açılış mərasimində çıxış edərək ürək sözlərini, səmimi arzularını bildirdilər. ÇED-in fəaliyyətini yüksək qiymətləndirib türkləri bir arada görməkdən məmnunluqlarını ifadə etdilər.

Həmçinin Çolpon-atada  Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan və Orta Asiya respublikaları üzrə təmsilçisi Nəvai Metinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Femin art” Beynəlxalq Qadın Rəssamlar İttifaqının Azərbaycan təmsilçisi Raqiyə Rzayevanın, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sulu boya rəsmlərinin müəllifu İntiqam Cəfərovun rəsm əsərlərindən ibarət sərgi tamaşaçılarda maraq və xoş əhval ruhiyyə yaratdı. Bundan əvvəl  Bişkekdə Texnologiya Universitetində universitet rəhbərliyi ilə keçirilən görüşdə Bişkekdə hər üç rəssamın rəsm əsərlərindən ibarət sərgi açılması qərara alınmışdı. Sərginin açılması 15 iyunda reallaşdı.

Jurnalist Jalə Cəfərovanın Yunis Əmrəyə həsr olunmuş və festival üçün nəzərdə tutulmuş, həmçinin iki dildə yazılmış “Dünyanı yaxşılar gözəlləşdirir” kitabının təqdimatı və haqqında çəkilmiş videoçarx da çox maraqla qarşılandı. Ümumiyətlə, bu ölkə ilə ədəbi əlaqələrin tarixi daha əvvəllərə aiddir. S.Berkinaliyevanın, M.Abilovanın, J.İsabayevanın şeirlərini Azərbayan türkcəsinə çevirən Azərbaycan şair və yazıçısı Elli Atayurd qırğız yazıçısı Jıldız Akayevanın “Lyusiya üçün edelveyslər” romanını, Jıpar İsabayevanın “İlan sevgisi” trilogiyasını da doğma dilə tərcümə etmişdir. Bişkek Manas Universitetinin tələbəsi isə E.Atayurdun “Sayufsuloğlu yurdu Haqqıxlı” trilogiyasından diplom işi müdafiə edib. Bu əlaqələr zamanla genişlənir və ortaq türk dili yaranması prosesini gücləndirir.

Sonrakı günlərdə Qırğızıstanın müxtəlif yerlərinə, tarixi Daşlar qoruğuna (Qobustana bənzər, ancaq Qobustan daha zəngindir) , Muxtar Auezovun ev-muzeyinə, Çolpon-ata tarix muzeyinə, İssık-kul gölünün sahillərinə səyahətlərimiz başlandı. Onu da qeyd edim ki, görüşlərdə azərbaycanlılar əlavə olaraq tərcüməçilik missiyasını da yerinə yetirirdilər. Osmanlılar rusca, Orta asiyalılar türkcə bilmirdilər. Ortaq dil kimi rus dilindən istifadə olunurdu. Biz türkiyəlilərlə orta asiyalıları əlaqələndirir və bununla bir qədər forslanırdıq. Burdan belə nəticəyə gəldim ki, türk xalqlarına ortaq dil nə qədər vacibdir və bunu düşünməyin zamanı çoxdan çatıb. Bunun süni şəkildə yaradılması və tətbiqinə inanmıram, çünki dil ictimai faktorlardan asılıdır. Bunun üçün iqtisadi, siyasi, mədəni əlaqələri daha da genişləndirmək lazımdır. Həmçinin Orta Asiya xalqlarının əlifba məsələsi də var. Onlarda Kiril əlifbası hələ də qalır. Türk xalqlarının ümumi anlaşmasında vahid əlifbanın qəbulu əsas faktorlardan biridir.

Hər gün günortadan sonra şair və yazıçıların şeir və musiqi gecələri, tədbir itirakçılarının mükafatlandırma mərasimləri təşkil olunurdu. “Atatürk” medalı ilə mükafatlandırılmağıma görə çox qürur duydum.

Azərbaycanlı aşıq Azər Fərmayıloğlunun  çıxışları xüsusən rəğbətlə qarşılanırdı. Orada müqayisələrlə bir daha əmin oldum ki, saz kimi gözəl musiqi aləti yoxdur. Azərin simlər üzərində  məharətlə gəzişmələr edərək dilləndirdiyi nəğmələri, min illərin dərinliyindən gələn səsləri, sazın sızıltılarını dinləmək necə də xoşdu. Xüsusən boğazlara daha diqqət kəsilirdim. Müxtəlif türk ölkələrindən gəlmiş opera və xalq musiqiçilərinin gur səsi salonu titrədirdi, ancaq heç birinin səsində aşıq Azərin boğazından gələn min rəngli səslərin şirinliyi yoxdu. Bizdə səs xüsusi bir milli sərvət, fərqli  irsi-genetik gözəllikdir. Bu, müqayisəsiz belədir.

Bakı-Bişkek-Çolponata-Bakı

 

HƏCƏR

525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.11.