O, möcüzə
idi, möcüzə kimi də haqqa qovuşdu
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcidə
Hörmətli Rəşad müəllim,
Mart ayının 24-də
qardaşım qızı Qənirə Paşayevanın ad
günüdür.
Lakin o, ad gününü 8 martda,
Beynəlxalq qadınlar günündə keçirərdi.
İlk dəfə idi ki, nəslimizin fəxri, kamil insanın
keçməli olduğu şəriət, təriqət, mərifət,
həqiqət mərhələlərini keçən, şəriətimizin
tələbləri üzrə Həcc ziyarətində olan,
Yaradanın sevimli bəndəsi Qənirə xanımın ad
gününü onsuz keçirirdik.
Qohumlar, dostlar, Milli Məclisdə
çiyin-çiyinə çalışdığı millət
vəkilləri Fəxri xiyabanda məzarı önündə
toplaşmışdıq.
Millət vəkilləri Arzu
Nağıyev, Aydın Hüseynov, iraqlı
soydaşımız Dr.Şəmsəddin Kuzəçi,
Əməkdar artist Nuriyyə Hüseynova, Qənirə
xanımın möhtəşəm "Addım-addım
Türkiyə" filminin rejissoru Elnurə Kazımova və
başqaları çıxış edərək fəxrlə
Qənirə Paşayevanın dövlət və xalq
qarşısında xidmətlərindən söz
açdılar.
Fitri istedadı sayəsində
şair, nasir, həkim, hüquqşünas, alim, publisist,
ictimai xadim kimi şöhrət tapan, Yazıçılar
Birliyinin üzvü Qənirə Paşayevanın
yaradıcılığında səfər qeydləri, səfərnamələr
xüsusi yer tuturdu. Hər dəfə səyahətdən
dönəndən sonra getdiyi ölkə haqqında maraqlı
kitabı çıxır və təqdim edilirdi.
Yadımdadır, onun "Sirlər dünyasına səyahət:
Misir" (Bakı, 2021, 288 səh.) kitabının təqdimatında
siz də çıxış edərək əsərin məziyyətlərindən,
Qənirə xanımın uğurlarından söz
açdınız, mən də. Gözləmədiyim halda təklif
etdiniz ki, çıxışımı redaktoru olduğunuz
"525-ci qəzet"ə təqdim edim. Kitabı bir daha
gözdən keçirərək "Sirlər
dünyasına səyahət" adlı məqalə
yazdım və qəzetinizdə (25.12.2021) çap olundu. Qənirə
xanım haqqında yazdığım bu yeganə məqaləyə
görə Sizə minnətdaram.
Maraqlıdır ki, Qənirə
xanım da mənim yaradıcılığıma bircə məqalə
həsr edib.
O, kərküklü
soydaşımız Dr.Şəmsəddin Kuzəçinin mənə
ithaf etdiyi "Kərkük şairləri", 2-ci cild
(Ankara, 2007, 624 səh.) kitabı əsasında tərtib
etdiyim akademik İsa Həbibbəylinin redaktorluğu,
professorlar Şirindil Alışanlı və Elmar Quliyevin rəyi,
onun maddi dəstəyi ilə çap etdirdiyim "İraq
türkman poeziya antologiyası", II cild (Bakı, 2021, 464 səh.)
əsərinə "Poetik Pasport" adlı çox
maraqlı ön söz yazmışdır.
Qədirşünaslıq əlaməti
olaraq Antologiyanın sonunda yazmışdım: "Kitabın
işıq üzü görməsində maddi-mənəvi dəstəyə
görə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri,
Prof.Dr.Qənirə Paşayevaya iraqlı
soydaşlarımız adından minnətdarlığımızı
bildiririk".
Rəşad müəllim,
xahiş edirəm, Qənirə xanımın İraq
türkman ədəbiyyatına işıq tutan dəyərli
və gərəkli "Poetik pasport" məqaləsinin
çapına yardımçı olasınız.
Hörmətlə,
Qəzənfər Paşayev
Qəzənfər Paşayev
525-ci qəzet.- 2024.- 14 mart, №48.- S.8.