Qələmsiz
yazılanlar
status-esselər
Prezident İlham Əliyevin sərəncamı
böyük rəğbətlə qarşılandı:
"Azərbaycan Respublikasının ərazi bütövlüyünün
qorunub saxlanılmasında xüsusi xidmətlərinə və
döyüş tapşırığını yerinə
yetirərkən göstərdiyi şəxsi igidliyə
görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın
Milli Qəhrəmanı" adı verilsin (ölümündən
sonra)".
Bir müddət öncə söylədiyim fikirləri
xatırladım: "Britaniyalı rejissor Karan Sinqhin
"Oğul" filminin qəhrəmanı, Birinci Qarabağ
müharibəsinin əfsanəvi döyüşçülərindən
olan Natiq Qasımov Əsgəran
yaxınlığındakı məbəddə düşmənlə
5 gün təkbaşına mübarizə aparıb.
Düşünürəm ki, azad Qarabağda tezliklə həyata
keçirilməli işlərdən biri də yenilməz
ruhlu Natiq Qasımovun 1992-ci ilin qışında günlərlə
mühasirədə qalıb düşmənlə
vuruşduğu o məbədi təmir edib muzeyə
çevirmək olacaq. Ziyarətə gələnlər məbəd-muzeyin
içərisində "Oğul" filminə baxa və
divarlarda o məşum hadisəni əks etdirən şəkilləri
görə biləcəklər".
lll
Qarabağ Universitetində çalışmaq arzusu
gözəldir, hörmət və ehtiram doğurur. Amma tələblərə
də diqqət yetirmək lazımdır.
lll
Neqativi götürən, Günəş kimi səhifə!
Türkiyə qadın milli voleybol komandasının
üzvü Zəhra Günəşin feysbuk səhifəsi
işıq saçır.
Baxın, voleybol azarkeşi olun.
lll
"Yaşıl dünya naminə həmrəylik
ili"dir.
Azərbaycan poeziyasında təbiətin
saflığına, qorunmasına həsr olunan yüzlərlə
şeir var. Hamısı da bir-birindən gözəl, təsirli.
Mənim yadıma son günlər tez-tez düşən
gözəl şairimiz Eldar Baxışın
"Yaşılım, yaşılım hara gedirsən?"
şeiridir. Bu il "Yaşıl dünya naminə"
adlı bir antalogiya hazırlasaq, ən aparıcı şeirlərdən
də biri bu olar. Eldar Baxışı ehtiramla yad edək.
Ağac yaşılım,
hara gedirsən?
hara gedirsən,
yarpaq yaşılım?
Ot yaşılım,
hara gedirsən?
hara gedirsən,
kəpənək yaşılım?
Çəkdiyin bəs deyilmi
kiçik-kiçik danışan Böyük
çillədən,
böyük-böyük danışan Kiçik
çillədən
boz-boz danışan Boz aydan-
çəkdiyin bəs deyilmi,
Yaşılım,
yaşılım, hara gedirsən?
çiçək qanadından, ot qanadından
palıd qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?
Yaya güvənirsən? Güvənmə yaya!
Yayın istisinin axırı yoxdur.
Yayın istisi də it günündədir.
atı var,
otu var, axuru yoxdur.
Baxsan bu istiyə, allanacaqsan,
sənə yol verəcək - yollanacaqsan,
böyründən-başından xallanacaqsan.
Yaşılım,
yaşılım, hara gedirsən?
Bu odun-istinin o tərəfində
o sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
ağzını ayırıb səni gözləyir.
O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -
Yaşılım,
yaşılım, hara gedirsən?
Getmə, qayıt geri, başına dönüm!
lll
Namaza duranlar qoymur yatmağa. Bir ucdan islami mesajlar gəlir...
lll
Pul xərcləmək üçündür.
Toplayanda və saxlayanda kiber və digər cinayətkarların
əlinə keçir.
lll
İndi unudulmaq asan işdir.
lll
ARB24-ün İran Prezidentinin helikopterinin qəzaya
uğraması barədə bir neçə saatdan bəri
canlı efirdə müzakirələr aparması, ən son xəbərləri
anbaan çatdırması operativlik və yüksək
peşəkarlıq nümunəsidir, təqdirəlayiqdir. Həmkarlarımızın
fəaliyyəti ehtiram doğurur. Təşəkkürlər.
lll
Durumun nə qədər qorxunc və vahiməli
olduğunu düşünmədən bayağı şərh
və münasibət bildirmək heç kimə yaraşmaz.
Qonşumuzda sakitlik olmasına, qəzaya düşənlərdən
yaxşı xəbərlər gəlməsinə dua etmək
ən insani addım olar.
lll
Yutub kanalı açmaq axı sizin nəyinizə
lazımdır?
lll
Lazımsız, nəticəsi olmayan, ancaq mübahisə
yaradacaq müzakirələrə rəvac vermək həm də
bekarçılığın və mənəvi
boşluğun təzahürüdür.
lll
Bu lazımsız mübahisə və müzakirələr
məşhur Avstriya filosofu Otto Veyningerin "Cins və
xarakter" kitabını yadıma saldı.
Dilimizə də tərcümə olunubmuş.
Şəhriyar Məmmədyarov da oxuyub yəqin.
lll
Heç kim intihardan sığortalanmayıb...
lll
Telefondan uzaq duran adamları başa düşmürəm,
bəlkə də paxıllığım tutur.
lll
Dəyişən dünyayla ayaqlaşmaq,
mümkün olmasa, razılaşmaq lazımdır.
Dünya təzə dünyadır.
lll
Zamanı ləngitməsən,
yaşadıqlarının fərqində olmayacaqsan.
lll
Elə media subyektləri var, sanki bəd, mənfi
yüklü xəbərlər istehsal edib tirajlamaq sahəsində
"ixtisaslaşıblar". Neqativ yaymaqdan zövq alan belələri
ən adi məişət hadisəsini, ən xırda
münaqişəni elə hay-həşirlə təqdim edirlər,
elə bil, dünyanın sonudur.
Bu tendensiyanın vüsət almasında Türkiyənin
bir sıra televiziya kanallarının da mənfi təsiri var.
Sanballı telekanallarda bəzən elə hadisələri
"mühüm" xəbərə çevirib
böyük həyəcanla təqdim edirlər, adamı heyrət
bürüyür: sən demə, tülkü hinə
giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə
bilim daha nə...
Ən pisi isə odur ki, belə xoşagəlməz
nümunələr bizim ciddi saydığımız bəzi
media orqanlarının da fəaliyyətinə sirayət edir.
lll
Əziz Xanım İsmayılqızıya unudulmaz,
uzun illər yaddaşlarda xoş xatirə kimi qalacaq
musiqili-şeirli "Ömrün Xanım fəsli" tədbirinə
görə təşəkkür edirəm. Bu qədər dəyərli
insanı, söz, sənət, incəsənət
adamını bir yerə toplamaq, 3 saat ərzində xəfif
xiffətlə dolu aləmə aparmaq, nostalji ovqat yaratmaq,
gözəl duyğular bəxş etmək hər kəsə
nəsib olmur.
Var olun, Xanım xanım!
Bir daha təşəkkürlər!..
lll
Kitab rəfindəki qalın, sanballı, dəyərli
kitablara baxıb xəfif xiffət, nostalji hiss etmək və
heyifsilənmək...
lll
Yalanı vaxtında cavablamaq lazımdır...
lll
- Hacinin oğlu olub!
Ötən əsrin 90-cı illərində səhər
oğlanlarımın hay-küyünə yuxudan
ayıldım. Soruşdum: "Haci, kimdir ki?"
Sən demə, "Qalatasaray"ın
rumıniyalı futbolçusuymuş.
İndi Rumıniya-Ukrayna oyununda oğul Hacinin
oynadığını gördüm.
Dünyaya gəlişiylə məni səhər
yuxudan oyadan gənc indi məşhur futbolçu imiş.
lll
Nazir düz deyir, adamlarımızın bəziləri
ya diqqətlə oxumur, ya da oxuduğunu anlamır.
lll
Ürəkdən sevinə bilmək də
istedaddır, Tanrının lütfüdür.
lll
Əzmkarlıq, ruhdan düşməmək, sonacan
mübarizə aparmaq vacib keyfiyyətlərdir və rəğbət
yaradır. Futbol üzrə 2024-cü il Avropa
çempionatının indiyəcən baxdığım
oyunlarında bu keyfiyyətlərin ən bariz nümunəsini
Portuqaliya və Danimarka millilərində gördüm.
lll
Kitabı indi sosial şəbəkələrin
timsalında kollektiv düşüncə məhsulu əvəzləyib.
Hansı maraqlı və ya gərəklidir: bir adamın
ağıllı düşüncələri, yoxsa minlərlə
insanın absurd və fərqli sayıqlamaları?
lll
Əgər sənin obyektivliyin və peşəkarlığın
insanların göz yaşlarına səbəb olursa,
onları zədələyirsə, düşünməlisən.
Hərdən ürəyi də dinləmək lazımdır.
lll
Azarkeş sevgisi sürüşkən olur. Məğluba
aman vermir.
lll
"Lider doğulurlar, yoxsa lider olurlar?" Bu
sualın konkret cavabı yoxdur. Kimi liderliyin doğuşdan gələn
bir xüsusiyyət olduğuna inanır, kimi də bunun zamanla
formalaşdığını deyir. Mən birincilərdənəm.
Əzmin gücünə sayğım böyük olsa da,
istisnaların varlığına, bəzi şeylərin dəyişdirilə
bilmədiyinə inanıram. Liderlik bacarığının
da həmin istisnalardan biri olduğunu düşünürəm".
Aytac Sahədin qənaətləriylə razıyam.
İnformasiya bolluğunda düşünməyə sövq
edən belə yazılar yazdığına görə ona təşəkkür
edirəm.
lll
Bütün sualların cavabını keçmişdə
tapmaq mümkündü.
lll
Son iki gündə Mətbuat Şurasında
tanınmış jurnalistlər - Hidayət Elvüsalın
75, Şərif Kərimlinin 70 illik yubiley tədbirləri
keçirildi. Həmkarları və dostları
yığışdı, xatirələrini
bölüşüb xoş sözlər söylədilər.
Bir daha təbrik edirlər!..
lll
Sosial şəbəkə profili də qayğı tələb
edir. Açmısansa, gərək nəzarət də edəsən..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .-2024.- 29 iyun,№112.- S.9.