106 yaşlı Azərbaycan
Ordusu: Dünyanın ən güclüləri sırasında
Bu gün dünyanın ən güclü orduları
sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin
yaranmasından 106 il ötür. 2020-ci il Vətən
müharibəsindəki şanlı zəfərdən sonra bu
bayram ölkəmizdə daha böyük qürurla,
çoşqu ilə qeyd edilir. Ordumuzun keçdiyi
döyüş yolunun zirvəsində sözsüz ki, Vətən
müharibəsində qazanılmış möhtəşəm
Qarabağ zəfəri dayanır. Builki bayramı daha möhtəşəm,
daha fərqli edən Silahlı Qüvvələr
Gününün ilk dəfə olaraq ərazi
bütövlüyünü və suverenliyini tam bərpa
etmiş bütöv Azərbaycanda qeyd olunmasıdır.
44 günlük Vətən müharibəsində
böyük şücaət, misilsiz qəhrəmanlıq
göstərərək torpaqlarımızın 30 illik
işğalına son qoyan ordumuz ötən ilin sentyabrında
bir gündən az davam etmiş lokal antiterror tədbirləri
ilə ölkəmizin ərazisindəki qanunsuz erməni
silahlı birləşmələrinin,
separatçıların mövcudluğuna son qoydu. Bununla da Azərbaycan
bayrağı ölkəmizin bütün ərazisində, o
cümlədən, Xankəndidə, Xocalıda, Xocavənddə,
Ağdərə şəhərlərində, Əsgəran
qəsəbəsində qürurla dalğalanmağa
başladı.
Xalqımızın çoxəsrlik tarixində buna bənzər
qələbə olmayıb. Bu qələbə həm də
ordumuzun gücünü, peşəkarlığını, cəsarətini,
vətənpərvərliyini bütün dünyaya
nümayiş etdirmiş oldu.
Bu gün 106 yaşını qeyd etdiyimiz ordumuz şərəfli
bir yol qət edib. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq
Cümhuriyyəti Nazirlər Şurasının qərarı
ilə ilk müntəzəm hərbi hissə - əlahiddə
Azərbaycan korpusu yaradılıb, həmin il avqustun 1-də
Azərbaycanın Hərb Nazirliyi təsis olunub. Görkəmli
hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy
Mehmandarov, Əlağa Şıxlinski milli ordumuzun
formalaşmasında və döyüş qabiliyyətinin
yüksəldilməsində əvəzsiz xidmətlər
göstərdilər.
Yeni yaranmış Milli Ordumuz ilk uğura sentyabrın
15-də imza ataraq Nuru Paşanın komandanlıq etdiyi Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları
erməni-bolşevik işğalından azad edib. 1920-ci ilin
aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, hərbçilərimizin
əksəriyyəti, o cümlədən, 15 general Nargin
adasında güllələndi, bir çoxları isə
repressiyaya məruz qaldı.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini
yenidən bərpa etdikdən sonra milli ordunun
formalaşdırması qarşıda duran vacib məsələlərdən
ən birincisi olmalı idi. Yeni yaradılan dövlətimiz Ermənistanın
təcavüzkar siyasəti ilə üz-üzə idi. Amma o
zaman səriştəsiz idarəçilik, hakimiyyət
böhranı ordu quruculuğu kimi son dərəcə vacib
işi həyata keçirməyə imkan vermədi. Nizami ordu
formalaşdırmaq əvəzinə ayrı-ayrı qüvvələr
tərəfindən idarə olunan müxtəlif hərbi dəstələr
meydana gəldi ki, bundan istifadə edən düşmənin
torpaqlarımıza təcavüzü getdikcə daha geniş
miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi
təhlükəsi ilə üz-üzə
qalmışdı. Ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıdışından sonra bu cür silahlı dəstələri
ləğv edilərək nizami ordu quruculuğu prosesinə başlandı.
Heydər Əliyev hələ sovet dövründə
Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit
kadrların yetişdirilməsini prioritet hesab edirdi. Bu məqsədlə
1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski
adına ixtisaslaşdırılmış hərbi məktəbin
yaradılmasına nail olundu. Azərbaycan Silahlı Qüvvələrinin
formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna
rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel
döyüşlərində, Vətən müharibəsində
qəhrəmanlıq nümunələri göstəriblər.
Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir
sıra uğurlu hərbi əməliyyatlar keçirərək
Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini
işğaldan azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22
may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı
Qüvvələr Günü elan olundu.
Respublikamızda ordu quruculuğu prosesi Prezident
İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə
yeni mərhələyə qədəm qoydu. Hərbçilərin
peşəkarlığının artırılması, şəxsi
heyətin döyüş ruhunun, mənəvi-psixoloji
hazırlığının yüksəldilməsi, ordumuzun ən
müasir silah və texnika ilə təchizatı istiqamətində
təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan
Silahlı Qüvvələri ildən-ilə güclənərək
regionun ən qüdrətli ordusuna çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
güclü dövlət - güclü ordu strategiyası, ilk növbədə,
torpaqlarımızın işğalına son qoyulmasına, ərazi
bütövlüyümüzün təmin olunmasına
yönəlmişdi. Bu məqsədlə hər il dövlət
büdcəsində müdafiə xərclərinə
böyük vəsait ayrıldı, ölkənin müdafiə
sənayesi yaradıldı. Modernləşdirilən Azərbaycan
Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə
etiraf edilir. Silahlı Qüvvələrimiz hazırda
dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.
Azərbaycan Ordusu öz gücünü 2016-cı
ilin Aprel döyüşlərində bir daha göstərdi.
Uğurlu əks-hücum əməliyyatı nəticəsində
Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğal altındakı ərazilərinin
2 min hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu
daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri
ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11
min hektardan çox ərazisi və Şərur rayonunun
Günnüt kəndi düşməndən azad edildi və
dövlət sərhədi boyunca əlverişli mövqelər
Azərbaycanın nəzarətinə keçdi.
Silahlı Qüvvələrimizin 100 illik yubileyi
münasibətilə 2018-ci il iyunun 26-da Bakının
Azadlıq meydanında möhtəşəm hərbi parad
keçirildi. Paradı qəbul edən Prezident, Ali Baş
Komandan İlham Əliyev qəti əminliklə dedi ki,
torpaqlarımız nəyin bahasına olursa-olsun azad olunacaq. Nəhayət,
2020-ci il sentyabrın 27-də başlayan Vətən
müharibəsi xalqımızın yurd həsrətinə
son qoydu. Qarabağ zəfəri hərb tariximizə
qızıl hərflərlə yazıldı.
Rəşadətli ordumuz 44 gündə daim irəli
gedərək, düşmənə sarsıdıcı zərbələr
vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək
kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin
müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları,
xüsusən Şuşa əməliyyatı bu gün
dünyanın qabaqcıl hərbi məktəblərində
öyrənilir. 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti
İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Bakıda
keçirilmiş möhtəşəm Zəfər Paradını
xatırlatmaq yerinə düşər. Həmin paradda
işğalçı ordudan qənimət
götürülmüş silah-sursat və texnika ilə
yanaşı, azad olunan ərazilərimizdə
qaldırılan dövlət bayraqlarımız da
nümayiş etdirildi.
Prezident İlham Əliyev ötən il oktyabrın
15-də antiterror tədbirləri ilə separatçılardan
təmizlənmiş ərazilərimizdə, o cümlədən,
Xankəndidə Azərbaycanın Dövlət
Bayrağını ucaltd.
Dövlət başçısı Xankəndi mərkəzi
meydanında etdiyi çıxışında bildirdi ki, Azərbaycan
xalqı bu Qələbəni öz qanı, canı
bahasına əldə edib: “Bu gün burada
qaldırdığım Bayraq burada əbədi dalğalanacaq
və biz burada əbədi yaşayacağıq. Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!”
Ötən il noyabrın 8-də Xankəndi şəhərində
Vətən müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi
paradın keçirilməsi daha bir tarixi hadisə oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyev paradda
çıxışında deyib: “Birinci dəfə Azərbaycan
xalqı mənə böyük etimad göstərəndə,
20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz
vermişdim: əlimdən gələni edəcəyəm ki,
biz ərazi bütövlüyümüzü bərpa edək.
Həm seçkilər ərəfəsində, həm
andiçmə mərasimində doğma xalqıma söz
vermişdim ki, gün gələcək biz Azərbaycanın
Dövlət Bayrağını işğal altında olan
torpaqların hər bir guşəsində
qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl
- 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında
keçirilmiş hərbi paradda çıxış edərkən
demişdim ki, gün gələcək Azərbaycan
Bayrağı bu gün hələ də işğal
altında olan bütün torpaqlarda qaldırılacaqdır və
bu gün gəldi.
Bu günü bizə bəxş edən müzəffər
Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət,
qəhrəmanlıq, fədakarlıq göstərərək
düşməni bizim əzəli torpaqlarımızdan
qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan
xalqının çoxəsrlik tarixində buna bənzər
parlaq Qələbə olmayıb. Şuşa əməliyyatı,
44 gün ərzində apardığımız bütün
digər hərbi əməliyyatlar, hərbçilərimizin
şücaəti bir qəhrəmanlıq dastanıdır.
Qırx dörd gün ərzində döyüş
meydanında düşməni məğlub edərək,
şəhər və kəndlərimizi azad edərək Azərbaycan
əsgər və zabiti əsl qəhrəmanlıq göstərib”.
Azərbaycan Silahlı Qüvvələrinin
gücü, peşəkarlığı, qarşısına
qoyulan istənilən vəzifəni yüksək səviyyədə
icra etmək bacarığı artıq sübut olunub. Amma
ordumuzun daha da gücləndirilməsi istiqamətində
davamlı addımlar atılır, yeni komando bölmələri
yaradılır. Silahlı
Qüvvələrimizin türk ordu modelinə keçidi,
komando bölmələrinin yaradılması prioritet istiqamətdir.
2023-cü il iyunun 23-də Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando
hərbi hissələrinin birinə Döyüş
bayrağı təqdim edərkən ölkəmizdə
növbəti komando hərbi hissəsinin
açılmasını çox əlamətdar hadisə
kimi dəyərləndirib. Vətən müharibəsindən
sonra dövlət başçısının göstərişi
ilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin
yaradılmasına başlanılıb. Artıq bir neçə
hərbi hissə fəaliyyət göstərir və yenilərinin
açılması nəzərdə tutulur. Prezident
vurğulayıb ki, ordumuz öz döyüş qabiliyyətini
əhəmiyyətli dərəcədə artırır və
artıracaq.
Ali Baş Komandan İlham Əliyev Ordumuzun daha da
gücləndirilməsi üçün bundan sonra da
bütün lazımi tədbirlərin görüləcəyini
vurğulayaraq deyib: “Azərbaycanın düşmənləri
bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz
buna görə bizə qarşı edilən istənilən təxribat
cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir,
istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan
o ölkələrdəndir ki, öz müqəddəratını
özü müəyyən edir, heç kimdən
asılı deyil və olmayacaq, öz sözünü
açıq deyir və müstəqil siyasət aparır”.
Azərbaycan Ordusunu fərqli edən həm də onun
beynəlxalq humanitar tələblərə uyğun
davranışıdır. Həm 44 günlük müharibədə,
həm antiterror tədbirlərində ordumuz mülki əhaliyə
zərər verilməməsi, onların qorunması
üçün zəruri addımlar atıb. Ermənilərdən
fərqli olaraq heç vaxt hərbi cinayətə əl
atmayıb, müharibəni ləyaqətlə aparıb,
bununla da bütün dünya üçün nümunə
yaradıb.
Pərvanə
525-ci qəzet.- 2024.-
26 iyun,¹110.-S.5.