Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı

 

III yazı

 

 

Rəsulzadə bir ədəbiyyatşünas-tənqidçi kimi təhlilə cəlb etdiyi ədəbi-bədii materialları həmişə dövrün ictimai-siyasi gedişatı, böyük prosesləri ilə əlaqəli şəkildə təhlil edir və mütləq aktuallıq prinsiplərini meyar kimi önə çəkirdi. Məsələn, "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsində (1936-cı ildə Berlində, daha sonra - 1950-ci ildə isə təkmilləşmiş formada Ankarada çap edilmişdir) göstərir ki, ədəbiyyatdan, ədəbi prosesdən bir mərhələ, sistemli ədəbi proses kimi danışmaq lazımdır. Necə ki özü 1905-1917-ci illər ədəbiyyatını məhz dövrün böyük ictimai-siyasi, sosial hadisələri ilə əlaqəli şəkildə şərh etmişdir. "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsində isə Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illər hadisəsi fonunda onun tərcümanı olan ədəbiyyatdan bəhs edir. Cümhuriyyət ideoloqlarının siyasi görüşlərində ədəbi-bədii düşüncələr yer aldığı kimi, bu dövrün şair, dramaturq və nasirlərinin də bədii yaradıcılığında siyasi motivlər əhatəli yer tutur və çox zaman məqsədli, təbliğat mahiyyətli olurdu. Sibirin uzaq sonsuzluğunda sovet cəlladlarının işgəncələrinə tab gətirməyərək məhv olmuş şair Əliyusif müstəqillik haqqında öz düşüncələrini nəzmə çəkəndə Rəsulzadənin Azərbaycan haqqında "Əsrimizin Siyavuşu" əsərində dediyi "Yeni Turanın açarı" ifadəsinə bənzər misralar işlədir. Məsələn, Azərbaycanı "Şərqə Kəbə olan ölkə" kimi vəsf edir:

 

 

 

Dedilər ki, Azərbaycan türklərinin elində

Əski atəş yeni başdan alovlanmış, coşmuşdur.

Əvət, əvət, bir gün Şərqə Kəbə olan bu ölkə,

Yenə onu təqdis ilə ziyarətgah edəcək.

Bütün Turan, Oğuz nəsli, hətta bütün Şərq bəlkə,

Yenə onu təqdis ilə ziyarətgah edəcək.

Ey türk oğlu, səni Tanrı Şərqə hadi göndərdi,

Yatmış yurdu qardaş kimi dirilt, qaldır, oyandır,

 

Ürəyində sönməyəcək bir həqiqi od yandır! (Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 s. s. 54)

Həmin məqaləsində göstərir ki, Azərbaycanın yeni yazmağa başlayan digər şairləri də belə nikbin görüşlər və romantik hisslərlə həyəcanlı idilər. Az zamanda bir çox ədəbi məclislər açılır və jurnallar çap edilir. Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları bir çox yeni əsərlər nəşr edirlər. Bunlardan Hüseyn Cavidin "Şeyx Sənan"ını, Məhəmməd Hadinin "Eşq ilahəsi"ni, Əhməd Cavadın "Qoşma"sını, Cəfər Cabbarlının "Qız qalası"nı və sairləri qeyd edə bilərik.

Rəsulzadə Milli Qurtuluş hərəkatının ədəbiyyatda, xüsusən də poeziyada inikasını bir ədəbiyyat adamı, ədəbiyyatşünas kimi izləyir. Əhməd Cavadın 28 may İstiqlal günü münasibəti ilə yazdığı "Nədən yarandım?" şeirini yüksək qiymətləndirir. "Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşqun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyzli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü" (Yenə orada s. 55).

 

 

Sən qüdrətin aşıb coşan vaxtında

Mələklərin gülüşündən yarandın!

Sehr dilli bir fırçanın əliylə,

Ahuların duruşundan yarandın!

 

Ay işığı gözəlliyin, qızlığın,

Çiçəklərlə öpüşündən yarandın!

Sərinlətdin baxışınla könlümü,

Buludların uçuşundan yarandın!

Qaranlıqda qırılırkən ümidim,

Dan ulduzu yürüşündən yarandın!

Masəvadan uçmuş birər kölgənin,

Dan yeriylə görüşündən yarandın!

Gözəllikçin təbiətlə qüdrətin

Yavaşca bir soğukundan yarandın!

Qələm əldə ilhamımı dinlərkən,

Sən qəlbimin duruşundan yarandın!

 

(Yenə orada s.55).

 

Rəsulzadə sovet istilasından sonra Azərbaycan ədəbiyyatının milli məzmun və mahiyyətinin süni şəkildə dəyişdirilməsini, ona beynəlmiləl proletar məzmunu diktə edilməsini uzaqdan da olsa, aydınca görürdü. Bu hakimiyyətin milli Azərbaycan ruhunu məhv etmək və "proletkult" mədəniyyəti formalaşdırmaq siyasətini dərindən dərk edən müəllif əmin idi ki, ədəbiyyatımız həmin zamanlarda sənətkar kimi sözünü demiş həqiqi yazarların ixtiyarında idi. Onlar qorxmadan, cəsarətlə həqiqi ədəbiyyata xidmət yolunu tutmuşlar.

 Cəlil Məmmədquluzadənin "Kamança" adlı pyesinin tamaşaya qoyulmaması, eləcə də çox böyük rəğbət qazanmasına baxmayaraq, "Anamın kitabı" adlı dramının səhnədə oynanmasına uzun müddət icazə verilməməsi də Rəsulzadənin məqaləsində diqqətə çatdırılır. "Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı "Anamın kitabı"na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi" (Yenə orada s. 56).

Süleyman Sani Axundzadənin "Laçın yuvası" adlı pyesinin də ideoloji baxımdan "təhlükəli" olduğunu zənn edən sovet tənqidçilərinin də əsl simasını açıb göstərən Rəsulzadə həmin məqaləsində daha çox Hüseyn Cavid yaradıcılığı üzərində dayanır. Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox dramlar yazan Hüseyn Cavidin "Topal Teymur", "Peyğəmbər" əsərləri haqqında dəqiq müşahidələrini qeyd edir. Məlum olur ki, əslində oxucular tərəfindən sevgi ilə qarşılanan hər iki əsər sovet rəhbərləri və tənqidçilərini çox düşündürmüş, onları tərəddüddə saxlamışdır.

Dövlət teatrında bir neçə dəfə oynanılan "Topal Teymur" pyesi tamaşaçıları məftun etmiş və sevindirmişdir. Çünki xalq Türk dünyasının ümumi qəhrəman obrazı olan Teymurləng haqqında dərindən düşünməli olmuşdur. Bolşevik ədəbi tənqidi gec də olsa, ideyanı tutur və hökumət pyesin göstərilməsini qadağan edir. "Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən" şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. "Topal Teymur" müəllifinə uzun zaman hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər" (Yenə orada s. 57).

Sovet hakimiyyətinin amansız senzurasından həqiqi ədəbiyyatı, ədəbi-bədii mətn və nümunələri keçirib oxucuya çatdırmaq mümkünsüz hala gəlmişdi. Yazıçılar ezop dilindən, sətiraltı mənalardan, ədəbi kod, simvol və rəmzlərdən, işarələrdən istifadə etsə də, hökumət yazıçının dilini, sirrini başqa yazıçının vasitəsilə öyrənə bilirdi. H.Cavid Həzrəti-Məhəmmədin həyatı təsvir olunan "Peyğəmbər" əsərini də məhz həmin siyasətlə qələmə alır. Öz dövrünün aktual problemlərini, acı həqiqətlərini mifik zaman və çox uzaq tarixin dini şəxsiyyəti ilə əlaqəli şəkildə təqdim edir.

 

Öylə bir əsr içindəyəm ki, cahan

Zülmü vəhşətlə qovrulub yanıyor.

Üz çevirmiş də Tanrıdan insan

Küfrü haq, cəhli mərifət sanıyor.

Dinləməz kimsə qəlbi, vicdanı

Məhv edən haqlı, məhv olan haqsız...

Başçıdır xalqa bir yığın cani,

 

Həp münafiq, şərəfsiz, əxlaqsız,

Gülüyor nurla daima zülmət,

Gülüyor fəzlə qarşı fisqü fücur.

Ah, ədalət, hüquq və hürriyyət

Ayaq altında çeynənib gediyor

(Yenə orada s. 57).

 

 

 

Rəsulzadə də açıqca bəyan edirdi ki, "Zülmü vəhşətlə qovrulub yanan" ölkə onların öz yurdlarıdır. "Peyğəmbərin bu bədbin həsbi-halındakı qaranlıq tablonu sovet tanqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirlər. Lakin oxucu və ya tamaşaçılar burada "kommunist cənnəti" içindəki reallıqları görürlər. Bir dəstə cahillərin ayaqları altında insanlıq haqlarını tapdalayanlar onlar deyilmi? "İmansızlıqda həqiqət" və "biliksizlikdə mərifət" görənlər onlara hakim olan xamlar onların özləri deyilmi?" (Yenə orada s. 57).

Rəsulzadə Hüseyn Cavid mətnlərində açar kəlmələr vasitəsilə yazıçı ilə hakimiyyət arasında baş verən konfliktin səbəbini anlada, izah edə bilirdi. Məsələn, "Uçurum", eləcə də "İblis" əsərində məkan, zaman, obrazlar, tarix və müasirlik məsələləri nə qədər ustalıqla işlənsə də, kəlmələr ideyanı ələ verirdi. Rəsulzadə də məqaləsində həmin parçalardan istifadə edir, təhlilləri daha çox həmin kəlmələrə diqqət çəkməklə aparırdı. "Uçurum" əsərində daha çox romantika ruhunda olan, idealist qəhrəman Əkrəmin dilindən müəllif deyir:

 

Əvət, bu çox gözəl düşüncə, lakin

Səyahətdən zövq alan bir türk için

Krım yaylaları, İdil boyları,

Qafqaz dağları, şanlı türk soyları

Birər sərgidir, seyrinə doyulmaz

Gənc bir rəssam üçün dəyərsiz olmaz.

H.Cavidin dramlarında yüzlərlə belə ifadələr (şanlı türk soyları və s.) var ki, həmin ifadə və kəlmələrin təlqin etdiyi ideyanın sovet tendensiyalı ədəbiyyatı üçün zərərli olması aşkar bilinir.

 "İblis" dramında dünya ədəbiyyatında klassiklərin də istifadə etdiyi motiv, obraz və ideyadan H.Cavid yenə də ustalıqla yararlanır.

Rəsulzadə də qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şairin onu tərk etməyən ana düşüncəsinə - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırıldığını qeyd edir, Turanın xilası üçün yalnız qılıncın kifayət olmadığını obrazının dili ilə bildirir: "Turanda qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" (Yenə orada s. 62).  

O həm də türk şeiri gözəlliyinin sirlərini bilən bir sənətkar kimi Cavidin "Siyavuş" əsərində göstərdiyi sənətkarlığı yüksək qiymətləndirirdi.

Bu məqamda müəllif bolşevik istilasından sonra hökumətin, eləcə də ədəbi tənqid cəbhəsinin H.Cavid və Ə.Cavada olan fərqli münasibətinə toxunur. Göstərir ki, ilk dövrlərdə Hüseyn Cavidə münasibət müsbət olur və onun bir dramaturq kimi qeydinə də qalırlar. Cavad Axundzadəni isə keçmiş "müsavatçı" kimi həbs edirlər. Onun əsərlərinin çapına qadağa qoyulur, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır. Hətta çap olunmuş əsərləri toplanılıb məhv edilir.

Ə.Cavadın "Bir sözün varmıdır əsən yellərə? Sifariş etməyə uzaq ellərə" - kimi misralarına belə siyasi don geydirərək müəllifini mühakimə edir, həmin misralarda əks-inqilab işarəsi axtarırdılar. Rəsulzadə "Çekist ruhlu sovet tənqidçiləri" ifadəsini işlədir və yazırdı: "Cavad onların mühakiməsincə "inqilab tərəfindən uzaq ellərə atılmış "müsavat"çı millətçilərə" işarə etmək istəyirmiş. Cavada bir aralıq gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" adlı mənzuməsini şeirlə türkcəyə tərcümə etdirmişdilərsə də, sonralar onu tamamilə inkar etmiş, tərcüməsini də aradan götürmüşlər" (Yenə orada s. 52).   

Professor Vaqif Sultanlı "Azərbaycan ədəbi tənqidi" kitabında göstərir ki, Məhəmməd Əmin Rəsulzadə "Elm və siyasət" adlı məqaləsində XX yüzilin əvvəllərində V.İ.Leninin hakimiyyətin ədəbiyyat və mədəniyyət üzərində hegemonluğunu təsbit edən müddəalarının tam əksinə olaraq yazırdı ki, "mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir" ("İstiklal" gazetəsi (Berlin), 1 Ekim 1933-cü il) (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 244-245).

 

Rəsulzadə yeni dövr ədəbiyyatında siyasətin ədəbiyyata, elmə deyil, elm və ədəbiyyatın siyasətə tabe olmasından bəhs edirdi. Cəfər Cabbarlını dramaturq kimi təhlilə cəlb edəndə müsavatçı yazarlar arasında yeni hökumətdə daha çox uğur qazanan, kollektivist düşüncəni ən çox mənimsəyən bir yazıçı, ədəbiyyat adamı qənaətini bəyan edir. "Onlar Cəfəri özlərinə "cığırdaş" sayırlar, pyeslərini şiddətli senzor dəyişdirməsindən sonra olsa da, həm nəşr etməyə, həm də oynanmağa buraxırlar" (Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 s. s. 65).

Rəsulzadə də C.Cabbarlının məcburiyyət qarşısındakı siyasi və ideoloji düşüncə dəyişimlərini, onun bədii yaradıcılığındakı əks-sədanı açıqca görürdü. Heç bir millətin başqa bir millət üzərində ağalıq etməsini istəməyən ("Rədd olsun osmanlıların Hicazdakı, ingilislərin Hindistandakı və rusların da Azərbaycandakı ağalıqları...") dramaturqun sonadək istiqlalı ən böyük bir feyz hesab etməsini qəbul edirdi.

Məqalənin C.Cabbarlı ilə bağlı çox maraq doğuran hissələrindən biri "Od gəlini"nini təhlil məqamıdır. "Od gəlini"nini Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir, Ərəbistana daşınır. Azərbaycanlıları İslam dinini qəbul etməyə məcbur edirlər... Mənzərənin rəmzliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir" (Yenə orada s. 66).

Əsərin baş qəhrəmanı Elxan amansızlıqla edam edilir. Rəsulzadə köhnə dostu C.Cabbarlının taleyini onun faciə qəhrəmanlarının taleyi ilə bərabərləşdirir. Bu məqamda Cəfər Oktay, Elxan, Aydındırmı? Və ya Oktay, Elxan, Aydın Cəfərin özüdürmü? - sualı ortaya çıxır.  Cəfər Cabbarlı da "qüvvət və enerji ilə dolu ikən" gənc yaşında dünyasını dəyişir. 1934-cü ilin sonunda vəfat edən ədibi dövlət hesabına dəfn etdilər. "Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqdə o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır" (Yenə orada s. 67).

Rəsulzadə Sovet Azərbaycanında azad düşüncəli gənc yazarlardan söhbət açanda isə ilk növbədə Sabit Rəhmanın adını çəkir. Real həyat lövhələrini ədəbiyyata gətirən müəlliflərin çox zaman sovet tənqidçiləri tərəfindən kəskin hücuma məruz qaldıqlarını bildirir, buna konkret misal kimi Sabit Rəhmanın "Vəfasız" romanını göstərir. Əsərdəki sovet məmuru və onun pioner oğlu mənfi planda təsvir edilir. Belə ki, qoca müəzzinin, onun arvadı və oğlunun faciəsi də məhz bu sovet işçisi, sovet pioneri ilə bağlı olur.

Qoca oğluna: "Oğlum Saleh, anan aclıqdan və pionerin atdığı daşdan öldü" - deyir. Əsərdə məzmun daha çox siyasi mahiyyət daşıyır. Əslində sovet həyatı tipik cizgiləri ilə ifadəsini tapır.

Rəsulzadə mətnin işarələrini sovet tənqidçilərinin necə açmasını və müəllifə olan təzyiqləri çox uzaqlarda tam aydınlığı ilə görür. Hətta bildirir ki, S.Rəhmanın göstərdiyi bu cəsarətli realizmi üçün sovet tənqidinin yazıçıya müdhiş hücumlar edəcəyini əvvəldən də duymaq olardı. "Bu tənqid ona "tərsinə realist" adını verir, "sinfi düşmən, xırda burjua zehniyyətinin əsiri" elan edir. Bakıda çap edilən "Bakinski raboçi" qəzetinin ədəbiyyat tənqidçisinə görə (¹ 125, 1934-cü il) yazıçı "ənənələrin toruna düşmüş, ingilabçılığa məxsus əhatədən məhrum bir zavallıdır".

Bu tənqidçi "sovet rejiminin ədalətsizliyindən, anasının öldürüldüyündən, atasının dəli olduğundan və özünün də dilənçi halına düşdüyündən" bəhs edilən Salehə qarşı hiddət və kinlə doludur"  (Yenə orada s. 68).

Sovet siyasi əxlaqını dəqiqliyi ilə anlayan Rəsulzadə bu rejimin ədəbiyyatla məşğul olan məmurlarında həm də bir korazehinlik olduğunu anladır. Bir çox müəlliflərlə davranışlarında öz-özünü inkar manerası, əvvəl təqdir və mükafatlandırma, sonra tənqid və cəzalandırma tədbirləri mütəmadi olaraq davam edirdi.

H.Axundlunun "Kələfin ucu" adlı romanı da əvvəlcə dövlət tərəfindən çap olunur, mükafatlandırılır, sonra isə "əks-inqilabçı və müsavatçı düşüncəsi ilə zəhərlənmiş ideyalara xidmət edən bir əsər" kimi ortadan götürülür. Müəllif də həmçinin...

Azərbaycanın sovetləşdirilməsi yolunda təkcə siyasi xadimlər deyil, həm də ədəbiyyat, sənət adamları milli ideologiyaya qəlbən bağlı olan ziyalılar məhv edilirdi. "Türklük və türkçülük ideologiyası qoxuyan duyğu və düşüncələr kimi "türk" termini də qadağan edildi. İdeologiyadakı kommunizm kimi, terminologiyada da sovetizm hakim olur" (Yenə orada s. 68). 

İslam və türk ideallarından üz çevirmək məcburiyyətində qalan yazıçıların əvvəlki illərdə yazdığı əsərlərdən imtinası da Rəsulzadəni çox kədərləndirirdi. "...böyük" Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şeirlərinin öldüyünü elan etmişlər" (Yenə orada s. 69).

Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı "Heydərbabaya salam" əsəri də Rəsulzadənin diqqətini çəkmiş və o, bununla bağlı "Ədəbi bir hadisə" məqaləsini yazmışdır. Rəsulzadə Azərbaycan dilinin gözəlliyindən, poetik imkanlarından sənətkarlıqla yararlanan müəllifi təqdir etmiş və yüksək qiymətləndirmişdir.

"Başqa sözlə, M.Ə.Rəsulzadə ustad Şəhriyardan Azərbaycan şairi kimi deyil, Azərbaycan türk dilinin şairi kimi bəhs etmişdir. Lakin əsərin əhəmiyyətini yalnız ana dilində yazılması ilə məhdudlaşdırmayan tədqiqatçı onun məzmunca da təkrarsızlığını, "ədəbi baxımdan böyük bir hadisənin əsasını qoyduğunu" qeyd etmişdir" (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 244).

M.Ə.Rəsulzadənin ədəbiyyat tarixçisi, ədəbiyyatşünas kimi ən böyük xidməti isə Nizami Gəncəvi ilə bağlıdır. 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına dəyərli töhfə vermişdir. Onun tədqiqatlarında N.Gəncəvi ilə bağlı ilk məlumatları 1920-ci illərdə əldə etmək mümkündür. "M.Ə.Rəsulzadə 1923-cü ildə nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti" ("Azərbaycan Cümhuriyyəti: yaranması və formalaşması") kitabında, "Ədəbi və milli intibah" bölümündə Nizaminin Azərbaycan şairi olduğunu belə ifadə edirdi: "Bu türklər Azərbaycanı ikiyə bölən Araz çayının iki tərəfində yaşayıb və qismən İrana bu və ya bu surətlə bağlı müstəqil bir halda yaşadıqları zaman məhkum bir millət deyil, hakim olaraq yaşayırlardı. Çünki əsrlərdən bəri İranın hakim sinfini türklər təşkil edirdi... Fars ədəbiyyatına Nizamilər, Xaqanilər, Məhsətilər kimi ustadlar bəxş edən bu torpaqda yetişən Azərbaycan ziyalısı pək təbii idi ki, bir zaman Süleyman Qanuninin belə az qala qəbul elədiyi Sədi dili qarşısında əriyib özündən keçmiş, türk ilə türkcəyə xor baxmışlardı" (N.Yaqublu. Nizami Gəncəvi yaradıcılığı Azərbaycan mühacirət irsində ."525-ci qəzet", 12 noyabr, 2022-ci il).

Siyasətdə olduğu kimi, ədəbiyyat cəbhəsində də milli təəssübkeş idi. Məsələn, "Türkiyə ədəbiyyatşünası doktor Əbdülqadir Qaraxanın "Füzulinin həyatı, mühiti və şəxsiyyəti" adlı kitabına yazmış olduğu resenziyada şairin heç bir zaman şübhə doğurmayan milliyyətilə bağlı ayrıca söhbət açan müəllifi tənqid edərək yazırdı ki, onun türk olmasının sübuta ehtiyacı yoxdur. Bu gün diqqət mərkəzində Füzulinin milliyyəti deyil, milliyyətçiliyi, türklüyü deyil, türkçülüyü dayanmalıdır" (Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı, "Nurlar" nəşriyyatı, 2019, 312 s. s. 238).

1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında Azərbaycan tarixi və ədəbiyyatı haqqında silsilə məqalələr də çap etdirmişdir.

Vaxtilə yazıçı və ədəbiyyatşünas Seyid Hüseynin rəhbərliyi ilə fəaliyyət göstərən "Yaşıl qələm" ədəbi-elmi cəmiyyətinin üzvlərindən biri də Rəsulzadə olmuşdur. O, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif kimi ziyalılar, ədəbi simalarla bir cəbhədə olmuşdur.

Beləliklə, qeyd edə bilərik ki, həm XX əsrin əvvəllərində, həm də Cümhuriyyətin süqutundan sonra (Azərbaycan mühacirət ədəbiyyatşünaslığının yaranması və formalaşması prosesində) Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətləri olmuşdur.

 

İradə MUSAYEVA

525-ci qəzet.- 2024.- 14 mart, ¹48.- S.12;13.