AMEA Mərkəzi
Elmi Kitabxanası necə yarandı?
Kitabxana xalq, millət
üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona
görə də kitabxanaya daimi hörmət
xalqımızın mədəniyyətini nümayiş etdirən
amillərdən biridir.
Ümummili lider Heydər
Əliyev
Azərbaycan tarixinin
müxtəlif mərhələlərində baş vermiş
hadisələri elmi cəhətdən sübuta yetirmək
üçün həmin dövrlə bağlı
faktların üzə çıxarılması,
ayrı-ayrı mülahizələrin müqayisəli şəkildə
qarşılaşdırılması və ən doğru
hesab edilən faktın elmi dövriyyəyə daxil edilməsi
əsas metodlardan biridir. Bununla belə, tarixçilər hadisələrin
xronoloji ardıcıllıqla sadalanmasından əlavə,
hadisələrin nə üçün baş verdiyini,
onların baş verməsinə hansı şəraitin təsir
etdiyini, sonrakı nəticələrini və necə şərh
edildiyini anlamağa çalışırlar. Çünki
tarix həm faktları, həm də fikirləri özündə
ehtiva edir. Bir çox tarixi faktlar ilkin mənbələr tərəfindən
təsdiq edilir ki, onlar tədqiq olunan dövrdə
yaradılmış sənədlərdən və digər
növ maddi obyektlərdən ibarətdir.
Bu baxımdan Azərbaycan
Milli Elmlər Akademiyası Mərkəzi Elmi
Kitabxanasının təşkili və fəaliyyətə
başlaması tarixi ilə bağlı ayrı-ayrı elmi əsərlərdə
rast gəldiyimiz fərqli faktların dəqiqləşdirilməsinə,
bu elm və bilik məbədinin yaradılması haqqında
mövcud arxiv sənədlərinin üzə
çıxarılmasına ciddi ehtiyac duyulur.
Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyevin hələ
20 aprel 2007-ci ildə imzaladığı "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" sərəncamda
vurğulandığı kimi, "Azərbaycan kitabxanaları
Azərbaycan xalqının milli sərvətidir.
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni,
ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb
saxlanmasında, bəşər mədəniyyətinin
qazandığı nailiyyətlərin nəsildən-nəslə
çatdırılmasında və cəmiyyətimizin
intellektual-mənəvi potensialının
artırılmasında kitabxanalarımız əvəzsiz rol
oynayır".
İndiyədək nəşr
edilən elmi ədəbiyyatda haqlı olaraq
vurğulandığı kimi, akademiyanın Mərkəzi Elmi
Kitabxanasının əsası 1923-cü ildə yaradılan
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin
Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə
qoyulmuşdur. Ayrı-ayrı alimlərin müxtəlif
mövqelərdən yanaşmaları bu tarixi faktın arxiv sənədləri
əsasında araşdırılması zərurətini
meydana çıxarır. Belə ki, respublikamızda
kitabxanaşünaslıq elminin inkişafında mühüm
xidmətləri olan professor Abuzər Xələfov "Azərbaycanda
kitabxana işinin tarixi" adlı dərsliyinin II hissəsində
bu faktı belə xarakterizə edir: "Cəmiyyətin
nizamnaməsində təşkili zəruri hesab edilən
kitabxananın əsası elə 1923-cü ilin dekabrında
qoyuldu. Cəmiyyət yarandığı gündən onun təşəbbüskarları
cəmiyyətin kitabxanasını yaratmaq işini ön plana
çəkmiş, kitabxana üçün kitab toplamağa
başlamışdılar... Bu kitabxananın yaranmasında
1924-cü ildə Cəmiyyətin tərkibində fəaliyyət
göstərən Biblioqrafik büronun mühüm rolu
olmuşdu... Biblioqrafik büroya professor A.B.Baqri rəhbərlik
edirdi... Büro Cəmiyyətin kitabxanasının
formalaşması sahəsində də ciddi iş
aparırdı".
Mərkəzi Elmi
Kitabxananın fəaliyyətində özünəməxsus
rolu olmuş sabiq direktor, filologiya elmləri doktoru Aybəniz
Əliyeva-Kəngərli də "Müasir Azərbaycanda
elmin informasiya təminatı və kitabxanalar" adlı əsərində
həmin faktı təsdiqləyərək yazır:
"1924-cü ildə Cəmiyyətin nəzdində
yaradılan Biblioqrafiya bürosu Mərkəzi Elmi
Kitabxananın təşəkkülü üçün
ilkin baza olmuşdur. 1925-ci ildə Cəmiyyətin ilk
iclaslarının birində kitabxananın yaradılması
haqqında məsələ qaldırılır, qərar qəbul
edilir və Elmi Kitabxana rəsmi fəaliyyətə
başlayır".
Elmi Kitabxananın
yaranması və fəaliyyətini tədqiq edən
araşdırmaçı, tarix üzrə fəlsəfə
doktoru Aypara Rüstəmova bu məsələdən bəhs
edərkən yazır: "...Azərbaycanı Tədqiq və
Tətəbbö Cəmiyyətinin birinci ilində -
1923-cü ilin noyabr ayının 4-də Biblioqrafiya bürosu və
noyabrın 18-də isə kitabxana təşkil olunması
haqqında qərar qəbul edildi... Biblioqrafiya bürosuna rəhbərlik
etmək ədəbiyyatşünas, biblioqraf professor A.V.Baqriyə
tapşırıldı... Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti Biblioqrafiya bürosu ilə yanaşı, təsis
yığıncağında öz kitabxanasının da
yaradılması haqqında məsələ qaldırır,
lakin Rəyasət Heyəti tərəfindən hələlik
kitabxananın yaradılması məqsədəuyğun
sayılmır və Baş Siyasi Maarif İdarəsinin nəzdində
olan Bakı kitabxanalarından birinin fondundan istifadə etmək
üçün icazə verilməsi xahiş edilir. Cəmiyyətin
18 noyabr 1923-cü il tarixli iclasında İ.F.Blinov elmi müəssisələrin
nəşrlərinin pulsuz olaraq əldə edilməsi, hətta
lazım olan elmi əsərlərin pulla alınıb bir yerə
yığılması və kitabxana təşkil edilməsi
təklifi ilə məruzə etdi. Məruzəni dinləyən
iclas respublikanın kitabsaxlayıcılarından alınan,
elmi idarələrin nəşrlərindən mübadilə
olunan kitabları və əlyazmaları bir yerə toplayıb
öz xüsusi
kitabxanasının yaradılması haqqında qərar
etdi".
Hər üç dəyərli
alimimizin fikirlərinə dərin hörmət və
ehtiramımızı bildirərək biz də Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin Azərbaycanda Elmi
İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzində
apardığımız araşdırma nəticəsində
üzə çıxardığımız tarixi sənədlərə
əsaslanmaqla bəzi dəqiqləşdirmələrin
aparılmasına ehtiyac duyulduğu qənaətinə gəldik.
Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin Müvəqqəti
Şurasının 4 noyabr 2023-cü il tarixində keçirilən
iclasının makinada rus dilində yazılmış 2
nömrəli jurnalında (protokolunda) Cəmiyyətin strukturu
ilə bağlı qoyulan ikinci məsələ Biblioqrafiya
Komissiyasının fəaliyyəti haqqında prof. A.Baqrinin məruzəsi
olmuşdur. Sənəddə deyilir: "Cəmiyyətin
Şurasının nəzdində prof. A.Baqrinin
başçılığı ilə Biblioqrafiya bürosu
yaradılsın və təşkilati məsələlər
ona həvalə edilsin".
Həmin protokolun 7-ci
bəndi isə "Cəmiyyətin kitabxanası
haqqında" adlanır. Bu məsələ ilə əlaqədar
aparılmış müzakirənin qərarında deyilir:
"Baş Siyasi Maarif İdarəsindən xahiş olunsun ki,
Şura və bölmələrə Bakı şəhər
kitabxanalarının birindən
istifadə edilməsinə icazə versin".
19 avqust 1925-ci ildə
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin
Mərkəzi Şurası Rəyasət Heyətinin
iclasında Biblioqrafiya bürosunun işi haqqında məsələyə
bir daha baxılır. İclasda
Şahbazi sədr, Zifeldt isə katib seçilir.
Maraqlıdır ki, iclasın 1 ¹-li protokoluna əsasən
gündəlik məsələdə büronun adı
"Kitabxana-Biblioqrafiya bürosu" kimi göstərilir, onun
fəaliyyəti barədə Zifeldtin məruzəsi dinlənilir.
Eyni zamanda bu məruzənin müzakirəsi zamanı Cəmiyyətin
Mərkəzi Şurası Rəyasət Heyətinə
Biblioqrafiya Bürosu və Kitabxana məsələsini həll
etməyi tapşırır.
Məruzədə
deyilir ki, Cəmiyyətin kitabxanası sırf biblioqrafik
iş olan kataloqlaşdırmanı həyata keçirdiyinə
görə Biblioqrafiya bürosu ilə onun işində
paralellik yaranır. Ona görə də Kitabxana ilə
Biblioqrafiya Bürosunun işi birləşdirilməlidir.
Beləliklə,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əsasının
1923-cü il noyabr ayının 4-də Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyətinin nəzdində
yaradılan Biblioqrafiya bürosunun bazası əsasında
qoyulması ilə bağlı mülahizələr konkret sənədlərlə
özünü doğrultmur. Çünki Biblioqrafiya
bürosunun üzərinə kitabxana funksiyasını yerinə
yetirmək missiyası qoyulmamış, bu qurum haqlı olaraq
Azərbaycan biblioqrafiyasının hazırlanması vəzifəsi
ilə məşğul olmuşdur. Bununla yanaşı, həmin
il noyabrın 18-də kitabxananın təşkil olunması
haqqında qərar qəbul edilsə də, bu məqsədlə
xeyli kitab toplansa da, sözün həqiqi mənasında
kitabxananı yaratmaq mümkün olmamış, bu iş
yalnız 19 avqust 1925-ci ildən gerçəkləşməyə
başlamışdır.
Fikrimizcə, arxiv sənədləri
əsasında belə bir nəticə daha məqsədəuyğun
hesab edilməlidir ki, 19 avqust 1925-ci ildə əsası
qoyulmuş Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının - bu nüfuzlu elm və təhsil məbədinin
100 illik yubileyinin təntənəli şəkildə qeyd
olunması elmi ictimaiyyətin və kitabxana əməkdaşlarının
çox böyük sevincinə səbəb olar.
Şəhla
TAHİRQIZI
Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktor
müavini, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2024.- 14 mart, ¹48.- S.10.