Gecikmiş xatirə
MİKAYIL MÜŞFİQİN ABİDƏSİ
ÖNÜNDƏ
Şəhərimizin zamandan qorxmayan əbədi sakinləri
var. Kimdir onlar? Həyat yolu, işləri, qəhrəmanlıqları,
yaradıcılıqları ilə xalqı üçün
miras qoyub gedən, ölümündən sonra da abidələrə,
heykəllərə çevrilənlər. Belə heykəllərdən
biri də, qəlbimizdə kövrək duyğular yaradan
unudulmaz şairimiz Mikayıl Müşfiqin heykəlidir.
Elə gecikmiş xatirəm də onunla
bağlıdır. Gəncliyimin əziz və kövrək
xatirələrindən biri... Bakı Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi
idim. Azərbaycan ədəbiyyatından bizə qəlbi
Müşfiq sevgisi ilə dolu olan Gülhüseyn
Hüseynoğlu dərs deyirdi. Biz onu Azərbaycan ədəbiyyatında
mənsur şeir ustası, insanı düşünməyə
sövq edən bir yazıçı, həssas bir pedaqoq kimi
kimi tanıyırdıq. Ən əsası isə ona
Mikayıl Müşfiq yaradıcılığının
görkəmli tədqiqatçısı kimi çox rəğbət
bəsləyirdik.
O, Müşfiqi sevir və sevdirə bilirdi.
Gülhüseyn müəllimə Müşfiqin həyat və
yaradıcılığı, şeirlərinin toplanması ilə
bağlı müxtəlif suallarla müraciət edərdik.
Gülhüseyn müəllimin hər bir cavabı elə
özünün yaradıcılığı kimi aydın, səmimi,
yaddaqalan idi. Bu məqamda yazıçı, ədəbiyyatşünas-alim
Mir Cəlal Paşayevin Gülhüseyn Hüseynoğlu
haqqında dediyi sözlər yada düşür:
“Gülhüseyn heç kimə bənzəməyən,
özünün dəsti-xətti, üslubu olan, həmişə
axtaran, poetik kəşflər edən, özünə tələbkar,
əsərləri üzərində zərgər dəqiqliyi
ilə işləyən, oxucusuna və ümumən ədəbiyyata
hörmət bəsləyən, az yazmağı, mənalı
yazmağı sevən yazıçıdır. Onun
yazılarında süni effekt tapmaq çətindir. Şairanəlik,
emosionallıq, axıcılıq, aydınlıq və sadəlik
onun bədii dilini sevdirən cəhətlərdəndir”.
Gülhüseyn müəllim sadalanan bu məqamlarla tələbələrin
sevgisini qazana bilmişdi. Yay günlərindən biri idi. Evdə
idim. Mənə xəbər verdilər ki, Gülhüseyn
müəllim səni möhkəm axtarır. Heç kəs
də səbəbini bilmirdi. Dərslər kəsilmişdi.
Ağlıma heç bir şey gəlmirdi. Dedilər ki,
evinizin telefon nömrəsini vermişik ona, sənə zəng
edəcək (O vaxtlar mobil telefonlar yox idi).
Bu xəbərdən bir qədər keçmişdi
ki, telefonun zəngi eşidildi. Dəstəyi
götürdüm. Gülhüseyn müəllimin həyəcanlı
səsinin eşitdim: “Salam, Şəfəq. Tez min taksiyə,
gəl Sovetski küçəsinə. Təzə tikinti gedir
orada. Onunla üzbəüzdədir (indiki Statistika Komitəsinin
binasını nəzərdə tuturdu). Mikayıl
Müşfiqin abidəsinin açılışıdır.
Gənclər adından sən çıxış edəcəksən.
Dəstəyi qoy, tez çıx gəl. Bir azdan
açılış başlayır. Həyəcanlanma, sən
axırda danışacaqsan. Bir beş dəqiqəlik, gör
ürəyin sənə nə deyəcək? Sən də onu
bizə deyərsən”.
Bircə onu soruşa bildim ki, axı niyə məhz mən?
Zarafatla dedi ki, adlarınız yaxın olduğundan: Şəfəq,
Müşfiq. Ahəngi tutursan. Belə bir şərhdən
sonra çox tələsməyə dəyərdi. Tələsik
evdən çıxdım. Yaxşı ki, evimiz həmin heykələ
yaxın yerdə idi. Səbirsizliklə taksi gözləməyə
başladım. Tərslikdən taksi yox idi. Hey saata
baxırdım. Nəhayət, bir maşın saxladı.
Sükan arxasında Bakı ləhcəsində şirin
danışan, yaşlı bir sürücü əyləşmişdi.
Ünvanı dedim, dəqiqləşdirdim ki, Mikayıl
Müşfiqin abidəsinin açılışıdır.
Ora sürün, zəhmət olmasa.
Sürücü Müşfiqin adını eşidən
kimi dedi: “Allah rəhmət eləsin. Oğullar olub e...” Sonra
da əlavə etdi: “O Bakı bağlarından şeiri var a, məhləmizdə
onu hamı əzbər bilir”. Üzümdə bir təbəssüm
yarandı. Soruşdum: “Siz də bilirsiniz?” “Xeyr, tam bilmirəm.
Sən də məni bağışla, cavanlıqda
uşaqların anasına onun bir şeiri var, bir bənd ondan
yazmışdım. İndiyə qədər o vərəq
qalır evimizdə. Daha keçib ay qızım, dayan bir
yadıma salım:
Mən ki bilməz idim, nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb
oynatmadınmı?
O vaxtlar “şair” yerinə özümdən dəyişdirib
deyirdim ki, “Dünyaya sığmayan şofer
könlümü... Hə, bax belə. Allah ona qəni-qəni
rəhmət eləsin”. Beləcə, abidənin yanına
çatdıq. Nədən danışacağım haqda
düşünməyə belə vaxt qalmadı. Şahidi
olduğum bu epizod bir Müşfiq sevgisi idi.
Sürücünün şirin söhbətini kəsə
bilməzdim. Gülhüseyn müəllimin sözləri
yadıma düşdü: “Gör ürəyin, sənə nə
deyəcək? Sən də onu bizə deyərsən”.
Səhv etmirəmsə, 1970-ci ilin iyun ayı idi.
Açılışda Xalq şairləri Rəsul Rza və
Süleyman Rüstəm, Xalq yazıçısı Mirzə
İbrahimov çıxış etdilər. Söz sonralar Xalq
yazıçısı adı alacaq nasir və ədəbiyyatşünas,
yaradıcılığının çox hissəsini
Müşfiqə həsr etmiş Gülhüseyn
Hüseynoğluya verildi. Şairlərdən Ələkbər
Ziyatay, Hikmət Ziya və başqaları Müşfiqə həsr
etdikləri şeirlərini oxudular, abidənin müəlliflərinə
heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə
Zeynalovaya minnətdarlıq bildirdilər. Hər
çıxışda, hər şeirdə Müşfiq
sevgisi, gözlərdə Müşfiq poeziyasından doğan
bir şövq var idi. Yalnız Müşfiq vurğunu olan
Gülhüseyn müəllimin gözündə yaş var
idi. Bu, Müşfiq taleyi və öz taleyi ilə səsləşən
repressiya acılarından doğan kədər, həm də
bu gün abidənin açılışından doğan
sevinc göz yaşı idi.
Görkəmli şəxslərin
çıxışından sonra söz demək məni bir qədər
həyəcanlandırmışdı. Gülhüseyn müəllimin
dediyinə əməl edərək, ürəyimi dinləyib,
onu dilləndirdim. Yadımda qalan təxminən bunlardır.
Çıxışıma belə başladım: “Əziz
qonaqlar, hamımız etiraf edə bilərik ki, bu abidə
çoxdan qəlbimizdə ucalmışdı. İndi isə
biz Münəvvər Rzayeva və memar Şəfiqə
Zeynalovanın yaratdığı abidəyə, onların
gözü ilə baxırıq. Onlara çox təşəkkür
edirik. Baxdıq, bəyəndik, düşündük.
Baxıb öz-özümüzdən soruşduq: Şairi dərin
düşüncəyə qərq edən nədir?
Qarşısındakı kitab ona nə deyir? Abidəni seyr edərək,
bu suallara qismən də olsa cavab tapa biləriksə,
şairin şeir dünyasına səfər etmiş
olarıq. Önəmlisi də odur ki, bu abidəni seyr edənlər
də Müşfiq kimi düşüncələrə
dalır. Biz gənclər də
çalışmalıyıq ki, Müşfiq sevgisini nəsildən
nəslə ötürməkdə bizim də payımız
olsun. Tədqiqatlarla, bədii qiraətlə, yeni nəşrlərlə,
ən əsası da Müşfiq sevgisi ilə. Əziz müəllimim
Gülhüseyn müəllimə də öz təşəkkürümü
bildirirəm ki, məni Müşfiq dünyasına bir
addım da yaxınlaşdırdı”.
Yadımdadır, danışdıqca fikirləşirdim
ki, beş dəqiqədən çox olmadı? Axı,
Gülhüseyn müəllim demişdi ki, beş dəqiqəlik
çıxış. O hiss indi də yadımdadır.
İllər ötürdü. Hər dəfə o abidənin
yanından keçəndə gənclik xatirələrim
canlanır, qəlbim riqqətə gəlirdi. Təbəssümlə,
kövrək hisslərlə “Oxu daşa dəymiş”
Mikayıl Müşfiqə baxırdım, Gülhüseyn
müəllimi yad edirdim, ürəyimdə onlara rəhmət
oxuyurdum. Şəhərin bu hissəsi mənim
üçün Bakımın sevimli yerlərindən birinə
çevrilmişdi. O yerdən gəncliyimin ətri,
Müşfiqin səsi gəlirdi.
Bir gün yolum yenə də oradan düşmüşdü.
Donub qaldım. Nə gənclik ətrini duya bildim, nə də
Müşfiqin səsini eşidə bildim... Abidə yox idi.
Bir üşütmə keçdi qəlbimdən. Heç nə
anlaya bilmədim. Çox narahat oldum. Başımdan
ildırım sürətli bir fikir keçdi: Öz taleyi kimi
abidəsinin taleyi də müəmmalıdır? Yenə də?
Ah, bu uzun sevda yolu,
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Maraqlanmağa başladım. Məlum oldu ki, abidənin
sadə postamenti bədii və memarlıq baxımından daha
maraqlı olan, güzgü kimi cilalanmış çəhrayı
qranitlə üzlənmiş yenisi ilə əvəz edilmək
üçün hazırlanır. Həm də ətrafda
aparılan abadlıq işlərindən zərər görməsin
deyə, müvəqqəti olaraq yerindən
götürülüb. Öyrənə bildiyim bu qədər
oldu.
Bir müddət keçəndən sonra
Müşfiqin abidəsini yerində gördük. 27 mart
2017-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə
Heyətinin sədri Elbəy Qasımzadə artıq abidənin
əvvəlki yerində bərpa edilməsi haqqında məlumat
yaymışdı. Müşfiqin misraları yada
düşdü:
Gəncliyimə qanad verən, ruh verən,
Hər dəqiqə ayrı cilvə göstərən
Əlirişməz diləklərə and olsun!
Çevirdim üzümü bu günə baxdım,
Könlümə bir bahar nəşəsi doldu.
Bu gün təzə bir gülün
açdığı gündür,
Dünyadan yalnızlığın
qaçdığı gündür.
Müşfiq yalnızlığa məhkum
olmayanlardandır. Onun şeirlərinin səsi, ona vurulan
güllənin səsindən güclü oldu. Məzarını
tapmasaq da, bu abidəyə üz tutarıq. Bəli, Bakıda
bir abidəsi var. Şəhərin əbədi sakinlərindən
biri olan Mikayıl Müşfiqin abidəsini ziyarətə gələrik.
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?
Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?
Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?
Bir işıqlı, bir ətirli çələng
olsun nəğmələrim?
İllər keçir. Biz onun nəğmələrinin
qəşəngliyini duyuruq, rənglərini sezirik, zənginin
səsini eşidirik, nəğmə çələnginin ətrini
duyuruq.
Bir zamanlar Müşfiq şəxsiyyətinə
hörmət və sevginin təzahürü kimi ildə iki dəfə
- şairin doğum və xatirə günündə abidəsi
önündə keçirilən anım mərasimləri ənənəsi,
illər ötsə də, bu gün də müşfiqsevərlər
tərəfindən sevgi ilə davam etdirilir. Bəli, şair
özü demişkən, “Kainat olduqca şeir olacaq” və əlbəttə
ki, Müşfiq də əbədi yaşayacaq.
Şəfəq ƏLİBƏYLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2024.- 28 iyun,¹111.-S.11.