"Mükəmməl günlər"

 Adiliyin təntənəsini sevən Şəhriyar del Gerani üçün

 

 

Deyirlər, yaxşı bədii film az söz, çox təsvirlə danışandır. Mən bir az başqa cür deyərdim: bir filmdə nə qədər çox sözsüz kadra ürəyində subtitr yazmağa başlayırsansa, həmin film o qədər yaxşıdır. Bu prinsipdən çıxış etsək, görkəmli alman rejissoru Vim Vendersin ötən il ekranlara çıxan "Mükəmməl günlər" (Perfect days) filmi sözlərin minimum, təsvirin və mimikaların maksimum həddə informasiya verdiyi unudulmaz sənət əsərlərindəndir.

"Mükəmməl günlər" hər gün məişətimizə yeni bir nəsnənin, cihazın daxil olduğu yüksək texnologiyalar əsrində həyatındakı hər şeyi minimuma endirmiş, artıqları ixtisar etmiş, rəqəmsal çağda, Tokio kimi şəhərdə analoq ömür yaşayan Hirayamanın (Koji Yakuşo) bir neçə günündən bəhs edir. Rejissor mövzunun ovqatını ifadə etmək üçün şəhərə də, protoqonistin həyatına da sənədli filmlərə xas olan metodlarla yanaşıb, yəni tripodlardan, kranlardan istifadə etməyib. Bununla da müəyyən mənada filmin mövzusu ilə forması arasında harmonik əlaqə yaradıb. Yəqin, Hirayamanın minimalist dünyagörüşünə son dəbli kinematoqrafik alətlərdən istifadə etmək çətin olardı.

Hirayama Tokioda çağdaş dizaynerlərin tərtib etdiyi ultra-müasir ictimai tualetləri təmizləyən sosial işçidir. Film onun hər gün eyni cür başlayan və bitən, rutinləşmiş, monoton görünən yaşantısına yaxından bir baxış təklif edir. Hirayama sonsuz seçimlər erasında sadə, minimalist, "az aşım, ağrımaz başım" bir həyatı seçib: evində televizoru, internet xətti yoxdur, smart mobil telefonlardan istifadə etmir. Hər gün eyni vaxtda yuxudan durur - onun saatı günəşlə bir oyanan küçə süpürgəçilərinin səsidir. Sübh tezdən dişlərini fırçalayır, çiçəklərini sulayır, avtomatdan hazır kofe alır və mikroavtobusuna minib işə gedir. İşdən sonra mütləq hamama gedib yuyunur, eyni kafedə nahar edir. Günortalar isə bir parkda əyləşib dostlarıyla - küləkdə oynaşan ağaclar və hər gün səxavətlə işığını hamıya paylayan günəşlə görüşür. Hirayama hamının başını aşağı salıb telefonuna baxdığı dünyada, yetkin bir stoik kimi, üzünü yuxarı tutur: hər dəfə parkda əyləşəndə "Olimpos" marka köhnə fotoaparatını çıxarıb günəşin yarpaqların arasından süzülərkən yaratdığı işıq-kölgə oyununu çəkir. Bunun anlamını filmin ən axırında, hətta bütün yaradıcı heyətinin adını yazılıb bitəndən sonra bilirik...

Evində ancaq maqnitofon və retro musiqi kasetləri, bir də yığcam kitabxanası var. Böyük çarpayısı yoxdur, yer yatağı salır, hər gün balaca elektrik lampasının işığında kitab oxuyur. Film boyunca Hirayama, Samyuel Bekketin qəhrəmanları kimi, az sözlə danışır, sözü ondan, az qala, kəlbətinlə almaq olur. Ancaq Hirayama rolunda unudulmaz performans göstərən böyük aktyor Koji Yakuşonun mimikaları, sözlərlə yox, gözlərlə dediklərini filmdə üç kitab və üç mahnı müşayiət edir. Oxuduğu bu kitablar və dinlədiyi bu mahnılar vasitəsilə qaradinməz, ancaq gülərüz Hirayamanın daxili dünyası haqqında müəyyən məlumatlar əldə edirik.

Hirayama film boyunca Vilyam Folknerin "Çılğın palmalar" romanını, Aya Kodanın "Ağaclar" adlı esselərini, Patrisiya Haysmitin "On bir" hekayələr toplusunu oxuyur. Folknerin romanı adındakı ağac vurğusu və bir-birinin çarpaz xətlə kəsən iki dünyanı təsvir etməsi, Aya Kodanın esseləri təbiətə münasibət, Haysmitin hekayələri isə filmdəki kitab satıcısının dediyi kimi, "qayğı ilə qorxu arasındakı" fərqin ifadəsi baxımından Hirayamanın daxili dünyasına işıq salır.

Filmdə Hirayamanın dünyası üç mahnı ilə də ifadə edilib; bunlar ötən əsrin 60-70-cı illərinə aid rok mahnılardır: "The Animals" qrupunun ifasında "The House of the Rising Sun" (Yüksələn günəş evi) - mahnı Nyu Orleanda səhv yaşayan bir adamın yaxınlarına eyni səhvləri təkrarlamamaq barədə nəsihətidir; Patti Smitin "Redondo Beach" (həm Kaliforniyada bir rayon adıdır, həm də çimərlik) mahnısı - bir nəfərin qəlbini qırdığı doğmasının gedib özünə zərər verməsindən yaranan qorxu haqqındadır; Lu Ridin filmlə adaş olan "Mükəmməl günlər"i ilə bağlı radikal şərhlər olsa da, müəllifin öz fikrinə görə, mükəmməl gün sadə, tutalım, elə parkda gəzib evə qayıtdığımız qayğısız gündür.

Ümumiyyətlə, bu filmdə heç nə qəti hökmlə deyilmir, hər şey Heminqueyin "aysberq" prinsipində olduğu kimi, sezdirilir.

Vim Venders filmlə bağlı verdiyi müsahibələrdə vacib bir məqama diqqət çəkib: burada Hirayama bədbəxt, zavallı, yeni çağa uyğunlaşa bilməyən, nostalgiya fetişi olan, hər şeyin ancaq keçmiş zamanda yaxşı olduğunu düşünən bir adam deyil. Belə ki, filmdəki gənclər onu çox istəyirlər, Hirayama da onlara sevgi ilə yanaşır. Hirayama sadəcə başqasının arzusunu təqlid edən, ehtiras şarı gündən-günə şişən istehlak əsiri insanların dünyasında özünə rahatlıq gətirən bir seçim edib.

Hirayama şəhərdə arabir qayğısızca rəqs edən yersiz-yurdsuz bir bomj görür. Filmin bir məqamında Hirayama qırmızı işıqda dayanarkən maşınının pəncərəsindən həmin bomjun rəqs etməsinə baxaraq dalıb gedir, çox keçmir ki, arxadan siqnal səsləri gəlir. Bəli, böyük şəhərdə ayaq saxlamağa, nəfəs dərməyə vaxt yoxdur. Amma xeyr, həyat maraqsız deyil, sadəcə, köhnə pritçada deyildiyi kimi, biz tələsdikcə, ruhlarımız arxada qalır.

Filmdə Hirayamanın həyatına epizodik daxil olub çıxan adamlar var, məsələn, iş yoldaşı Takaşi, onun sevgilisi Aya. Ancaq filmi tam mənada ikinci hissəsi bacısı qızı Nikonun evdən qaçıb onun yanına gəlməsi ilə başlayır. Nikonun gəlişi ilə Hirayamanın keçmişi ilə bağlı xırda-para məlumat əldə edirik; əvvəla məlum olur ki, əslində, bu dünyada kimsəsiz deyil, haradasa uzaqlarda atası, bacısı, qohumları var. Sonra uzun illərdir görüşmədiyi bacısı bahalı avtomobildə qızı Nikonu evə qaytarmaq üçün gələndə hiss edirik ki, bəlkə də Hirayama da qabaqlar zəngin olub. Hirayamanın Niko ilə maşında getdikləri səhnədə ağaclar, gün işığı kimi təbiətlə bağlı motivlərin texnoloji alternativi ilə tanış oluruq: Niko işıqları rəngdən rəngə düşən hündür göydələni göstərib deyir, bax, "Skytree"!

"Skytree" - "Səma ağacı" deməkdir, deməli, yeni dünyada səmanın, ağacın özü yox, onların texnoloji qarşılığı - dəmirdən və betondan dublikatı maraqlıdır!

Hamının telefonuna rəngli qablar aldığı, qoruyucu üzlüklər çəkdirdiyi, təzə ünsiyyət proqramları yüklədiyi dünyada Hirayama hamıya gülümsəyir, başıyla salam verir, ancaq heç kim onun salamını almır.

Hamının elektron kitablar oxuduğu dünyada Hirayama batareyası heç vaxt bitməyən kağız kitablar oxuyur.     

Filmin məni ən çox duyğularından səhnəsi bacısının Nikonu götürüb getdiyi səhnədir: Hirayama hər gün günəşi çıxan, axşamı düşən dünyanın ortasında, xudmani evinin qabağında tək-tənha qalır. Cəmi bir neçə kadr sonranı başqa bir günün səhərində onu yenidən yollara düşən görürük: bu səhnədə bir gözü gülən, bir gözü ağlayan Hirayama rolunda Koji Yakuşo, bircə söz belə demədən, ancaq gözləriylə kino tarixinin ən unudulmaz performanslarından birinə imza atır.     

Məncə, "Mükəmməl günlər" filmi post-COVID dövrü üçün manifestdir. Filmin sakit tempi, dinclik gətirən minimalist atmosferi içində yaşadığımız əsrin qaçaqaçına, tələskənliyinə bir alternativ təklif edir: yeni versiyası çıxan mobil telefonu almaq üçün saatlar öncədən dükanların qabağını kəsdirən, vaxtının çoxunu bir ekranın şüşəsini aşağı-yuxarı, sağa-sola sürüşdürməklə keçirən, buna görə də əksər zamanlarda artıq başı aşağı olan yeni çağın insanı özünə süni fərəhlər düzəldir. Halbuki artıq yüklərdən - maddi və mənəvi ehtiraslardan, boyunu aşan arzulardan xilas olsa, azdakı çoxluğu görsə, kim bilir, bəlkə də məlum olacaq ki, "günəşin altında təzə heç nə yoxdur" deyənlər yanılıblar, əksinə, günəşin altında hər gün hər şey təzədir.

Hirayama film boyunca həmişə getdiyi parkda köhnə fotoaparatı ilə ağ-qara fotolar çəkir, sonra onları bir foto-atelyedə aşkarladır. Evdə bir-bir fotolara baxır, hansında günəş işığının yarpaqların arasında oynaşması anı düşməyibsə, onları cırır, alınanları isə illərə və mövsümlərə görə təsnif etdiyi qutularda saxlayır. Hirayama hər anını bəxşiş kimi, hədiyyə kimi yaşadığı mükəmməl günlərin kolleksiyaçısıdır. Filmin sonuncu kadrında bu aktın bütün ruhunu ifadə edən yaponca bir söz və onun mənası verilib: "Komorebi - küləkdə oynaşan yarpaqların yaratdığı işıq-kölgə oyunudur, sadəcə həmin anda və bir dəfə olur".

Mən bu ecazkar filmi belə anladım: küçə lampası günəşə işıqdan dərs keçə bilməz.

 

QİSMƏT

525-ci qəzet.- 2024.- 29 iyun,¹112.-S.20.