COP29: Azərbaycan
yaşıl, ədalətli, dayanıqlı dünya naminə
var gücü ilə çalışır
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının
(BMT) İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransına (COP) ciddi
hazırlıq tədbirləri davam edir. Azərbaycan Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) sədri olaraq
bu tədbiri ən yüksək səviyyədə keçirməyi
hədəfləyir. Ölkəmizin beynəlxalq tədbirlərin
təşkilindəki təcrübəsi nəzərə
alınarsa, bu konfransın da bütün gözləntiləri
doğruldacağını əminliklə söyləmək
mümkündür. Eyni zamanda, Bakının səyləri
konfransdan ən uğurlu nəticələrin əldə edilməsinə
yönəlib. Azərbaycanın sədrliyinin prioritetləri
sırasında maliyyələşmə, ada dövlətlərinə
yardım ön sırada gəlir. Prezident İlham Əliyev
öz çıxışlarında dəfələrlə
bildirib ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə
ən çox məruz qalan inkişaf etməkdə olan
kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin
həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet
məsələlərdən olacaq.
Məlumdur ki, iqlim dəyişikliyinin fəsadları
bütün dünya üçün ciddi narahatlıq
yaradır. Ona görə də bu problemin həlli qlobal səylər
və həmrəylik tələb edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə gerçəkləşən “COP29-a Aparan Yol:
Dayanıqlı və Davamlı Gələcək”
mövzusunda Yüksək Səviyyəli 29-cu
Toplantının iştirakçılarına
ünvanladığı müraciətdə bu məqama
toxunaraq deyib ki, Azərbaycan COP29-a var gücü ilə
hazırlaşır, yaşıl, ədalətli, inklüziv və
dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək,
planetimizin gələcəyi üçün müsbət nəticələr
əldə etmək üçün səylərini əsirgəmir:
“Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə
qarşı mübarizədə ölkəmiz digər
dövlətlərlə birgə əməkdaşlıq
çərçivəsində ağıllı həllər
tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək
istəyən qeyri-hökumət təşkilatları və
beyin mərkəzləri ilə əməkdaşlığa
açığıq. Qlobal istiləşmənin qarşısını
almaq üçün bu günə qədər dünya
ictimaiyyəti tərəfindən mühüm addımlar
atılsa da, qarşımızda hələ də yeni
çağırışlar və gündən-günə
ciddiləşən təhdidlər dayanır. Eyni zamanda
artıq hamı tərəfindən qəbul olunmuş
reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə
saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini
səfərbər edərək birgə təcili tədbirlərin
görülməsi və təxirəsalınmaz
addımların atılması üçün
vaxtımız azalır.
Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən
sonrakı dövr üçün iqlim maliyyəsi üzrə
yeni kollektiv kəmiyyət hədəfinin
razılaşdırılması üzrə
danışıqlar aparılacaqdır. İqlim dəyişmələri
ilə bağlı inkişaf etməkdə olan ölkələrin
artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə
yeni kollektiv kəmiyyət hədəfinin
razılaşdırılması hamımızın qarşısında
duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə,
müasir və gələcək nəsillər
qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan
bu danışıqların şəffaflıq və
inklüzivlik şəraitində irəli aparılması,
bundan əvvəl götürülmüş öhdəliklərin
və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi
istiqamətində bütün zəruri tədbirləri
görəcək”.
Qeyd edək ki, COP ilk dəfə 1995-ci ildə Berlində
keçirilib. Hazırda COP-un gündəliyi daha iddialı
olub və istixana qazlarının həcminin azaldılması,
iqlim dəyişikliyinə uyğunlaşma problemləri
üzrə daha konkret, ayrı-ayrı dövlətlərin
imkanlarına cavab verən tədbirləri ehtiva edir. Maliyyələşmə,
iqlim dəyişikliyi ilə mübarizədə və ona
uyğunlaşmada inkişafda olan ölkələrin dəstəklənməsi,
texnologiya mübadiləsi, treninqlər hər bir COP-un daimi
mövzuları kimi qalır.
Qlobal iqlim dəyişikliyinin qarşısının
alınmasında yaşıl enerjiyə keçid də
mühüm rol oynayır. Xüsusilə son illər
yaşıl enerji strategiyasının inkişafında xeyli irəliləyiş
nəzərə çarpır. Azərbaycan da bu məsələdə
aktiv rol oynayır. Ölkəmiz bərpa olunan enerji sahəsində
qabaqcıl dövlətlər sırasına yüksəlmək
əzmindədir və bu məqsədlə zəngin külək
və günəş potensialından istifadə edir. Bu, həmçinin
ölkənin 2050-ci ilə qədər istixana qazı
emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib
hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik
enerjisində bərpa olunan enerjinin qoyuluş gücü
üzrə payını 30 faizə çatdırmaq və
yaşıl enerji sahəsində lider olmaq üçün
mövcud enerji sistemini şaxələndirir.
Azərbaycan Prezidenti bu günlərdə “Euronews”
televiziyasına müsahibəsində qeyd edib ki, Azərbaycan
nəinki ənənəvi enerji mənbələrinə, o
cümlədən, bərpaolunan enerjiyə sərmayə
yatıranlar üçün cəlbedicidir. “Masdar” bərpaolunan
enerji sahəsində strateji tərəfdaşımızdır.
Ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş
enerjisi stansiyasının açılışını
etdik. Daha sonra ümumi gücü 1 qiqavat olan üç
Günəş və külək enerjisi stansiyalarının
təməlqoyma mərasimləri keçirildi.
Dövlət başçısının sözlərinə
görə, Azərbaycan orta perspektivdə 10 qiqavata və
2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə
edən bütün müqavilələri və anlaşma
memorandumlarını icra etməyi planlaşdırır. Bunun
üçün ölkəmizin potensialı var.
Azərbaycan ənənəvi enerjidən əldə
etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
Prezident deyib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi
yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən
olmaq üzərimizə düşən öhdəlikdir.
Azərbaycanın bərpaolunan enerji potensialı -
quruda külək və günəş enerjisinin həcmi 27
qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan
sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Hazırda bütün Qarabağ zonası "yaşıl
enerji" zonasına çevrilməkdədir. Azərbaycanın
bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən
və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan
2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil
edir. Beş Milli Prioritetdən biri olan təmiz ətraf
mühit və “yaşıl artım” ölkəsi prioriteti
qarşıya yeni hədəflər qoyur.
Azərbaycan qlobal məsuliyyətini yüksək
şəkildə dərk edən ölkə olaraq indiyə
kimi atdığı bütün addımlar uğurlu olub və
öz məqsədinə çatıb. Şübhəsiz ki,
ölkəmiz yaşıl enerjiyə keçid istiqamətində
də uğurlara imza atıb, ənənəvi enerji
istehsalçıları və istehlakçıları
üçün nümunəyə çevrilə biləcək.
Pərvanə
525-ci qəzet.- 2024.- 25 iyun,¹109.-S.5.