Tarixin faciəli və ibrətamiz əhvalatları  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Böyük rus şairi A.A.Fetin də taleyi Şmidtinkinə bənzəyir, onun anası da ölüm yatağında olarkən ona vida məktubu yazmış və bildirmişdir ki, oğlu yəhudi ilə məhəbbətindən yaranmışdır. Fet özü ölənə qədər bu sirri gizli saxlamış, yalnız öldükdən sonra anasının məktublarından onun damarlarında yəhudi qanı axdığı məlum olmuşdu.

Əlbəttə, dövlət başçıları, siyasətçilər arasındakı münasibətlərdə səmimiyyət nadir hallarda baş verir. Bu "səmimiyyət" təzahüründən də çox vaxt dövlət mənafeyi üçün istifadə edilir, lakin müdrik adamlar, hətta bir-birinə düşmən mövqeyində olduqda belə, bir-birinə qiymət verməyi bacarırlar. İkinci Dünya müharibəsindən xeyli əvvəl Moskvaya gəlmiş, Bernard Şou da daxil olmaqla nüfuzlu ingilislərlə söhbət zamanı, onların içərisində olan ledi Astor Stalindən soruşur ki, niyə o, Lloyd Jorju ölkəsinə dəvət etmir, onunla yaxşı münasibətlər qurmağa cəhd etmir. Stalin cavabında bildirir ki, axı o, bunu necə edə bilər ki, Lloyd Jorj 1918-ci ildə gənc Sovet Rusiyasına müharibə elan etmişdi. Çörçillin ən kəskin rəqiblərindən biri olan bu qadın deyir ki, yox, bu, belə deyil, müharibəni Çörçill başlamışdı, burada Lloyd Jorjun heç bir günahı yoxdur. O, liberaldır, Sizə yaxındır, Çörçillə qaldıqda isə o, artıq siyasi səhnədən silinmiş kimidir. Buna etiraz edərək Stalin demişdir ki, bu, belə deyil, necə ola bilər ki, hökumətə başçılıq edən adamın müharibəni başlamaqda heç bir günahı olmasın, günah ancaq hökumətin bir üzvünün üzərinə yıxılsın. Digər tərəfdən də ingilis xalqı təhlükə hiss edən kimi yenə Çörçillə ehtiyac duyacaq, onu hesabdan belə tez silməyin. Stalin Çörçilli hərbi ata bənzətmişdi, müharibə başlandıqda bu ata böyük ehtiyac yaranır. Sonrakı hadisələr bunu bütünlüklə təsdiq etdi, müharibəyə başlanandan 9 ay sonra Çörçill Baş nazir və müdafiə naziri təyin edildi.

Qəribə bir hadisə də 1943-cü il noyabrın sonunda Üçlüyün konfransı zamanı Tehranda baş vermişdi. Çörçill yazır ki, kiçik məclisdə Stalinin yanında nahar edirdik. Burada Ruzvelt, Molotov və digər rəsmi şəxslər var idi. Çoxlu tostlar deyilirdi. Ruzveltin köməkçisi Harri Hopkinsin yazdığına görə, bu vaxt Stalin Çörçillə sataşmağa başladı, lakin o, bunu sakitcə qəbul edirdi. Lakin birdən vəziyyət dəyişdi və bu vaxt Stalin faşist Almaniyasının rəhbərliyini cəzalandırmaq kimi ciddi və müdhiş bir məsələyə toxundu. "Alman Baş Qərargahı məhv edilməlidir" - dedi. Hitlerin güclü ordusunun bütün qüvvəsi təqribən 50 min zabit və mütəxəssisdən asılıdır. Əgər bu adamların hamısını müharibədən sonra tutmaq və güllələmək mümkün olsa, Almaniyanın hərbi qüvvəsi kökündən məhv ediləcəkdir. Bu vaxt Çörçill deyir ki, İngiltərə parlamenti və ictimai rəyi kütləvi edamların tətbiqi ilə razılaşmaz və buna imkan verməz. Hətta hərbi ehtirasların qızışdığı dövrdə, birinci kütləvi qırğın baş verdikdə İngiltərə parlamenti və ictimai rəyi buna və bunu edənlərə qarşı çıxacaq. Qoy sovet nümayəndələri bu barədə başqa fikirə düşməsinlər.

Lakin Stalin, bəlkə də, zarafat naminə davam edirdi: "50 min güllələnməlidir". Hirslənən və özündən çıxan Çörçill deyir: "Mən istərdim ki, məni bu saat bağa çıxarıb güllələsinlər, lakin mən öz namusumun və ölkəmin namusunun ləkələnməsinə yol verə bilmərəm". Bu vaxt prezident Franklin Ruzvelt söhbətə qarışır və kompromis variant təklif edir. Güllələmək lazımdır, ancaq 50 min yox, yalnız 49 min adamı. Bununla, o, yəqin ki, söhbəti zarafat müstəvisinə keçirməyə cəhd edirdi. Bu vaxt prezidentin oğlu Elliot Ruzvelt ayağa qalxıb Stalinin planı ilə tam razı olduğunu bildirir və göstərir ki, heç şübhəsiz, Amerika ordusu buna hər cür yardım göstərəcəkdir. Bu vaxt Çörçill dözmür, stolun arxasından qalxır və qaranlıq qonşu otağa yollanır. Heç bir dəqiqə keçməmiş o, kimlərinsə əlinin onun çiyninə vurulduğunu hiss edir. Bunlar Stalin və Molotov imiş və gülərək bildirirlər ki, bu, ancaq zarafatdır və heç bir belə ciddi şey barədə hətta fikirləşmədiklərini söyləyirlər.

Tehran konfransında digər bir maraqlı hadisə də baş vermişdi. Nəhayət, 1944-cü ildə II cəbhənin açılması barədə Üçlük razılığa gəlmişdi. Gələcək nəhəng əməliyyatın planı müzakirə edildikdə, Uinston Çörçill, axı görünməmiş aviasiya qüvvələrindən və beş minə qədər gəmidən ibarət amerikan-ingilis desantı İngiltərədən start götürüb, La Manş boğzından Normandiyaya keçməli idi, əməliyyat barədə Roma Papasının da rəyini öyrənməyi lazım bildi. İosif Stalinə bu təklif gülünc göründü və ironiya qaydasında Çörçilldən soruşdu: - Yaxşı, Papanın neçə diviziyası vardır? İstehzalı sualın öz təklifinə qarşı narazılıq əlaməti olduğunu anlayan İngiltərə Baş naziri bu mövzuda söhbəti davam etdirmədi  Çünki o, şübhə etmirdi ki, Vatikan  sarayını, vaxtilə Mikelancelonun dizaynı əsasında tikilmiş rəngli zolaqlı formada qoruyan isveçrəli mühafizələrdən başqa, Papanın heç bir silahlı dəstəsinin olmamasını Stalin yaxşı bilir. Sonralar Stalinin Vatikan barədə istehzası Papaya çatdırılanda, o demişdi ki, Stalin köçüb, dünyanı tərk edəndə, göylərə üz tutanda, bizim diviziyaları öz gözləri ilə görəcəkdir.

Yaxud XX əsrin 30-cu illərində ingilis qadınları sərxoşluğa və alkoqolizmə qarşı mübarizəyə başlayırlar və bu işdə Çörçillin nüfuzundan istifadə etməyi qərara alırlar. Böyük siyasətçi onları iri, hündür bir otaqda qəbul edir. Onların xahişini eşitdikdə deyir ki, mən otağın müəyyən həcmi ölçüsündə, Sizin başınız hündürlüyü səviyyəsinə olan qədər spirtli içki içmişəm, Sizə söz verirəm ki, ölənə qədər bütün otağın həcmi qədər içim. Qadınlar kor-peşman qayıdır və təşəbbüslərinin nəticə verməyəcəyi qənaətinə gəlirlər.

Macar diplomatı Dyerd Banlakinin, keçmiş Amerika prezidenti, mərhum Riçard Niksona söylədiyinə görə, İkinci Dünya müharibəsi dövründəki həmin konfransların birində Stalin Çörçilli şam yeməyinə dəvət edir. Burada onlardan başqa, Stalinin tərcüməçisi iştirak edir. Onlar gejə saat üçə qədər yeyib-içirlər, axı ikisi də "bayquş" hesab olunurdu, gecə oyaq qalmağı sevirdilər. Səhər saat 11-də öz iqamətgahında yuxudan ayılan Çörçill çox mütəəssir olur ki, görəsən, bu tipə mən gecə nələr söyləmişəm. Tez katibini çağırtdırıb, bu məktubu diktə edir: "Hörmətli marşal Stalin! Mən dünən axşamkı şamdan çox böyük həzz aldım. Güman edirəm ki, bizim müzakirə etdiyimiz və razılığa gəldiyimiz məsələlər barədə də bunu demək olar". Bir saat sonra o, Stalindən cavab məktubu alır. O yazırdı: "Hörmətli cənab cBaş nazir! Dünən axşam nə danışmağınız haqqında narahat olmayın. Mən də sərxoş idim". Məktubun sonuna bu sözlər əlavə edilmişdi: "Tərcüməçi güllələnmişdir".

Yaxud başqa bir misal. Çörçill seçkilərdə məğlub olduqdan sonra, 1945-ci ilin iyul-avqustunda keçirilən Potsdam konfransında İngiltərə nümayəndə heyətinə leyborist Baş nazir Klement Ettli başçılıq etməyə başlayır. Nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Ernest Bevin də daxil idi. İ.V.Stalinlə Ettli arasındakı ikitərəfli görüşdə Bevin bütün nəzakət qaydalarını və mövcud protokolu pozaraq tez-tez Stalinə "Co dayı" ("Unjle Caw") deyə müraciət edir, "caw" sözü həm də "çənə" deməkdir... Ədalətən demək lazımdır ki, Ruzveltlə Çörçill öz məktublaşmalarında Stalinin bu ləqəbini çox işlədirdilər və onlar bunu Stalinə demişdilər. Lakin rəsmi söhbətin, danışıqların getdiyi və olduqca ciddi məsələlər müzakirə edildiyi bir şəraitdə əcnəbi nazirin SSRİ-nin rəhbərinə, hamının hörmətlə yanaşdığı Stalinə belə müraciəti ancaq hörmətsizlik əlaməti kimi qəbul oluna bilərdi. Ona görə də Stalin təkrar belə bir müraciəti eşitdikdə, kəskin şəkildə onun sözünü kəsir və deyir: "Cavan oğlan, burada dayı, cavan qohum məsələləri yoxdur, burada ciddi danışaqlar apardığımıza görə belə qeyri-ciddi münasibətlərə yer olmamalıdır". Belə qəti və kəskin cavab alan Bevin bir də həmin sözləri işlətməmişdir, amma ümumən, o, ingilislərə bənzəməyən kobudluğu ilə məşhur idi və bəlkə də, bu, onun ictimai mənşəyindən irəli gəlirdi. Bu barədə isə bir başqa əhvalat da danışırlar.

Bir dəfə müharibədən sonrakı illərdə BMT-nin Təhlükəsizlik Şurasındakı kəskin mübahisə və müzakirədən sonra Ernest Bevin o vaxtkı SSRİ xarici işlər naziri A.Y.Vışinskiyə yanaşır və deyir ki, nə fəhlə-kəndli hökumətinizlə öyünürsən, sən zadəgan silkindən olduğun halda, fəhlə-kəndli hökumətininin nazirisən, mən isə dəmirçi oğlu olduğum və fəhlə sinfindən çıxdığım halda (o, leyborist partiyasından idi) klassik kapitalist ölkəsinin naziriyəm. Vışinski bu vaxt ona olduqca sərrast cavab verir: "Bizim təmsil etdiyimiz siniflərin burada heç bir təqsiri yoxdur, təqsir səninlə məndədir, ikimiz də öz siniflərimizə xəyanət etmişik".

Amerika qəzetləri 1944-cü ildə, ölümündən bir qədər əvvəl Franklin Delano Ruzvelti tənqid atəşinə tutmuşdular ki, Aleut adalarında yaddan çıxıb qalmış Feyla adlı itini gətirmək üçün hərbi gəmi - esminets göndərmişdir. Ruzvelt bu tənqidlərə bircə kəlmə ilə son qoydu: "Mənə və mənim ailəmə olan bu hücumlar məni narahat etmir, onlar Feylanı hiddətləndirir".

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2024.- 29 iyun,№112.-S.22.