Atalar və
oğullar
Şəhid baş
leytenant Səid Rəşidzadənin əziz xatirəsinə
Atalar
1992-ci ilin fevralı idi. Məhşum Xocalı faciəsinə
sayılı günlər qalırdı. Hadrutun dörd
kilometrliyinə qədər yaxınlaşıb orada yerləşən
Horadiz könüllü dəstəsinin komandiriydim.
Biz bütün gücümüzü ordu
quruculuğuna səfərbər edərkən qarşı tərəf
daha sürətlə möhkəmlənirdi. Aramızdakı
təmas nöqtələri də get-gedə birləşib cəbhə
xətti kimi formaşlaşırdı. Vur-tut
üç-dörd atıcı silaha malik bir dəstəylə
ağır zirehli texnikalarla silahlanmış qüvvələrə
qarşı dayandığımız günlərdə
mövqelərimizi qoruyub saxlamaqdan başqa, heç nə
düşünmürdük. Hücum haqqında söhbət
gedə bilməzdi. İşin başqa bir tərəfi də
var idi. Nə vaxtsa Hadrutda yerləşdirilmiş sərhəd
dəstəsi SSRİ-nin qırmızı bayrağını
Rusiyanın üçrəngli bayrağı ilə əvəz
edib hələ də orada qalırdı. Yüksək səviyyəli
razılaşmaya görə, biz onların Hadrutdan tamamilə
çıxmasını gözləməliydik. Amma bununla belə,
boş da dayanmırdıq. Əraziyə yaxşı bələd
olan adamlardan yararlanıb kiçik kəşfiyyat qrupları
ilə cəbhə xəttini öyrənməyə
başladıq. Etibarlı keçid yeri tapıb düşmən
arxasına sıza bildik. Məlum oldu ki, 366-cı alayın
bölünmüş texnikalarının təkcə bir tank
və iki PDM-dən ibarət olmadığından şübhələnməkdə
haqlıymışıq. Bir neçə gün davam edən
axtarış əməliyyatlarınin sonucunda Hadrut qəsəbəsinin
mərkəzində - həmin günlərdə qərargaha
çevrilmiş keçmiş raykom binasının
qarşısındakı talvarın altında
sıralanmış zirehli texnikaları aşkarlayıb
bütün məlumatları birbaşa kəşfiyyat idarəsinə
göndərdik.
Bu yerlərin əhəmiyyətini təsəvvürə
gətirmək üçün Hadrut və onun ətrafı
haqqında qısaca da olsa, danışmalıyıq. Hadrut qəsəbəsi
Şayax və Ərgünəş dağının
arasında yerləşir. Əsasən qoz və zoğal
ağaclarıyla zəngin bağ-bağatlı dərələri
keçib sonunda Əhmədalılar altında Araza qovuşan
məşhur Qozluçay da öz axarını elə buradan
başlayır. Qəsəbənin şərq hissəsində
yerləşən əzəmətli Ərgünəş
dağı hücum edən qüvvələrə əngəl
yaratmırdı. Qarışıq meşə ilə
örtülmüş dağın təkcə qərb hissəsindəki
ətəklərində düşmənin bir neçə
müdafiə mövqeyi var idi. Amma Şayax haqqında
bunları söyləmək olmazdı. Cəbrayılla Hadrut
inzibati rayonlarının arasından burulub keçən bu
dağ silsiləsi qəsəbəni və ətraf kəndləri
iki tərəfdən divar kimi qoruyurdu. Üstəlik, bu
yüksəkliyin güney yamaclarındakı Sur və Banazur kəndlərinin
ətrafı da müdafiə mövqeləri ilə möhkəmləndirilmişdi.
Cəbhənin bu hissəsi ilə Hadrut arasında əlaqə
el arasında “Ağ yol” deyilən nəqliyyat dəhlizi vasitəsilə
həyata keçirilirdi. Qozluçayı adlayan kimi yamacla
çəpinə qalxıb oradan güneyə aşan torpaq
yolun Şişqaya deyilən yüksəklikdən keçən
hissəsi təbii ağ rəngi ilə seçilirdi. O vaxtlar
xəritəmiz olmadığından maraqlı bir detala diqqət
eləməmişdim. Sən demə, Füzuli, Cəbrayıl
Və Hadrut (sonradan Xocavənd) inzibati rayonlarının birləşmə
nöqtəsi Şayax dağı ilə qurtaran bu silsilənin
başlanğıcı imiş. Nə vaxtsa başlayacaq
hücumun uğurlu olması üçün ən azından
yüksəkliyin ilk pilləsini ələ keçirmək
lazım idi. Bu dağ indi xəritələrdə 1020 kimi qeyd
olunur. Xocalıya görə bayram ovqatı hiss olunmayan
Novruzdan üç həftə sonra əməliyyat
keçirib orada yerləşə bildik. Əlbəttə,
qarşı tərəf bunun nə demək olduğunu
anlamışdı və uzun müddət bizi oradan
çıxartmaq üçün cəhdlərinə ara
vermirdi. Heç iki həftə keçməmişdi ki, yenicə
təşkil olunmuş ikinci briqadanın Füzuliyə gəldiyini
və burada yerləşdiyini eşitdik. Ərazidə
döyüşən bütün hərbi birliklər həmin briqadanın tərkibinə
verilmişdi. Dəstəmiz Hadrut ərazisində yerləşsə
də, bu əmr bizə də aid edildi və tezliklə
üçüncü taburun beşinci motoatıcı
bölüyü olaraq xidmətimizi həmin briqadanın tərkibində
davam etdirməli olduq. Əslində bu dəyişikliklər gələcəyə
olan ümidləri daha da artırmışdı. Prezident
seçkilərindən təxminən iki həftə sonra
Hadrutda yerləşən sərhəd dəstəsinin
qalıqları da oradan çıxdı. Rusiya bayrağı
altında hərəkət edən texnikaların necə gəlib
keçdiklərini görəndə sevinirdik. Bu,
genişmiqyaslı hücumun tezliklə başlayacağına
bir işarə idi. Gözlənilən gün, axır ki gəlib
yetişdi.
Sonradan 28 iyun hücumu kimi tarixə
düşmüş həmin hərbi əməliyyatlar daha
çox uğursuz olduğuna görə yadımda qalıb.
Bu, bəlkə də cəbhənin mərkəzi hissəsində
Ağdərənin və ona bitişik ərazilərin azad
edilməsi üçün düşmən qüvvələrini
güney istiqamətdə cəmləyib onların
başını qatmağa hesablanmış aldadıcı fənd
ola bilərdi. Amma yenə də düşünürəm ki,
bu əməliyyatları daha uğurla və həm də az
itki ilə yerinə yetirmək mümkün idi.
Hadrut istiqamətində planlaşdırılan
növbəti hücum əməliyyatı ayyarım sonra
baş tutdu. Təəssüf ki, hər şey yenə öncəki
kimi oldu. İkinci briqadanın əsas qüvvələri və
onlara verilmiş əlavə birliklər Ərgünəşin
ətəklərindəki mövqeləri ələ
keçirmək üçün səfərbər edildi.
Şişqayanı götürmək yenə də Cəbrayıl
alayına tapşırılmışdı. Bizi uzun müddət
kəşfiyyat aparıb detallı öyrəndiyimiz ərazilərdən
uzaqlaşdırılaraq sağ cinahdakı bölüklərlə
birlikdə Məlikcan kəndini ələ keçirməyə
cəlb edilmişdik. Hələ hava işıqlanmamış
götürdüyümüz mövqelərdə yerləşib
gözləyərkən sol cinahda ağır
döyüşlər gedirdi. Hər şeyin başdangetdi
planlaşdırıldığı tezliklə ortalığa
çıxır. Sağ cinahımızda hücum edənlər
heç bir yeri ələ keçirə bilməmişdi. Bizə
verilmiş tapşırıq da yarımçıq kimi
görünürdü. Hücum başlayan kimi irəli gedib
Ərgünəşin bütün ətrafını
götürmək əvəzinə, mövqelərdə
oturub kəndin kənarındakı düşmənlə
boş yerə atışırdıq.
Günorta vaxtı bizə gəlib çatan xəbərlərdən
hücumun baş tutmadığını, Cəbrayıl
alayının Şişqayada ağır itkilər verib geri
çəkildiyini öyrəndik. Qaranlıq qovuşanda biz də
Məlikcanı tərk edib oradan çıxdıq.
Götürdüyümüz mövqelər az qala kəndin
içərisində olduğundan müdafiə
üçün əlverişli deyildi.
Həmin 15 avqust günü mənim yaddaşımda
silinməz izlər buraxıb. Bəli, həmin gün mən
özümün 31 yaşımı Məlikcanda qeyd
etmişdim. Həm də orada ikinci dəfə yaralanmışdım
- səhər çağı düşmən səngərinə
yetişəndə sol ayağımdan aldığım qəlpə
yarasına görə bir neçə gün axsadım.
Başdangetdi hazırlanmış Məlikcan əməliyyatına
görə üçüncü taborun bütün
bölük komandirləri hərbi prokurorluğa rəsmi
müraciət edib etirazlarını bildirdilər. Sağ
cinahda da durum ürəkaçan deyildi. Yuxarı Veysəlli kəndi
işğaldan azad edilsə də, döyüşlərə
rəhbərlik edən Elxan Yusifovun şəhid olması hər
şeyi dəyişdi – yoldaşları onun cəsədini
götürüb kəndi tərk etdilər.
Təəssüf ki, bu uğursuzluğun gətirdiyi
faciə təkcə bununla bitmirdi. Şişqayada 36 nəfərin
cəsədi qalmışdı. Əsasən Saatlı və
Sabirabaddan olan bu döyüşçülərin valideynləri
Cəbrayıla gəlib övladlarının cəsədini tələb
edirdilər. Bu işi yoluna qoymaq üçün düşmənlə
danışıqlar başladı, onları birtəhər
razı saldıqdan sonra cəsədlər döyüş
meydanından götürüldü.
...Həyat və savaş davam edirdi. Qələbə
naminə irəli baxıb nələrsə eləmək
lazım idi. Dəyişikliklər özünü çox
gözlətmədi. Həm ikinci briqadanın, həm də Cəbrayıl
alayının komandir heyətində yerdəyişmələr
edildi. Düşmən tərəfində isə təbii ki,
bütün bunlar uğur kimi qəbul olunurdu. Qanlı
döyüşlərin baş verdiyi Şişqaya yüksəkliyində
metal konstruksiyadan qüllə quraşdırıldı və
onun üzərinə seperatçı qurumun bayrağı
sancıldı. Eyni belə bir bayraq, Məlikcanda geri verdiyimiz
mövqedə də görünməyə başladı.
Hücumların qarşısında davam gətirib
durduğuna görə isə Hadruta “qəhrəman şəhər”
statusu verildi. Bundan sonra hər il avqustun 15-də düşmən
tərəfin döyüşçüləri Şişqaya
zirvəsinə çıxıb qələbələrini
bayram edirdilər.
1993-ün hər mənada qızmar keçən yay
günlərində cəbhənin durumu fəlakətli hal
aldı. İllərlə qoruyub saxladığımız
mövqeləri və döyüş
yoldaşlarımızı bir-birinin ardınca itirib Araz
çayına qədər çəkiləndə, vaxtilə
bir addımlığında olduğumuz Ərgünəşə
və Şişqayaya uzaqdan həsrətlə baxırdıq.
Oktyabrın axırlarında torpaqları düşmənə
buraxıb İrana keçərkən bir çoxları son
ümidini Arazın soyuq sularına buraxmışdı.
Əlbəttə, mən heç kimi qınamıram. Amma hər
şeyini itirsə də, ümidini üzməyib son döyüşün
həsrətiylə yaşayan bizim kimilər də var idi. Bu
adamlar nə vaxtsa Şişqayada Azərbaycanın
üçrəngli bayrağının
dalğalandığı günü görmək
üçün yaşayıb-yaratmalı və
döyüşüb öyrətməliydilər.
Oğullar
Kim nə deyir desin, cəbhə həyatı
yaşayan adam üçün deyingən arvadlar kimi
başlayanda kəsmək bilməyən payız
yağışından zərərli və
cansıxıcı heç nə ola bilməz. 44
günlük Vətən müharibəsinin beşinci
axşamı başlayan yağış bütün gecəni
davam edib hamını başdan-ayağa islatdıqdan sonra
dayanmışdı. Maşınlar dağılıb tar-mar
olmuş Bakı-Laçın magistralı ilə gəlib Cəbrayılın
Quycaq kəndinə dönən hissəsində durudular.
Buradan o yana hamı piyada hərəkət edəcəkdi.
Silah-sursat, ərzaq, geyim, hər nə gəldi hamısı əllə
daşınıb irəlidəki qoşunlara
çatdırılırdı (Mənim bu dəfə cəbhəyə
gəlməyimin özü ayrıca bir kitabın mövzusu
olduğundan bu barədə danışmayacam).
1993-cü ilin sentyabrında qazılmış səngərlərin
yerini bildiyimdən qaranlıqda oranı tapmaq elə də
çətin olmadı. Hava işıqlananda
aşağıda yolun kənarında toplaşmış
zabitlərdən bir neçəsi təpəyə qalxıb
mənim yanımda yer aldılar. Bəlli oldu ki, ikinci briqada
bizdən arxa tərəfdəki ərazilərə gətirilib
və Daşkəsən istiqamətində hücuma
hazırlaşır. Bunu eşidəndə özümdən
asılı olmayaraq sevindiyimi hiss etdim. İlk kəşfiyyat
bölük komandiri olduğum hərbi hissənin indi bu
hücumun sağ cinahında yer alması qürurverici idi.
Tarixə düşmüş məşhur Horadiz əməliyyatından
sonra bu briqadanın səs-sorağı onsuz da bütün
ölkəyə yayılmışdı və indi də
özlərini yaxşı mənada göstərəcəklərinə
şübhə yox idi. Öyrəndim ki, orta məktəb illərindən
dostluq elədiyim Nofəl Qasımovun kiçik oğlu Səid
- baş leytenant Səid Rəşidzadə də bu
briqadanın sırasında döyüşlərə
qatılıb. Özü də bir vaxtlar mənim də tərkibində
olduğum 3-cü taborun zabiti kimi. Neçə illər bundan əvvəl
həmişə Nofəllə oturub Qarabağ uğrunda
döyüşlərdən danışarkən həmişə
bizə diqqətlə qulaq asan Səidin bir gün
böyüyüb zabit olacağı heç birimizin
ağlına da gəlməzdi. Bizim yaşıdların taleyinə
yazılmış bu savaşın atəşkəslə
dayanacağını və belə bir ağır
yükün bir gün gələcək nəsillərin –
balalarımızın çiyninə düşəcəyini
gözləmirdik. Amma təəssüf ki, belə
alındı.
Bərk yağış yağan gecə həm də
ona görə yadda qaldı ki, otuz il davam edən müharibənin
dönüş nöqtəsi kimi tarixə düşdü.
Ölüm-dirim mübarizəsindən daha çox bir millətin
taleyini həll edən bu savaş başladığı andan
hamıya həyəcan yaşadırdı. Zəfərə
aparan yolun başqa yerdən deyil, məhz buradan, həm də
həmin gecə başladığını çox az adamlar
bilirdi. O adamlardan biri də mən olduğum üçün
həm qürrələnir, həm də həyəcan
keçirirdim.
İki gündən sonra Cəbrayıl
işğalçılardan azad olundu. Kiçik Qafqazın
bütün dağ yolları artıq qarşımızda
kitab kimi açılmışdı. Döyüşlər
ağır keçsə də, uğurla davam edirdi. Bundan
dörd gün sonra ortada Hadrut olmaq üzrə böyük bir
ərazinin mühasirəyə alındığı xəbəri
gəldi. Həmin gün mən Şayaxın qərb hissəsindəki
Daşbaşı kəndiydəydim. Xəstələndiyimə
görə daha irəli gedə bilməyəcəyimi dərk
edib birtəhər Horadizə qayıtdım. Baş leytenant Səid
Rəşidzadənin şəhid olması xəbərini də
elə həmin gün orada eşitdim. Döyüş
yoldaşları ilə elədiyim söhbətlərdə hər
şeyin necə baş verdiyini öyrəndikcə dəhşətə
gəlirdim. Hadrut ətrafındakı əməliyyatlarda
iştirak etmiş, əraziyə yaxından bələd olan
biri kimi döyüşlərin necə getdiyini aydın təsəvvür
edə bilirdim.
Şişqaya yüksəkliyini azad etmək
üçün tapşırığı alan həmlə
bölüyünə komandirlik baş leytenant Səid Rəşidzadəyə
həvalə edilir. Bu, heç də adi təyinat deyildi. Bir
vaxtlar mənim də başçılıq elədiyim kəşfiyyat
bölüyünə altmış nəfər əlavə
döyüşçü vermişdilər. Müharibəyə
çağırışla gələn bu adamlara
qarşı hamımızda bir etimadsızlıq var idi və
bunu heç gizlətmirdik də. Bu mənada Hadrut istiqamətinə
həlledici hücumda könüllülər sırasında
döyüşə gəlmiş zabitin həmlə
bölüyünə başçılıq eləməsi
görünməmiş hadisə idi.
Düşmən hər tərəfdən mühasirəyə
alınsa da, ciddi müqavimət göstərirdi. Bu da təsadüfi
deyildi. 1992-ci ildən bəri Şişqaya yüksəkliyinə
sancdıqları bayraq hələ də gözləri
qarşısında dalğalanıb onlara mənəvi güc
verirdi. Görünür, peşəkar zabit - baş leytenant Səid
Rəşidzadə də bunu anlamışdı. Azsaylı
qüvvə ilə düşmənin inadını qırmaq
asan deyildi. Amma yüksəklikdəki həmin bayrağı
yerə salıb ora öz bayrağımızı sancmaq,
qarşı tərəfi mənəvi-psixoloji
sarsıntıya məruz qoyar, ona sarsıdıcı zərbə
vurmuş olardıq. Düşmənin fiziki məhvindən
daha çox, sıralarında yaranmış
çaşqınlıq səbəbindən onları
qaçmağa məcbur etməyin əsl məqamı idi.
Buna görə də Səid cəsarətlə hərəkət
edib özünü irəli atır. Hər tərəfdən
açıq olan metal konstruksiyanın üstünə qalxmaq
elə də asan deyildi. Kəskin nişançılardan
tutmuş minamyotçulara qədər düşmənin
bütün silahlı gücünü səfərbər
etdiyi yüksəklikdə bu işi görmək birbaşa
ölümə getmək demək idi. Amma cəsur zabitimizi bu
gerçəklik saxlaya bilməzdi. O, belə də etmişdi
və nə qədər çətin də olsa, bunu
bacarmışdı. Bir azdan iyirmi səkkiz il dalğalanıb
düşmənə ruh verən bayraq artıq ayaqlar
altına atılmışdı. İndi qüllədə
üçrəngli Azərbaycan bayrağı
dalğalanırdı. Şişqayanın bizim əlimizdə
olduğunu göstərən bu işarə, arxadakı
döyüşçülərə güc verib onları
hücuma səsləməklə yanaşı, eyni zamanda
qarşı tərəfi də mənəvi cəhətdən
sındırmış oldu.
Motoatıcı bölüklər müqaviməti
qırılmış düşmən qüvvələrin
üzərinə hücuma keçib bir neçə saatdan
sonra bütün Hadrut ərazisini ələ keçirirlər.
Amma bütün bunlardan Səidin xəbəri olmur. Artıq
o, Şəhidlik zirvəsinə ucaltmışdı.
Baş leytenant Səid Rəşidzadəni
Füzulinin Babı kəndində torpağa
tapşırdıq. Savaşın qızğın
dövründə, özü də cəbhə xəttinin
yaxınlığında şəhid dəfn eləmək nə
qədər ağır olsa da, mərasimdə böyük bir
izdiham vardı. Yaxınlıqdakı Seyidəhmədli və
Horadiz kəndlərində hələ döyüşlər
gedir, ətraf ərazilər top atəşinə tutulurdu.
Dəfn mərasimində çox ibrətamiz bir mənzərə
ilə qarşılaşdım. Səidin dəfn olunduğu
sıradakı məzarların hamısı 90-cı illərdə
şəhid olmuş döyüşçülərin məzarları
idi. İllər öncə ataların başladığı
savaşı bitirməyə çalışan oğullar bu
gün həm də onların Şəhidlik yolunun
davamçıları olurdular. Hər nə qədər
ağrılı olsa da, belə idi. Hər birinin ruhu şad
olsun!..
İlham AĞALAR
Korpus kəşfiyyatının sabiq komandiri
525-ci qəzet.- 2024.- 26 iyun,¹110.-S.8;9.