Çaparaq notlar
Aktrisa ilə
döyüşçünün dostluğu
Qərb və rus mətbuatında
Çeçenistanın məşhur səhra komandiri Əhməd
Zakayevlə dünya şöhrətli ingilis aktrisası
Vanessa Redqreyv mövzusu uzun müddət qəzetlərin səhifəsindən
düşmədi... Səbəb nə idi?
Zakayev Londona Kopenhagendən
xanım Vanessanın müşayiəti ilə uçub gəlmişdir.
Məlum olduğu kimi, prezident Aslan Masxadovun emissarı
İnterpolun beynəlxalq orderi əsasında Rusiyanın
xahişi ilə tutulub saxlanılmışdı. Lakin Danimarka
məhkəməsi Rusiyanın Baş prokurorunun göndərdiyi
dəlilləri əsassız saymış və onun ekstradisiyasından
imtina etmişdir. Yeri gəlmişkən xatırladaq ki,
Danimarkada Zakayevin hüquqi müdafiəsi xanım
Vanessanın şəxsi vəsaiti hesabına təşkil
olunmuşdur.
Londondakı məşhur Hitrou
aeroportunda Əhməd Zakayev Britaniya polisi tərəfindən
saxlanılmış və sorğu-sual edilmişdir. O, elə
həmin gün Londondakı munisipal məhkəmənin hakimi
qarşısında dayanmış, hətta, məhkum
olunması barəsində hökm
çıxarılmışdı; lakin hakim bildirmişdir ki,
İçkeriya prezidentinin nümayəndəsi 50 min funt (80
min dollara yaxın) ödəməklə zaminə
çıxa bilər. Həmin pulu Vanessa Redqreyv ödəməli
oldu.
Zakayev özü bildirir ki, o, hələ
Kopenhagendə olarkən özünün danimarkalı vəkilindən
xahiş edibmiş ki, ingilis hakimiyyətini onun Londona
uçacağı barədə məlumatlandırsın. O
deyir: "Ürəyimin dərinliyində belə bir inam var
ki, ingilislər məni ruslara təhvil verməzlər".
Londona gələndən bir gün sonra xanım Vanessa mətbuat
konfransında çıxış edərək bildirdi ki,
Zakayevin İngiltərəyə gəlişi tamamilə leqal
xarakter daşıyır. Masxadov emissarının məhz şəxsi
dəvətlə gəldiyini bildirən aktrisa elan etdi ki,
keçmiş döyüşçü onun
qonağıdır. Son aylara qədər Zakayevin Qərbdə
olması rusları o qədər də
maraqlandırmırdı. Hətta, ötən müddət ərzində
o, Fransa və İsveçrədə olmuş, rəsmi şəxslərlə
görüşüb Çeçenistan problemi barədə
diskussiyalar aparmışdır. O, habelə gələcəkdə
Qərbdən siyasi sığınacaq istəməyəcəyini
də bəyan etmişdir.
Bəs ilk baxışda bir-biri ilə
heç bir əlaqəsi olmayan bu iki nəfəri - aktrisa ilə
döyüşçünü bağlayan nədir? Xanım
Vanessa öz müsahibələrində tez-tez
vurğulayır ki, Zakayevi lap çoxdan tanıyır və
onu qətiyyən terrorçu hesab etmir. Məsələ
burasındadır ki, əslində səhra komandirinin
özü də vaxtilə Qroznı Dram Teatrının
aparıcı aktyorlarından biri, sonralar isə
İçkeriya Respublikasının mədəniyyət naziri
olmuşdur. Bu gün rus mətbuatında Britaniyanın
dünya şöhrətli teatr artisti, "Oskar"
mükafatı laureatı Redqreyvlə onun həmkarı,
keçmiş aktyor Zakayevin əlaqəsi, dostluğu barədə
çoxlu dedi-qodular və uydurmalar yazılmaqdadır. Yeri gəlmişkən
qeyd edək ki, Redqreyv İngiltərədə təkcə məşhur
aktrisa kimi yox, həm də sol radikal siyasətçi kimi
tanınır. O, bir vaxtlar parlamentdə sosialist fəhlə
partiyasının nümayəndəsi kimi təmsil
olunmuş, lakin bu fəaliyyət uğursuzluqla başa
çatmışdır. O, 80-ci illərdə fələstinlilərin
müdafiəçisi idi. Bu gün isə çeçenləri
müdafiə xərclərini məşhur aktrisa təkbaşına
çəkməyəcək. Boris Berozovskinin Xeyriyyəçilik
fondu bütün xərcləri öz üzərinə
götürüb. 65 yaşlı Vanessa Redqreyv və 43
yaşlı Əhməd Zakayev tez-tez jurnalistlər
qarşısında çıxış edir, Rusiyanın
apardığı imperialist siyasəti ifşa edirlər.
Böyük Britaniya ilə
Rusiyanın rəsmi dairələrinin nümayəndələri
Zakayevin Rusiyaya təhvil verilməsi barədə
danışıqlar aparsalar da, bunun heç bir əhəmiyyəti
olmamışdır. Hətta, Toni Bler və Putin arasında
gedən 15 dəqiqəlik söhbətdə səhra
komandirinin ekstradisiyası barədə söhbət
açıldığı da ehtimal olunur. Lakin bu yaxınlarda
keçirilən məhkəmədə
Zakayevin ruslara təhvil verilməsi məsələsi tamamilə
gündəmdən çıxmışdır. Siyasətçilər
belə hesab edirlər ki, bu, gələcəkdə Qərblə
Rusiya arasında beynəlxalq mübahisələrin
yaranmasına səbəb ola bilər.
Tam qətiyyətlə demək
olar ki, Qərb, çeçen komandirini qanunların düz-əməlli
işləmədiyi Rusiyaya təhvil vermək niyyətində
deyildi. Belə bir məsələ də var ki, Britaniya
qanunları ölüm hökmünü ləğv etməyən
ölkələrə heç kəsi təhvil vermir; hətta,
terrorçunu belə.
Artıq bir ilə yaxındır
ki, (2002-ci ilin əvvəlindən üzü bəri) Zakayev və
Redqreyev mövzusu mətbuatın diqqət mərkəzindədir.
Aktrisa və
döyüşçü. Görəsən, onları birləşdirən
nədir? Sənət, əqidə, dostluq, mübarizə? Bəlkə
də bütün bunların hamısı birlikdə... Yəqin
ki. Əslində onların hər ikisi aktyor və hər ikisi
döyüşçüdür. Mübarizə isə davam
edir.
11 yanvar 2003-cü il
Mən onu tanıyırdım...
Söhbət böyük rus
şairi Andrey Voznesenskidən gedir
Rusiyanın və rusların
tarixində Voznesenski soyadlı simalar çox olub. Onların
arasında çox güman ki, şair Voznesenski daha məşhurdur.
Andrey Andreyeviç Voznesenski
1933-cü ildə Moskvada tanınmış alim, professor Andrey
Nikolayeviç Voznesenskinin ailəsində doğulub. Sənətkar
2010-cu ildə elə doğulduğu şəhərdə, lap
dəqiq desəm, Moskva yaxınlığındakı
yazıçı şəhərciyində - Peredelkinoda vəfat
edib. Şairin ulu babası məşhur din xadimi olub.
Andrey 77 il yaşayıb. Onun iki
yeddi ilə tamamlanan ömrü nədənsə mənə
böyük şairin özünün çox illər
öncə yazdığı bir şeiri, daha doğrusu, bir
şeirin iki misrasını xatırladır. Zira hələ
çox gənc ikən - 1962-ci ildə qələmə
aldığı "Mən - ailəyəm" adlı həmin
şeirdə də söhbət məhz 7-dən gedir, amma
qoşa yox, tək 7-dən.
Vo mne kak v spektre jivut semğ "ə",
nevınosimıx, kak semğ zverey
A samıy siniy
svistit v svirelğ!
A vesnoy
Mne snitsə
çto ə -
vosğmoy!
Mən bu şeiri bilərəkdən
orijinalda təqdim edirəm. Çünki burada da Voznesenskinin
"memarlığı" apaydın görünür.
Bu şeir bir vaxtlar adi adamların
və intellektlərin dilində çox məşhur idi.
Voznesenski ixtisasca "ədəbiyyat
adamı" deyildi. Moskva Memarlıq İnstitutunu
bitirmişdi. O, şeirin də memarı - arxitektoru idi desəm,
zənnimcə, səhv etmərəm.
Gəlin bu məqamda Andrey
Voznesenskini öz şeirləri ilə yad edək. Mərhum
şairimiz Adil Mirseyid vaxtilə Voznesenskinin bir neçə
şeirini dilimizə tərcümə etmişdi. Həmin
şeirlərdən birini xatırlatmaq pis olmazdı:
Əgər müqəddəs
olsaydım,
Ah, Tanrım, hər məbəddən
Bayramlarda boş çərçivə
Gəzdirərdim hər il mən.
Gah müqəddəs
ağcaqayın,
Gah bir çay panoramı
Görünərdi çərçivədən
və kövrələrdi hamı.
Qızıl çərçivəyə
girər
Görüşdən gələn
qadın.
Bilmirsən, müqəddəssən
-
Hanı, hanı qanadın?
Küçənin sol tərəfi
durub ayaq saxlayardı.
sağ tərəf çərçivədən
baxaraq ağlayardı.
Dediyim kimi, mən Andrey
Andreyeviç Voznesenskini tanıyırdım.
Bir zamanlar Voznesenskini bütün
Sovetlər Birliyinin ədəbiyyat həvəskarları
tanıyırdı. Onu Avropa və Amerikada da yaxşı
tanıyırdılar.
Şairin sözlərinə
yazılan mahnıları kim xatırlamır? Elə təkcə
Alla Puqaçovanın ifa etdiyi "Milyon-milyon
qızılgül" mahnısını yada salmaq kifayətdir.
Şair bu mahnının süjetini Paustovskinin bir
novellasından götürmüşdü. Mahnıda məşhur
gürcü rəssamı Nika Pirosmaninin (Pir Osmanlı)
fransız aktrisasına sonsuz sevgisindən bəhs edilir.
Əlbəttə, "Allo",
"Unutma", "Müğənni", "Akının
nəğməsi", "Nostalgiya" və digər onlarla
mahnının mətnini də yada salmaq olar.
Voznesenski zahirən sakit təbiətli,
amma daxilən üsyankar bir adamdır.
Onu vaxtilə Xruşşov kəskin
tənqid etmişdi.
O, məşhur dramaturq Artur Miller və
onun arvadı Merilin Monronun ailəvi dostu idi. Bu barədə
şairin bir şeiri və şeirdə bu misralar var: "Mən
Merlinəm, Merlin. Mən qəhrəmanıyam İntihar və
heroinin". O, on dörd yaşından Pasternakla tanış
olmuşdu.
O, Sartrın, Haydeggerin, Pikassonun,
Paulsun, Vısotskinin, Bob Dilanın dostu idi. Yəqin ki, sonuncu
isim oxuculara artıq yaxşı tanışdır; axı Bob
Dilan bu ilin Nobel mükafatçısı oldu.
Onun xanımı (1929-cu il təvəllüdlü)
Zoya Boquslavskaya
tanınmış tənqidçidir və öz fəaliyyətini
yenə davam etdirməkdədir.
Hə, gəldim çıxdım
mətləb üstünə.
Bəli, mən Voznesenskini
tanıyırdım. Yazıçıların Mərkəzi
Yazıçılar Evindəki (Sedeel - adlanan yerə) yeməkxanaya
gedərkən mən daim onu stol arxasında görərdim. O,
adətən tək oturardı. Hamıdan seçilərdi.
Yayda, payızda əynində dama-dama pencək, payızda uzun
plaş (yağmurluq) olardı. Onun boğazında çox
vaxt qırmızı rəngli şərf olardı və bu
şərf bir növ onun qalstukunu əvəz edərdi. Sanki
Voznesenski bu dünyaya elə bu "qalstukla" gəlmişdi.
O, adətən yeməkxanaya daxil
olarkən əsl yüksək mədəniyyət sahiblərinə
məxsus bir əda ilə təzim edərək hamı ilə
salamlaşardı. Üzündə bir uşaq səmimiliyi
olardı.
Onu az qala həmişə
"öz" məlum yerində görmək olardı.
Yadımdadır, bəzən onun
stolunun arxası boş olanda rus yazıçıları
yarızarafat-yarıcıddi deyərdilər: "Görəsən,
bu gün Andrey Andreyeviç "iş yerində" niyə
görünmür?"
İran eskizləri
Xəyyamın vətənində.
Gənclər nə barədə
söhbət edirdi?
Tehrandan Məşhədə gedən
qatar Nişapur şəhərindəki dəmiryol
vağzalına yan alıb dayandı. Axşam çoxdan
düşmüşdü. Kupenin pəncərələrini
açdıq. Öyrəndim ki, hələ təxminən
yarım saat burada olacağıq. Əlbəttə,
otuz-qırx dəqiqəlik qısa bir vaxt səfərə
çıxan adamın vağzalda var-gəl etməsi, ötəri
tələbatlarını ödəməsi üçün
kifayət edə bilərdi. Amma mən kupeni tərk etmədim.
Getməyə bir yer də yox idi. Daha doğrusu, baş çəkmək
istədiyim bir yer vardı, amma oraya getmək üçün
nəinki yarım saat, hətta bir saat belə, kifayət etməzdi.
Məsələ burasındadır ki, Şərqin
böyük alimi və şairi Ömər Xəyyamın məzarı
məhz bu şəhərdə, İranın Nişapur şəhərində
idi və mənim də ürəyimdən keçirdi ki, dahi
sənətkarın məqbərəsinə baş çəkim.
Amma dediyim kimi, vaxt məhdud idi.
Kondinsioner işləsə də,
vaqonun pəncərəsini endirdik. Avqustun qorabişirən
istisi sərin kupeyə təpilirdi. Amma pəncərəni
qapamaq fikrimiz yox idi; hər necə olsa da, süni soyuq havadansa
təbii isti daha xoş idi. Bir də ki, bu yerlərdən sanki
Xəyyam şeirinin xoş ətri gəlirdi...
Nə isə...
Cavan
bir oğlan bizim kupenin pəncərəsinə dirsəklənib
mobil telefonla farsca nə barədəsə danışmağa
başladı. Sonra oğlan aralandı. Çox keçməmiş
kupemizin pəncərəsinə gənc bir qız
yaxınlaşdı, o da oğlansayaq çərçivəyə
dirsəkləndi və kiminləsə nə barədəsə
danişmağa başladı. Təbii ki, söhbət yenə
fars dilində gedirdi. Bu "yerdəyişmə" bir
neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc
oğlanla qız bizim kupenin pəncərəsinin
açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət
vermirdilər.
Oğlanla qız bir müddət
boz qaranlıqda "əridilər". Hərəsi bir səmtə
üz tutdu. Və bu vaxt səfər dostlarım Həmid ilə
Rza astadan, bığaltı gülməyə
başladılar. Sonra bu xəfif gülüşü
pıqqıltı əvəz etdi.
Həmid məndən soruşdu:
- Ağa, bilirsiz, bu qızla
oğlan nə barədə danışırlar?
- Yox, - deyə, cavab verdim.
Rza gülüb dedi:
- Bayaqdan fikir verirsinizsə, bu
qızla oğlan bir-biri ilə söhbət edir...
Mən dedim ki, qızın və
oğlanın ayrı-ayrılıqda telefonla
danışdıqlarını gördüm; amma söhbətin
nədən getdiyini anlaya bilmədim.
Həmid söhbətə
aydınlıq gətirdi:
- Danışıqlarından belə
anlamaq olur ki, bu qızla oğlan bir-birini sevir. Amma onlar üzbəüz
dayanıb söhbət etməyə cürət etmirlər.
Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri
ilə əl-ələ tutması, hətta üzbəüz
söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə
dair "gizli" söhbət telefonla gedir. Onlar hələlik
yalnız telefonla bir-birinə sevgi ismarışları
göndərə bilirlər...
Rza bunu da əlavə etməyi
unutmadı:
- Əgər polislər bilsələr
ki, bunlar gecənin bu vaxtı bu vağzalda bir-birinə sevgilərini
izhar edir, özləri də Xəyyamdan sevgi şeiri deyirlər,
bu işin sonu yaxşı olmaz.
Biz gülüşdük.
Qatar dərindən nəfəs
aldı.
Mən həmin anlarda Xəyyamın
bir rübaisini xatırladım:
Ey şəhər müftisi, səndən
pərgarıq,
Bunca sərxoşluqla səndən
huşyarıq.
Biz şərab içirik sən
xalq qanını,
İnsaf
et, hansımız daha qəddarıq?
...Bir azdan qatar yerindən tərpədi.
Nişapurun işıqları uzaqdan sayrışırdı.
Firuz Mustafa
525-ci qəzet.- 2024.- 14 mart, ¹48.- S.11.