ZƏRBƏYƏ
QARŞI ZƏRBƏ
Onun qabağında dayanmaq, irəliləyişlərinin
qarşısını almaq çətin idi. Milləti deyib gələn
"Molla Nəsrəddin" qısa vaxt parçasında
düşüncələri fəth etməyi bacarmışdı.
Əleyhdarları vardı, ayağının altını
qazıyanlar az deyildi, amma sevənləri də gün-gün
çoxalırdı. Rəqibləri, bədxahları,
maneolanları lap birə-beş çoxalsaydı belə, daha
ona qorxu yoxdu. Çünki bu dərgi başlanğıc mərhələ
üçün bəlkə irəlicədən nəzərdə
tutulduğundan da çoxuna artıq nail olmuşdu.
Heç bircə yaşını başa
vurmamış "Molla Nəsrəddin"in yetişdirdiyi
yeni bir nəsil böyüyürdü. Çox illər sonra,
artıq "Molla Nəsrəddin"in tarixə
çevrildiyi və özünün də 60
yaşının tamam olduğu çağlarda o
dövrün tanınmış dilçi alimlərindən Səlim
Cəfərov (1907-1978) xatirələrini qələmə
almışdı. Səlim Cəfərov "Molla Nəsrəddin"dən
bir yaş kiçik idi. Yazı-pozuya göz açıb,
dünyanı dərk eləyəndə "Molla Nəsrəddin"i
görmüşdü və təbii ki, "Molla Nəsrəddin"
tərbiyəsi ilə böyüyənlərdən idi. Şəkidə
seminariyada oxuduğu vaxtları xatırlayırdı ki, orada
jurnal əl-əl gəzirmiş və öz yazmasınca, Səlimin
ürəyindəki ən böyük arzu günlərin
birində "Molla Nəsrəddin"in baş mühərriri
Cəlil Məmmədquluzadəni görməkmiş. Səlim
Şəkidə darülmüəllimini bitirincə onu
Dağıstanda müəllimlik etməyə göndərirlər
və artıq dərs dediyi vaxtlarda - 1927-ci ildə yolu
düşür Bakıya. Son dekabr günləri imiş,
soraq-soraq Cəlil Məmmədquluzadənin evinin yerini öyrənir,
deyirlər ki, Poçt küçəsində
yaşayır. Gəlib qapını döyür, Mirzə Cəlil
özü açır. 1966-cı ildə bu xatirələri
qələmə alarkən artıq yaşa dolmuş Səlim
Cəfərov ovaxtkı gənclik təəssüratıyla
yada salırdı ki, mollanəsrəddinçilərin hər
biri, illah da ki, Cəlil Məmmədquluzadə mənə nəhəng
insan kimi gəlirdi. Ancaq qarşımda orta boylu, sadə bir
insan dayanmışdı. Dedim ki, mən Cəlil Məmmədquluzadə
ilə görüşmək istəyirəm.
Gülümsündü, "Buyurun, əyləşin, Cəlil
mənəm", - dedi. Tanışlıq verdim, kimliyimi dedim,
söylədim ki, gəlməkdə bircə məqsədim
var - sizinlə tanış olmaq. Mirzə Cəlil hiss eləyirdi
ki, sıxılıram, başladı müxtəlif söhbətlər
eləməyə, oradakı dərs həyatından, müəllimliyimdən
suallar verməyə. Axırda da mənim bu dərgiyə olan
böyük həvəsimi nəzərə alaraq dedi ki, gəl
səni də "Molla Nəsrəddin"ə qoşaq. Təəccübləndim
ki, necə qoşaq? Dedi, sən orada - Dağıstanda bizim
nümayəndəmiz ol, "Molla Nəsrəddin"in abunəsini
təşkil elə. Və götürüb bir vərəqdə
yazdı ki, bu arayışı təqdim edən müəllim
Səlim Cəfərov "Molla Nəsrəddin"
jurnalının Dağıstanda abunə yayıcısı
olur, altında da tarix qoydu: 31 dekabr 1927-ci il.
Səlim Cəfərov elm-təhsil yolu ilə irəliləmişdi,
cavan yaşında namizədlik, doktorluq dissertasiyalarını
müdafiə etmişdi, əsilcə saxur ola-ola Azərbaycan
dilinin ən qabil mütəxəssislərindən biri kimi
şöhrətlənmişdi. Təbii ki, fəaliyyəti
dövründə müxtəlif təltiflər, ödüllər
də qazanmışdı. Ancaq layiq görüldüyü
bütün fərdi adlar və mükafatlarından ona, etiraf
etdiyi kimi, ən əzizi 1927-ci ilin son dekabr günündə
Mirzə Cəlilin öz əli ilə yazdığı,
altına imzasını qoyduğu həmin arayış idi.
1927-ci ildə hələ "Molla Nəsrəddin"in
çıxacağı, Cəlil Məmmədquluzadənin
yaşayacağı neçə illər qarşıda idi.
Ancaq artıq "Molla Nəsrəddin" də, Cəlil Məmmədquluzadə
də bu sözün şitləşdirilmiş anlamında
deyil, elə birbaşa və doğru səslənişində,
ümumxalq sevgisi qazanaraq əfsanələşmişdi. Demək,
"Molla Nəsrəddin" xoşbəxt idi, çünki
lap başlanğıcdan "Molla Nəsrəddin"in iki
vacib vəzifəsi vardı: birincisi, yaddaşları silkələmək,
yatanları oyatmaq; ikincisi və bəlkə daha
mühümü - yetişən nəsil içərisində
özünə dayaqlar, arxadaşlar, silahdaşlar tapmaq. Həmin
gün ilk dəfə görüşdüyü Mirzə Cəlildən
ustadın öz dəsti-xəttiylə yazdığı
arayışı alan gənc müəllim, əlbəttə
ki, bəxtiyar idi. Ancaq ondan ikiqat məsud olan Cəlil Məmmədquluzadə
idi. Çünki zəhmətlərinin itmədiyi, mübarizələrinin
bihudə keçmədiyini görürdü.
Görürdü ki, onların apardığı xətti
tutub gedən, onların mübarizə yoluna qoşulan
coşqulu bir gənclik yetişir.
Mirzə Cəlildə yeni ümidlər və sabaha
inam yaradan o görüş 1927-ci ilin bitəcəyində
baş vermişdi, ancaq düz 20 il əvvəl - hələ
bu cavanın dünyaya gəlmədiyi vaxtlarda, yola yenicə
çıxmış "Molla Nəsrəddin"in 10
ayı tamam olub 11-ci ayı başlananda 1907-ci il yanvarın
6-da təzə ildəki ilk nömrəsi işıq
üzü görmüşdü, qətiyyən əminlikləri
yox idi ki, yenə də il boyu ardıcıl çıxa biləcəklərmi,
əvvəlkindən də artıq səksəkələri
vardı ki, istənilən anda bir badalaq vurub dərginin yolunu
yarımçıq qıra bilərlər,
nigaranlıqları həmin nigaranlıq idi ki, görən, bu
sayımız yayılandan sonra hədə-qorxu hansı səmtdən
gələcək. Bütün bunlar vardı, ancaq bundan
yüz qat artıq qətiyyətləri vardı ki, xəttimiz
düzdür, işimiz haqq işidir və nəzərləri
ən sarsılmaz ümidlərlə sabaha dikilmişdi. Bu
gümanımın təsdiqi yalnız çeşidli xatirələr
deyil, həmin "Molla Nəsrəddin"dir ki, yeni ilin ilk
günlərində "Qeyrət" mətbəəsində
basılaraq redaksiyaya daşınmışdı, indi müxtəlif
ünvanlara göndərməkçün
bölüşdürürdülər. Dərginin o nömrəsindəki
yazıların da, karikaturaların da az qala hamısı məktəbə,
təhsilə, oxuyub-öyrənməyə həsr
edilmişdi. Bunu da səbəbsiz etməmişdilər,
düşünüb-daşınmışdılar, həm
dünənə, həm də daha çox sabaha baxaraq belə
etmişdilər və dərginin bu sayını açan
"Qazancımız" adlı yazıda Mirzə Cəlil mətləbə
aydınlıq gətirirdi: "Aşkardır ki, hər
iş sahibi ilin axırında çotqu və dəftərləri
qoyar qabağına və başlar hesab etməyə ki,
görsün qazancı nə olub və zərəri nə
olub. Mən də bir həftə bundan irəli
yoldaşlarımı yığdım başıma,
qapını örtdük və başladıq hesab görməyə.
Məlum oldu ki, bu doqquz ayın müddətində
otuz doqquz nömrə "Molla Nəsrəddin" jurnalı
yazmışıq və bu otuz doqquz nömrənin içində
yüz otuz doqquz mütrüb şəkli çəkmişik
və bu şəkilləri çəkmək cəhətindən
min doqquz yüz doxsan doqquz məşədi və kərbəlayıları
özümüzdən incitmişik".
Sadalamaqda davam edirdi ki, 39 sayımızda 1999 qumarbaz, rəmmal,
ilan oynadan, falçı, qaraçı, əfsungər,
sehrbaz, quşbaz, itbaz və digər belə-belə şəkillər
çəkmişik və həmin rəsmləri çəkməyimizin
ucbatından da islam aləminin yüzdədoxsanı bizimlə
düşmən olub. Və nəticə
çıxarırdı: "Pəh, pəh, pəh! Afərin
belə qazanca, afərin belə alış-verişə! Həqiqət,
hər kəs bizə ağıllı desə, heç
özünün ağlı yoxdur".
Təbii, Molla bunu rişxəndlə deyirdi və
bütün bu naqisliklərin baisinin ilk növbədə cəhalət,
savadsızlıq, məktəbsizlik olduğunu dərk edirdi,
ona görə də yeni ildəki ilk sayını
başdan-sona bu vacib mövzuya həsr etmişdi.
Ancaq bu 9 aylıq əməyə "Molla Nəsrəddin"in
məzə ilə verdiyi qiymət öz yerində. İş
kənardan da görünürdü axı. Özünü
tam təsdiqləyə, ayaq üstə dura bilmişdi.
"Zaqafqaziya" 30 yanvar tarixli 24-cü sayında
yazırdı ki, "Keçən ildən bəri Tiflisdə
nəşr olunan "Molla Nəsrəddin" adlı
yumoristik müsəlman jurnalı öz oxucuları arasında
getdikcə daha artıq maraq cəlb edir. Az zamanda nəşr
edilməsinə baxmayaraq, redaktoru istedadlı Cəlil Məmmədquluzadə
olan bu jurnal Rusiyada deyil, hətta İranda və digər
müsəlman ölkələrində də özünə
geniş oxucu kütləsi qazanmışdır. Onun
yazıları, şəkilləri yüksək bədii səviyyədə
olub böyük itiağıllılığa malikdir".
"Zaqafqaziya"nın dəyərləndirməsi nə
qədər maraqlı olsa da, hər halda bu, imperiya ərazisində
yayılan bir nəşr idi. Bəs daha uzaq xaricdə
"Molla Nəsrəddin" haqqında hansı bilgilər
vardı? Soraq Parisdən gəlirdi. "Revyu dü monde
musulman" jurnalı "Molla Nəsrəddin"ə səkkiz
səhifəlik icmal yazı həsr eləmişdi. Yalnız
"Molla Nəsrəddin"in bircə sayına - 1906-cı
ildə çıxan 25-ci nömrəsinə həsr edilən
məqalədə şəkillər, yazılar müfəssəl
təhlil olunur, bu dərginin üstünlüyü Rusiyada,
yaxud Yaxın və Orta Şərqdə nəşr edilən
hansısa başqa oxşar jurnala nisbətən
götürülmürdü: "Çap edilmiş rəngli
şəkillər çox kəskin və dərindir, satirik
baxımdan özü kimi Avropa nəşrləri ilə
yanaşı qoyulmağa layiqdir".
Məqalənin sonunda ifadə edilən qənaətsə
daha düşündürücüdür. Çünki bu
yanaşma "Molla Nəsrəddin"in gördüyü
böyük işlərin fəlsəfəsini açır,
bu fəaliyyətlərin yalnız Azərbaycana deyil, müsəlman
Şərqinə başucalığı gətirdiyi, dərginin
səviyyəsinin müsəlman mədəniyyətindəki
inkişaf sürətlərinin meyarı olması fikri təsdiqlənirdi:
"İslamı min il bundan əvvəlki vəziyyətdə
təsəvvür edənlərin nə dərəcədə
yanıldığını bilmək üçün
"Molla Nəsrəddin"in bircə sayını vərəqləmək
yetər".
Beləcə, heç nəşrinin bircə ili tamam
olmamış, vur-tut 9 ayın ərzində "Molla Nəsrəddin"
jurnalı yalnız Azərbaycanın, türk
düşüncəsinin deyil, bütövlükdə müsəlman
dünyasındakı mədəni tərəqqinin göstəricisinə
çevrilmişdi.
"Molla Nəsrəddin"in silahı
gülüş idi. "Molla Nəsrəddin" yaraları
gülərək sağaltmaq yolunu tutmuşdu. Bu
gülüşün içərisində lağlağı
da vardı, neştərləmə də, kinayə də.
"Molla Nəsrəddin"in bir sıra əleyhdarları
başqa iradları ilə yanaşı, bunu da söyləyirdilər
ki, jurnal xalqı məsxərəyə qoyur. Və yəqin,
elə o qəbil xatalı tərpənişləri ortaya
çıxınca zərərsizləşdirməkçün
"Tərcüman" 1907-ci ilin 8 fevralında "Molla Nəsrəddin"
haqqında növbəti geniş yazısını dərc eləmişdi,
tərifləyirdi, Rusiya məkanındakı digər
türkdilli satirik dərgilərdən üstünlüyünü
yenə qabardırdı və gəlirdi incə mətləb
üstünə: "Çox zaman keçməz, "Molla Nəsrəddin"in
qədr ü qiyməti məlum olar. Düşmən
gülüşü ağırdır. "Molla Nəsrəddin"
düşmən deyil, milli dost və müəllimdir. Bunun
gülüşünə dözmək lazımdır.
Çünki şər üçün deyil, xeyir
üçün gülməkdir".
XX yüzilin əvvəllərində bütün
türk dünyasına üz tutan və çox əhatəli
coğrafiyada da oxunan "Tərcüman"ın bu məqaləsindəki
xeyirxah təhlillər bir yana, onun təkcə "Molla Nəsrəddin"i
millət dostu və müəllimi adlandırması nəyə
desən dəyər. Belə nüfuzlu nəşrin belə
ali qiyməti, heç bir ili başa çatmadan "Molla Nəsrəddin"in
qazandığı belə hörmət və mötəbərlik,
artıq millət ustadı, millət bələdçisi
hesab edilməsi fərəhləndirməklə bərabər
məsuliyyəti də dəfələrcə
artırırdı.
"Molla Nəsrəddin"in digər müəllimlikləri
öz yerində, bir başqa yönəldiciliyi, mühüm dərsverməsi
də heç məqalələrinə-filanlarına
keçməmiş, elə adicə elanından
başlanırdı. Artıq 1906-cı ilin iyununda
buraxılmış 12-ci sayından etibarən dərgi hər
nömrəsində ilk səhifədəcə yuxarı
başda bir xəbərdarlığını yerləşdirirdi:
"İdarəyə göndərilən məktub və məqalələr
açıq türk dilində yazılmış olmasalar,
çap olunmayacaqlar".
Özü duru, şirin ana dilində yazırdı və
başqalarını da açıq, aydın Azərbaycan
dilində yazmağa dəvət edirdi. Açıq Azərbaycan
dili necə olardısa, hər sayında dərc etdiyi
üslubu rəvan və aydın, qəliz ərəb-fars izafətlərindən
uzaq, el dilində yazılmış irili-xırdalı məqalələri
və şeirləri ilə örnək olaraq göstərirdi.
"Molla Nəsrəddin"in qığılcım
olub düşüncələrə, könüllərə səpilməsindən
savayı onun eyni qəbildən olan başqa əks-sədaları
da vardı - öz nümunəsi ilə yoluxdurmaq, "sən
də belə edə bilərsən"
çağırışı ilə digər əli qələmliləri
də birləşərək bu ruhlu və ovqatlı qəzet,
ya jurnal araya-ərsəyə gətirməyə
ilhamlandırmaq.
Onlardan biri 1907-ci ilin 19 fevralında Təbrizdə
buraxılmış "Azərbaycan" jurnalı idi.
"Molla Nəsrəddin"in əks-sədası kimi
yaranmış bu jurnalın özünün əks-sədası
iki-üç həftə ötməmiş Parisdən gəlmişdi.
1907-ci ilin martında həmin "Revyü dü monde
musulman" yazırdı ki, hər həftə 8 səhifə
çap olunan, şəkilli, 4 səhifəsi də azərbaycanca
olan bu jurnal "Molla Nəsrəddin"in Qafqazda
oynadığı rolu İranda yerinə yetirir.
"Molla Nəsrəddin"in ad-sanı artdıqca,
yayılış dairəsi genişləndikcə,
çağdaş düşünənlərin onu təqdir
etməsi çoxaldıqca rəqibləri, əleyhdarları,
düşmənləri də səsini daha şiddətlə
və qeyzlə qaldırırdılar.
May ayının 25-də Bakıda iranlıların
"İttihad" məktəbi şagirdlərinin imtahan məclisi
keçirilir. Zahirən bu mərasimin Mirzə Cəlilə,
onun dərgisinə nə aidiyyəti? Nitqlər bir-birini əvəz
edirmiş, məktəbin öz ildönümünə
hansı nailiyyətlərlə yetişməsindən,
buradakı təhsilin keyfiyyətindən, müəllimlərindən
danışırmışlar və Bakı qazısı Mirməhəmmədkərim
Mircəfərzadə söz alır və çox uzatmadan
birbaşa gəlir mətləb üstünə. Deyir ki, mən
danışmazdım, ancaq din-şəriət
qarşısında borcluluğum məni vadar edir ki,
susmayım. Söyləyir ki, bir nəfər düşüb
ortalığa, Tiflisdə "Molla Nəsrəddin"
adında məcmuə çıxardır, əvvəldən
başlayıb şeyxülislamı, müftini, üləmalarımızı
biabır etməyə, axırda padşahlarımıza əl
aparır, Sultan Əbdülhəmid, Müzəffərəddin
şah üçün day nələr yazmayıb!
Qazı təcrübəli adamdı, camaatla necə
danışmağı biləndi, kütlənin zəif və
həssas damarından necə yapışmağın
üsullarına bələddi. Deyir ki, "Molla Nəsrəddin"
bu günəcən nə cəfəngiyatlar yazıb,
özü bilər, Allahı bilər, ancaq axır vaxtlarda
başlayıb islamın kökünə balta vurmağa,
yazır ki, müsəlmanlar arvadlarını açıb
versinlər xaricilər aparsın. Daha buna davam gətirmək
olmaz, bunun müqabilində bir tədbir lazımdır.
Məclisə toplaşanları qınayır ki, siz də
o məcmuəni üç şahı bir abbasıya alıb
oxuyursunuz, mən öz tərəfimdən, cümlə
üləmalar adından deyirəm, siz də gedib bir-birinizə
xəbər verəsiniz ki, "Molla Nəsrəddin"
jurnalını oxumaq şəriətcə haramdır və hər
kəs bu sayaq jurnalın məhv olması üçün əlindən
gələni etməlidir.
"İrşad" qəzetinin elə həmin il
mayın 27-də çıxan sayındakı xəbərinə
görə, qazının bu
çağırışından sonra məclisdə
iştirak edənlər arasından tək-tək "Sağ
olsun "Molla Nəsrəddin" sədaları gəldisə
də, onları tezliklə sakit etdilər.
İndi həmin həyəcanlı tarixçiləri
başqa bir zaman içində saf-çürük edərkən
diqqətəlayiq olan məhz o darmacalda da kirimişcə
dayanmayıb "Molla Nəsrəddin"in müdafiəsinə
qalxanların olmasıdır. Bir neçə nəfər səsini
qaldırmışdısa, yəqin ki, hələ daha
neçə nəfər də ürəyində o etiraz edənlərə
şərik çıxan, ancaq sözünü deməyə
cürəti çatmayan da varmış.
Elə həmin ərəfədə - 1907-ci il
mayın 19-da "Molla Nəsrəddin"in 20-ci sayında Cəlil
Məmmədquluzadənin "Müsəlman və erməni
övrətləri" adlı məqaləsi dərc
edilmişdi. Bu yazı elə
ölçülü-biçili, cəmiyyət və din
meyarları baxımından elə əsaslandırlmış
idi ki, ona nəsə əmma qoymaq, harasındasa bir boşluq
taparaq mübahisəyə girişmək müşkül idi.
Təkfirə qalxmış əleyhdarları ən çox
da yandırıb tökən o idi ki, bu məqaləsiylə Cəlil
dini də, şəriəti də onlardan daha yaxşı
bildiyini hamıya əyan edirdi, ona görə də məkrli niyyətlərinə
çatmaqçün Mirzə Cəlilin
yazdıqlarını tərs yozaraq, təhrif edərək
camaatı çaşdırmaqdan savayı
çıxış yolları qalmırdı. Mirzə Cəlil
əldəqayırma üləmanın qarşısına elə
kamil bir din alimi kimi çıxaraq yazırdı ki, dinimizin
baş kitabı "Quran"dırsa, bu "Quran", bu
meydan - Müqəddəs Kitabda qadının üz
açmasını qadağan edən heç bir işarə
yoxdur. Üç ayənin həm ərəbcəsini iqtibas
edir, həm tərcümələrini verir və aydına
çıxarırdı ki, bir para üləmanın üz
açmağın haram olmasına dair gətirdikləri dəlillərin
ən möhkəmi bunlardırsa, onların heç birində
əmr olunmur ki, arvadlar üzlərini qapasınlar. Dəvət
də eləyirdi ki, hansı din aliminin bu məsələlərlə
bağlı qondarma hədislərlə deyil, dinin təməl
kitabı ilə əsaslandıra biləcəyi sözü
varsa, cavabını verməyə hazırıq. Misal çəkirdi
ki, Ərəbistanda, İranın çox yerlərində,
Osmanlıda və Rusiyada müsəlman övrətləri
üzüaçıq gəzirlər, amma Qafqazda işlər
özgə cürdür. Örtülü qadınlarla
çadrasız qadınların cəmiyyət içərisindəki
yeri, onların sərbəstlik dərəcəsini tutuşdururdu
və yazısının sonunda çarəni nişan verirdi.
Demirdi qızlarımız günü sabah bürünməkdən
imtina edib üzüaçıq gəzib-dolansınlar:
"Bunun çarəsi qızlarımıza tərbiyə
verməkdir və oxutmaqdır. İndi bu saat bizim övrətlərimiz
evdə oturub saqqız çeynəyirlər. Onların
üzaçıq gəzməyi indi bu saat heç lazım
deyil.
Bu işlərin çarəsi balaca qızları məktəbə
qoyub oxutmaqdır. Elə ki qızlarımız elmli və tərbiyəli
olub öz qədirlərini bildilər, onda özləri bilərlər
ki, necə rəftar eləsinlər".
Çox yox, 15-20 il keçəcək. 1920-30-cu illərdə
asta-asta Azərbaycan qadını elmdə, mədəniyyətdə,
əmək cəbhəsində üzə çıxmağa
başlayacaq, cəmiyyətimizin aparıcı qüvvələrindən
birinə çevriləcək. Bu, rahatca gəlib
çatılan bir nəticə deyildi. Bu, ardında gərgin
qarşıdurmalar, qovğalar olan çətin bir yol idi. Xalq
arasında həm səxavətli əməllərinə, həm
də zənginliyinə görə sayğısı nə qədər
yüksək, sözü nə qədər keçərli
idisə də, Bakıda Qızlar Məktəbi açarkən
müxtəlif donquldanmalarla qarşılaşan Hacı
Zeynalabdin Tağıyevdən tutmuş Mirzə Cəlil və
silahdaşlarınadək bir silsilə vətənsevər
insanın bu yolda qatlaşdıqları zəhmətlər, tənələrə,
qaxınclara məhəl qoymayaraq inadla məqsədə
doğru irəliləmələri olmasaydı, Azərbaycan
qadınının səhnəyə (bu sözün teatr səhnəsindən
tutmuş həyat səhnəsinə qədərki bütün
anlamlarında) gəlişi də daha üzüntülü
keçər, qat-qat ləng baş verərdi.
Millət naminə işlər görənlərin
mükafat gözləməsinin əbəs olduğu tarixin
dönə-dönə isbata yetirdiyi aqibətdir.
Uzaqbaşı böyük vaxt ötəndən sonra,
artıq özləri həyatda olmadıqları çağlarda
zamanındakı millətəxeyir təşəbbüsləri
və səylərinə görə başları az çəkməmiş
fədakarlar rəhmətlərlə anılırlar. Ancaq Mirzə
Cəlil o nadirlərdəndir ki, bu baxımdan azı bir dəfə,
özü də məhz qadın haqları ilə
bağlı cəsarətli və müdrik yazısına
görə bəxti lap isti-isti gətirmişdi, qələmi
onu dərhal bəxtəvər etmişdi.
Mirzə Cəlillə Həmidə xanım
Cavanşir o çağlarda bir-birinə hələ sən
deyən aşina deyildilər. Bir neçə
görüşləri olmuşdu, qarşılıqlı
hörmətləri vardı, ilk təmaslarından Həmidə
Cəlilin ürəyinə yatmışdısa da, qovuşmaq
təklifini də xəfif işarələrlə göndərmişdisə
də, sonralar xatirələrində yazmasınca, Həmidə
xanımın yenidən ailə qurmaq istəyi yoxmuş. Fəqət
Mirzə Cəlilin bircə məqaləsi heç onun
özünün də xəbəri olmadan vəziyyəti dəyişmişdi.
Elə həmin may günlərində Həmidə
xanım Cavanşir qızını görmək
üçün Qarabağdan Tiflisə gəlibmiş. Sonralar
xatirələrində yazırdı ki, 1906-cı il
dekabrın axırlarında Sofiya xanımdan (o, Azərbaycanın
XIX əsrin ikinci yarısındakı ən parlaq
ziyalılarından biri, 1851-1894-cü illər arası
qısa həyat yaşamış, amma dövrünün mətbuatında
əhəmiyyətli izi qalmış İsa sultan
Şahtaxtlının dul zövcəsi idi) məktub aldım,
Mirzə Cəlilin mənimlə ailə qurmaq təklifini
yazırdı, amma cavab göndərdim ki, ona ərə gedə
bilmərəm, çünki yollarımız müxtəlifdir,
mən atamın vəsiyyətinə əməl etməli,
onun kənddəki mədəni quruculuq işlərini davam
etdirməliyəm.
1907-ci ilin mayında Həmidə xanım
qızını yoluxmaqçün növbəti dəfə
Tiflisə səfər etmişdi və matəm içində,
özü demiş, "ürəyi qəm-qüssə ilə
dolu, yorğun və xəstə halda" gəlmişdi.
Çünki o arada Qarabağa sel kimi çəyirtkə
sürüləri daraşmış, bütün əkin-biçini
zay etmiş, sonra aclıq, ardınca da kütləvi yatalaq xəstəliyi
başlamışdı. Adəti üzrə rəfiqəsi
Sofiya xanımgildə yerləşmişdi. Yenə
axşamlardan birində Sofiya xanım elə sözarası Cəlilin
"elçiliyini edərək evlənmək söhbətini
təzələsə də", Həmidə xanım yenə
"hə" deməmişdi. Ancaq digər
"elçilik" daha uğurlu olmuşdu. Bunu Həmidə
xanım onillər sonra qələm-kağızla təkbətək
qalıb keçmiş günlər barədə ürəyini
boşaldarkən belə etiraf edirdi: "Həmin günlərdə
Mirzə Cəlil "Molla Nəsrəddin" məcmuəsinin
19 may nömrəsində çox böyük hay-küy
qoparmış və az qala özünün məhvinə səbəb
olacaq məqalə yazmışdı. Bu məqalə mənim
ona verəcəyim cavaba öz təsirini göstərdi".
Ancaq bu sevda baş tutmaya da bilərdi. Daha Həmidə
xanımdan asılı olmayan səbəbə görə.
1907-ci ilin may günlərində Mirzə Cəlil cavan
adamdı, 38 yaşının içindəydi. Hərçənd
bu yaşa çatanacan iki-üç o yaşa sığacaq
qədər ömrü doldura bilən macəralı, hadisələr
və insanlarla dolu həyat sürmüşdü. Ancaq indi
sanki ömründə yeni səhifə
açılırdı. Sıxıntıları adlaya-adlaya
da olsa həyatının mənası saydığı
"Molla Nəsrəddin"i artıq ayaq üstə qalxa
bilmişdi, ətrafında etibarlı silahdaşları, sadiq
ürək dostları toplaşmışdı, qələmi əvvəlkindən
daha bəhrəli, sözü daha tutarlı olmuşdu və ən
mühümü, uğursuz evliliklərindən sonra, nəhayət
ki, tale qarşısına zövqcə, ruhca ona çox
yaxın, əsl həmdəm ola biləcək insanı
çıxarmışdı. İndi arzuları da, ümidləri
də əvvəlkindən qat-qat çox idi. Lakin
bütün bunların hamısı bir anın içində
puça çıxa bilərdi. Bircə atəşlə!
Mirzə Cəlil ölümün astanasında idi.
Bakıda qazı Mirməhəmmədkərim Mircəfərzadənin
mollanəsrəddinçilər və ilk növbədə Cəlil
Məmmədquluzadə əleyhinə verdiyi fitva artıq
işini görürdü. Mayın 23-də Tiflis məscidində
molla Mirbağır Mirheydərzadənin Mirzə Cəlili və
məcmuəsini yamanlamaqçün təşkil etdiyi izdiham
dindarların Bakıdakı etirazından daha qeyzli və daha
qorxunc alınmışdı. "İrşad" qəzeti
mayın 23-də jurnal əleyhinə qurulmuş həmin fitnəkar
mitinqin təfərrüatlarını "Zakavkazye" qəzetinə
istinadla bakılı oxuculara çatdırırdı.
Bu təşvişli günlərdə mətbuatda da ələnmə
gedir, dostla düşmən aşkarlanırdı. "Tazə
həyat" səhifələrində diş
qıcadanların məktublarına - mayın 29-u Bakı qazısının,
mayın 30-da isə Tiflis mollasının Mirzə Cəlilə
və "Molla Nəsrəddin"ə çirkab atan
iftiralarına yer verirdi, "Zakavkazye", "Kaspi",
"İrşad" qəzetləri isə "Molla Nəsrəddin"i,
Cəlil Məmmədquluzadəni müdafiə eləyən
yazılar dərc edirdi, Hüseyn Minasazov köksünü
vermişdi qabağa, "Zakavkazye"də Tiflis mollası
Mirheydərzadəni ifşa edərək yerdən-yerə
vururdu - mayın 23-də Tiflisdə məhəllə
mollası Mirheydərzadə camaatı məscidə
toplayıb Mirzə Cəlil əleyhinə meydan
suladığı vaxt Minasazov da oradaydı və
gördüklərini, eşitdiklərini cəsarətli məqaləsində
qəzet səhifəsinə çıxarmışdı.
Məsciddəki həmin mərəkənin daha
xatalı məcraya yönəlməməsinin
qabağını bütün müqavimətlərə
baxmayaraq, orada camaata müraciətlə söz deməyə
imkan tapmış Ömər Faiq Nemanzadə ala bilmişdi. Və
sonra da "İrşad" qəzeti qapısını onun
üzünə açmışdı: "Cəhalət və
zülm xadimləridir ki, əslində onlar həm dinin, həm
millətin düşmənləridir. Çünki
alimnümalara, qondarma ürəfaya, ədalətsiz hakimlərə
istehza edən bir jurnalı haram elan edərək xalqı qaranlıqda
və əsarətdə saxlamaq istəyirlər".
Bu qədər hay-harayın,
qara-qışqırığın müqabilində şərait
özü söyləyirdi ki, azı bu dalğa səngiyənədək
səbri basmaq, ehtiyatlı davranmaq lazımdır. Ancaq Mirzə
Cəlil özü odun üstünə gedirdi, gözü
qızmışları onları rəzil edən kəskin
addımları ilə bir az da şitəndirirdi. Həngaməni
qaynama həddinə çatdıran növbəti bəhanəni
o özü vermişdi - artıq dayanmaq yeri yox idi, bu,
açıq döyüş, kim kimi davası idi.
Həmidə xanımın Tiflisə bu gəlişində
əsas məqsədlərindən biri Tiflis Qızlar
İnstitutunda oxuyan Minasının imtahan mərasimində
iştirak etmək idi. Ancaq xəstəliyi üzündən Həmidə
xanım dəvət olunduğu həmin mərasimdə
iştirak edə bilmir. Hətta tədbirə qatılan
şeyxülislam qızdan xəbər də alır ki, anan
niyə gəlməyib.
Mirzə Cəlilsə həmin mərasimə
getmişdi, orada şeyxülislamı da
görmüşdü, məktəbin müdiri ilə də
söhbət etmişdi və gördüklərini, etdiyi
söhbətləri də şeyxə ünvanlanan iki
açıq məktub kimi məsələni soyutmadan 1907-ci il
iyunun 2-də çıxan "Molla Nəsrəddin"də
çap etmişdi.
Cəlil Məmmədquluzadə, xüsusi
izahatlarsız da aşkardır ki, cəsur adam olub, bunu hər
kəs təsəvvür edə bilər - o dövrdə həndəvərindəki
səni təqdir edəcəklərdən qat-qat bol mühafizəkarları,
mürtəceləri, münafiqləri görə-görə
"Molla Nəsrəddin" kimi cod sözlü, boz
üzlü jurnal buraxasan, ard-arda səni ən müxtəlif
hərbə-zorbalar, qarayaxmalar, söyüşlər, şərləmələr
mühasirəyə ala, ancaq yolundan dönməyəsən, təbii,
belə məqamda səbatlılıq, geriçəkilməzlik,
boyunəyməzlik yalnız mərd, qorxu-hürküsüz
kişilərdə ola bilər. Cəlil Məmmədquluzadənin
məslək yoldaşları, ondakı qətiyyəti
yaxın məsafədən müşahidə edərək
bunun çox hekayətlərinə bələdlər isə,
təbii ki, ədibin hansı ötkəmliyin sahibi
olduğunu, əslində təsəvvür edilə biləcəyindən
də sarsılmaz iradəyə, əzmə malikliyindən xəbərdardılar.
Onlardan biri mollanəsrəddinçi Əli Nəzmi idi ki, Cəlilin
şeyxülislamla "duel"inə canlı şahid
olmuşdu və bu qeyri-bərabər qarşılaşmada
onun necə mətanət göstərdiyini gələcək
nəsillərə də çatdırmaqçün
1944-cü ilin 24 dekabrında "Ədəbiyyat qəzeti"ndə
həmin qəziyyədən bəhs edən məqalə
yazmışdı və sərlövhəsini də
qoymuşdu "Qorxu bilməyən ədib".
Həmin mühitdən və zamandan yüz ildən də
aralıda olan müasir adamın o vəziyyətin dramatizmini
dolğunluğu ilə dərk etməsi nə qədər
çətin olsa da, bu gün də istənilən adama o barədə
lap yığcam söhbət açılınca anlayar ki, elə
qatmaqarışıq durumda meydandan çəkilməyərək
nataraz bir qaragüruhla axıracan kəllə-kəlləyə
gəlmək heç vəchlə sadəcə qorxmazlıq
da sayılmaz. Hətta uçurumun bir
addımlığında qərar tutarkən də,
özünə qarşı ölümcül təhlükəni
nə şəkildəsə toxtatmaq, müdafiə
olunmaqçün tədbirlər tökmək əvəzinə
ikiqat şiddətlə daha qəti hücuma keçmək cəsurluğun,
hünərliliyin də hələm-hələm tuş
düşülməyən ifrat səviyyəsidir.
Qədimlərdə pəhləvanlar
çarpışma meydanına girərkən bir-birinə rəcəz
oxuyar, sərt sözlərlə asıb-kəsərdilər.
Mirzə Cəlilin şeyxülislama açıq məktubları
elə o cür meydan oxumaqdı. Yazırdı ki, cənab
şeyx, eşidərdim ki, bəzi dərs oxumuş müsəlman
xanımları sizinlə görüşə gələndə
üzüaçıq oturar, siz də onlarla adam kimi söhbət
edərsiniz, eşidərdim ki, hərdən qız məktəblərinə
gedib orada oxuyan onbeş-iyirmi yaşlarında müsəlman
qızları ilə görüşüb
danışarsınız, hətta düşəndə onlara
dərs də verərsiniz.
Yazırdı ki, bunları eşitmişdim, amma
inanmırdım, çünki bilirdim axı, sizlər
deyirsiniz müəlman övrətin özgə kişinin
qarşısına üzüaçıq çıxması
şəriətə ziddir. Ancaq mayın 27-də saat 11-də
sizi Tiflisin "İnstitut" məktəbində
gördüm ki, orada dərs qurtaran qızlara şəhadətnamə
paylayırdılar, siz də on beş-iyirmi yaşında
üzüaçıq müsəlman qızları ilə
görüşdünüz və danışdınız.
Mirzə Cəlil birbaşa xirtdəkdən
yapışmışdı, elə sual qoyurdu ki,
şeyxülislamın ona cavabı yoxdu. Lakin özünü
avamlığa vuraraq qurama sadəlövhlüklə xəbər
alırdı ki, cənab şeyx, sizin ayağınız biləni
bizim başımız bilməz, o müsəlman
qızları iyirmi yaşına çatanadək doqquz il dərs
oxuyur, o müddətdə doqquz min kişi ilə və müəllimləriylə
üzüaçıq görüşüb
danışırlar, siz də bunları bilə-bilə həmin
yerlərə gedirsiniz, o qızlarla görüşüb
danışırsınız, yeri düşəndə onlara
"mərhəba" da deyirsiniz, bəs bu işlər nə
işlərdir?
İkinci məktubunda isə şeyxülislamı bir
başqa şəkildə divara dirəyirdi ki, o gün o
qızlara verilən şəhadətnamələrə siz də
baxırdınız, mən də baxdım və məlum oldu
ki, erməni, rus, gürcü qızları özgə dərslərdən
əlavə, ilahiyyat və ana dili fənlərini də
öyrəniblər, ancaq bunlar müsəlman qızlarına
tədris edilməyib.
Çox incə bir sapdan yapışmışdı
Mirzə Cəlil. Tək niyə ana dilində dərs
keçilməsi məsələsini qoymurdu. Əlbəttə,
onun üçün daha vacib olan o idi ki, bizim
qızlarımız ana dilində də dərs keçsinlər,
ana dilində yazıb-oxumağı da bacarsınlar. Amma indi hədəfi
şeyxülislam idi axı, onu daha nazik yerindən vurmalı
idi. Yenə sadədilliklə müraciət edirdi ki, bilirəm,
bunları sizdən soruşmaq biədəblikdir, amma siz məktəbə
faytonda gedəndə elə zənn etdim gedirsiniz məktəbin
rəisi ilə dava salmağa bəs niyə müsəlman
qızlarına müsəlman dərsi oxutmurlar, amma belə məlum
olur, siz heç kəslə dava etməyibsiniz, məhz buyurub
qızlarla söhbət edibsiniz.
Mirzə Cəlil şirin-şirin zəhərləməyin
ustasıydı və zəqqutumqarışıq neştərini
axıracan yertitməmiş əl çəkmir: "Cənab
şeyx, mən, qazı Ağa Mirkərim ağa buyurduğu
kimi, "kafir" ola-ola yenə müsəlman
qızlarına yazığım gəldi və məktəbin
rəisinə dedim ki, niyə müsəlman qızlarına
elm-i ilahi və ana dili oxutmursunuz? Amma siz müsəlmanların
şeyxi ola-ola bu barədə heç kəsə bir söz
demədiniz. Sən Allah, cənab şeyx, buyurunuz görək
bunlar nə işdir?!"
Bu, üzünə qarşı söymək idi. Yəni
mən kafir ola-ola belə edirəmsə, siz şeyxülislam
ola-ola hətta bunu da etmirsinizsə, deməli, ikiqat kafirsiniz.
Belə-belə dikbaş bizləmələr
şeyxülislamın səbir kasasını necə
doldurmayaydı, onu özündən necə
çıxarmayaydı?!
Simsar adamlar Bakıdan Mirzə Cəlilə gizli xəbər
göndəriblərmiş ki, son dərəcə ehtiyatlı
olsun, evdən eşiyə çıxmasın, ona
qarşı qəsd törədilməsi
planlaşdırılır.
Oturmuşdu evdə, küçədə-bacada
görünmədiyindən ona qarşı sui-qəsdin
törədilmə fürsəti də aradan
götürülən kimi idi. Ancaq qəsd başqa cür
edilir.
Şeyxülislamın hökumətə şikayəti
işini görür, 1907-ci il iyunun 8-də müvəqqəti
Baş vali, general-leytenant Timofeyev Tiflis polismeysterinə əmr
edir ki, "Molla Nəsrəddin" jurnalı son dərəcə
zərərli istiqamətinə görə
bağlansın".
"Molla Nəsrəddin"in başı üzərində
buludların sıxlaşdığı o günlərdə vəfalı
dayaqların ən birincisi İsmayıl Qaspıralının
"Tərcüman"ı idi. Yazırdı ki,
eşitmişik bu Mirməhəmmədkərim Mircəfərzadənin
oğlu Odessada rusca oxuyub, indi də rus darülfünununa girmək
istəyir, guya atası onu oxumaqçün oraya göndərmişdir,
amma yəqin ki, bu, doğru deyildir, çünki
qazının oğlu o vaxt özü üçün
başqa şəriət bulmalı idi. Kinayə ilə davam
edirdi ki, yox, əgər bu, yalan deyilsə, onda gərək bu
gənc də getdiyi yerdən geri çağırılaraq
onun da boğazına "Molla Nəsrəddin"lə bərabər
qurğuşun tökülə.
O çağın da sabitləşmiş
qaydalarından biri belə idi ki, əgər canişinlik hər
hansı dərgini, ya qəzeti qapadırdısa, sonra həmin
nəşr yenidən əvvəlki adda çıxa bilməzdi.
Yəni elə bu, biryolluq qapanma deməkdi, çünki təzədən
fəaliyyətə başlamaq üçün yenidən
ayrı bir qəzet, ya başqa bir dərgi kimi qeydiyyatdan
keçmək tələb olunurdu. "Molla Nəsrəddin"
13 ay 1 həftə idi ki, çıxırdı. Yol beləcə
də bitə bilərdi.
Azərbaycanın müxtəlif yerlərinə
çoxlu imzalarla Qafqaz canişinliyinə məktublar göndərilirdi
ki, "Molla Nəsrəddin" nahaq bağlanıb, dərgi
açılsın. Ardı-arası kəsilməyən
narazı müraciətlər səmərəsiz
ötmür. Elə həmin 1907-ci il iyun ayının 22-də
Qafqaz canişinliyindən xoş xəbər gəlir. Tiflisdəki
Mətbuat İşləri Komitəsi redaksiyaya məktub
göndərir ki, general-qubernator Timofeyevin qərarı ilə
"Molla Nəsrəddin" qonşu ölkələrin
padşahları haqqında arzu olunmayan yazılar dərc
etdiyinə görə bağlanmışdı. Ancaq jurnal
yerli hakimiyyət dairələri ilə münasibətdə nəzakətli
davranır, ona görə də canişinlik jurnalın
açılmasını mümkün hesab edir.
Bu, o dövr üçün böyük bir qələbə
sayılası hadisə idi. Əvvələn, mənəvi qələbə
idi ki, "Molla Nəsrəddin"i kiridə, sındıra
bilmədilər. Yəni Cəlillə Ömər Faiq
silahdaşları ilə birlikdə başqa bir dərgi
açaraq fəaliyyətlərini davam etdirə bilərdilər.
Ancaq daha əvvəllərdə Qafqaz canişinliyi tərəfindən
qapadılmış digər heç bir qəzetə, jurnala
müyəssər olmamış uğur "Molla Nəsrəddin"in
qarşısına çıxmışdı. "Molla Nəsrəddin"in
haqlı olduğu, ona qarşı ədalətsiz qərar
çıxarıldığı sübuta yetmişdi və məcmuə
məhz öz adıyla yenidən fəaliyyətini davam etdirəcəkdi.
Bu nailiyyət, söz yox ki, "Molla Nəsrəddin"ə
yeni nəfəs genişliyi verirdi. Amma digər tərəfdən
də, bu açılma bir neçə gün ərzində
"Molla Nəsrəddin"in qapadılmasına sevinən
qaragüruhun başına daş salmışdı. "Molla
Nəsrəddin"in daimi və sədaqətli arxası
"Tərcüman" yazırdı: "Gözəl
"Molla Nəsrəddin" yenidən nəşr olunmağa
başladı. Təbrik edirik!"
"Molla Nəsrəddin"ə əks gedənlər
yalnız Tiflisdə, Azərbaycanın müxtəlif bölgələrində
deyildi, o qüvvələrin daha güclülərinin səsi
İrandan, Osmanlıdan gəlirdi. Əslində "Molla Nəsrəddin"
bu zəfəri ilə belə böyük coğrafiyadakı
bütün əleyhdarlarına zərbə endirmişdi. Bu,
elə bir qələbə idi ki, "Molla Nəsrəddin"in
sabah daha cəsarətlə yazmasına, daha inamla
addımlamasına meydan açırdı.
14 iyun 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .-2024.- 29 iyun,№112.- S.16-17.