DİL NAMUSU
Xalqlar var ki, tarix axarında özləri qeyb olublar,
dilləri qalıb - sahibi olmayan, ölü dil yaşayır,
yaşadıqca da artıq olmayan xalqı diri saxlayır.
Xalqlar var ki, özləri qalıblar, yaşayırlar, amma
Vaxtın dərinliklərində dillərini itiriblər. Dillər
var ki, milyonlarla insanın ünsiyyət vasitəsidir, onu
dünyanın dörd bucağında danışırlar.
Dillər də var ki, bir neçə min, bəzənsə
bir neçə yüz adamın nitqində mövcuddur, bir kənddən
qıraqda anlaşılmır.
Xalqı xalq edən, milləti millət edən yeganə
amil dil deyilsə də, hər halda dil milli varlığın
ən vacib bünövrə kərpiclərinin birincilərindəndir.
Yer üzünün 3 minədək dili sırasında ana
dilimiz ən şərəfli, həm də keşməkeşli
bir tarix yaşamış dillərdəndir. Xalqımız, sərvətlərimiz,
torpağımız kimi, tarix boyu dilimiz, dilimizin yazı
görüntüsü olan əlifbalarımız da təcavüzlərə,
qəsblərə, çeşidli basqılara məruz
qalıb. Vətən torpağı, yurd hüdudları kimi,
dilin də ərazisi var, üstündə
yaşadığın torpağı əkib-becərdiyin,
köksündə ocaq tüstüləndirdiyin, sərhədlərində
keşikçilər qoyub arzu olunmayanları içəri
buraxmadığın sayaq, gərək dilin də
qulluğunda daimi durasan, onun sözlərini, ifadələrini
danışığında, yazında yaşadasan, dilin
ocağını həmişə közərdəsən,
dili kəc baxışlardan, naməhrəm təcavüzlərdən
qoruyasan.
Dilimizin bakirəliyini, ululuğunu, onun hər birimiz
üçün nə qədər vacib milli dəyər
olduğunu anlatmağı düşünən, dövlət
və millət anlayışlarının yüksək fəlsəfəsini
ilahi fəhmlə duymuş ulu babalarımız dilimizin
sözlərinin bizə çatmasını yüzfaizli təminatları
olsun deyə kağızla-qələmlə kifayətlənməyiblər,
mətləblərini daşlara da köçürüblər.
Orxon-Yenisey abidələrindən, Gültəkin
yazılarını bugündən ayıran vaxt sərhədi
min ildən bir neçə əsr çoxdursa da, oradakı
dilimizlə indiki dilimiz arasında çəpər yoxdur. 1500
il öncə daşlara həkk olunmuş şeirlərin
sözlərinin əksəri dilimizdə bu gün də
diridir. Qövmümüzün milli özlüyünü hər
gələcək zamanda dərk etməsinin ən ilkin
açarlarından birinin dil, söz olduğunu duyan Mahmud
Kaşğarlı irqimizin tarixindəki ali qəhrəmanlığı
göstərdi. O, cəsur döyüşçü idi. Amma
bir toplayıcı, alim, dilçi kimi gördüyü iş
qol və bədən zorundan qat-qat artıq idi. O, dilimizə
heykəl yapdı. Etiraf edirdi: “Bu kitab ömrümü tükətdi”.
Amma həm də inanırdı: “Adımı dünyanın
sonuna qədər yad etdirmək və sonsuz hörmət
qazanmaq üçün Allahdan kömək istəyib
yazdığım bu kitaba “Divan-i lüğət it-türk”
adını qoydum”.
Eyni xidməti Firdovsi fars dili üçün
etmişdi və “Şahnamə”də belə yazarkən o da
çox haqlı idi:
Bəsi rənc bordəm dər in sal-e si
Əcəm zende kərdəm bedin parsi.
Otuz il ağır zəhmətə dözmüşəm,
Bu farsca əsərlə dirilmiş əcəm.
Firdovsi “İranı diriltdim” demirdi, “Əcəmi
diriltdim” yazırdı. Çünki onun epopeyası yalnız
İranı yox, Turanı da əhatə edirdi, orta
çağda “əcəm” deyilərkən ərəblərdən
qeyri xalqlar və tayfalar, o sıradan türklər nəzərdə
tutulurdu. Həqiqətən, Firdovsinin “Şahnamə”sində
fars deyiş ahənginə uyğunlaşdırılaraq
Əfrasiyab kimi təqdim edilən Alp Ər Tonqa və ümumən
Turan aləmi barədə maraqlı bilgi və müşahidələrlə
rastlaşırıq. Lakin ürəyində və beynindəkiləri
ifadə üçün sənə ən münasib olan dil
hansı dildirsə, sən o dilin övladısan və üstəlik
sən qanınla da o dilin sahibi olan xalqın övladısansa,
şüuraltı gücün diktəsiylə milli təəssübkeşliyini
göstərməyə bilməzsən. Firdovsi də göstərməyə
bilməzdi.
Lakin bu epopeyanın müqabilində Turan
dünyasının da “Divani-lüğət it-türk”ü
var, bu əsərdə bircə Alp Ər Tonqa haqqında
şeirlərin, o şeirlərdəki münasibətin,
yanaşmanın fars dahisinin əsəri ilə müqayisəsi
yalnız dil fərqini deyil, dilin içərisindəki fərqli
milli ruhları, milli təəssübləri ortaya qoyur.
VIII yüzildən etibarən dilimizə çox
qatqılar olub. Ərəb gəlib-gedib, fars-gəlib gedib, rus
gəlib-gedib. Ərəb və fars fiziki cəhətdən gəlib
və gedib. Amma dillərini də qoyub gediblər. Lisan və zəbanları
milli əsarət və təcavüzün ən güclü
vasitəsi olaraq qoyub gediblər. Dilimizin bulaşması,
öz saf sözlərindən aralanması səmtində o
dillərin dilimizə etdiyini rus dili etməyib. Əsrlərcə
elmi əsərlərimiz ucdantutma ərəbcə, poeziyamız
farsca yazıldı. Ana dilimiz keçirildi arxa sıraya.
Və XVI yüzildə Füzuli dilimizin təəssübünü
çəkə-çəkə ana dilində poeziya
yaratmağın müşkülündən gileylənəndə
haqlı idi. Türkcə, şeir dili olaraq, hələ ərəb
mənşəli, həm də ərəbcənin dil və səs
imkanlarına uyğun yaradılmış əruza yetərincə
uyğunlaşmamışdı. Bu, əli qələmli hər
kəsə bəlli həqiqət idi, amma Füzuli yalnız
gileylənmədi. Qeyrət göstərdi, gərgin zəhmətə
qatlaşdı və dilin gücünün artması,
durulaşması yolunda çalışmağa, nəticəyə
də nail olmağa özündə güc, qüdrət
tapdı:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm
kim,
Nəzm-i nazik türki ləfzi ilə ikən
düşvar olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Növbahar olğac dikəndən bərg-i gül
izhar olur.
Füzulinin bu şikayəti mühüm bir məsələ
barədə düşüncə oyadır. İş
ondadır ki, nəzm-i naziyin - lirikanın türkcə
yazılmasının çətin olması da siyasətin
ifadəsi idi. Farscaya şeir dili olaraq açılan meydan,
yaradılan imkan Azərbaycan türkcəsini şeir dili olaraq
işlənməkdən aralayırdı, yazıda, ədəbiyyatda
işlənmədikcə isə dil danışıq dili olmaq
funksiyasından uzağa gedə bilmir. Odur ki, Füzulinin
gördüyü iş sadəcə ədəbiyyat hadisəsi
deyil, siyasi akt idi, dilimizin statusunu ağırlaşdırmaq, səlahiyyətlərini
artırmaq istiqamətində əhəmiyyətli xidmət
idi.
Dil uğrunda mübarizələri, ana dilində
yazıb-yaratmağa milli mücadilə məsələsi kimi
baxdığını Füzuli “Hədiqət üs-süəda”sında
(“Xoşbəxtlər bağçası”) açıq şəkildə
bəyan edirdi. Yazırdı ki, Kərbəla müsibəti
ilə bağlı məclislərdə ərəb və fars
dillərində olan məqtəllər oxunur, dinləyənlər
bəhrələnir, ancaq biz türklər də həmin cəmiyyətin
bir parçası olduğumuz halda həmin ləzzətdən
istifadə etmək fürsətindən yararlana bilmirik. Və
belə umulmaz vəziyyət ona təsir etdiyindən qərara
alır ki, bu faciəni öz ana dilində qələmə
alsın ki, türklər də oxuyaraq feyz ala bilsinlər.
...Zamanlar dəyişdi. Kəc tale ana dilimizi sonra
ruscanın basqısına ürcah etdi. Azərbaycanın
Quzeyi 70 il boyunca Sovet İttifaqı tərkibində
yaşadı. Sovet onilləri ərzində elm, idarəçilik,
dilimiz xeyli dərəcədə inkişafdan dayandı. Ana
dilinə yasaq qoyulmamışdı - ibtidai məktəblər
də, orta məktəblər də, ali məktəblər də
oldu, ana dilində ədəbiyyatımız yarandı, nəhəng
tirajlarla nəşr edildi, ana dilində teatrlarımız,
radio-televiziyamız fəaliyyət göstərdi. Amma bununla
yanaşı, ruscanın üstünlüyü, azərbaycancanın
ikincidərəcəliliyi, aşağılığı, əyalətəxaslığı
beyinlərə yeridildi və gerçəklikdə də
düşünülmüş şəkildə, bir siyasət
olaraq tətbiq edildi. Ancaq nə gözəl ki, sovet sisteminin ən
mənəm-mənəm vaxtlarında, ən gücbatmaz əyyamlarında
da bu təmayülə qarşı həm açıq, həm
də gizli təşkilatlar yaradaraq mübarizə aparan igidləriumiz
oldu (Sovet dönəmində dil mübarizələri
aparmış belə gizli təşkilatlardan biri haqqında mən
2023-cü ildə işıq üzü görmüş
“İkinci olmayacaq” kitabımda Azərbaycanın
keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin
arxivlərinə istinadla sübutlu-dəlilli geniş bəhs
etmişəm). İranda Azərbaycan ziyalılığının
farsdilli təbəqəsi yarandığı kimi, Sovet Azərbaycanında
da cəmiyyətin rusdillilər təbəqəsi təşəkkül
tapdı. Əsərləri ən əvvəl məhz bu təbəqəyə
yönəlmiş, qəhrəmanlarını da çox vaxt
onların sırasından seçən rusdilli yazarlar zümrəsi
əmələ gəldi.
Orta çağdakı ərəb və fars dillərində
yazanlardan onların əsas fərqi bu idi ki,
ortaçağlı soydaşlarımız ərəb və
farsca yazdıqları müvəffəqiyyətlə, bəlkə
ondan daha artıq parlaqlıqla ana dilində də yaza bilirdilər.
Bu müəlliflər isə ana dilini yaxşı halda
danışıq dili səviyyəsində işlətmək
gücündəydilər və fəzasında olduqları
rus dili (nəzərə alsaq ki, hər halda bu, xalis, iliyinə
qədər rusca deyil, Azərbaycan ruscası idi) onların
milli düşüncəsinə təsirsiz qalmadı. Beyinləri
ilə nə qədər patriot olsalar belə, onlar təkcə
yazdıqlarının dili ilə yox, düşüncələrinin
tərzi ilə də bütöv Azərbaycan xalqının
ruhunun ifadəçisi deyildilər, ola da bilməzdilər.
Çünki xalqın rusdilli zümrəsi bir ayrı,
ruscanı mənimsəməmiş böyük hissəsi isə
ayrı psixologiyaya sahib idi. Bu da düçar edildiyimiz daha bir
bəla idi və o bəla bir çox görüntüləriylə
indi də qalmaqdadır və sağalması üçün
iri bir zaman kəsiyi də gərək ötə. Amma
Üzeyir bəy də, Əbdürrəhim bəy də, Mirzə
Cəlil də... rusca təhsil almışdılar, öz
aralarında rusca da danışırdılar, rusca da məktublaşırdılar
- bu dilə qarşı ögeylik, bu dildən istifadədə
narahatlıq hiss eləmirdilər. Ya demokratik respublikanın
millətpərvər fəalları - Əlimərdan bəy
Topçubaşov, Həsən bəy Ağayev, Xudadat bəy
Rəfibəyli... Lakin onlarda milli dil əcnəbi dildən
öndə idi, milli ruh qüvvətli idi, sadəcə onlar
xarici dili, konkret halda ruscanı əla bilirdilər.
Sovet dönəminin vurduğu ağır zərbələrdən
əsası bu oldu ki, ruscaya kamil bələdliyin müqabilində
ana dilinə vaqifliyi ahəstə-ahəstə aradan
çıxartdı. İki dilə paralel dərəcədə
yaxşı yiyələnmə vərdişi olmadı. Beləliklə,
ziyalı təbəqəsi arasında, yüksək inzibati
idarəçilik sferasında rusdillilərə münasibətdə
“ana dili” deyimi sırf formal səciyyə daşımağa
başladı. Bu, bir siyasət idi, bu siyasətin acısını
həmin epoxanın içərisində həmin adamların
duyması, bu acının fəlsəfəsinə dalması
barədə söhbət ola bilməzdi. İndi dalırlar.
Dili öyrənirlər, müəllim tutub, öz üzərində
çalışaraq ana dilini daha mükəmməl mənimsəməyə
çalışırlar. Amma psixologiyada, milli düşüncə
tərzində fərqi necə aradan götürəsən,
qana, ruha işləmiş bu fərqlənməni dəf etməkçün
hansı müəllimlə işləyəsən, necə edəsən
ki, səndə də bu millətin bir zümrəsi ilə
yox, bütün təbəqələri ilə
özünü eyni sayma əqidəsi yaransın?
İri zaman saflaşması lazımdır. Digər tərəfdən,
Quzeydə bu gün ortaya çıxan digər narahatedici təmayül
Qərbə meyillilik, Avropa dillərində təhsilə
üstünlük verməkdir. Həm də bu da
müşahidə olunmaqdadır ki, belələrinin
çoxunda milli-mənəvi dəyərlərə sahiblik,
Azərbaycan ədəbiyyatına aşinalıq əsla qənaətbəxş
deyildir. Dilimiz ona qarşı ən azı 1300 ilə yaxın
uzun bir zaman kəsiyində davam edən və acılar ki, hələ
də bitməmiş ağır sınaqlar və imtahanlardan mərdanəliklə
çıxmış, bu mərdanəliyin ən əyani təsdiqi
də ikinci minilliyin bitəcəyinə Azərbaycan türkcəsinin
bunca cilalı, saf, geniş ifadə imkanlarına və
plastikaya malik bir halda yetişməsidir. Azərbaycan müstəqillik
əldə edəndən sonra dilin qanunla təsbit edilmiş
hüquqlarının artması şəksizdir. Ümumən
qanunda dillə bağlı hər maddənin əhəmiyyəti
böyükdür və bunun göstəricilərinin ən əyanilərindən
biri sovet dövründə Azərbaycan dilinin konstitusiyada
dövlət dili kimi təsbit edilməsi sayıla bilər.
Xeyli dərəcədə formal xarakter
daşıyırdı. Amma nə qədər formal olsa belə,
bu bəndin əsas qanunda yer alması müəyyən
imkanlar da açmışdı.
Tutalım, o maddə əsas qanunda yer alana qədər
teleqramlar belə yalnız rusca göndərilirmiş. Və
maddənin elan edilib işləməyə başlamasından
dərhal sonra vətənpərvər, dilsevər insanlar
ehtiyac oldu-olmadı, sadəcə dilin istifadə
imkanlarının, rəsmi tanınma dairəsinin genişlənməsinə
fərəhlərini gizlədə bilmədiklərindən
bir-birlərinə hey teleqramlar yollayırmışlar.
XXI əsrin başlanğıcında Azərbaycan dili
milli dil olaraq inkişafının yüksək bir səviyyəsinə
yetişsə də, ədəbiyyatdan, elmdən tutmuş
siyasətə, dövlət işinə qədər təkmilləşmə,
cilalanma yaşasa da, problemlər hələ lap çoxdur.
Azərbaycan türkcəsində
danışanların böyük əksəriyyəti ikinci
minilliyi ağır dil qayğıları ilə başa vurmaq
zorunda qaldı - Güney Azərbaycanda
soydaşlarımızın sayı Şimali Azərbaycandakından
4 dəfə çoxdur.
Və İranda Azərbaycan türkcəsinin varolma
şəraiti çox qəlizdir. Üzdə ölkə əhalisinin
böyük əksəriyyəti hər gün türkcə
danışır, ancaq onların yüzdədoxsanı ana
dilində ədəbi dildə xətasız bir cümlə
yazmaq imkanından məhrumdur. Çünki məktəbi
yoxdur, o məktəbin yaranmasına da rəsmi dövlət
siyasəti cidd-cəhdlə macal vermir. Daha böyük təzyiqlərə
məruz qalmalarındandır ki, cənublu
bacı-qardaşlarımız dilimizin qədrini, olsun ki,
şimaldakılardan daha artıq bilirlər.
Onlar ana dilini milli dəyərlərin ən
üstünü sayır, ana dilini hifz etməyi, bu dildə
sadəcə danışmağı belə milli
özünütəsdiqin əlaməti kimi hər imkanda
qabardırlar. Azərbaycanlını azərbaycanlı edən
keyfiyyətlərin hamısından üst qatda dayanan,
güneylilərin nəzərincə, elə dildir ki, var!
Onları göz qapalılığından daha müdhiş
olan dil qıpıqlığına düçar eləyən
dövlət də eyni qənaətdədir və millətin
bu keyfiyyətini yürütdüyü dil siyasətində
mütləq şəkildə nəzərə alır: həm
milli adətlərinə, həm ənənələrinə,
həm mərasimlərinə, bir sözlə, milli etiketi
yaradan keyfiyyətlərinə yasaqlar qoyur. Dil
üçünsə, bunun hətta təhlükəli
olduğunu dərk etsə də, hər mümkün maneəni
yaratmaqdan əl çəkmir. İmkan vermir məktəb
açılsın, imkan vermir yazı-pozu, kitab, nəşriyyat
işi genişlənsin. İmkan vermir dil danışıq
dili olmaq çəpərlərini aşaraq ədəbi dil
normalarını daha artıq əxz etsin. İmkan verməyib
ki, bu dil tribunaya qalxsın, mikrofon qarşısına
çıxsın, efirə dikəlsin. Həmişə bu
dilin aşağılığı, ikincidərəcəliliyi,
folklor səviyyəsindən, adi danışıq vasitəsi
olmaqdan irəli gedə bilməməsi təəssüratını
oyatmağa, farsca ilə müqayisədə inkişaf etməmiş
bir dil olması fikrini təlqin etməyə
çalışıb.
Farsca ilə türkcənin müqayisəsində
hansının üstün olmasının, hansının daha
çevik linqvistik keyfiyyətlərə malikliyinin
ayrıntılarını, danılmaz sübutlarını
Əlişir Nəvai hələ XV yüzildə məşhur
“Mühakimət ül-lüğəteyn”ində vermişdi.
XX yüzildə isə “Mühakimət
ül-lüğəteyn”ə nəzirə yazan doktor Cavad Heyət
öz “Müqayisət ül-lüğəteyn”i ilə
türkcənin farscadan üstünlüyünün daha əngin
üfüqlərini açıb göstərdi.
Düşünürəm ki, XX yüzildə
İranın ən böyük şairi, farsca yazan farsları
həmin dildəki şeirləriylə xeyli arxada
buraxmış Şəhriyarın ana dilindəki “Heydərbabaya
salam”ına İranda şah rejimi vaxtında dözümlülük
göstərilməsində də bir riya olmamış deyildi.
Ədəbi farscanı bütün zəriflik və incəlikləriylə
həmin dildə yaratdığı şeirlərdə
canlandırmış, deməli, dildən istifadə
texnikasına kamil dərəcədə malik olaraq belə
hünərlər göstərə bilən qüdrətli
şairin türkcə - ana dilində yazarkən ağız ədəbiyyatı,
adi danışıq tərzində əsər
doğurması rəsmi ideologiyanı təmin edirdi. Bax, sizin
diliniz ali ədəbi istifadə üçün yararlı
olsa idi, bu boyda şair hər halda ondan istifadə edə bilərdi;
qabağını kəsməmişik, buyurun,
yazdığı budur, o da ağız ədəbiyyatı
biçimində. Dolayısı ilə bir daha bəyan edirdilər
ki, bu dil hələ məişət, dükan-bazar,
danışıq səviyyəsi, folklor dərəcəsi,
aşıq ədəbiyyatı məqamındadır.
Orada dövlət radio-televiziyaya Azərbaycan türkcəsini
geniş ölçüdə heç vaxt buraxmayıb və
buraxmır, imkan verəndə də bunu dili şikəst edərək,
içərisini zibilləyərək, lüğətsiz
anlamaq mümkün olmayan şəklə salaraq edib.
Yəni gözdən pərdə asmaq
üçün cüzi imkan verib və burada da məkrli siyasətini
yeridib, Azərbaycan türkcəsinin
yararsızlığını nümayiş etdirməyə
çalışıb, ərəb-fars tərkibləriylə,
pırtlaşıq izafət tərkibləriylə ləbələb,
farscanın qrammatik qanunlarına uyğunlaşdırılan,
tək feilləri türkcə olan radio mətnləri Tehran, Rəşt
efir dalğalarından bizə çoxdan bəllidir. Yəni həmişə
çalışılıb ki, göz veriləndə
işıq mütləq əsirgənsin. Ancaq tarix 1945-ci ilin
21 Azərindən 1946-cı ilin 21 Azərinədək - iki
dekabr arasındakı 1 illik Milli Hökumət dönəmini,
o ildə ana dilində hər gün millətlə olmuş
anadilli Təbriz radiosunu və onun yüksək səviyyəsini
də, həmin 1 ilin içərisindəki anadilli məktəbləri
də, ana dilində ayrı-ayrı siniflər
üçün yazılmış kamil dərslikləri də,
sağlam ana dilində buraxılmış “Azərbaycan” qəzetini
və digər silsilə nəşrləri də yaxşı
xatırlayır. O 1 ilin təcrübəsi və dərsləri,
həmin 1 ildəki şərait onillərlə davam etsəydi,
indi hansı mənzərə ilə üzbəüz
olardıq?! Bunu sadəcə təsəvvür etməyin
özü insanı həyəcanlandırır.
Və mən böyük, vahid, yenilməz Azərbaycanın
parlaq gələcəyini məhz bu ülgü müstəvisində
görürəm - o tayda və bu tayda orta məktəblərdə
uyğunlaşdırılmış qrammatika əsasında
şəkilləndirilmiş ədəbi dildə bir-birindən
az fərqli ana dili, ədəbiyyat, tarix dərsliklərini
oxyub yetişən yeni azərbaycanlı nəsilləri; eyni tərbiyəni
alaraq, eyni mənəvi qəliblərə müvafiq
böyüyən bu nəsillər daha Güneyli və Quzeyli
olmayacaq, sadəcə AZƏRBAYCANLI olacaq. Vahidlik,
bütövlük ən əvvəl könüldəki,
düşüncədəki coğrafiyada olmalıdır.
İçəridəki vahid coğrafiya xəritələrə
günəşin çıxması, yağışın
yağması, küləyin əsməsi qədər təbiiliklə
köçür. Təməl - dil və onun verdiyi tərbiyədir.
O dil və tərbiyə ürək istəyən kimi olarsa,
günəş də çıxacaq, yağış da səpəcək,
külək də əsəcək!!!
...Bu gün İranda ya tam, ya qismən Azərbaycan
türkcəsində dərc edilən nə qədər qəzet-dərgi
var - barmaqla sayılacaq qədər. Sayı 40 milyonu
çoxdan aşmış xalq üçün dəryada
damladır bunlar.
Bir zamanlar İranda nəşrsizlik bəlasını
aradan qismən də olsa götürmək niyyətli cənublu
yazarlar ədəbiyyatın yazılı və şifahi
qanadları arasındakı ortaq bir xəttini
tapmışdılar. Kaset ədəbiyyatı.
Yazıçılar, şairlər ana dilindəki əsərlərini
kasetlərə oxuyub yayırdılar. Bakıdakı “Araz”
radiosundan səslənən ədəbi proqramlar, bədii
verilişlər, müxtəlif radio-səhnələşdirmələr
kasetlərə yazılaraq Güneydə bazarlarda səsli
kitablar kimi satılardı.
Cənubda böyük müddətdə fars diliylə
nəfəs-nəfəsə yaxın yaşamış,
mövcud olmuş Azərbaycan türkcəsi təbii olaraq həmin
dilin ciddi təsirlərinə uğramışdır.
Necə ki, sovet onilləri içində Şimalda
bizim dilimizə rəsmən yüzlərlə rus və rus
dili vasitəsilə Avropa sözü keçib. Üstəlik,
danışıq dilimizə bir para alaq otu hesab edilə biləcək
rus kəlmələri yapışıb ki, onları tez-tez
qeyri-iradi nitqimizə qatırıq.
Hələ qoca Mahmud Kaşğari yazırdı:
“Ən açıq və doğru dil ancaq bir dil bilib farslara
qarışmayan və yabançı tayfalara gedib-gəlməyənlərin
dilidir. İkidilli şəhərlərdə
yaşayanların dili pozuqdur”.
Şimali Azərbaycanla Cənubi Azərbaycanın
get-gəllərinin olmaması, sərt sərhəd rejimi dil
qaynayıb-qarışmalarını məhdudlaşdırdığından
və eyni dil sərhədin o və bu taylarında müxtəlif
səviyyələrdə inkişaf etdiyindən adi kəlmə
anlamlarından tutmuş bədii dil normalarınadək də
xeyli fərqli təfərrüatlar ortaya
çıxmışdır.
Bunu bilavasitə duyaraq mən 1990-cı illərdə
“Amerikanın səsi” radiosundan hazırladığım “Cənuba
pəncərə” verilişlər silsiləsində hər
gün efirə çıxarkən nəzərə almalı
olurdum. Auditoriya həm o tay, həm bu tay idi. Mətni tərtib
edərkən hər dəfə həm o, həm bu tərəfin
dil stixiyasını nəzərə almalı olurdum. Baxmayaraq
ki, dil eyni idi, dinləyənlər hamısı Azərbaycan
türkü idi. Parçalanmış xalq olmağın belə
nisgilləri var, əziz soydaşlarım!
Biz Azərbaycan Respublikasında XIX-XX yüzillərdə
də, XXI əsrin ilk onilliklərində yaranmış nəsr
və poeziya örnəklərinin Güneydə daha çox
oxunması istiqamətində arasıkəsilməz və
genişhəcmli iş görməliyik. Cənubda və
Şimalda fərqli cəhətlərə malik ədəbi
dilimizi tədricən ortaq məxrəcə doğru irəlilətməkdə
bu, çox mühümdür.
Kompüter texnologiyalarının
açdığı girəvə bu yolda etibarlı
yardımçımız ola bilər. Kirildən və
latından Cənubi Azərbaycanda işlənən ərəb
qrafikalı əlifbaya qüsursuz, mükəmməl işləyən
təbdil proqramları hazırlanarsa, çətinlik çəkmədən
cild-cild kitablarımızı onların istifadəsi
üçün yönəldə bilərik. Bununla da dil nəhrimizin
bu iki nəhəng qolunun qovuşması, bir-birindən nələrisə
alaraq daha da durulması, zənginləşməsi, bu zənginləşmiş
ortağı gələcək vahid ədəbi dilimizin
üfüqlərinə səmtləndirməyə təşəbbüs
etmiş olarıq.
Güney öz ərəb əlifbasını
yaşatmaqla ibtidai məktəbdən başlayaraq
latını öyrətməyi mütləqləşdirməli
(darıxmayın, mən bilirəm nə deyirəm, milli tədrisimizin
o günləri lap yaxındadır), Quzeydə də ərəb
əlifbası ibtidai siniflərdən başlayaraq öyrədilməlidir
(Bu, indiki halda artıq gözləmədən gerçəkləşdirilə
bilən niyyətdir. Sadəcə, dövlət iradəsi tələb
olunur).
İki, hətta üç rəsmi dövlət dili
olub yaşayan ölkələr var. Bizimçün tarixi
doğmalıq qazanmış iki əlifbanı - ərəb və
latın qrafikalarını o üz-bu üz bütün Azərbaycanda
hamının mənimsəməsi bu qabiliyyətli xalq
üçün nə çətin işdir ki!
Bu işləri görməliyik, çünki dilimizə
qarşı basqılar, dilimizə açıq və gizli təsiretmələrlə
milli özünüifadəyə qarşı maneəyaratmalar
bu gün də mütəmadi şəkildə davam etmədədir.
Xatirimdədir, 2000-ci il fevral ayının 26-da
“Amerikanın səsi” radiosu ilə Berlində yaşayan
İran azərbaycanlısı İsmayıl Təbrizlinin
müsahibəsi səsləndi. Deyirdi ki, 3 uşağı
var, böyüyü 10 yaşındadır. Almaniyadakı
İran səfirliyinə 9 il yarım ayaq döyəndən
sonra uşaqlarına doğum şəhadətnaməsi ala
bilib. Bu da onun nəticəsində mümkün olub ki, Berlində
azərbaycanlıların açdıqları radioda hər
gün İran səfirliyinin insan haqlarına zidd belə hərəkətlərindən
danışırmışlar. Səfirlik də onların
ağzını yummaq üçün məcburiyyətdə
qalaraq, nəhayət ki, şəhadətnamələri verib.
Nə səbəb gətirərək sənədləri
vermirlərmiş? İsmayıl bəy uşaqlarına
Savalan, Səhənd, Təbriz adları veribmiş. Səfirlik
bu adların separatist mahiyyət
daşıdığını iddia edərək, təkəbbürlə
“get adları dəyiş, sonra sənəd verək”
deyirmiş. Oğlanlarının adı Oqtay və Atilla olan
digər bir Berlin azərbaycanlısı da eyni təhqir və
süründürməçiliyə məruzmuş. Ya
başqa bir Berlin azərbaycanlısının Huşəng, Fərhəng,
Sərhəng adlı oğlanlarına şəhadətnamə
verib, Behrəng adlı uşağa şəhadətnamə
verməkdən imtina edirlər. Nə var-nə var, bu ad
güneylilər üçün bir rəmzdir, Səməd
Behrəngini - Cənubi Azərbaycanın milli haqları
uğrunda mübarizi, hələ şah zamanında məhz
milli dikbaşlığına görə Araza qərq etdirilərək
aradan götürülmüş görkəmli uşaq
yazıçısını yada salır.
Yaxşı, bunlar dünəndə qalan söhbətlərdir,
bəs bu günə, davam edən eyni xəttə nə
deyirsiniz?
Ayətulla Əli Xameneyinin fərmanı ilə bundan
sonra İran İslam Respublikasında yeni doğulan körpələrə
yalnız fars adı veriləcək!
İmperiyalar həmişə belə olub. Adi sözdən
də qorxub. Qələmin qabağında zağ-zağ əsib.
Dil həmişə belə olub. Ən adi kəlmələriylə
milli ruhu tərbiyə edib, milli ruhu dirçəldib, minləri
bircə sözün xəfif səslənişi ilə
tarım çəkib, səfərbər edib.
Qəti əminəm ki, İranda Azərbaycan
xalqının dilinə qarşı aparılan siyasət
İranın dövlət maraqlarına ziddir, bunu edənlər
İranı guya separatist təmayüllərdən,
parçalanmalardan xilas etməyi düşünürlərsə,
əksinə, gerçəkləşdirdikləri insan
haqlarına zidd əməllərlə həmin arzu etmədikləri
reallığa doğru milyonlarla insanı sövq etmiş
olurlar.
Bu əqidədəyəm ki, Güney Azərbaycandakı
dil prosesləri, dil normaları, ləhcələr, şivələr,
bir sözlə, dil fəzası ayrı-ayrı pərakəndə
araşdırmalar şəklində deyil, sistemli, xüsusu
layihə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqə
başlanmalıdır, əslində Dilçilik
İnstitutunda çoxdan bununla bağlı ya ayrıca
şöbə, ya da müstəqil mərkəz təsis edilməli
idi.
Bizim dilçilik elmi kifayət qədər yüksək
elmi-nəzəri potensiala malikdir, Cənubi Azərbaycanla əlaqədar
dil materialını cənublu araşdırıcılardan
öncə məhz onlar (amma hökmən güneylilərlə
sıx iş birliyi şəraitində) daha səriştə
ilə təhlil edə, qəlibləndirə bilərlər.
Dil, o dilin yaratdığı ədəbiyyat oyanıq
milli ruhun yetişməsində, tərəqqisində, yeni
qüvvət kəsb etməsində müstəsna əhəmiyyət
daşıyır.
XX yüzildə Azərbaycana istiqlal üç dəfə
nəsib oldu. 1918-ci ilin 28 mayında, 1945-ci ilin 12 dekabrında,
1991-ci ilin 18 oktyabrında.
1918-ci ildə qazanılmış müstəqilliyimiz
23 ay yaşayaraq 1920-ci ilin 28 aprelində devriləndən sonra
bu millət yenidən müstəqil olmağı 70 il boyunca
bağrının başında yaşatdı. İstiqlal
arzusu ilə Vətənin yüzlərlə mərd
oğlunun həyatı həbslərdə, sürgünlərdə,
qürbətlərdə çürüdü. Mübarizə
dayanmadı. Ən mümkünsüz şəraitlərdə
də davam etdi. Söz, ədəbiyyat daim bu mübarizənin
ən əyani ifadələrindən idi. İstiqlal
arzuları SSRİ sərhədləri içərisində -
Sovet Azərbaycanında üstüörtülü, Ezop diliylə
qələmə alınan şeir və nəsr əsərlərində,
xaricdə - mühacirlərimizin nəşr etdikləri qəzetlərdə,
dərgilərdə, kitablarda yer aldı.
1946-cı ilin 12 dekabrında - düz 1
yaşının tamamında süqut etmiş Güneydəki
Milli Hökumətin müqəddəs idealları da həm
orada, Güneydə düşüncədə, ürəkdə,
ötkəm qələmlərdə yaşadı, həm də
qismətinə mühacirliyin nadir bir çeşidi
yazılmış, Güneydən Quzeyə - Azərbaycandan Azərbaycana,
amma ayrı bir dövlətdən digər bir dövlətin,
İrandan SSRİ-nin ərazisinə pənah gətirmiş ədiblərimizin
yaradıcılıqlarında, köhnə fədailərin
gündəlik həyatında davam etdi.
XX yüzili Quzey Azərbaycan bərpa edilmiş
müstəqilliyinin 10 yaşına çataraq başa vurdu,
artıq istiqlalımız 33 yaşındadır.
İstiqlalın üstünə artan hər növbəti ilsə
sadəcə müstəqilliyin ömrünün uzanması
deyil, onun əbədi, qayıdışsız, dönməz
olacağının zəmanətidir.
Həsrətində olduğumuz, ən əlçatmaz
arzu kimi baxdığımız istiqlalı Vətənin
şirin, dadlı dili ilə öyən, qan qaynadan, vətənsevərlik,
Azərbaycan ideallarına sədaqət amalını
aşılayan bolluca şeirlər, nəğmələr yarandı
bu illər içində. Əvvəldən olanlara
qovuşaraq bunlar zəngin bir xəzinəyə çevrilib.
Şeirə və məhz bu qəbil ruh tərpədən,
səfərbər edən şeirlərə adi baxmayaq.
Xüsusən milli inkişafımızın indiki durumunda adi
baxmayaq. Onlar dualar kimidir və o milli dualara millətin
böyüyən nəslinin ən dərin ehtiyacı var. Həm
də millətin bütövləşməsini umuruqsa, gərək
o şeirləri - o duaları həm o tayda, həm bu tayda
böyüyən nəsillər eyni dərəcədə bilə.
Millətin bir hissəsi bir cür, o biri hissəsi ayrı
cür dualarla böyüyəndə inancların ən
gözəli olan Millət Dini heç vəchlə vəhdət,
bütünlük, sarsılmazlıq qazana bilməz.
Vaxtilə böyük türk şairi Mehmet Akif
Ərsoyun (1873-1936) “İstiqlal marşı” adlı şeiri
elan edilmiş müsabiqəyə təqdim edilən 724 mənzumədən
biri olaraq seçilmişdi, o şeir ilk dəfə 1914-cü
ildə Türkiyə Böyük Millət Məclisinin
kürsüsündən oxunanda millət vəkilləri vəcdə
gələrək elliklə yerindən qalxmışdı,
şeiri ayaq üstə dörd dəfə alqışlara
bürüyərək dinləmişdilər. Ehtiyac
içində yaşayan, soyuq qış günlərində
üzvü olduğu parlamentin iclaslarına paltosu
olmadığından köhnə pencəkdə gələn
Mehmət Akif həmin şeir üçün verilən o
zaman yetərincə iri məbləğ olan 500 dollarlıq
mükafatdan imtina etmişdi, “Vətən naminə
gördüyüm bir iş üçün pul almaram”, -
demişdi.
Belə bir şeir yazmağı İŞ hesab
etmişdi. Bəli, haqlı idi şair. Bu, İŞ idi,
özü də millət naminə görülən
Böyük İş idi.
Millət adına, Dilimiz naminə belə böyük
və nəcib İŞ görənlərimiz çox olsun!
...Dilimizlə bağlı nigarançılıq
oyadan bir məsələ də dilin ifasıdır. Bizim millətə
ortaq ədəbi dil ifasına yiyələnmək gərəkdir.
Söz yox, buna zaman lazımdır. Ancaq o günə gözləməklə
deyil, həmin günə doğru məqsədyönlü
şəkildə durmadan irəliləməklə tez
çatmaq olar.
“İfa” səhnə ilə, aktyor sənəti ilə
bağlı bir sözdür, amma nəzərimcə, dili
nitqində canlandıran hər vətəndaş gərək
özünü elə yalnız fikrini ifadə eləyən
adi adam yox, həm də bu dilin gözəlliyini nümayiş
etdirən bir aktyor saysın.
Bu hərəkətiylə də dilin sıravi
istehlakçısına yox, həm də ondan istifadə edə-edə
eyni zamanda xidmətçisinə çevrilsin.
Böyük müğənnimiz Bülbül sərrast
deyirdi: “Öz dilində elə danışmalı ki, sənin
dilini anlamayanlarda da bu dilə rəğbət oyansın”.
F.Nitsşe bu mətləbin dərininə enir.
Yazırdı: “Dildə ən çox anlaşılan
sözün özü yox, onun tonu, vurğusu, modulyasiyalar,
sözlərin müəyyən qisminin ifadə edildiyi temp - kəsəsi,
sözlərin arxasında gizlənən musiqi, o musiqinin
arxasında gizlənən ehtiras, o ehtirasın
arxasındakı şəxsiyyət, bir sözlə,
yazıya alına bilməyən keyfiyyətlərin məcmusudur”.
Biz dilimizi kifayət qədər cazibəli
danışmağa hər an səy etməliyik. Güneydə
və Quzeydəki kənd-kəsəyimizdə yüzlərlə
ləhcə və şivə var. Ancaq onların hər birinə
məhəbbətlə yanaşaraq unutmamalıyıq ki,
dilimizə “Ana dili” deyirik. Və buradakı “Ana” yalnız bizi
bətnində gəzdirmiş insanı nəzərdə
tutmur. “ANA” həm də əsas, baş, ümdə olan deməkdir.
Bizimçünsə dil fəzasında bütün şirin
ləhcə və şivələrimizin zirvəsində
Ədəbi Dilimiz dayanır. Ədəbi dil tərbiyəsi,
təbii, öncə tədrisdən başlanır. Ancaq məktəb
öz yerində, ondan az əhəmiyyətli olmayan
radio-televiziyadır. Aydın məsələdir ki, Güneylə
Quzeyin vəziyyəti bu baxımdan xeyli fərqlidir, hətta
müqayisəedilməz həddə seçilir. Ancaq indi sərhədlər
tanımayan internet şəbəkəsi var. O və bu tayda
baxılan ortaq internet televiziya proqramları ortaq ədəbi
dilimizin arzulanan biçimi qazanaraq daha geniş kütlələri
əhatə etməsi üçün ən qısa
körpülərdən biri kimi müəyyənləşdirilmiş
xətt üzrə, bəlli bir yol xəritəsi
cızılaraq istifadə edilməlidir.
Xaricilər dilimizə son illərdə getdikcə daha
artıq maraq göstərirlər. Gələcəkdə bu
maraq daha da artacaq. Belə maillik isə təzə söhbət
deyil, bunu Mahmud Kaşğarlı da söyləmişdi:
“Türklərə dərdini söyləmək
üçün, ürəklərinə yol tapmaq
üçün onların dilində danışmaqdan gözəl
vasitə yoxdur. Hər kim onların dilinə
sığınırsa, onu özününkü sayıb hər
cür təhlükədən qurtarır. Buna görə də
türk olmayanlar da türk dilinə sığınmaqla hər
cür zərər-ziyandan uzaq olurlar”.
Əcnəbilərə Azərbaycan türkcəsini
öyrədən ayrıca dərsliklər də
yazmalıyıq.
Lakin əvvəlcə özümüzə umac ovaq.
Azərbaycan dili dərslikləri keçmişlərdə
Quzey Azərbaycanda elə bu tay nəzərdə tutularaq
yazılırdı. İndi gərək o tay da hökmən
göz önündə saxlansın. Demək, ana dili dərslikləri
yaradıcılığında çox şeylər dəyişilməli,
çox məqamlar müştərəklik baxımından
süzgəcdən keçirilməlidir.
Biz oturub gözləyə bilmərik haçan
münasib şərait yaranacaq, icazə veriləcək ki,
Güneydə ana dilində məktəblər
açılsın, orada azərbaycanlıların doğma
dildə təhsili məsələsi illərcə
arzulanmış axarına düşsün. Dünya elə dəyişəndir
ki, bu, lap ən tez bir vaxtda, uzun hazırlıqlar görülmədən
qəfilcə də baş verə bilər. Siyasətdir,
görərsən üzü döndü, gün doğdu.
Tarix gedişatının bütün məntiqi də istər-istəməz
həmin səmtədir. Ancaq heç bir halda - bu niyyətin
yaxın çağlardamı, ya bir qədər sonra
gerçəkləşəcəyini oturub gözləmək
əsla yaramaz. Güney məktəbləri üçün
birincidən son sinifə qədər bütün ana dili və
ədəbiyyat dərslikləri Quzeyli və Güneyli mütəxəssislərin
birgə səyləri ilə ən qısa dövrdə
mütləq yaradılmalıdır.
Və ləngimdən də Tədrisə
Başlanılmalıdır!!!
Bu boyda GOOGLE və YOUTUBE varkən tərəddüdə
və gözləməyə nə hacət?! Dərsliklər
yazılıb hazır olunca onların PDF-ləri internet şəbəkəsində
yerləşdirilir və “məktəb zəngi”
çalınır.
Kanalını aç, müəllimlər hər
sinif üçün hazırlanmış bəlli dərsliklər
üzrə tədrisi oradan başlasın.
Bugünün texnolojiləri - nəcib və əzəmətli
internet hörümçəyinin bütün dünyanı
bürüyən toru sinfin kiçik bir otaq çərçivəsindən
qurtularaq yüzlər və minlərlə öyrənci tutan
nəhəng auditoriyaya, əngin tədris məkanına
çevrilməsinə, bundan da asudəcə
yararlanmağımıza meydanı çoxdan açıb.
İstifadə edək!
Güneyli-quzeyli 50 milyon, dünyadakı
daşıyıcılarının miqdarı ilə 60 milyon
olan azərbaycanca danışan insanları (bu göstərici
indi belədir, şəksiz, gələcəkdə daha da
artacaq) bütöv halında düşünərək Azərbaycan
dilinin mükəmməl orfoqrafiya, sinonimlər, antonimlər
lüğətləri düzəldilməlidir. İndiyədək
olanlar bu bütöv xalqın yalnız bir hissəsinin dilindən
alınmış materiallar əsasında hazırlanıb.
Etimoloji, izahlı, orfoqrafiya lüğətlərimiz də
Güney və Quzeyi birgə götürərək
hazırlanmalıdır. Həmin bütövlükdə dilin
zənginliyi və möhtəşəmliyi də daha
artıq üzə çıxacaq.
Vahid bünövrə lüğətləri olmayan
bir millət gerçək birlikdən necə dəm vura bilər!
Gendən adama mürəkkəb, qəliz kimi gələn
milli birliyə nail olmaq amalı belə ümdə dayaqlar
üzərində dikəlib bərqərar ola bilir.
Həm Güney, həm Quzey üçün çox
mühüm, ikisinə birlikdə isə həyati əhəmiyyətli
olan ana dilimizin daha da qüdrətlənməsi, irəliləməsi,
ali hədəflərinə yetişməsi yolunda mübarizələri
bir göz qırpımı, bir nəfəs dərimi qədərcə
fasilə vermədən davam etdirmək gərəkdir.
Bununçün ilk növbədə həmin mübarizəyə
qatılanların hər birinin ürəyində sevgi alovu
olmalıdır.
Dilə sevgini, əlbəttə ki, sevgi
çağırışları ilə yaratmaq olmaz. Gərək
iş olsun! Gərək səlahiyyət sahibləri də, hər
bir soydaş da dilin namusunu çəkə! Həm də bu
yolda ən əvvəl ortada gərək dilimizin ən
canıyanan qayğıkeşlərindən Mirzə Cəlil
demiş, əməl ola! Və tam Mirzə Cəlil deyən
kimi təkrarlayıram: “Əməl! Əməl! Əməl!”
9 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2024.- 26 iyun,¹110.-S.12-13.