Alnında Günəş
doğan, Ay doğan, dost...
Balaca qardaşlarımdan birinin maraqlı etirafı
var. Yazır ki, uşaq olanda elə
bilirdim ki, Sabir məndən çox Fərman Kərimzadənin,
Məmməd İsmayılın, Xudu Məmmədovun, Nüsrət
Kəsəmənlinin, Çingiz Əlioğlunun, Ramiz
Rövşənin, Sabir Əhmədlinin qardaşıdır.
Böyük qardaşı kənddən ayrılıb gedəndən
sonra dünyaya gəlmiş, onu ancaq tətildən-tətilə,
məzuniyyətdən-məzuniyyətə və əksər
hallarda adları çəkilən dostların əhatəsində,
kəndə bir-iki günlüyə qonaq gələndə
görən bir uşağın çox dəqiq
müşahidəsi, bəlkə də acı psixoloji
yaşantısıdır.
Bu acılıqdan böyük qardaşa daha çox
pay düşür, çünki ayrı məkanlarda
yaşamaq kiçik bacı-qardaşlarla ünsiyyət
imkanını məhdudlaşdırır, balacalar ona doğma evində qonaq, ya da rəsmi
bir adam və ya əmi, dayı kimi baxırdılar...
Bu taleyin maraqlı bir tərəfi də var ki, onlar
öz ocaqlarında böyük qardaşlarıyla
yanaşı, başqa böyükləri də görür və
onları da tez-tez gəlməyə imkanı olmayan, amma evlərinin
doğması kimi sevirlər. Bu göz ilə baxanda
Yardımlının dağlar arxasındakı balaca kəndinin,
balaca evinin doğma övladlarından
ayırmadığı, mənə qardaş
saydığı şəxslərdən biri də,
yuxarıda göstərdiyim kimi, Çingiz Əlioğludur.
Anamın çox işlətdiyi sözüydü
"başuva dönüm" və mənlə bərabər,
dostlarımın da başına dolanırdı ki, Allah
hamımızı qorusun; məni dönə-dönə onlara
tapşırırdı; dostlar da zarafatla "ay ana, sən onu
bizə yox, bizi ona tapşır!" deyir, bununla mənim
evimizdən kənardakı yerimin özəlliyini
vurğulayaraq, ana ürəyinə dinclik gətirmək istəyirdilər.
Dostlar haqqında yazılarımızın çoxunu
ötən günlərin anılarından
başlamağımız anlaşılandır, dostluq
tarixçələri, ömrün ən gözəl
çağları ilə, daha çox ötən günlərlə
bağlıdır. 70-80-ci illərdə ədəbi
mühitimizdə bir dostluq əfsanəsi vardı. Ədəbiyyatda
dostluqların uzun ömürlü olması nadir hadisədir;
yazarlar fərdiyyətçidir, hərə öz yolunu
axtarır; yaradıcılıq işi təklənməyi
sevir, fərqli yollar istər-istəməz hər cür
konfliktə münbit şərait yaradan fərqli yanaşmalar
yaradır. Buna görə də yolun əvvəlində
başlanan dostluq tez soyuyur, ədəbi başarı və
maraqlar hərəni bir tərəfə, bir dəstəyə
çəkir. Sonra da ailə qayğıları, iş,
güc. Amma biz bütün bunları adlayıb
keçmişdik və yetkin yaşımıza dostluğun
soyuyan xatirəsiylə yox, həyatda ən böyük
qazanclarımızdan biri saydığımız güclü
bir əqidədaşlıq, birlik duyğusuyla gəlmişdik.
Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli və
bu sətirlərin müəllifi... Bizlər də fərqliydik.
Əsgər kimi eyni addımlarla yerimirdik, şübhəsiz.
Ancaq bu fərqlilik bizim dostluğumuzun bəzəyi,
dadı-duzu, şuxluğuydu. İndi biz Çingiz
Əlioğlu ilə ikimiz qalmışıq; ikimiz də
bölünməz, daşınmaz bir əmlakın, bir sərvətin
varislərinə bənzəyirik. Təkcə bizə məxsus,
bizim zənginliyimizin qaynağı olan, bizimlə
danışan və bizi anlayan bir yazılmamış dastan,
illər uzunu yaratdığımız bir əfsanə sərvəti...
Biz bir-birimizə bənzəmirdik. Təkcə xasiyyətimizə,
dünyaya baxışlarımıza görə yox, həm də
yazıb ortaya çıxartdıqlarımıza görə.
Və bəlkə də dostluğumuzun bir səbəbi də
ədəbiyyat məkanlarımızın coğrafi sərhədlərinin
toxunulmazlığında idi. Bir-birimizin sözünə
göz dikmir, bir-birimizə "ərazi iddiası" eləmirdik.
Dostlarımın hər birinin ədəbi xarakteri,
yaradıcılığının özəllikləri,
poetikası, dil-üslub xüsusiyyətləri şeirimizdəki
mövqeləri barədə yazılıb və yenə
yazılmalıdır. Hər yeni kitabımızı o vaxt necə
bayram edirdiksə, indi də etməliyik.
Çingiz bizdən iki yaş böyük olsa da, təbii
ki, bizdən daha gənc görünməyə çalışırdı. Hər
birimizin başqa dostluq mühitlərimiz də vardı; orta və
ali məktəb yoldaşlarımız. Vaxt keçdikcə
onlar da tanış olur və ətrafımızda
Ağstafa-Füzuli, Yardımlı-Bakı arasında xeyli adam
yaxınlaşmış və geniş bir doğmalıq,
dostluq və qohumluq şəbəkəsi
yaranmışdı. Bizi bağlayan nə idi? İndi bu suala
cavab tapmaqda çətinlik çəkirəm, yəqin o vaxt
da cavab verə bilməzdim. Yalnız fərqlilik əsas səbəb
deyil. Məncə, əsas səbəb bu fərqliliyin
ümumi bir amala, yola, məqsədə
bağlılığında, qardaşlıq sevgisi kimi səbəbsiz,
amma qaçılmaz bir duyğudaydı. Biz bir-birimizin
varlığına sevinir, bir-birimizlə qürur duyur,
bir-birimizin uğuru və sevinciylə qanadlanırdıq.
Dostluq üçün zəruri olan ümumi cəhətlər
də var idi. Məncə, bu ilk növbədə bizim
xarakterimizlə bağlıydı. Ağır uşaqlıq
illərindən gəlmə dözüm, oxumaqdan, yazmaqdan
yorulmamaq, hansı mühitə düşsək də, öz
ləyaqətimizi uca tutmaq bacarığı, ürəyiaçıqlıq,
böyük yurd və millət sevgisi, insanlara münasibətimizdəki
nəciblik və xeyirxahlıq və bütün bunlarla
yanaşı, saxtakarlığa, dildə bir cür, ürəkdə
başqa cür olmaq riyakarlığına, vətənin
adına xələl gətirəcək hər cür
korazehinliyə qarşı barışmaz olmağımız
və s.
Şəkillərimizdən biri Qax rayonunda çəkilib;
yaşıdlarımız olan bir dəstə şairlə
İlisuya gedirdik, yolüstü pyedestala bənzər bir
sütun diqqətimizi cəlb etmişdi və o dəqiqə
mübahisə qızışmışdı. "Əsl
şair heykəlinin yeridir!" Pyedestal bir heykəl
üçündür, amma zarafatla hərəmiz bir yandan
dırmaşdıq bu kürsüyə. Məlum oldu ki, bu
pyedestala hamımız yerləşə bilirmişik. Ortada
üçümüz, ətrafda daha 4-5 cavan dostumuz. O bir
zarafat idi, "heykəl üçün bizə bir
kürsü də yetərlidir, orda həmişəlik,
çiyin-çiyinə dayana bilərik", - deyirdik. Bu
zarafatda bir ciddiyyət mayası da vardı, yəni aramızda
kürsü, şöhrət, birincilik yarışı yox
idi, eyni yüksəkliyi bölüşə bilirdik. Heykəl
xatirəni qorumağın yalnız bir formasıdır;
insanlığın yaddaş kitabçasının bir
küncünə bütə bənzər bir mərmər
heykəlcik qoyulur ki, unudulmasın.
Kitab da o heykələ bənzər xatirələrin,
ruhun ötürücüsüdür və mən
kitablarımızı vərəqləyəndə
yaxınlığımızın bir səbəbini də bu
ruh birliyində görürəm.
Üçümüz də çətin
uşaqlıq illərini, ehtiyac sınaqlarını adlayıb,
ümid və arzularımızı sınmağa qoymadan, gənclik
qürurumuzu və gizli daxili iddialarımızı qoruyaraq gəlmişdik.
İçimizdə nə çəksək də, cəmiyyətdə
yerimizi və missiyamızı tapdığımıza görə
xoşbəxt idik. Bütün bunlar sanki dünən
olmuşdu. Dünənlə 80 yaş arasındakı
zamanın necə ötüb keçdiyini hiss etməmişik,
yazılan kitablar, övladlar və xatirələr olmasa, bu illərin
yaşandığına inanmaq çətindir.
Böyük şairimiz Rəsul Rzanın təqdimatıyla
çap olunmuş ilk şeirlərindən başlayaraq
Çingizin bütün ədəbi fəaliyyəti gözümün
qabağındadır. Şair tikdiyi evin neçə mərtəbə
olacağını bilməsə də, yorulmaz, tükənməz
bir səbr və həvəslə hər gün kərpic-kərpic
hörgüsünü hörən bənnaya bənzəyir.
Ancaq bu iş çox vaxt ilhamın qanadında, romantik bir
ovqat yüksəkliyində baş verdiyinə görə kənardan
görünmür, bəzən hətta yaxınlar, ailə
üzvləri də hamıyla bir yerdə oturan, deyəngülən
şairin ürəyində həmin anlarda hansı
rüzgarlar dolaşdığını, hansı
axtarışlar getdiyini sezə bilmirlə.
Çingiz Əlioğlu missiyasını reklam etmədən
bütün ömrünü ədəbiyyata vermiş
adamdır. Şeir və publisistika ilə yanaşı, Azərbaycan
oxucusunun ədəbi intellektini yüksəltməyə xidmət
edən əsərləri yüksək zövq və peşəkarlıqla
tərcümə və təbliğ edir, naşirdir,
kitabşünasdır və s. Bundan əlavə, o, uzun
müddət Yazıçılar Birliyində şeir bölməsinə
rəhbərlik etmiş, nəşriyyatlarda, Mətbuat və
İnformasiya, Mədəniyyət və Turizm nazirliklərində
məsul vəzifələr daşımışdır,
Əməkdar incəsənət xadimidir. Bunlar Çingizin həyatı
və yaradıcılığının ayrı-ayrı
cizgiləri kimi bənzərsiz şair-vətəndaş
portreti yaradır. O öz şəxsiyyəti,
yaradıcılığı, ağlı və yüksək
mədəniyyəti ilə hər yerdə, ölkə
daxilində və xaricdə Azərbaycan
varlığını ən yüksək səviyyədə
təbliğ və təqdim etməyi bacaran bir adamdır.
Çingiz cavanlıqdan müstəqil olmağa vərdiş
eləmişdi və bu özəllik onun
yaradıcılığında da görünür. Onun
şeir meyarları, məncə, oxucu auditoriyasından daha
çox öz ədəbi prinsiplərindən, hədəflərindən,
zövqündən qidalanır; oxucuya xoş getsin deyə
yüngül və basmaqəlib mövzulara və yazı tərzinə
meyl salmır.
Hamıya məxsus işlək yoldansa öz kələ-kötür
yoluyla addımlamağa, bu yolu böyütməyə
üstünlük verir. Şeir söz sənəti
olduğuna görə şairin sözə münasibəti,
söz duyğusu, sözlə işləmək, sözlə
qurmaq və sözlə oynamaq qabiliyyəti mühüm keyfiyyətdir.
Model ustaları xırda bir əlavə, bəzək və
naxışla, yeni bir detalla ənənəvi görünən
geyimlərə çağdaşlıq ruhu
qazandırdıqları kimi Çingiz də öz şeirlərini
belə gözlənilməz, ilk baxışda bəzən
yerinə düşməyən kimi görünən, lakin
diqqətlə baxanda müəllifin poetik estetikasının tərkib
hissəsi kimi əhəmiyyətli olan yeni söz
naxışları vurmağı xoşlayır.
Sözünün ifrat ütülü-mütülü
olmasını yox, ruhun, poetik ovqatın vermək istədiyi bədii
informasiya yükünün önündə tutur,
sözünün ümumi dizaynına yeni, koloritli sözlərin
qoşulması, sözün yeni poetik və semantik
qatlarının açılışı, simvolik ifadə tərzinin
zənginliyi onun poeziyasının əsas keyfiyyətlərindəndir.
Dilimizin alliterasiya imkanlarından, məncə, poeziyamızda
heç kim Çingiz Əlioğlu qədər gen-bol və
uğurlu istifadə etməmişdir. Bir çox əsərlərində
o, ana dilinin bu qeyri-adi imkanları ilə XX yüzil dünya
poeziyasının, hər xalqın ədəbiyyatında bir
cür boy göstərən avanqard, modern
üslublarını birləşdirir. "Kubist şeir"
adlandırdığı şeir silsiləsi bunun uğurlu
nümunəsidir. "Ruhunun həndəsəsi"
kitabındakı "Uzaqdan gələn adam" bölməsi
ictimai bəlaları orijinal ifadə tərzi və dil zənginliyi
baxımından onun yaradıcılığında və
şeirimizdə yeni bir səhifədir.
Söz Çingizin sevgisi, əyləncəsi,
uğuru və qoruyucusudur.
Deyə bilmədiyim sözün içində
İçimin nə qədər ağrıları
var.
Deyiləsi mümkün olmayan söz - ləyaqəti
yolunda vuruşan, haqqına qovuşa bilməyən millətlərin
şairlərində əbədi ağrılardandır.
O sözə bağlıdır gizli arzular,
O sözün içində azadlıqlarım.
O sözə bağlıdır bütün
varlığım,
O sözdən başlayır
tanımadığım,
Görə bilmədiyim dadlı bir həyat.
O sözü, o sözü... deyə bilmirəm,
Çalışıb vuruşmaq əbəsmiş...
Heyhat.
Bu, Çingizin 35 il öncəki
narahatlığıdır. Bu misraların başqa mənalarını
bir kənara qoyuram, ancaq min illik şeirimizin yolunda öz nəğməsi,
səsi, yeri olan bir usta qələm sahibi, bir vətəndaş
kimi Çingiz öz sözünü demişdir.
"Çalışmağı, vuruşmağı" nəticəsiz
qalmamış, onlarla, yüzlərlə şeir
çiçəkləri ilə bəzənmiş bir söz
gülüstanı yaratmışdır. Şair dostumun
yarım əsrə yaxınlaşan yaradıcılıq
yolunun başlıca keyfiyyətlərindən biri ədəbiyyat
işinə - milli ücadiləmizin, Azərbaycanın azad,
xoşbəxt gələcəyi, uşaqlıq xatirələrini
qoruyan doğma Qarabağın düşmən
işğalından azad edilməsi, dünyada haqq və ədalətin
bərqərar olması işinin bir hissəsi kimi
baxmasındadır. Buna görə də onun
yaradıcılığı daim yüksəlir, genişlənir,
qol-qanadı böyüyür və ölkədən-ölkəyə
uzanır.
Çingizlə Nüsrətə həsr etdiyim
şeirlərimin birində onların xarakterini qısaca belə
ifadə etmişdim: "Ah, dostlarım! Alnında Günəş
doğan, Ay doğan, ah, dostlarım, səhvləri düzəltməyə
darıxan". "Alnında Ay doğan adam" Çingizin
şeir kitablarından birinin adıdır. Mən Çingizi
həmişə belə işıqlı, zəkalı və
tariximiz boyu buraxılmış səhvlərin
ağrısını çəkən, bu səhvlərin
düzəldilməsi yolunu ideal seçən qələm
sahiblərimizdən biri kimi görmüşəm.
Şeirlərinin vətəndaşlıq ruhu
kitabdan-kitaba güclənən şairin hətta eksperimentlərində,
avanqard, kubist şeirlərində də çağdaş Azərbaycan
vətəndaşının müstəqilliklə gələn
uğurları və uğursuzluqlarının geniş və
Çingizə məxsus poetik tərzdə çəkilmiş
mənzərəsi var. Bu baxımdan onun son kitabları
bütövlükdə poeziyamızın uğuru sayılmalıdır.
Bu kitablar şair Çingiz Əlioğlunun
çağdaş şeirimizdə özünəməxsus
yerini müəyyənləşdirir, onu ədəbiyyat
tariximizə adı həmişəlik həkk olunacaq müəlliflərdən
birinə çevirir.
Zövqünü, ədəbi-estetik tələbləri
və mövqeyini yaxşı bildiyim dostumun "Fraqmentlər"
kitabını oxuyandan sonra onu özüm üçün
yenidən kəşf etdim. Esselərinin, düşüncə
və müsahibələrinin toplandığı bu kitab
müəllifinin şair, vətəndaş, ziyalı, ictimai
xadim obrazına həm də ciddi fikir adamı, ədəbiyyatşünas
epitetlərini ana südü kimi halallıqla əlavə edir.
Bu kitab müəllifinin təkcə ədəbiyyata, mədəniyyətə
münasibətinin orijinallığı, genişliyi ilə
deyil, həm də bunların işığında bir
çox ictimai-siyasi hadisələrə qiymət vermək
ustalığı ilə diqqəti cəlb edir.
Çingiz Əlioğlu yetmişində də otuz il
öncə olduğu kimi, ilhamla, yorulmadan yazıb-yaradır. Hər
kitabıyla oxucularını axtarışlarının yeni
sürprizləri ilə sevindirir.
Təəssüf ki, bir məqalədə onun
yaradıcılığının bütün keyfiyyətləri
barədə danışmaq mümkün deyil; bundan
ötrü gərək ayrıca bir kitab yazasan. Burda onun
yaradıcılığının yalnız bir-iki cəhətinə
toxundum. Burda hökmən onun tərcüməçilik
qabiliyyəti və bu sahədə gördüyü çox əhəmiyyətli
işləri də xatırlatmaq lazım gəlir.
Çünki ədəbiyyatda zövqsüzlüyün, yeni
nəslin kitaba marağının azalmasının
qarşısını almağın bir yolu da dünya ədəbiyyatının
ən yaxşı əsərlərinin dilimizə
çevrilib oxuculara təqdim edilməsidir. Bu cəhətdən
Çingiz Əlioğlunun tərcümələri həm
seçilən müəlliflərə, həm də tərcümənin
keyfiyyətinə görə mühüm ədəbi hadisədir,
xidmətdir və bununla yanaşı, onun tərcümə sənətinə yanaşmasındakı ciddiyyəti,
bu sahədəki xüsusi istedadını nümayiş elətdirir.
Biz bir yerdə çox ölkədə, çox məclislərdə
olmuşuq və mən Çingizin öz xalqının
böyük ruhunu, mədəniyyətini, mənəvi keyfiyyətlərini
necə yüksək səviyyədə təmsil elədiyinin
dəfələrlə şahidi olmuşam. Bu, həm də
onun son illərdə kitab sərgilərində kitab mədəniyyətimizə
şöhrət gətirən kitablarına aiddir.
Sabir RÜSTƏMXANLI
525-ci qəzet .-2024.- 29 iyun,№112.- S.11.