Səni sevdim,
Qırğızıstan
(İkinci yazı)
Bu dəfə yolumuz Qırğızıstanın məşhur
Kırçın yaylağınadır. Yol boyu dağlara,
ağaclara, kollara, çiçəklərə baxıram.
Gözəldi, çox gözəldi. Dağları sevirəm.
Zirvədən baxmağı sevirəm. Özünü
möhtəşəm, yenilməz hiss etmək elə
özü möhtəşəmdir. Bir şeyi hiss etdim: nə
qədər gözəl olsa da, buralar mənə yad idi:
qanım, genetik kodlarım mürgülü idi. Mənim
babalarım buralardan qopma olmayıb. Qarsdan, İqdırdan,
Ərzurumdan, İrəvandan, Sisyandan-Zəngəzur
dağlarından keçəndə coşan, haray salan
qanım burda susmuşdu. İrəvandan, Naxçıvandan
bir stəkan su içsəm, tanıyaram, bilərəm, vətəndəndir.
Əmimgilə gedəndə özümü necə hiss
edirdimsə, burda da özümü elə hiss edirdim - atam
evindəki kimi yox.
Maşınlardan düşən səfərçilər
Kırçının maili düzənliklərinə səpələndilər.
Hamı daha çox baxmaq, təmiz havadan doyunca içinə çəkmək istəyir.
Kırçın Tyanşanın-Tanrı
dağlarının orta hündürlüyündə yerləşən
gözəl yaylaqdır. Bir neçə yurtalara rast gəldik.
Hətta kirayə verilənləri də vardı.
Yağış çiləməyə başladı.
Qonaqları böyük yurtanın-bozüyün birində və
iri bir çadırda yerləşdirdilər.
Hazırlıqlı gələn özbək qardaşlar
odunları alışdırıb iri qazanları, dərin
sacları ocağa asdılar. Qoyun ətindən bişirilən
özbək plovunun süfrəyə gəlməsi çox
uzun çəkmədi. Həmçinin müxtəlif
şirniyyatlar, çay, meyvələr stolları bəzədi.
Yaylaqda adam yeməkdən doymur: burdan yeyirsən, hava-su ordan
acdırır. Yeməkdən sonra çal-çağır,
milli musiqi səsləri ətrafa yayıldı. Dərhal
bizimkiləri başıma yığdım, xorla “Azərbaycan
himni”ni oxumağa başladıq. Aşıq Azər yenə
sazı köynəkdən çıxardı. Sazın simlərindən
qopan Dədə Qorqud yaşlı musiqi sədaları
qırğız
dağlarında ilk dəfə səslənirdi, bəlkə
də. Bəlkə də, bir zamanlar buralarda at səyirtmiş,
ox atıb qılınc çalmış qırğız
döyüşçülərinin, Manas və varislərinin
ruhu bu musiqinin səsinə min illik yuxusundan oyanmış,
uçub gələrək yaylağın şenliyinə
qarışmış, musiqimizin ecazkar səsindən vəcdə
gəlib qardaşları salamlamışlar.
Kırçının ətəyidən axan
Kırçın çayının şaqraq səsi
aşığın, sazın səsinə qarışıb
yaylağın sinəsinə yayılaraq dağları
mürgüdən oyadır, sanki ağaclar,
otlar-çiçəklər də əl çalır,
şənlənirdilər. Möhtəşəm bir hiss,
duyğuydu bunlar. Baxdıqca şanlı qırğız
tarixinin bəzi səhifələri gözlərim
önündən keçir.
Hunların dövründən Yenisey çayı
boyunda yaşayan qırğızlar 560-cı ildə Mukan
kağan zamanında Göytürklərlə birləşmişlər.
630-cu ildə Göytürk dövlətinin
yıxılmasıyla qırğızlar müstəqil olsalar
da, 681-ci ildə II Göytürk dövlətinin
qurulmasıyla bu dövlətin tərkibinə qatılmağa
məcbur olmuşlar. Uzun müddət uyğurların tərkibində
olan qırğızlar 840-cı ildə uyğurları
yıxaraq Orhun bölgəsində öz müstəqil
dövlətlərini yaratmışlar. Bir müddət sonra
Kitanlar qırğızları məğlub edərək
Orhundan qovurlar. Qırğızlar köhnə yurdlarına
qayıtmağa məcbur olurlar. Orhun isə Monqolustanın bir
parçasına çevrilir. Çingiz xan dövründə
digər türk xalqları kimi, tatarlara məğlub olan
qırğızlar bundan sonra uzun müddət - sovet hakimiyyətinəcən
müstəqil dövlət statusu ala bilməmişlər.
Sovet hakimiyyəti dövründə müstəqil dövlət
kimi SSRİ-nin tərkibinə daxil olmuşlar. Dənizə
çıxışı olmayan, uzun müddət müstəqil
olmayan və sərhəd problemləri ilə daim
qarşılaşan bir xalq kimi bu, əlverişli bir dönəm
idi. Məncə, qırğızların ruslarla bağlı ənənələri,
hətta musiqini, çox şeydə sovet üslubunu qoruyub
saxlamaları bununla bağlıdır.
1991-ci ilin 31 avqustunda Qırğızıstan
özünü müstəqil respublika elan edib. Hökumət
kompromisli milli siyasət yeridir, ölkədə məskunlaşmış
çoxsaylı rus və başqa xalqların milli
barışıq şəraitində yaşamasına
çalışırdı. Lakin 90-cı illərdə Azərbaycanda
olduğu kimi, burda da yaşayış səviyyəsinin kəskin
aşağı düşməsi nəticəsində yüz
mindən çox rus ölkəni tərk edib getdi. Bir müddət
sonra ölkənin cənubunda
mücahidlərin hərbi terrorist hərəkatının
genişlənməsi Qırğızıstan
üçün Rusiyanın rolunu artırdı. Əməkdaşlıq
regionda təhlükəsizliyin qorunub saxlanılması, sərhədlərə
nəzarət, narkobizneslə mübarizədə (Rusiya
Əfqanıstandan gətirilən narkotiklərin
ötürülməsində tranzit ölkə kimi
Tacikistandan istifadə edir) birgə tədbirlərin həyata
keçirilməsini gücləndirdi. Düşünürəm,
Asiyanın çox hissəsini ələ keçirən,
ölkələri uzun müddət nəzarəti altında
saxlayan ruslar nələrin müqabilində
qırğızlara belə ürəyiyanan olmuş, nələrin
müqabilində himayədarlıq etmişlər?!. Otuz ildən
çoxdur ki, sərhəd problemləri ilə üz-üzə
qalan Orta Asiya respublikaları kimi, Qırğızıstan da
bundan əziyyət çəkir. Oş şəhərində
yerləşən Təxti-Süleymana dini bayramlarda zəvvar
axını başlayır. Terrorçular bu zaman fəallaşır
və Tacikistandan sərhədi pozaraq Qırğızıstan
ərazisinə soxulur, qətllər törədirlər.
1992-ci ilin martından BMT-nin üzvü olan
Qırğızıstan qonşu dövlətlərlə
qarşılıqlı hərbi ittifaq sayəsində bu
problemi aradan qaldırmaq yolunda xeyli uğur əldə
etmişdir. Tacikistan və Qırğızıstan
arasındakı 971 kilometrlik sərhədin 600 kilometri ilə
bağlı razılıq əldə olunub, qalan hissədə
problem hələ də qalmaqdadır. Həmçinin
üç ölkənin sərhədində yerləşən
Fərqanə vadisi də mübahisəli zona olaraq
qalır. Azərbaycanın
Qarabağ problemində ilk illər bizi dəstəkləyən
dost ölkə 1994-cü ilin 12 mayında Bişkekdə
imzalanan atəşkəs müqaviləsinə ev sahibliyi
etmişdi.
1995-ci ildə “Manas” dastanının 1000 illiyinə həsr
olunmuş tədbirlərə Azərbaycan nümayəndə
heyəti və Ümummilli liderimiz mərhum Heydər
Əliyev də qatıldı.
Bu görüşdə həmçinin iqtisadi və mədəni
əməkdaşlıq, neft-qaz yataqlarının birgə
istifadəsi məsələləri barədə tarixi
Bişkek bəyannaməsi qəbul olundu. Heydər Əliyev
dastanın tərcümə olunması, Azərbaycanda nəşri
və yayılması göstərişini verdi.
Manasçılar tərəfindən söylənilən,
18 variantı qeydə alınan “Manas” dastanı haqda geniş məlumatları
səfər öncəsi öyrəndim. Həcm etibarilə
dünya folklorunun ən böyük əsəri (yarım
milyon misra) hesab olunn “Manas” indi də davam edir, ona yeni motivlər,
çalarlar əlavə olunur. Bitməyən bu nəhəng
dastanın ecazkarlığı qarşısında donub
qalmışdım. Vətənin azadlıq və müstəqilliyini
hər şeydən uca tutan Manas vətəni yadellilərdən
qorumaq üçün xalqı mübarizəyə
çağırır. Dastanda türk xalqlarının həyat və məişəti, adət-ənənələri,
vətən sevgisi elə gözəl verilib ki, oxucu heyran
qalmaya bilmir. Birinci hissəsi Manasa, ikinci hissəsi oğlu
Semeteyə, üçüncü hissəsi nəvəsi
Seytekə həsr olunmuş dastandan məlum olur ki,
Xızır peyğəmbərdən ölməzlik alan Manas
uydurma obraz yox, həqiqi tarixi şəxsiyyətdir. O, IX əsrdə
Qırğızıstanda yaşamış Ajo adlı sərkərdənin
prototipidir. 850-ci ildə hakimiyytə gələn Ajo
parçalanmış qırğız xanlıqlarını
birləşdirib vahid dövlət yaradıb, xanlar xanı
olub:
Sovuranda soyumu
Ayrılığın tufanı
Birləşdirib xalqımı
Millət etdim tayfanı.
Harda dəfn olunduğu bilinməyən Manasın ruhu
indi də qırğız xalqını yadellilərə
qarşı mübarizədə qəhrəmanlığa,
birliyə səsləyir:
Min il keçdi üstündən
Məzar sirri qorundu
Gəlib-getdi o vaxtdan
Neçə payız, neçə yaz.
Hələ də bilmir heç kəs
Harda yatır ər Manas.
Qırğızıstanın idarə olunmasında
konstitusion qanunlara əməl olunur. Ölkə parlamentli
respublikadır. Faktiki rəhbər hakim koalisiya tərəfindən
təyin edilən baş nazirdir. Prezident Silahlı Qüvvələrin
Ali Baş komandanı olmaqla təmsilçilik
funksiyalarını saxlayıb və 6 ildən bir keçirilən
bir səlahiyyət müddətinə seçilir. Çox
gözəl demokratik faktdır.
Qırğızıstanda 20 minə qədər azərbaycanlı
yaşayır. Azərbaycan-Qırğızıstan əlaqələri
dostluq və qardaşlıq zəminində daim genişlənir,
inkişaf edir. Qarşılıqlı olaraq hər iki ölkədə
səfirliklər fəaliyyət göstərir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev burada
keçirilən Dövlətlərarası Şuranın
birinci islasında çıxış edib,
Qırğızıstan- Azərbaycan Dostluq parkının,
Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil
məktəblərinin açılışında iştirak
edib. Həmçinin Prezidentimiz “Ata-Beyit” Milli Tarixi Memorial
kompleksini və dünya şöhrətli yazıçı
Çingiz Aytmatovun məzarını ziyarət edib.
Artıq səfər başa çatmaq üzrəydi.
Çamadanlarımızı yığıb Alma-Ata deyə
hazır qoymuşduq. Avtobusla əvvəlcə Bişkekə,
ordan Qazaxıstanın sərhədini keçib Alma-ata hava
limanına getməliydik. Yol uzunu dağlara baxıram. Torpaq
verimsizdir. Hər yerdə boz, gilli torpaqdır, amma bu
torpağın altında nə qədər təbii ehtiyatlar
var, qırğızlar bilir. Meşə yoxdur. Bəzi kəndlərdə
münbitləşdirilmiş sahələrə, meyvə
ağaclarına rast gəlmək olur. Bir kəndin
adını gözüm çaldı: Karabulak. Necə də
ürəyəyatım, qulağa xoş gələn bir
sözdür. Bizim Füzuli rayonunun qədim adı. Dağların
arası ilə, dərədən axan gur sulu Çu
çayının yatağı ilə paralel yol boyu sürətlə
şütüyür avtobus. Dağlarla vidalaşıram. Tale
bir də məni sizinlə görüşdürəcəkmi,
bilmirəm. Sərhəddə yerləşən gözəl
bir şəhərə - Tokmok (toxmaq) şəhərinə
çatırıq. Səliqəli, zövqlə tikilmiş
şəhərdir. “Havay” istirahət mərkəzində günorta yeməyi yeyirik. Yemək
hazır olanacan aclığa dözməyən şəkər
xəstəsi yoldaşlara çantamda ehtiyat üçün
götürdüyüm beşbarmağı paylayıram. Yeməkdən
sonra istirahət mərkəzini gəzərkən eynilə mənim
koftamın naxışı olan pencək geyinmiş Ostap
Benderin (“12 stul” filminin qəhrəmanı) heykəlini görən
qızlar birlikdə şəklimizi çəkdilər.
İlk dəfəydi ki, könülsüz yox, sevinərək
şəkil çəkdirirdim.
Burdan Qırğızıstan-Qazaxıstan sərhədinə
üz tuturuq. Yolda arxamızca gələn maşınlar bizi
saxlatdı. Joldoşbek Monoldorov və həyat yoldaşı -
gözəl xanım Gulmira Abikeyevanın gətirdiyi ərzaqları
görəndə çox təəccübləndik.
Çünki günorta yeməyimizdən heç iki saat
keçməmişdi. Bütün tədbir boyu İlqar
Türkoğlu ilə ora-bura qoşduran, qan-tər içində
hər şeyin mükəmməl olmasına
çalışan bu cütlük son məqamda da
qayğımıza qalmağa
çalışmışdı. Müxtəlif sular, kolbasa,
ayran, kumısı ayaqüstü yeyərək yolumuza davam
edirik. Gömrük məntəqəsində
elə zülm çəkdik, olmayan kimi. Bir dənə də
olsun kölgəlik yox, yollar, keçidlər bərbad,
zibilin, toz-torpağın içində. Gölməçədən
xorla oxuyan qurbağaların şellənməyinə həsəd
apardım. Yol o qədər bərbaddı ki, yol
çantamın təkəri və tutacağı sındı. Qardaşların
nöqsanını açmaq məqsədilə yox,
bunları düzəltmək üçün yazıram. Azərbaycandan nümunə götürməyinə
dəyər. Hara getsəm, öz ölkəmdə
gömrükdə olan nizam-intizamı, etikanı, səliqə
və qayğını heç yanda görmədim.
Son dəfə dönüb arxaya baxıram. Səni
sevdim, Çingiz Aytmatovun, Manasın vətəni. Sizi sevdim, əziz
qırğız qardaş və bacılar. Sizin tarixinizi, milli
adət-ənənələrinizi sevdiyinizi də çox
sevdim. Hər zaman bir-birinə dayaq olan, düşmənə
birlikdə qalib gələn xalqlarımız, bütün
türk xalqları birləşib bir böyük dövlət
yaratmaq əzmindədirlər və bunun uğurla başa
çatacağına əminik. Yeni gözəl
görüşlərədək!
Bakı-Bişkek-Çolponata-Bakı
HƏCƏR
525-ci qəzet.- 2024.- 26 iyun,¹110.-S.11.