Azərbaycan -
Qazaxıstan: strateji tərəfdaşlar, müttəfiqlər
və qardaş ölkələr...
Azərbaycan-Qazaxıstan münasibətləri
tarixi köklərə, ənənəvi dostluğa,
qardaşlığa əsaslanır. İki ölkənin
keçdiyi yola, xüsusilə müstəqillik illərində
qarşılaşdığı
çağırışlara, inkişaf mərhələlərinə
nəzər saldıqda, burda da oxşarlıq özünü
göstərir. Son illər Azərbaycan-Qazaxıstan münasibətləri
yeni dinamika alıb, bütün sahələrdə inkişaf,
xüsusilə dostluq əlaqələrinin daha da möhkəmlənməsi
müşahidə olunur. Hazırda iki ölkə strateji tərəfdaşdır,
münasibətlərimiz müttəfiqlik səviyyəsindədir. Tərəflər
əlaqələrin daha da sıxlaşdırılmasında
maraqlıdırlar. Bu günlərdə Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri,
verilən bəyanatlar bunu deməyə əsas verir.
Qazaxıstan lideri zəngin bir gündəliklə Azərbaycanda
oldu, eyni zamanda azad edilmiş ərazilərə səfər
etdi.
Bu gün münasibətlər həm
ikitərəfli qaydada, həm Türk Dövlətləri Təşkilatında,
eyni zamanda Mərkəzi Asiya regionu çərçivəsində
inkişaf edir.
Prezident İlham Əliyev
fevralın 14-də keçirilən andiçmə mərasimindəki
nitqində türk dünyası ilə bağlı çox
önəmli mesaj verdi. Dövlət başçısı
dedi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra
da öz addımlarımızı atacağıq, ilk növbədə,
Türk Dövlətləri Təşkilatı çərçivəsində
səylərimizi davam etdirəcəyik. Bu, bizim
üçün prioritetdir. Azərbaycanın yürütdüyü
siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət
başçısı bildirib: "Bu, bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.
Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk
dünyasıdır".
Bu baxımdan Bakı-Astana əlaqələrinin
gücləndirilməsi mühüm əhəmiyyət kəsb
edir. Onu da vurğulayaq ki, Azərbaycan-Qazaxıstan münasibətləri
bir çox sahələrdə inkişaf edir. Ötən 1 il
6 ay ərzində Azərbaycanla Qazaxıstan arasında 40-a
yaxın mühüm ikitərəfli sənəd imzalanıb.
2020-ci ildən bu yana iki ölkənin ticarət dövriyyəsi
təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollar)
artıb. Təkcə keçən il ərzində ticarət
dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə
kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə
Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya
yatırıb. Ümumiyyətlə, 2005-2023-cü illər ərzində
qarşılıqlı investisiya qoyuluşunda da artım
müşahidə edilib.
Azərbaycan-Qazaxıstan
qarşılıqlı yükdaşımaları da son 3 ildə
5 dəfə artıb. Beynəlxalq avtomobil
daşımaları üzrə Qarışıq
Komissiyanın bu il martın 6-da keçirilən növbəti
iclasında 2023-cü il üzrə daşımaların
davamlılığının təmin edilməsi məqsədilə
"İcazə" blanklarının əlavə mübadiləsi
və 2024-cü il üçün ölkələrimiz
arasında "İcazə" blanklarının ilkin
kvotası razılaşdırılıb. Orta Dəhlizin
davamlı inkişafının təmin olunması
üçün Çindən göndərilən tranzit
yüklərin hər iki ölkə
daşıyıcıları tərəfindən
daşınması üçün təşkilati işlərin
görülməsi barədə razılıq əldə
edilib. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması,
sənaye və texnologiya parklarında birgə istehsalın təşkili,
Ələt limanında taxıl terminalının
inşası, gəmiqayırma sektorunda əməkdaşlığın
qurulması, qazax şirkətlərinin azad edilmiş ərazilərin
bərpasında iştiraklarına əlverişli imkan
yaradılması əməkdaşlığımızı
daha da gücləndirib.
Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi,
Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və
enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə
neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan
bazarına buğda tədarükünün
reallaşdırılması münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəldib.
Qazaxıstan liderinin azad olunmuş ərazilərə
- Füzuli və Şuşaya səfəri həm də
qardaş ölkənin Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə dəstəyinin
növbəti dəfə ifadəsi idi.
Qeyd edək ki, martın 12-də Azərbaycan
Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa
olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
açılış mərasimində iştirak ediblər.
Tokayev öz nitqində deyib ki, biz
qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq.
Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin
hökumətlərinin görəcəyi böyük iş həcmləridir,
çünki razılaşmalar çox ciddidir, çox
böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın
inkişafına impuls verəcək ki, bu da çox vacibdir.
Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın
gələcəyinə böyük nikbinliklə baxıram.
O, Mərkəzin Qazaxıstan
xalqı adından hədiyyə olduğunu deyib: "Heç
bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs
regionu güclü inkişaf edəcək. İndicə gələcəyə
dair planla tanış olduq və əlbəttə ki, o,
miqyası və intensivliyi ilə bizi valeh edir".
Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü
ilə inşa olunan Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi qardaş qazax
xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli
2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə
yaradılıb. İkimərtəbəli binada 600
uşağın bir neçə növbədə məktəbdənkənar
təhsil alması üçün hər cür şərait
yaradılıb.
Yeni təhsil kompleksi
üçün Kurmanqazı adının seçilməsi də
təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi
əsərləri bütün Türk dünyasının
mirasına çevrilib. Mərkəzin yaradılması
heç şübhəsiz ki, Azərbaycan və Qazaxıstan
arasında ikitərəfli münasibətlərin daha da
möhkəmlənməsinə töhfə verəcək.
Milli Məclisin deputatı Aydın
Hüseynov "525"ə deyib ki, Azərbaycan və
Qazaxıstanı ortaq soy-kök, eyni dil və yaxın mədəni-tarixi
əlaqələr, qardaşlıq münasibətləri birləşdirir.
Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli
bir regionda yerləşməklə, Qərblə Şərq
arasında körpü rolunu oynayaraq ən strateji qlobal enerji,
nəqliyyat layihələrini təmin etməklə regionun
ümumi inkişafına töhfə verir.
Deputat deyib ki, son illərdə
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə,
o cümlədən, Qazaxıstana, eləcə də həmin
dövlətlərinin başçılarının Azərbaycana
səfərləri müntəzəm xarakter alıb. Bu isə
yeni əməkdaşlıq imkanlarının güclənməsinə
və iqtisadi əlaqələrin artmasına səbəb olur:
"Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar,
o cümlədən, BMT, İslam Əməkdaşlıq Təşkilatı,
Türk Dövlətləri Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı, TÜRKPA,
TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində
fəal əməkdaşlıq edir və bir-birinə
qarşılıqlı dəstək verir. Hər iki ölkə
Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat
Marşrutu çərçivəsində əməkdaşlıq
edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi
ilə inşa edilən "Aktau İstehsal və Logistika Mərkəzi"
ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin
inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın
müəllifi olduğu strateji layihə Bakı-Tbilisi-Ceyhan
Qazaxıstan üçün strateji əhəmiyyət kəsb
edir".
A.Hüseynov əlavə edib ki,
ölkələr arasında iqtisadi potensial da
böyükdür: "İndiyədək Azərbaycanla
Qazaxıstan arasında 150-yə yaxın sənəd
imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da
genişlənir və təkcə son il yarım ərzində
40-a yaxın mühüm ikitərəfli sənəd
imzalanıb. 2023-cü ildə ölkələrimiz arasında
ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub, tərəflər
bu rəqəmi 2 dəfə artırmağı nəzərdə
tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət
göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana
indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində
sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana
isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində
investisiya qoyulub. Ölkəmizdə Qazaxıstan
investisiyalı 182 kommersiya qurumu fəaliyyət göstərir.
Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan
Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub".
Onun sözlərinə görə,
Azərbaycanla Qazaxıstan arasında əlaqələr
bütün sahələrlə yanaşı, enerji sektorunda da
uğurla inkişaf edir. SOCAR ilə "KazMunayGas"
arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin
genişləndirilməsi üçün geniş imkanlar
yaradıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana
rəsmi səfərinin iki ölkə arasında əlaqələrin
inkişafına töhfə verəcəyini bildirən millət
vəkili qeyd edib ki, hər iki qardaş ölkə Türk
Dövlətləri Təşkilatı çərçivəsində
sıx əməkdaşlıq edir və
qarşılıqlı fəaliyyəti gələcəkdə
də möhkəmləndirmək qarşıda duran əsas vəzifələrdəndir:
"Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə
də Azərbaycana dəstək verməkdədir. Füzuli
şəhərində Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinin inşası bu təşəbbüskarlığın
ən yaxşı nümunəsidir.
Vətən müharibəsi nəticəsində
ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan
bölgədə yeni reallqılar yaratmaqdadır, xüsusilə
də Mərkəzi Asiya ölkələrinin də təmsil
olunduğu Türk Dövlətləri Təşkilatının
bu bölgəyə inteqrasiyası güclənməkdədir.
Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan
Şərq-Qərb nəqliyyat magistralının əsas
nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri
də gücləndirir. Xüsusilə Zəngəzur dəhlizinin
yaradılması ilə Çin-Mərkəzi Asiya və
Avropanın sıx inteqrasiyası artmış olacaq ki, bu
prosesdə əsas xətt Azərbaycanın ərazisini əhatə
etmiş olacaq".
Deputat Ceyhun Məmmədov bildirib
ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o
cümlədən, regionun Türk dövlətləri ilə
münasibətlərə mühüm əhəmiyyət
verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi
Asiya ölkələrinə, region dövlətlərinin
başçılarının isə Azərbaycana səfərləri
müntəzəm xarakter alıb. Bu isə təbii olaraq
ölkələrarası əlaqələrin
inkişafına, yeni əməkdaşlıq
imkanlarının yaranmasına gətirib çıxarıb.
Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə
malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə,
ənənələrə malik xalqlardır. Qazaxıstanda
yüz minlərlə soydaşımız yaşayır və
Qazaxıstanın ictimai-siyasi həyatında yaxından
iştirak edirlər.
Onun sözlərinə görə,
Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir,
iki dövlətin dostluğunun əsasını
qarşılıqlı əlaqələr və əməkdaşlıq
təşkil edir.
C.Məmmədov əlavə edib
ki, bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə
daxil olub. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı
çərçivəsində çox sıx əməkdaşlıq
edir və bir-birini dəstəkləyir. Azərbaycan və
Qazaxıstan xüsusilə nəqliyyat dəhlizlərinin
inkişafı, yükdaşımaların həcminin
artırılması istiqamətində sıx əməkdaşlıq
edir.
Deputat bildirib ki, martın 11-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart
Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin
imzalanması mərasimi oldu: "Bu sənədlərbundan
sonra da hər iki xalqın və dövlətin münasibətlərinin
güclənməsinə öz töhfəsini verəcəyinə
deməyə əsas verir. Azərbaycan üçün
Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır.
Bu, hər iki ölkə Prezidentinin qarşılıqlı səfərlərindən
aydın görünür. Son ilyarım ərzində Prezident
İlham Əliyev Qazaxıstana dörd dəfə səfər
edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti
üç dəfə ölkəmizdə olub. Qazaxıstan hər
zaman Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini dəstəkləyib".
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2024.- 14 mart, ¹48.- S.4.