İmperatorluqdan
fahişəxanaya çevrilən saray
Kariye kilsəsinin çıxışında bir
çay bağçası, bir də "Təkfur
sarayı"nın yolunu göstərən işarə var.
Hansına gedim deyə xeyli fikirləşdim. Həmişəki
kimi marağım nəfsimə güc gəldi, sarayın
yönünü tutdum. Günün istisində xeyli yeridim.
Getdikcə adamların sayı azaldı. Tezliklə, sonsuzluq
kimi uzanıb gedən yolda, kiflənmiş və
tör-töküntü divarlardan başqa, lava üzərində
yeriyirmiş kimi hiss etdirən qaynar yolda məndən başqa
heç kim qalmadı. Taqətimin kəsildiyini
düşündüyüm anda qarşıma sonunun harda
bitdiyini görə bilmədiyim qala divarı
çıxdı. Divarın yanı ilə "Təkfur
sarayına gediş" işarəsini təqib edərək
sarayın qarşısına çatdım. Qorxudan
anasının ətəyindən yapışan uşaq kimi,
bütün gözlərdən, baxışlardan
qaçıb qala divarlarına sığınan ürkək
bir saray ucalırdı qarşımda. Bir vaxtlar Vlaxerna adı
ilə məşhur olan, Haliçə doğru uzanan, saray
kompleksinin bir hissəsi olan bu abidə kim bilir nələrə
şahidlik edib ki, gözümə bu cür titrək
göründü. Təkfurdan əvvəl, Dəyirman qapı
ilə İncili köşk arasında yerləşən
imperatorluq ailəsi üçün bəzən həbsxana, bəzən
öldürüldükləri yer olan Manqana sarayı da
varmış. O dağıdılaraq yerində Vlaxerna - indiki
adı ilə Təkfur sarayı inşa edilir.
Maraqlıdır, insan görmədiyi zaman, əslində var
olanın yox olacağı kimi sadəlövh düşüncəyə
necə qapılır? Ola bilər ki, Manqana sarayından
günümüzə qədər demək olar ki, nəsə
gəlib çıxmayıb, ancaq adı, orda olan hadisələr
yaşayır axı!
Kim, niyə, nə üçün?
Az insanın bildiyi, tək-tük insanın ziyarət
etdiyi yerdir bura. Konstantinopolun əsrlərdən bəri var
olan qala divarlarının ən sonunda, solunda yerləşir. Hər
kəs bu ərazidə Kariyə kilsəsinə gəlir. Onsuz
hamının marağında olan da oradır. Təkfur
sarayı niyəsə diqqət çəkmir. Halbuki kilsədən
çıxan kimi işarələr buraya gələn yolu
göstərir. Sarayın min illik tarixi var. Kimin inşa
etdirdiyi ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələr,
Komnenosun həyat yoldaşı İrina üçün, bəziləri
Mikayılın oğlu Konstantinə görə tikdirdiyini
söyləyir. Böyük şəhərin qala
divarlarını inşa etdirən Teodiusun sarayın tikilməsində
rolu olduğunu deyənlər də var. Hətta Konstantinin
oğlu Romans üçün möhtəşəm saray
inşa etdirdiyi tarixi məlumatlar arasındadır. Həmin
sarayın Təkfur olduğu ehtimal edilir. Bəzi tarixi mənbələrdə,
İsanın doğuluşundan sonra Bizans imperatoru
Porfiroqenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində
olan böyük sarayın əlavə binası olduğu
bildirilir. Bu məlumatları rədd edən digər tarixi
qaynaqlar isə miladdan sonra XI-XII əsrlərdə xidmətçilərin
qalmağı üçün inşa edildiyini deyir.
Qısacası, kim, niyə, dəqiq olaraq nə vaxt
inşa etdirib bəlli deyil, tək həqiqət budur ki, Təkfur
sarayı Roma əsəridir və ən maraqlısı odur
ki, bu gün dünyada mövcud olan yeganə Bizans
sarayıdır. Fəthdən əvvəlki son illərə qədər
Konstantinopol buradan idarə edilirmiş. Elə təkcə bu məlumat
saray tarixinin nə qədər dərin və əhəmiyyətli
olduğunu isbat edir.
Təkfur kimlərə deyilir?
Bizans İmperatorluğu dönəmində qubernator vəzifəsində
olan insanlara təkfur deyilirmiş. Kökü erməni dilində
olan "takavor" sözündən gəlir. Anadolu və
Ruməlidəki xristian kişilərə təkfur deyə
müraciət edilirdi. Mənası, "tac daşıyan
kral" deməkdir. O zamanlar bölgələrə rəhbərlik
edən şəxslər təkfur adlandırırdılar.
Bütün təkfurlar Konstantinapoldakı Bizans
İmperatorluğuna bağlı idi, amma tarixdə
özbaşına hərəkətləri ilə qalıblar.
Xalqdan artıqlaması ilə vergi alan, dəstə
yığan, insanlara qan udduran zülmkarlar idilər. Hətta
Osmanlı dövlətinin qurulduğu ilk illərə qədər
təkfur adı çox keçir. Çünki Osman bəy
və Orxan bəy dönəmində təkfurlarla ciddi
mübarizə aparıblar. Statuslarını itirdikdən sonra
digər çox şey kimi onlar da tarixin tozlu səhifələrinə
qarışıb gedirlər.
Min illik tarix, minlərlə zərbə
Böyük saray adı ilə də tanınan abidə
min illik tarixi ərzində çox mədəniyyətlərə
şahid olub, dəfələrlə dağıdılır,
yandırılır, işğalların, savaşların
"ayaqları" altında qalır. 1261-ci ildə dərin
restavrasiyada keçir. Ancaq vəziyyət elə gətirir ki,
1400-cü illərdə ərazi tamamilə xarabalığa
çevrilir. Latın işğalında böyük zərər
görür. Eyni əsrin ortalarında yenidən restavrasiyadan
keçir. Sonra yenidən və dəfələrlə tərk
edilir, xarabaya çevrilir. Saray 1700-cü illərdə həmin
dönəm Osmanlının baş vəzirlərindən olan
və Sultan III Muradın qızı Ayşə sultanla ailə
qurduğuna görə "damad" ləqəbi ilə
tanınan İbrahim Paşa tərəfindən
canlandırılır. Bu saraya ciddi maraq duyan yeganə dövlət
adamı İbrahim Paşa olur. Kimsəsiz qalmış sarayı
canlandırmaq üçün İznikdən çini
ustalarını gətirdir və burada dulusçuluq atelyesi
qurdurur. Bu layihə o qədər yaxşı davam edir ki,
tezliklə eynən İznikdə olduğu kimi, çini
qabların istehsalı başlayır. Çıxan əsərlər
bir çox abidənin bəzədilməsində də istifadə
edilir. Həmin əsərləri Kandilli məscidi, Əhməd
çeşməsi, Həkimoğlu Əli Paşa məscidi
kimi yerlərdə görmək olar. İbrahim paşa çətin
dönəmlərdə baş vəzirlik etməyinə rəğmən,
çox böyük uğurlara imza atıb. Yenidənqurmanın
fərqində olan dövlət adamı olub. Osmanlıda sənayenin
ilk önəmli addımları, mətbəənin
quruluşu, müxtəlif yenilənmə hərəkatlarında
onun imzası var. Lalə dövrünün memarı
sayılır. Nevşəhəri quran da o olub. Fəqət
sonu bir çox siyasətçilərinki kimi pis bitir. Patron Xəlil
üsyanında Padşah III Əhməd tərəfindən
öldürülür, cəsədi üsyançılara
verilir və Təkfur sarayının işığı kim
bilir neçənci dəfə sönür! Ümumiyyətlə,
tarixdə bu cür çirkin faktlar çoxdur. Adam bilmir,
siyasətçinin əxlaqsızlığınamı hirslənsin,
yoxsa xalqın vəhşiliyinəmi təəccüblənsin.
Təbii ki, bu gün də belə hadisələr var, sadəcə
işin içinə müasirlik və texnologiya daxil
olduğuna görə, böyük vəhşiliklər bizlərə
adi hal kimi gəlir. Amma dərindən baxanda görürsən
ki, sadəcə illər, geyimlər dəyişib. Xislət
eynidir, vicdansızlıq eynidir!
Qaşıqçı almazından sonra başlayan
talan
Sarayın ən acınacaqlı dönəmi
1900-cü illərdir. O qədər pərişan hala
düşür ki, sadəcə divarlardan ibarət viranəyə
çevrilir. 1953-cü ildə Sarayda restavrasiya
başlayır. Proses 20 ilə yaxın davam edir. Amma
görülən bütün işlər qədim sarayın əvvəlki
görkəminə qayıtmağı üçün yetərsiz
qalır. İllər sonra 2005-ci ildən etibarən ciddi təmir
işləri başlayır. Yeni tavan əlavə edilir. Proses
bu dəfə on doqquz il davam edir və dörd il əvvəl
muzey olaraq ziyarətə açılır. Yəqin ki, məşhur
"Qaşıqçı almazı"nın sarayın
zibilxanasından tapıldığını bilməyən
yoxdur. Saraya ən böyük zərbə bu tapıntıdan
sonra vurulur. Xəbərin yayılmağı ilə dəfinə
axtarışında olanlar abidənin hər tərəfini
qaza-qaza talan edir, dəhşətli vəziyyətə
salırlar.
Restavrasiya, yoxsa fantaziya?
Saray fərqli memarlığa sahibdir. Qeyri-adi balkonu, pəncərələri
var. Döşəmə qatı digər saraylarda olduğundan
çox fərqlidir. Mərtəbələr arasındakı
bağlantılara da başqa yerlərdə rast gəlmək
mümkün deyil. Uzun keçmişə yola
çıxdığını sandığın anda fosilli əhəng
daşları gözünə dəyir və insanın
baxışlarını cırmaqlamağa başlayır.
Fikirləşirsən ki, görəsən, bu cür qədim
bir sarayın bər-bəzəyə ehtiyacı olduğuna kim
qərar verib? Bu fantaziyanı kim uydurub? Əslində abidə
əsrlər boyu o qədər dağılıb ki, hər dəfə
yenilənəndə yeniləyənlər müxtəlif əlavələr
ediblər. Mərtəbələr arasındakı fərqlilikdən
də bunu açıq-aşkar görmək
mümkündür. Zənnimcə, əslinə uyğun
olaraq yenidən əldən keçirilməlidir. Orijinal
görüntüsü ilə əlaqəsi olmayan, uyğunluq
təşkil etməyən əlavələr təcili ləğv
edilməlidir.
İmperatorluqdan fahişəxanaya
Saray çox maraqlı və müxtəlif məqsədlər
üçün istifadə edilib. Məsələn, bir
dönəm uzaq iqlimlərdən gələn heyvanların da
olduğu zoopark olub. İstanbula səyyah olaraq gələn Con
Sandersonun rəvayətinə görə, özündən
qırx il əvvəl gələn Ogier Qiselin Busbecq,
buradakı heyvanat bağçasında olan zürafəni
görmək istəyirmiş, lakin zürafə bir neçə
gün əvvəl ölür. Dünyada heç bir ölkədə
görə bilmədiyi bu canlını görmək və
marağını aradan qaldırmaq üçün zürafənin
məzarını qazdırmaq ilə marağını son
qoyur.
Sonra bir müddət fahişəxana olaraq istifadə
edilir. Daha sonra yardıma ehtiyacı olan insanların
sığınağına çevrilir. Bir dönəm
müsəvilərin yaşaması üçün
ayrılır. Aradan yenə vaxt keçir, bu dəfə saray
dulusçuluq atelyesi olaraq tarixə keçir. Bina sağlam vəziyyətdə
olmağına baxmayaraq, osmanlılar tərəfindən
heç vaxt saray olaraq istifadə edilmir. Bu fakt təəccüblü
gəlmədi. Osmanlı sultanlarının yarıdan
çoxu öz qanlarından olan və özlərindən əvvəlki
padşahların inşa etdirdiyi sarayların təhlükəsizliyinə
etibar etmədikləri üçün oralarda
yaşamadılar. Ona görə də, şəhərin hər
tərəfində nəhəng saraylar ucalır. Təbii ki,
bu, güvənməməkdən irəli gəlir. Güvənsizlik
hər baxımdan insanı məğlub edir.
Sürətlə azalan dəyər anlayışı
Dünya miqyasında xüsusi bir yerə sahib olan nadir
abidə bu gün lazımi dəyəri görmür. O dərəcədə
ki, məndən başqa ziyarətçi yox idi. Ziyarət
zamanı çini sobaları, şüşə qablar,
boşqab, amfora, çanaq kimi müxtəlif əşyaları
burada görmək mümkündür. Divar örtüyü
seramik növləri, möhtəşəm çini mehrab da
sarayda sərgilənir. Bir də yox olanlar var. Roma
imperatorlarının qızıldan hazırlanmış,
müxtəlif mücəvhərlərlə bəzədilmiş
məşhur taxt Təkfur sarayında yoxa çıxır və
bir də heç vaxt tapılmır. Saray məndə dərin
bir ruhu varmış kimi təsir yaratdı. Üz-üzə gəldiyimiz
an ürkək olduğunu hiss etməyim təsadüf deyildi. Hər
cür xəyanətə, yalana, talana, zərbəyə, əxlaqsızlığa
məruz qalıb, hələ də ayaqda qalmağı insana
möcüzə kimi gəlir və təsirləndirir.
Türkan TURAN
525-ci qəzet.- 2024.- 29 iyun,№112.-S.21.