Ağ kəpənəklər
Esse
Üz-üzə, sakit dayanmışıq. Lal-dinməz
izləyirik bir-birimizi. Nəsə danışmaq istəyirik.
Danışmağa isə ehtiyac yoxdur. Hiss edirəm ki, məndən
nəsə gözləyir, nəsə deməliyəm. Nə
deyə bilərəm? Nə deməliyəm? Uzun sükutun
içində bir gurultu qopardığını, özü
ilə qarşısıalınmaz təlaş və həyəcan
gətirdiyini hiss edirəm. Bilinməz bir boşluğun
içinə düşürəm. Bu ahıl
çağında da - açığı, ahıl deməyə
dilim gəlmir - ata elə atadır. Nə qocadır, nə də
ahıl. Yəqin başqa biri olsaydı, elə qoca, ahıl
kişi deyərdi. Olsun, amma heç bir bəndə bu ahıl
kişinin sakit üzünün cizgilərində film kimi əks
olunan ötən illərin yaşantılarını mənim
kimi görə bilməz. Alnının, üzünün, əllərinin
qırışları və bu qırışların ahəngi
daxili iztirabla mənəvi məmnunluğu birlikdə əks
elətdirir, sanki. Olub keçənlər, keçməyənlər
onun simasından mənəvi müstəvidə proyeksiya kimi
mənim daxilimə ötürülür. Bu məqamda kiməsə
çevrilir, bilinməyən bir dünyaya köç edir,
bilmədiyimiz dildə danışırıq. Əslində,
nə dil var, nə də danışmaq. Burada dil də,
danışmaq da nələrisə ifadə etmək
üçün yetərsizdir. Danışmasaq da,
danışa bilməsək də, ünsiyyət qura bilirik.
Sözsüz, səssiz-səmirsiz...
Real həyatda bu yazılanlar gülünc və qəribə
görünə bilər. İnsan bu hissləri danışa
bilmir, yazmaq isə elə də asan deyil. Hisslərin,
duyğuların və fərqli bir dünyadan gələn nəsnələrin
ifadəsi xüsusi sənətdir: incə sənətdir.
İncəsənət adamlarının bizə qəribə
görünən hərəkətlərinin kökündə
elə bu yatır və onlar bu dünyada heç cür
xoşbəxt ola bilmirlər. Hərdən, deyəsən, mən
də belə bir dünyaya köç edir, bir müddət
burada yaşayıram. Özlüyümdə bir
çoxlarını anlamıram, anlaya bilmirəm və bilirəm
ki, heç məni də anlamırlar. Düzü,
anlaşılmağı ummuram da heç. Adam iki dünya
arasındakı birini niyə və necə anlamalıdır
ki?! Yaxşı ki, həmişə belə deyil.
Razılaşmışam özümlə. Bəzən
razılaşma pozulsa da, ümumən məni haçalayan tərəflər
arasında ümumi prinsiplərə tam əməl olunur.
Hardan gəlib, hara gedirəm?! Nədən yazmaq istəyirəm,
nə yazıram?!
Bu rayonda doğulub, böyüyüb bu ahıl
kişi. Sovet İttifaqını gəzib-dolaşsa da, yenə
ünvanı bura olub. Dostu-qonşusu, səhvləri-düzləri,
ailəsi-uşağı bu rayonla bağlıdır. Başqa
şəhərləri-kəndləri, dağı-dərəni
bu yerlərlə, insanları, dostları,
pisi-yaxşını buranın insanı ilə müqayisə
edib. Elə hamı kimi. Uşaqlıqdan mal-qara otarıb, daş
daşıyıb, iki qardaş ataları ilə kənd-kənd
gəzərək dülgərlik edib və sair. Bir sözlə,
nə iş olsa, görüblər, zəhmətləri ilə
cavanlıq da ediblər, dolanışıq da qurublar. Heç
vaxt heç kimə möhtac olmayıblar. Əllərindən
gələn köməkliyi digərlərindən əsirgəməyiblər.
Qucaqlarında daş daşıyaraq şəhərin ən mənzərəli
yerində gözəl bir ev tikiblər, bağ salıblar, bu
dünyada özləri üçün kiçik bir cənnət
qurublar. Mənə görə, zəhmətlə qurduğun
ev, ailə - bütün çətinliklərə baxmayaraq -
hər kəsin kiçik cənnətidir. Bax belə. Elə
ki ailə, güzəran qurdular, oğul-qız sahibi oldular,
evdə böyük-kiçik oldu, əsrin əvvələrində
bu nəslə dəyən zərbə yenidən, ən
sarsıdıcı şəkildə təkrar vuruldu.
Bir vaxtlar Şura hökuməti bu nəsli didərgin
salmışdı, oğlu-qızı atadan-anadan ayrı qoparmış,
Mərkəzi Asiyanın çöllərinə səpələmişdi.
Elə həmin əsrin sonunda hər kadrı üzlərə
iztirablı bir qırış saldığı filmin ikinci
hissəsi çəkilirdi, deyəsən. Bu dəfə də
ağbirçəyi, ağsaqqalı yollarda qaldı,
sığınmağa yer aradı, ancaq kiməsə
sığınmağı özlərinə ar bildi. Beləcə,
1993-cü ildən sonra çərxi-fələk tərsinə
fırlandı. Ölənlər fərqli yerlərdə dəfn
olundu, körpə olan uşaqlar yollarda böyüdü,
qohum-qonşu pərən-pərən düşdü. Ölənindən,
itənindən, böyüyənindən xəbərsiz
qaldılar. Hərə başına bir çarə
axtardı. Ev-eşik bir tərəfə, itirilən insanlar, dəyərlər
onları hər gün biraz daha öldürdü. Hamı
bilir bunları, hamı xəbərdardır olanlardan, amma hər
kəs bunu öz içindən keçirə bilmir. Bu həmdərdlər
bir-birini görəndə həsrətlərini ovutmaq
üçün ağlayaraq həmin günlərin geri
qayıdacağına inanır, arzu edir, xəyal qurardılar.
Beləcə, həsrətin sonu gəlməyən
ağrısı ilə dünyalarını dəyişənlər
az olmadı. Qərib məkanlarda, yad qəbirlər
arasında dəfn olundular, torpağa
tapşırıldılar. Bircə bilmirəm, özgə qəbiristanlıqda
yanlarına köçən doğmalarını onlar necə
qarşılayıbılar. Bu dəfə yad qəbiristanlıqda
qəbir qonşusu oldular. Niyə yazıram bunları, onsuz da
bilirsiniz. Yəqin mətləbə keçmək
üçün qeyd edirəm. Mətləbə keçmək
isə uzanır yaman. Çətindir...
Qəfil səs məni ayıldır:
- Qalacaqsan?
- Yox qayıdıram, elə istədim, sizi
görüm.
- Qal, kəndə gedək. Gör nə yerlərdir
ee... Sabah tezdən gedərsən.
Bir az fikrə getdikdən sonra: "Yaxşı, mən
hazır", - deyirəm.
Şəhərdən, daha doğrusu, xaraba qalan şəhər
yerindən çıxanda yolun kənarında evimizin yerini
göstərərək dedi:
- İndi ora getmək olmur, hasara alıblar.
İnşallah oralar hamısı park olacaq. Bax buranı
görürsən, bura da göl olacaq. Çox gözəl
şəhər tikiləcək buralarda. Əvvəlkindən
daha yaxşı. Bircə kəndimizdən də yer versələr,
özüm tikəcəm evi, gəl kef elə eee.
Uşaqları da özüm gəzdirəcəm, qoy
tanısınlar. Görəcəksən, burdan getmək istəməyəcəklər.
Hələ bir buranın tutunu yesinlər, onda bax.
Kəndə çatırıq.
- Yadına gəlir, tez-tez kəndə gəlirdik?
- Yox, heç yadıma gəlmir, xatırlamıram.
- Necə yəni xatırlamıram?! Burdan
qaçmağın, ordan yıxılmağın, dee bax o
ağacın altında güləşirdiniz. Necə
xatırlamaya bilərsən?!
- Unutmuşam, yəqin.
- Sən elə uşaq olanda da heç nə
yadında qalmırdı. Kağıza yazıb verirdik ki, verəsən
satıcıya. Amma qardaşın... (bu sözləri deyəndə
məlahətli səsin içində qəribə əsəb
də vardı).
İçimdə deyinirdim: axı burda
xatırlanası heç nə qalmayıb, olsa-olsa ağaclar
var da. Nə ev var, nə hasar, nə həmin o mağaza... Nəyə
baxım xatırlayım ki?!
Kişi məndən xeyli uzaqlaşmışdı.
Bir anın içində necə oldusa, ayağım yerdən
üzüldü. Hava qanıma işlədikcə dəyişirdim.
Quşların səsi nəfəs aldıqca damarlarıma
axırdı. Bədənimdə axan qanı hiss edirdim.
İlahi hiss burulğanının içində idim.
Tanımadığım insanlar məni qucaqlayırdılar.
- Bax, o tut ağacını görürsən?
- Hə, görürəm
- Yadında saxla, onu mənim nənəm əkib.
Üç tut ağacı əkmişdi, qalan təkcə
odur.
Sevinirdim, içimə xoşbəxtlik dolmuşdu.
Xeyli ağaca baxdım, gözlərimi hərlədim. Atam mənə
tərəf gəlirdi, bu məqamda onu "Qladiator" filmindəki
Maksimus kimi görürdüm. Əgər
baxmamısınızsa, o filmə mütləq baxın. Deyəsən,
öldürülən oğlunun qisasını alıb, filmdən
fərqli olaraq, o dünyadan bu dünyaya gəlir. Uşaqtək
ona doğru qaçmaq duyğusu ilə hərəkət edərkən,
saysız ağ kəpənəklər hər tərəfi
sarmağa başladı. Ağ kəpənəklər elə
uçurdular, elə bil uşaq kimi tullanıb
düşürlər. Çaya doğru kəpənək
addımlarla kənddən çıxdıqca
böyüyürdüm. Yol uzunu kişi gələcəklə
bağlı arzularından danışır, nə etməli
olduğumu izah edirdi.
Axşamüstü köhnə şəhərin
xarabalıqları üzərində ucalan yeni şəhərdəki
evimizə gəldik.
- Ata, burda darıxmırsınız bəs?
- Yox eee darıxmaq nədir, hamını
tanıyıram. Köhnə qonşularımız burdadır,
niyə darıxım ki?! Bütün rayonu onlarla birlikdə gəzirəm.
O gün, bir kəndin girəcəyi var, orda yeddi şəhid
vermişik, başa düşürsən, yeddi şəhid, hə,
bax həmin yeri təmizlədik, səliqəyə saldıq.
Elə oğullarımız gedib ki, adamın
yaşamağı gəlmir. Çalışırıq, biz
də onlara borcumuzu belə ödəyək, uşaqlar kəndləri
səliqəyə salır, mən də hərdən kömək
edirəm. Darıxmağa vaxt olmur. Bircə anan evdə
qalır, o, hərdən deyinir ki, məni də apar. Mən də,
kişilərdi yanımda, onu necə aparım axı.
Bu an anam səslənir:
- Hə, bala, məni ev dustağı edib, xəbərin
yoxdu, elə bil təzə gəlinəm.
- Nə danışırsan hər gün tezdən
Xanlar küçəsini gəzmirik? Göyərtini hardan
yığmısan? Hələ sənə dedim ki, camaatın
həyətinə girmə...
- Elə danışırsan, guya orda ev var, həyət
var. Belədi də, atan özündən uydurur həmişə.
- Göyərtini evimizin yanındakı həyətdən
yığmadın? Evin, həyətin yiyəsi yoxdu, yiyəsiz
qalıb deyə caamatın haqqına girməliyik? Dünən
halallığın aldım, şükür. Onsuz da düzələn
deyilsən... Hə, keçən dəfə də anan şəhərin
girəcəyindəki bulaqdan yıxıldı. O
bulağı heç kim xatırlamırdı, getdim
tapdım, ananı da aparmışdım. İndi həmin
bulağın enişinə pilləkən də düzəltmişik
ki, bir də heç kim yıxılmasın, camaat bulağa
rahat gələ bilsin.
Təəccüblənirəm:
- Necə yəni, olmayan küçədə gəzirsiniz?
Az qala oranı şumlayıblar axı
- O sənə elə gəlir. Sən başa
düşməzsən. Anan səni o küçə ilə
bağçadan o qədər döyə-döyə gətirib.
Uşaq bağçasından evə gəlmək istəmirdin.
Hər bir daş, qalan ağac nəyisə xatırladır,
bilə bilməzsən. Necə gözəl günlər idi.
Qədrin bilməmişik, bala. Hərdən deyirəm ki,
bütün bunlar olmalı idi. Çox haqsızlıq, ədalətsizlik
olmuşdu o şəhərdə, vicdansızlıq baş
alıb gedirdi. Bəziləri yolunu azmışdı, camaat təngə
gəlmişdi. Bir Allah, o gözəgörünməz
qüvvə hər şeyi görür və bilir. Olsun, bu da
bizim cəzamız idi. Yəqin ki, şəhidlərimizin
qanı ilə təmizləndik, paklandıq. İndi bu
paklığı, təmizliyi qorumalıyıq. Haqqı-ədaləti
qorumalıyıq, vicdansızlıq etməməliyik, bunu
bacarmasaq, cəzamız daha ağır ola bilər. Unutma, haqq-ədalət
olmayan yer mütləq bir gün xaraba qalır. Bu yerlər bir
də xaraba qalmamalıdır
Çalış haqsızlıq, vicdansızlıq eləmə.
Ədalətsiz davranan, vicdansızlıq edən biri, bəlkə
də nəsə qazanar, amma bir gün haqq öz yerini tapar, cəzası
ağır olar. Etdiyin və sənə edilən
yaxşılığın mükafatı olduğu kimi,
etdiyin və sənə olunan haqsızlığın da cəzası
var, unutma, bilməsən, görməsən də, var.
Bunları dedikdən sonra köks ötürüb
susdu, daha dillənmədi. Elə mən də...
Aşağı düşdüm, zil qaranlıq
düşənə kimi xaraba şəhəri gəzdim.
Kiçicik ağcaqanadlar məni yesə də,
danışmadan, bu həşəratlara etina etmədən
addımladım.
Bu qədər.
Səhər yuxudan ayılanda ağlıma gələn
ilk fikir "yoluma davam etməliyəm" oldu.
Faiq XUDANLI
Fəlsəfə üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 28 iyun,№111.-S.13.