Təhsil tariximizdə
silinməz imza: Mehdi bəy İsmayılov
GÖRKƏMLİ TƏHSİL
TƏŞKİLATÇISI VƏ ALİM AZƏRBAYCAN
DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN İLK
REKTORU KİMİ MÜHÜM XİDMƏTLƏR GÖSTƏRİB
Qafqazdakı ən fundamental tədris mərkəzlərindən
sayılan Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) bu il iyunun 19-da 94 yaşı tamam oldu. UNEC-in ölkənin
yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında
müstəsna xidmətləri var. Bura ölkədə sənaye,
ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və
sair ixtisaslar üzrə kadr hazırlığı və
elmi-tədqiqat mərkəzinə çevrilib.
94 illiyi tamam olan bu universitetə vaxtilə bir çox
nüfuzlu ziyalılar rəhbərlik ediblər. Azərbaycan
Dövlət İqtisad Universitetinin - UNEC-in ilk rektoru isə
Mehdi bəy Əsəd bəy oğlu İsmayılov olub. O,
1887-ci ildə Şəkidə zadəgan ailəsində
doğulub. Onun 29 iyul 1910-cu ildə yazdığı tərcümeyi-halında
1887-ci ildə Şəkidə anadan olduğu qeyd edilib. Bəzi
məlumatlarda isə 1888-ci ildə İrəvan şəhərində
anadan olduğu göstərilir. Mehdi bəy 1895-ci ildə
Şəki şəhər məktəbində təhsil
almağa başlayıb. Çar hökumətinin həyata
keçirdiyi 1860-cı illərin məktəb islahatı nəticəsində
qəza məktəblərinin bazasında şəhər məktəbləri
yaradıldı. Şəhər məktəblərinin bir,
iki, üç və ya dörd sinif olması nəzərdə
tutulurdu. Təhsil müddəti isə 6 il idi. Şəkidə
bu tipli şəhər məktəbi 1877-ci ildə
yaradılıb. Həmin məktəbdə 6 il təhsil
alandan sonra Mehdi bəy 1901-ci ildə Bakı Kommersiya Məktəbinə
daxil olub, 1910-cu ildə "əla" və
"yaxşı" qiymətlərlə təhsilini başa
vurub.
Kommersiya məktəbində
aldığı təhsil və hesabdar ixtisası Mehdi bəy
İsmayılovun gələcək həyat yolunun,
ixtisasının müəyyənləşməsində
mühüm rol oynayıb. Elə bu səbəbdən də
Kommersiya məktəbini bitirdikdən sonra Moskvada
iqtisadçı ixtisasını davam etdirmək qərarına
gəlir. 25 iyul 1910-cu il tarixdə Moskva Kommersiya İnstitutunun
rektoruna yazdığı ərizəsinə əsasən
institutun İqtisad bölməsinin tələbələri
sırasına daxil olub.
Mehdi bəy İnstitutda özündən böyük
qardaşı Rəşid bəyin yardımı ilə oxuyub.
Mehdi İsmayılov 1914-cü ildə təhsil haqqını
verə bilmədiyinə görə 8 semestr oxuduqdan sonra bir il
müddətinə təhsilini dayandırıb. Bundan sonra
Tehrana qardaşı Rəşid bəyin yanma gedib.
Görünür qardaşı Rəşid bəyin
yardımı ilə yenidən təhsilini davam etdirmək qərarına
gəlir. Tehrandakı Rusiya Baş Konsulluğunun 1914-cü il
dekabrın 28-də verdiyi vəsiqədə bildirilir ki,
İsmayılov 1914-cü ilin mayından noyabr ayına qədər
Tehranda olarkən heç bir arzuolunmaz siyasi işə
qarışmayıb və kimsədən onunla bağlı
Baş Konsulluğa şikayət və irad gəlməyib.
Tehrandakı rus progimnaziyasından 27 may 1914-cü ildə
Moskva Kommersiya İnstitutunun rektoruna yenidən ərizə
göndərərək apreldəki ərizəsinin nəzərə
alınmamasını, artıq təhsil haqqını ödəmək
imkanında olduğunu və institutda təhsilini davam etdirmək
istədiyini bildirib. Beləliklə təhsilini davam etdirməyə
başlayıb. Lakin Azərbaycan Dövlət Siyasi Partiyalar və
İctimai Hərəkatlar Tarixi Arxivində saxlanılan sənədlərdə
onun natamam ali təhsilə malik olması göstərilir. Azərbaycan
Xalq Cümhuriyyəti Maarif Nazirliyinin 8 oktyabr 1919-cu il 399
saylı əmrində isə Moskva Kommersiya İnsitutunu
bitirdiyi göstərilib.
1918-ci ilin yazında o, N.Nərimanovun dəvətilə
Bakıya gəlir, fəal bir sürətdə bolşevik hərəkatına
qoşulur. Bolşeviklər partiyasının
tapşırığı ilə Quba qəzasına göndərilən
İsmayılov partiyanın və sovet hökumətinin ideya və
vəzifələrini kənd əhalisi arasında təbliğ
edib, eyni zamanda, Qusar şəhərindəki axşam məktəbində
müəllimlik edir, Nuru Paşanın
başçılığı altında Qafqaz İslam Ordusu
Bakını azad etdikdən sonra Bakıya gəlir, 1 oktyabr
1919-cu ildən Bakı Kommersiya Məktəbinin müfəttişi
işləyir.
Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra
1920-ci ildə Bakı Qəzası Torpaq Komitəsinin sədri,
həmin ilin sonundan 1921-ci ilin sonunadək Azərbaycan Sovet
Respublikası Baş Siyasi-Maarif İdarəsinin sədri təyin
edilib. Respublikada mədəni-maarif müəssilərinin
açılması və inkişaf etdirilməsi işinə
bacarıqla rəhbərlik edib. l923-1925-ci illərdə AK(b)P
MK təbliğat-təşviqat şöbəsinin müdiri,
eyni zamanda AK(b)P MK yanında Partiya Məktəbinin (Kənd
Partiya Məktəbi) direktoru işləyib.
1925-ci ilin aprel ayından 1928-ci ilin noyabr ayına qədər
Tiflisdə Ümumittifaq K(b)P Zaqafqaziyta Ölkə Komitəsinin
təlimatçısı, 1928-ci ilin noyabrından 1930-cu ilin
sentyabrınadək Zaqafqaziya Kommunist Universitetinin mühazirəçisi
vəzifəsində çalışıb.
Məlumdur ki, 1920-ci illərin sonunda qısa bir zamanda
Bakı Dövlət Universitetinə intellektual səviyyəsi
çox yüksək olan milli ziyalıların toplanması,
Azərbaycanın gələcəyini fikirləşən
aydın düşüncəli insanların
yığışması Universitetin həyatında mürəkkəb
və qaranlıq dövrün başlanmasına səbəb
oldu. Azərbaycan Xalq Komissarları Sovetinin "Ali məktəblərin
və texnikumların yenidən təşkil edilməsi
haqqında" 1930-ci il 5 may tarixli qərarı, həmin qərara
1930-cu il 9 may tarxli əlavə və düzəlişdən
sonra 19 iyun 1930-cu ildə Azərbaycan Dövlət
Universitetinin fəaliyyəti ləğv olundu və onun
fakültələri bazasında müstəqil institutların
yaradılması haqqında qərar qəbul edildi. Həmin qərara
əsasən Azərbaycan Dövlət Universitetinin İqtisad
fakültəsinin bazasında, ölkədə geniş
profilli iqtisadçı kadrlar hazırlamalı olan Azərbaycan
Ticarət-Kooperativ İnstitutu təsis edildi. Azərbaycan
Dövlət Universitetinin fəaliyyəti
dayandırıldı, onun ayrı-ayrı fakültələrinin
bazası əsasında yeni müstəqil institutlar
yaradıldı. İmperiya qüvvələri bu addımı
Azərbaycanın düşünən beyinlərindən,
milli ruhlu ziyalılarından qorxduqları, onları
parçalayaraq ayrı-ayrı yerlərə göndərmək
üçün atsalar da, respublikada yeni institutların
açılması ölkənin həyatında ali təhsilin
inkişafında irəliyə doğru atılmış bir
addım oldu.
Beləliklə, 1930-cu ildə yeni yaranan ali təhsil
müəssisələrindən biri də respublika
üçün iqtisadçı mütəxəssislər
hazırlayacaq Azərbaycan Ticarət-Kooperativ İnstitutu oldu.
Həmin dövrdə yüksək intellektual səviyyəsi
ilə tanınan, müxtəlif maarif və partiya işlərində
formalaşmış, fransız, alman, fars, türk və rus
dillərini mükəmməl bilən ziyalı Mehdi bəy
İsmayılov yeni yaranan Azərbaycan Ticarət-Kooperativ
İnstitutuna direktor təyin edildi.
Azərbaycan Xalq Komissarları Sovetinin qərarına əsasən,
1930-1931-ci tədris ili 1930-cu il sentyabrın 1-dən
başlamalı idi. Mehdi İsmayılovun rəhbərliyi ilə
ciddi hazırlıq işləri aparılıb, institutun
müəllim heyətinin köməkçi personalın
seçilməsi və yerləşdirilməsinə xüsusi
diqqət yetirilib, gələcək iqtisadçı
kadrların hazırlanması üçün çox işlər
görülüb. İnstitut rəhbərliyinin diqqət mərkəzində
duran problemlər içərisində dərslik və dərs
vəsaitlərinin, proqram və metodik göstərişlərin
hazırlanması xüsusi yer tuturdu. Tədrisin ana dilində
aparılması nəzərə alınaraq, tələbələrin
Azərbaycan dilində ədəbiyyatla təmin olunması
mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə
institutun təcrübəli müəllimlərinin təcrübəsindən
səmərəli istifadə olunurdu. Qısa müddət ərzində
uzun müddət mühasibat uçotu və təsərrüfat
fəaliyyətinin təhlili üzrə əvəzsiz və
qiymətli dərsliklər kimi öz əhəmiyyətini
saxlamış "Hesabdarlıq kursu" (1930-cu il),
"İkili sistem və onun büdcə təsərrüfatında
tətbiqi" dərslikləri və bir sıra dərs vəsaitləri,
proqram və metodik göstərişlər nəşr olunaraq
tələbələrin istifadəsinə verilib.
Azərbaycan Dövlət Univeristetinin tərkibində
adi fakültələrdən biri kimi fəlaiyyət göstərməsindən
fərqli olaraq, müstəqil təhsil mərkəzi kimi
artıq yeni Azərbaycan Ticarət Kooperativ İnstitutuna tələbə
qəbulu isə bir neçə ixtisası özündə
ehtiva etmişdi. Direktiv orqanların müəyyən etdiyi qəbul
planının yerinə yetirilməsi üçün Mehdi
İsmayılovun rəhbərliyi ilə institutun azsaylı,
lakin fədakar kollektivi var gücü ilə
çalışıb. Elə ilk vaxtdan instituta qəbul
prosesinə ciddi diqqət yetirilib, qəbul olunan tələbələrin
sayı artırılıb. Faktlar göstərir ki, tədris
olunan fənlərin kəmiyyət və keyfiyyət
baxımından mütənasibləşdirilməsinə də
yetərincə diqqət yetirilib. Tədrisin ana dilində
aparılmasının ön plana çəkilməsi ilə əlarədar
olaraq rus dilində olan dərslik, metodik vəsait,
proqramların tərcüməsi ilə yanaşı, habelə
Azərbaycan dilində dərslik və digər vəsaitlərin
yazılması və nəşri təşkil edilib.
Tədrisin lazımi səviyyədə təşkil
olunması üçün auditoriyaların, tədris laboratoriyalarının
dövrünə görə ləvazimatlarla təchiz
olunması da institut rəhbərliyinin diqqətində olub.
Bununla yanaşı, tədrisin ayrılmaz tərkib hissəsi
kimi nəzəri və praktiki işin vəhdət halında
təşkili qarşıda duran vacib məsələlərdən
sayılıb. Bu prosesin üzvi surətdə əlaqələndirilməsi
kollektiv qarşısında duran ümdə vəzifələrdən
idi. Direktorluq və müəllim heyəti, institutun
özünün imkanları daxilində təşkil olunan fənn
kabinetləri və laboratoriyalarla yanaşı, tələbələrin
müəssisə və idarələrdə təcrübə
keçmələrini də lazımi səviyyədə təşkil
ediblər.
Azərbaycan Ticarət-Kooperativ İnstitutu 1933-cü
ilin əvvəllərinə qədər müstəqil fəaliyyət
göstərmiş və müxtəlif ixtisaslar üzrə
kadr hazırlanmasında mühüm rol oynayıb.
M.İsmayılovun Azərbaycan Ticarət-Kooperativ
İnstitutuna rəhbərliyi dövtründə İnstitunun
tərkibində fəaliyyət göstərən müvafik
fakültələrin bazasında ayrı-ayrı kiçik
institutlar yaradılıb. 1932-cu ildə Maliyyə fakültəsinin
bazasında Maliyyə İnstitutu, Planlaşma fakültəsi əsasında
Plan-İqtisad İnstitutu, müvafiq ixtisaslar bazasında
formalaşmış Azərbaycan istehlak Kooperasiyası
İnstitutu təsis edilib.
1932-ci ilin sonu - 1933-cü ilin əvvəlllərində
vahid və müstəqil institutun kiçik təhsil müəssisələrinə
parçalanmasının səmərəli olmaması və
təhsildə yaratdığı əlavə çətinliklər
yaratması nəzərə alınaraq 1933-cü ildə Azərbaycan
Ticarət-Kooperativ İnstitutunun fakültələri əsasında
yaranmış kiçikinstitutlar yenidən fakültələr
formasında onun tərkibinə qatılaraq Karl Marks adına
Sosial-İqtisad İnstitutu yaradıldı. Karl Marks adına
Azərbaycan Dövlət Sosial (İctimai) İqtisad
İnstitutunda plan-iqtisad, maliyyə-iqtisad, xalq təsərrüfatı
uçotu, məhkəmə və prokurororluq işçiləri
ixtisasları üzrə mütəxəssislər
hazırlanırdı. 1933-cü ildə Karl Marks adına Azərbaycan
Sosial-İqtisad İnstitutu yaradılarkən onun ilk direktoru
Mehdi İsmayılov təyin edilibr. O, bu instituta 1934-cu ilin
aprel ayına qədər rəhbərlik edib.
Sonralar Mehdi bəy İsmayılov AK(b)P MK-da müxtəlif
vəzifələrdə çalışıb.
M.İsmayılov öz həyatının bir çox
illərini siyasi iqtisaddan dərs verməyə həsr edib. O,
ictimai elmlərin müxtəlif sahələrinə dair bir
çox məqalələrin müəllifidir.
Mehdi bəy İsmayılov daha sonralar M.F.Axundov
adına Respublika Kitabxanasında şöbə müdiri
işləyib. 1951-ci ildə Bakı şəhərində vəfat
edib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 28 iyun,№111.-S.14.