Muxtariyyət
dövründə Naxçıvan toponimlərinin tədqiqi
Naxçıvan Muxtar Respublikası
- 100
Naxçıvanın muxtariyyət statusunun zəruriliyini
əsaslandıran Ümummilli lider Heydər Əliyev deyirdi:
"Naxçıvanın muxtariyyəti mühüm hadisədir.
Bu, çətin bir dövrdə, böyük bir mübarizənin
nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub
saxlamaq üçün Moskva müqaviləsinin və
xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti
olubdur. Naxçıvan Azərbaycanın əsas
torpağından ayrı düşdüyünə görə
Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə
də təmin etmək üçün Qars Müqaviləsi
bizim üçün çox böyük, əvəzi olmayan
bir sənəddir. Belə ağır şəraitdə
Naxçıvanın yaşamasının, inkişaf etməsinin
əsas şərtlərindən biri də odur ki,
Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu
muxtariyyət hüququ çətin vəziyyətdə
yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana
böyük şərait yaradıbdır. Amma
Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır,
müstəqil Azərbaycan dövlətinin içində buna
ehtiyacı vardır".
Xalqımızın böyük oğlu Heydər
Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə
qayıtdıqdan sonra da Naxçıvan Muxtar
Respublikasının hərtərəfli inkişafını
daim diqqət mərkəzində saxlamış, blokada şəraitində
olan qədim diyarın dirçəlişi və
inkişafı üçün mühüm tədbirlər həyata
keçirmişdi.
Muxtariyyət dövründə Azərbaycan dilinin
xüsusi adlar sistemində baş verən köklü dəyişikliklər
onomastik vahidlərin dövrün ictimai-siyasi
reallıqlarına qarşı son dərəcə həssaslığından
irəli gəlir. Xüsusi adlar ekstralinqvistik amillər tərəfindən
ən çox idarə olunan, bu amillərin diktəsi ilə
zamanın şərtlərinə uyğunlaşan dil vahidləridir.
Təsadüfi deyil ki, tarixin izləri dilin lüğət tərkibinə
aid leksik vahidlərdən ən çox xüsusi adlar qrupunda
özünü göstərir.
Toponimlər və onlardakı addəyişmənin
elmi prinsipləri nəzəri mənbələr əsasında
müəyyən edilir, muxtariyyət dövründə
Naxçıvan onomastikasında baş verən bu proseslər
məhz bu prizmadan qiymətləndirilir.
XX əsrdə Azərbaycanda xüsusi adlarla
bağlı ilk tədqiqat əsəri isə
M.Baharlının (Vəliyev) 1921-ci ildə çapdan
çıxmış "Azərbaycan" kitabıdır.
O, bu kitabda ilk dəfə olaraq dilimizin, tariximizin öyrənilməsində
toponimlərin rolunu yüksək qiymətləndirmiş,
Naxçıvan toponimləri ilə bağlı, yəni Kəngərli,
Xalac, Bəydili, Dəmirçilər, Şahtaxtı, Kotam,
Kilit, Sirab, Xəlillli kimi coğrafi adların mənşəyi
haqqında fikir və mülahizələrini söyləmişdi.
Naxçıvan toponimlərinin öyrənilməsi
sahəsində professor Q.Ə.Qeybullayevin əməyi xüsusi
qiymətləndirilməlidir. Tarixçi-alim elmi fəaliyyəti
boyu toponimikanın ümumi məsələləri eləcə
də, Naxçıvanın toponimləri, onların yaranma
tarixi, yayılma arealları, məna açımı və
dil mənsubiyyətlərini elmi şəkildə
böyük dəqiqliklə açıqlayıb, tədqiq
etmişdi.
Akademik B.Ə.Budaqovun da bu coğrafi adlarla
bağlı tədqiqat əsərləri vardır ki, onlar da
elmi cəhətdən əhəmiyyətlidir.
Naxçıvan coğrafiyasının, tarixinin, dilinin öyrənilməsi
sahəsində toponimlərə böyük əhəmiyyət
vermiş, toponimikanın ayrı-ayrı problematik məsələləri
barədə məqalələr çap etdirmişdi.
AMEA-nın müxbir üzvü, AMEA-nın
Naxçıvan bölməsində İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz
Quliyevin onomastikaya dair çox qiymətli əsərləri
mövcuddur ki, bunlara "Qədim türk onomastikasının
leksi-semantik sistemi", "Orxon-Yenisey abidələrində
toponim və etnonimlər", "Qədim türk
onomastikası", "Əski turk onomastik
sözlüyü" kimi əsərləri nümunə
göstərmək olar.
Azərbaycan dilçiliyində öz imzası, dəsti-xətti
olan AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutu Onomastika şöbəsinin
müdiri olmuş, filologiya elmləri doktoru Adil Bağırov
müəllimliklə başladığı şərəfli
əmək yolunu həm də ciddi elmi tədqiqat işi ilə
davam etdirib, dilçiliyin müxtəlif sahələrinə
dair məqalələr, elmi əsərlər yazıb.
Onun onomastik vahidlərin tədqiqi ilə bağlı
"Naxçıvanın hidronimləri",
"Naxçıvan toponimlərinin linqvistik xüsusiyətləri",
"Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər
sözlüyü", "Naxçıvanın oykonimləri",
ikicildlik "Onomalogiya problemləri", "Naxçıvan
urbanonimləri" kimi monoqrafiyaları, "Oronimlərin
linqvistik xüsusiyyətləri" (Bakı, 2011) adlı dərs
vəsaitini yüksək səviyyədə işləyib,
"Türk dillərinin müqayisəli qrammatikası"
(Bakı, 2008), "Türkologiyaya giriş" adlı tədris
proqramlarını hazırlayıb, "Naxçıvanın
hikmət xəzinəsindən" adlı folklor toplusunu
(Kamilə Bağırova və Bəxtiyar Məmmədovla
birlikdə) oxucuların ixtiyarına verib. A.Bağırovun
elmi fəaliyyəti, çap etdirdiyi məqalə və
monoqrafiyaları onun məhsuldar
bir yararadıcılıq yolu keçdiyinə əyani
sübutdur. Naxçıvan bölgəsindəki onomastik
vahidləri sistemli şəkildə öyrənmək,
xüsusi adların etimologiyasını açmaq, onları
ciddi faktlar əsasında tədqiq edib geniş oxucu kütləsinə,
elmi, ədəbi ictimaiyyətə təqdim etmək əsl vətəndaşlıq
mövqeyində dayanan bir alimin üzaqgörən fəaliyyətinin
bəhrəsidir.
Görkəmli alim Tofiq Hacıyev A.Bağırov
yardıcılığı haqqında yazır: "...Adil
Bağırovun əsərini oxuduqca gözlərinin
qarşısında Naxçıvanın tarixi və tarixi
coğrafiyası canlanır. Aşkarca görürsən ki,
bu tarix türkündür, bu coğrafiyada bütün tarix
boyu məhz türklər yaşayıblar. Dünya mədəniyyəti,
dünya elmi, dünya tarixşünaslığı bunu həqiqət
kimi qəbul edir ki, toponimlər torpağın tarixi
yaddaşıdır... Adil Bağırovun tədqiqatındakı
bu qəbildən yüzlərlə Naxçıvan toponimlərindən
bir neçəsinə baxmaq da yetər ki, tarixi mənzərəni
əyani şəkildə təsəvvür edək,
reallığı sənədlərlə qavrayaq. Budur həmin
etnotoponimlərin "vəkilləri" - nümunələri
olan coğrafi adlar: Kəngərli, Xalxal, Keçili,
Türkeş, Bəydilli, Böyükdüz, Xələc,
Qazançı, Qarkun, Oğuzdaşı, Cığatay,
Biçənək, Qarabağlar, Maxta" və s.
F.H.Rzayev "Qədim Şərur oykonimlərinin mənşəyi",
"Naxçıvan əhalisinin etnogenezi tarixindən I
cild", "Naxçıvan əhalisinin etnogenezi tarixindən
II cild" kimi müəllifi olduğu əsərlərində
Naxçıvan toponimlərini, xüsusilə, də
Naxçıvan oykonimlərini dərindən tədqiq edib. Tədqiqatçı
burada etnooykonimlərin milladdan öncəki tarixinə söykənərək
Naxçıvan etnooykonimlərinin qədim tarixə aid
olduğunu sübut edib. O, "Naxçıvan ensiklopediyası
I cild", "Naxçıvan ensiklopediyası II cild",
" Naxçıvan abidələri ensiklopediyası",
"Naxçıvan tarixi I
cild", "Dədə Qorqud yurdu-Naxçıvan"
tarixi, coğrafi və etnoqrafik atlas, "Naxçıvan
Muxtar Respublikasının coğrafiyası II cild" kimi əhəmiyyətli
əsərlərin də həmmüəllifidir.
Filologiya elmləri doktoru Akif İmanlı bir çox
kitabın müəllifidir ki, bunlardan "Şərurun
Arazboyu oykonimləri", "Şərur düzünün
toponimləri", "Şərur və İğdır
bölgələrinin yer adları", "Yaşayış
yeri adları", "Onomastika məsələləri",
"Araz vadisinin oykonimləri", "Tarixin izləri yer
adları", "Naxçıvan çevrəsinin yer
adları", "Qədim türk yurdunun oykonimləri"
sırf onomastika elminin inkişafına həsr olunan əsərlərdəndir.
Qalibə Hacıyeva "Tariximizi yaşadan adlar
Güney Azərbaycanda farslaşdırılmış qədim
türk toponimləri", "Türk mənşəli erməni
antroponimləri", "Tavr etnonimi əsasında
yaranmış toponimlərin işlənmə arealı"
kimi məqalələri ilə onomastika elminin inkişafına
öz töhfəsini verib.
Fikrimizcə, A.Bağırov, Firudin Rzayev, Qalibə
Hacıyeva və Akif İmanlı səriştəli,
düzgün prinsiplərə malik olan yaxşı tədqiqatçılardır.
Onların yazdıqlarının kökündə, məğzində
bir tarixçilik prinsipi dayanır, kökə, milli dəyər
və düşüncəyə bağlılıq durur.
Çünki istər dil faktorlarından, istərsə də
ayrı-ayrı şəxsiyyətlərin elmi, ədəbi,
ictimai fəaliyyətindən yazmaq elə mənsub olduğu Vətənin,
millətin tarixindən yazmaq deməkdir ki, bunlar muxtariyyət
dövrünün elmə açdığı yolun elmi nəticələridir.
Cəmilə MƏHƏRRƏMOVA
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı
525-ci qəzet.- 2024.- 15 mart, ¹49.- S.14.