“Gözəl pişik ilə”  

 

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Fizzə Nurizadədir. Onunla Xalq rəssamı Əliyar Əlimirzəyevin “Gözəl pişik ilə” əsərindən danışmışıq.

Əliyar Əlimirzəyev 1961-ci il 4 sentyabrda Qusar rayonunda anadan olub. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq məktəbində təhsil alıb. Əliyar Əlimirzəyev 2006-cı ildə “Əməkdar rəssam”, 2021-ci ildə isə “Xalq rəssamı” adına layiq görülüb.

1996, 2001, 2011, 2015-ci illərdə Azərbaycanda fərdi sərgiləri keçirilən rəssamın Şərqi Timorda, Fransada, Tbilisidə də maraqlı sərgiləri baş tutub. Hazırda Əliyar bəyin əsərləri Avstriyanın Albertino qalereyasında, Danimarkanın Odense İncəsənət muzeyində, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.

- Əliyar Əlimirzəyev yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?

- Rəssamın yaradıcılığının əsas istiqamətlərindən biri paradoksallıq, ciddi düşüncə tərzidir. Bunu Əliyar bəyin bu tablosunda da aydın bir şəkildə görmək mümkündür. Əsərlərində daha çox şəxsi mövzulara toxunan rəssam əsasən portret və avtoportret janrında tablolar yaradır.

- “Gözəl pişik ilə” tablosu hazırda harada saxlanılır?

- Əsər İçərişəhərdə yerləşən QGallery (Qız Qalası Art Gallery) də saxlanılır. Portret janrında işlənmiş bu əsərin yaranma ili haqqında tam dəqiq məlumat təəssüf ki, yoxdur.

- Əsərin kompozisiyası necədir?

- Yağlı boya ilə kətan üzərində çəkilmiş “Gözəl pişik ilə” əsəri olduqca maraqlı və qeyri-adi bir tablodur. Əsərdə qucağında pişik olan qadın obrazı kompozisiyanın əsasını təşkil edir. İlk baxışdan məlum olur ki, qadın zədəgan təbəqənin nümayəndəsidir. Həm qadının, həm də pişiyin üzləri tam görünmür və bulanıqdır. Bu da öz növbəsində rəssamın özünəməxsus üslubundan xəbər verir.

- Bəs əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Tabloda rənglər elə fonda verilib ki, sanki əsərə gün işığı düşür və əsər gündüzü xatırladır. Əsərdə solğun rənglər şərtidir və qeyri-adi formadadır. Tabloda duman effekti var. Rəssam bu görünüşü yaratmaqla sanki əsərdə gizlətdiyi hər hansı mənanı tamaşaçının açmağını istəyir. Tabloda qadının barmaqlarına diqqət yetirsək, kifayət qədər uzun bir şəkildə verildiyini görərik. Qəhrəmanın bədən proporsiyaları da normal insan bədəninin standart ölçülərindən kənara çıxır. Bu üsula əksər sürrealist rəssamların əsərlərində rast gəlinir. Əsərdə formalar və xətlər aydın görünmür. Onlar sanki dumanda itir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- “Sürrealist rəssamların çəkdiyi hər bir əsərin altında bir “məna yatır” yanaşması ilə Əliyar bəy razılaşmır. Onun fikrincə, rəsmdə əsas məqsəd fiqurlarla tamaşaçıya nəsə çatdırmaq yox, təsvir olunan rənglərin tamaşaçıya necə təsir bağışlamasıdır. Sonda qeyd etmək istərdim ki, qeyri-adi dünyası ilə seçilən, sözün əsl mənasında öz işinin ustası olan Əliyar Əlimirzəyevin əməyini peşəkarlar yüksək qiymətləndirirlər. Alıcılar onun işini almaqdan ötrü emalatxanasının üzərindəki boyanın qurumasını belə gözləmədən toplanırlar. Rəssam üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Əliyar Əlimirzəyev ölkəmizin əsərləri ən çox satılan sənətkarlarındandır. Bu günə qədər rəssamın 1000-ə yaxın əsəri satılıb.

 

 

Aytac SAHƏD

525-ci qəzet.- 2024.- 26 iyun,¹110.-S.10.