Federiko Fellininin həyat və kino fəlsəfəsi   (II yazı)

 

 

FELLİNİ KABİRİYANI ÖLÜMDƏN NECƏ XİLAS ELƏDİ 

 

Çox vaxt bizə elə gəlir ki, milyonların qəlbini ovsunlayan şedevrlər elə yaranan kimi zəfər yürüşünə başlayıb hamı tərəfindən "bəh-bəh"lə qarşılanır, müəllifinin başına "dahi" tacı qoyaraq onu şöhrət çələnglərinə qərq edir.

Əsla belə deyil!

Dünya ədəbiyyatında, incəsənətində ilk vaxtlar kal armuda çevrilib çoxlarının boğazından keçməyən, əbədiyyətə aparan yolu dərin uçurumların üzərindən aşan o qədər şah əsərlər var ki!

F.Fellininin "Kabiriyanın gecələri" filmi də belə əsərlərdəndir.

Çoxları bilmir ki, bu film ilk vaxtlar senzura tərəfindən qadağan olunmuş, katolik kilsəsinin təkidi ilə hətta onun "kökünü" - neqativini belə məhv etmək istəmişlər.

Bəs Fellini bu qiymətli sənət incisini necə, nəyin hesabına xilas edə bilib?

Gəlin onun özünü dinləyək:

- Senzura filmi qadağan etmişdi. Mən isə heç olmasa onun neqativini xilas etmək istəyirdim. Dostlarımdan birinin - padre Arpenin məsləhətinə əməl edib Genuyaya - papa taxtına namizədlərdən hesab olunan tanınmış, nüfuzlu kardinalın yanına getdim ki, filmə baxsın. Kiçik tamaşa zalının ortasına həmin ərəfədə antikvar mağazasından alınmış qırmızı balış və qızılı saçaqları olan tac kimi bir şey qoydurmuşdum. Kardinal özünün "Mersedes"ində gecə saat 1-in yarısında gəldi. Mənə də zalda oturmaq imkanı verilmişdi, amma düzü, xatırlamıram - o, filmə sonadək baxdı, yoxsa yuxuladı. Çox güman ki, ekranda dinlə bağlı səhnələr göstəriləndə padre onu oyatmışdı. Hər halda film başa çatanda kardinal dedi: "Yazıq Kabiriya! Biz sənin üçün nə isə etməliyik!"

Sonralar çoxları məni tənqid edirdilər ki, mən açıq oyun oynamaq əvəzinə pərdəarxası intriqaları qızışdırıram. Xoşbəxtlikdən o zamanlar belə mübahisələrə baş qoşmağa vaxt vardı.

Xülasə, film xilas oldu, amma kardinalın mənim qarşıma qoyduğu çox qəribə bir şərtlə - kisəgəzdirən adamla bağlı səhnə kəsilib atılmalıdır!!!

- O səhnədə nə var idi ki?

- Bu epizod mən Romaya səfər edərkən 2-3 gün bir yerdə gecələdiyim qəribə bir personajla -  bir növ xeyriyyəçi, yaxud sehrbazla ünsiyyətin təəssüratından yaranmışdı. O, özünü xəyallarında yaratdığı bir missiyaya həsr etmişdi - şəhərin ən ucqar yerlərində kasıbları tapır, onlara kisədə gəzdirdiiyi yemək və paltar verirdi.

Onun ardınca gedərək mən qeyri-adi şeylərlə qarşılaşırdım - kanalizasiyanın lükünü açır, çirkab və siçovullar əvəzinə qoca bir qarı görürdüm. Yaxud indi Sosialist partiyasının qərargahının yerləşdiyi ərazi... Evsiz-eşiksiz adamlar oraya yığışır, səhər saat 5-ə kimi orada yatırdılar. Kisəgəzdirən adam bütün bu yerləri tanıyırdı - kiminə iynə vurur, kiminə yemək verirdi...

Filmdə Kabiriya sübh tezdən  müştərilərdən biri ona pul vermədiyinə görə evə qanıqara qayıdarkən bu personaya rast gəlir. O görür ki, kişi maşından düşüb böyük bir yarğana yaxınlaşdı, onun kənarında dayanıb bir qadını adı ilə çağırdı və qaranlıqda haradansa Kabiriyanın nə vaxtsa gördüyü Atom Bombası ləqəbli fahişə peyda oldu. Artıq o, elə bir gündədir ki, siçovul kimi çirkablı kalafalarda yaşayır...

Sonra kisəgəzdirən adam Kabiriyanı öz maşınında evinə aparır və yolda onun danışdığı əhvalatlar Kabiriyanı sarsıdır...

Çox təsirli səhnə idi. Amma mən onu qayçılamalı oldum. Katolik kilsənin vasitəçiliyi olmadan belə qeyri-adi xeyriyyəçiliyə haqq qazandırılması bəzi katolik dairələrdə xoşa gəlməmişdi.

P.S. Kiçik bir fraqment, epizod uğrunda rejissor - senzura dartışması məsələsinə müxtəlif vaxtlarda qələmə aldığım ayrı-ayrı yazılarda epizodik şəkildə toxunmuşam. Filmin qayçılanması, ən pis halda qadağan olunması, yaxud tirajlanmamış yeganə nüsxənin məhv edilməsi kimi hallar Azərbaycanda da zaman-zaman rejissorlara başağrısı olmuşdur. Nəinki fraqmentləri, hətta personajların replikaları ideoloji prizmadan təftiş olunan belə filmlərimiz haqqında ayrıca bir yazı qələmə almaq fikrim var.

 

FEDERİKO FELLİNİ: PRO və CONTRA (LEHİNƏ və ƏLEYHİNƏ)

 

Fellini mətbuatdan qaçan, qapalı adam deyildi, əksinə, jurnalistlərlə ünsiyyətdə olmağı, onların qəfil, gözlənilməz suallarına səmimi cavab verməyi xoşlayırdı. Onun səmimi notlar üzərində qurulmuş müsahibələrini oxumaq adama maraqlı bir filmə tamaşa etmək qədər zövq verir. Belə müsahibələrin birində "Qısa şəkildə deyə bilərsinizmi nə sizin xoşunuza gəlir, nə gəlmir" sualına cavabında Fellini "nə"yin yox, "nələr"in adlarını çəkir və dahi rejissorun zövqünün bütün nüanslarını üzə çıxaran belə bir siyahı alınır:

MƏNİM XOŞUMA GƏLMİR: təmtaraqlı qəbullar, dairəvi masalar, avtoqraf vermək xahişləri, ilbizlər, səyahət etmək, növbədə dayanmaq, televizoru yandırmaq, dağlar, qayıqlar, işə salınmış radio, restoranlarda çalınan musiqi, ümumiyyətlə, musiqi (məni onu dinləməyə məcbur edirlərsə), televiziya verilişləri, lətifələr, futbol azarkeşləri, balet, yeni il yolkaları, rojfor pendiri, mükafatların təqdimat mərasimləri, Brext haqqında söhbətlər və Brextin özü, rəsmi nahar, sağlıq və nitqlər, harayasa dəvət almaq, nə barədəsə fikir söyləmək, viktorinalar, bədii sərgilər, teatrda ilk tamaşalar, makinada yığılmış mətnlər, çay, çobanyastığı dəmləməsi, kürü, sitatlar, "əsl kişilər", gənclərin filmləri, teatrallıq, suallar, Pirandello, blinçik, gözəl mənzərələr, xoşməramlı niyyət üçün pul yığılması, tarixi, psixoloji və siyasi filmlər, ketçup.

MƏNİM XOŞUMA GƏLİR: vağzallar, Matiss, aeroport, pomidor və pendirlə düyü, palıd ağacları, Rossini, qızılgül, pələnglər, gözlədiyin şəxsin gəlməyəcəyini bilə-bilə gözləmək, Toto, olmadığım, yerlər, Vyana (amma orda olmamışam), gözəl qadınların malik olduqları bütün gözəlliklər, velisoped yəhəri üzərində kök qadın yançaqları, albalı, sentyabr ayı, qatarda istifadə etmək üçün yemək paketi, xam torpağın iyi, küləş ətri, Ceyms Bond, azdanışan adamlar, boş binalar, adamsız restoranlar, boş kilsələr, zəng səsi, bazar günü axşam Qurbinoda olmaq, Boloniya, Venetsiya, bütün İtaliya, Simenon, Dikkens, Kafka, Cek London, qovrulmuş şabalıd, avtobusda getmək, metropoliten, böyük və hündür çarpayılar, yuxudan ayılmaq, yuxuya getmək, dəftərxana mağazaları, "Faber -2" karandaşları, acı şokolad, Günəşin doğması, gecələr, Ledi Qloriya, qədim komediya personajları.

P.S. Bu siyahını oxuyanda Fellininin ənənəvi sualı belə geniş, təfərrüatı ilə və bir qədər gözlənilməz ritorika ilə cavablandırmasının səbəbi mənə dərhal aydın oldu - dahi rejissor oxucuların, tamaşaçıların xoşuna gəlmək üçün heç nə ilə manipulyasiya etmir, qəlp danışmır, hazır cavablardan, "fəlsəfəçilik"dən yan keçir və nəticədə onun dəqiq cizgilərdən, müxtəlif rənglərdən  təbii və möhtəşəm portreti doğulur. Baxın: xoşuna gəlməyənlər siyahısında o, "yaltaqlıq", "xəyanət", "qorxaqlıq" və sair naqis cəhətləri yada salmır, "unudur". Çünki bir çox "filosof sənətkarlardan" fərqli olaraq anlayır ki, bu cəhətlər lap əzəldən hamı tərəfindən lənətlənib, boykot edilib və onlarla spekulyasiya eləmək mənasız olduğu qədər də gülüncdür...

Xoşuna gələnlərin və gəlməyənlərin dahi rejissorun yaradıcılığında nə kimi rol oynadığını bilmək üçün isə onun dünya kino sənətinin incilərindən hesab olunan filmlərinə diqqətlə tamaşa etmək lazımdır...

 

Fellini belə Fellini idi.

 

FELLİNİ EVDƏ VƏ...       

 

- Siz işdən azad vaxtlarda gününüzü necə keçirirsiniz? "Torağay"sınız, yoxsa "bayquş"? Səhərlər tezdənmi oyanırsınız?

- Bəli. Özü də məni oyatmağa ehtiyac yoxdur. Başımda kiçik bir zəngli saat var və mən onu az qala dəqiqə, saniyə dəqiqliyi ilə qururam. O, harada, nə vaxt yatmağımdan asılı olmayaraq məni düz vaxtında oyadır. Dərhal ayağa qalxıram. Ümumiyyətlə, mən az yatıram. Ayılan kimi gecə  gördüyüm yuxunun heç olmasa kiçik bir fraqmentini yada salıb beynimdə nümayiş etdirmək istəyirəm və heç vaxt da istəyimə çata bilmirəm.

Sonra mən sükuta qərq olmuş kimsəsiz mənzildə veyllənir, qapıları açıb-örtür, işığı yandırıb söndürür, axmaq pişiklər kimi gah divanın, gah kreslonun üstündə, gah da masanın arxasında əyləşir, nəyisə zümzümə edir, əsnəyir, şkafların dolanlarını açıb bağlayır, nəhayət, pəncərələri açıram və bu zaman mənə elə gəlir ki, heç nəyə yaramadığım evdə axır ki, yeganə faydalı işin qulpundan yapışdım. Mən heç vaxt mətbəxə keçib qazı yandırmıram, alovun haradan çıxacağı barədə təsəvvürüm belə yoxdir, xəcalət çəksəm də, deməliyəm ki, televizoru işə salmaq da mənim üçün riskli işdir - evdə təkəmsə məmnuniyyətlə bu işdən vaz keçirəm. Vanna otağında güzgünün qabağında bir neçə dəfə irəli-geri hərəkət edir, gözaltı güzgüdəki əksimə baxıram və belə anlarda özümdən zəhləm gedir.

- Özünüzə heç olmasa soyutma yumurta bişirə bilirsinizmi?

- Yox, qətiyyən bacarmıram - sadəcə səbrim çatmır. Rejissor sənəti böyük səbir tələb edir: mən bəzən çəkiliş meydanında işıq mənbəyinin yerinin düzgün tapılmasına saatlarla vaxt sərf edirəm, amma evdə kofenin qızmasını bir neçə dəqiqə gözləməyə səbrim çatmır.

Bir ziddiyyət barədə də deyim: mənə elə gəlir ki, əllərimlə işləmək qabiliyyətim pis deyil - şəkil çəkir, gil qarışdırır, müxtəlif maketlər hazırlayıram. Çəkiliş meydanında hər şeylə özüm məşğul olmağı xoşlayıram. Məsələn, paltarları seçir, yeri gələndə masaları, müxtəlif dekorları yerbəyer edir, şəkilləri asıram. Mətbəxdə isə heç nəyə yaramıram: yalnız qabları sındırmaq, əlimi yaralamaq, yaxud yandırmaqla fəxr edə bilərəm.

- Sizin xüsusi yemək menyunuz varmı?

- Mən az yeyirəm və hansısa bir yeməyə xüsusi marağım yoxdur. Çəkimə, bədən quruluşuma da fikir vermir, heç vaxt gimnastika etmirəm.

- Hesab edirsinizmi ki, psixoanaliz insana özünü dərk etnəkdə kömək etdiyinə görə, onu həm də xoşbəxt edir?

- Bilmirəm bu suala necə cavab verim, çünki xoşbəxtlik deyəndə nə nəzərdə tutulduğunu bilmirəm. Amma düşünürəm ki, psixoanaliz məktəblərdə bir fənn kimi tədris olunmalıdır. Çünki insanın öz daxilinə səyahət etməsi, özünün görünməyən tərəflərini araşdırması vacib şərtdir.

- Deyilənə görə, sizin baxışlarınız Yunqun təlimi ilə səsləşir. Sizə elə gəlmirmi ki, bu məsələdə Freydin rolunu azaldırlar?

- İnsan ruhunun ən mühüm aspektlərini, ən dərin qatlarını araşdıran bu iki mütəfəkkir haqqında sizə elmi, yaxud tənqidi xarakterdə nə isə söyləmək iqtidarında deyiləm. Amma deməliyəm ki, hamımız onların ideyalarından bəhrələnirik və buna görə onlara düşündüyümüzdən də artıq dərəcədə borcluyuq.

Mən Freydi az oxuyuram. Bəlkə də o, ədəbi planda daha istedadlıdır. Lakin onun ritotikası mənə xoş gəlmir. Freyd özünün haqlı olduğuna güvənib şagirdlərinə təqyiq göstərən müəllimə bənzəyir. Yunq isə səyahət vaxtı yaxşı yol yoldaşı, həssas qardaş, öz kəşflərinin rolunu şişirtməyən müdrik insandır. Freyd göstərmək, izah etmək istəyir ki, biz kimik. Yunq isə bizi təhtəlşüurun qapısına kimi müşayiət edir, baxıb düşünməyi, nəticə çıxarmağı isə öz ixtiyarımıza buraxır.

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2024.- 28 iyun,¹111.-S.10.