Ələkbər Salahzadə: lirik poeziyanın  avanqard strukturu  

 

Poetik orkestri müxtəlif biçimlərdə və ədəbi-lirik janrlarda yüksək və fərdi şəkildə səslənən Ələkbər Salahzadənin poeziyası özünəxas kompozisiyası, yaradıcılıq palitrası ilə seçilən nümunələrdəndir. Onun lirik dəst-xəttində zamanın öz dərki və onunla bağlı fərdi duyğuları göyərib. Çünki Ələkbər Salahzadə poeziyanı standart ölçülü, pafoslu deyim tərzi, "soyuq" nidalardan hifz eləyib, dərin titrəyişlər yaradan poetik fikrin daxili aləminin ayrı-ayrı simlərini dilə gətirməklə sözə, lirik düşüncəyə uçuş verib, onu yalançı pafosdan, "edama məhkum ola biləcək" emosiyalardan qoruyan şairlərdən idi.

Hansı əsərinə baxsaq, oradan Ələkbər Salahzadənin fərdi özünəməxsusluğu ilə haşiyələnmiş poetik misraları boylanır. Məsələn, "Beş yarpaq" kitabındakı "Payız çağı" şeirinə baxaq:

 

Küçələrdən qaçan çağım,

Çayı qalıb lillənən,

yolum üstə dillənən

çayxanaya paysız çağım.

Payız çağım!

Başladı yağışlarım.

 

İfadələrin, poetik ilmələrin özəlliyinə baxın: qəlbin, baxışların yağmağını heç görübsünüzmü?! Yaxud yağışın qələmin ucundan varaq səhralara yağması ilə haradasa rastlaşmısınızmı?! Əminəm ki, yox?! Bu, yalnız Ə.Salahzadənin qələminin gücü ilə gözümüz önündə canlanan səhnədir.

Elə "Kibrit çöpləri" şeirində də belə individual biçimlərlə rastlaşırıq:

 

Gəzə-gəzə cibləri,

uzanıb qutuda kibrit çöpləri;

qəhvəyi papaqları -

üyüdülmüş od, yatırılmış od,

qurudulmuş od...

Yuxuları alov-alov qızarmada

Yatır Prometeyin dinc əsgərləri

qaranlıq qazarmada...

...Açıldı qapı,

keçdi, Prometeyin gənc bir əsgəri-

acı bir papiros açdı gözünü...

Söndü

Prometeyin bir əsgəri də -

bir ev isindi...

Öldü...

Ələkbər Salahzadə yaradıcılığı

ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, şair əsərlərində metaforalaşmadan gen-bol istifadə etmək bacarığına malikdir. Onun əsərlərində metafora obrazlı məna kəsb edən söz kimi, həm də dildə, yaxud kommunikativ situasiyada söz semantikasının metaforik inkişafı prosesinə təsir edən element kimi istifadə edilir. Şair ilk baxışda şeirə, bədii-poetik təfəkkürə heç bir aidiyyatı olmayan kibrit çöplərini metaforalaşdırmaqla onu həm qədim yunan mifologiyasındakı Prometeylə və onun əsgərləri ilə eyniləşdirir, həm də Prometeyin gənc bir əsgərinin acı bir papiros gözünü açanda, kibritin dənəsi sönməklə Prometeyin əsgəri bir evi isindirir, getdikcə metaforalaşma daha yüksək bir həddə çatır. Prometeyin əsgərləri oda bürünə-bürünə, ölə-ölə Prometey babanın yadigarlarını yaşadırlar.

Ə.Salahzadənin "Gözlər baxır dünyaya" şeirlər və poemalar toplusunda doğma yurdun təbiətinə məhəbbət, sevgi mənzumələri ilə yanaşı, ayrıca olaraq silsilə şeirləri "Xınalıq naxışları" altında birləşdirilib, "Xınalıq", "İşıq çoxdu burda", "Xınalığın qayaları", "Dörd yanından su axır Xınalığın", "Dünyanın yarısı", "Xınalıqda od yeri", "Xınalıqda..." ilə ümumiləşdirilərək görümlü və uğurlu poetik mənzərə yaradılır:

 

Dağlar arxa-arxaya,

dağlar əmin-arxayın;

köksündə qaya-qaya.

daşlar əmin-arxayın.

Hər daş bir söz, bir kəlmə,

Hər daş ilmədir, ilmə.

 

Xınalıqla bağlı şairlərimiz, yazıçılarımız, publisistlərimiz, tarixçilərimiz, etnoqraflarımız, dilçi alimlərimiz çox yazıb, çox deyiblər. Lakin Ə.Salahzadə Xınalığı tamamilə fərqli biçimdə vəsf edə bilib. O, Xınalığa rekviyem oxumur, ucalıq, yüksəklik, monumentallıq rəmzi kimi gözlərimiz qarşısında ucaldır, tariximizin Qorquddan, Babəkdən, Koroğludan gələn ucalıqları ilə eyniləşdirir, Xınalığın dörd yanından suyun axmasını mifoloji, folklor dünyamızla eyniləşdirərək yazır:

 

Dörd yanından su axır Xınalığın;

hara getsən,

hardan çıxsan

arxanca su axar su

Xınalıqda yola çıxanın

dünyada nə qorxusu! - deyə fikrini tamamlayır.

 

Ə.Salahzadə su arxetipinə münasibət sərgiləyərkən suyu həm də emosiya, instuisiya, hissi element kimi təqdim edir. Su enerji, saflıq, əbədiyyət mənbəyi kimi təsvir edildiyindən şair də bu şeirini aşağıdakı misralarla tamamlayır: "Xınalıqda yola çıxanın  dünyada nə qorxusu!".

Ə.Salahzadə doğma torpağa mahiyyəti üzrə bağlı şairlərimizdən idi. Onun "Yerimiz bir, göyümüz bir" şeirlər və poemalar kitabında "Bu torpaq", "Vətən...", "O tay, bu tay mahnısı", "Çağlar, çaylar", "Özül", "İnsan cildli cəlladlar", "Səksəkəli dünya", "Göy üzü damar-damar", "Dağlarda", "A çayım...", "Biçənəkdəki otlar", "Gəldim, gedirəm", "Vaxt və saat", "Qar və çiçək", "Araz", "Yaltağa gülən yaltaq" və başqa  bu kimi nümunələr yer alıb. Ə.Salahzadə poetik nitqində, söz və ifadələrin sintaktik quruluşunda yalnız və yalnız özəl poetik düzümünə söykəndiyi üçün "Bir ilin yaşıdları" şeirində də belədir:

 

Doğulduq 41-də

davayla yaşıd olduq.

Özümüz də bilmədən

dördcə il

dava havasında yaşa dolduq...

Dörd yaşımızda,

nə yaxşı,

dörd yaşında qaldı dava!

Bir nəslin də yaddaşında qaldı dava.

 

Ə.Salahzadənin müharibə ilə bağlı şeirləri nəinki ədəbiyyatımızın, poeziyamızın, həm də milli tariximizin müəyyən bir kəsiminin səhifəsi kimi maraqlıdır. Şairin 41-ci il davasıyla yaşıd olması, dava havasında yaşa dolması, "dava sözü eşidəndə" "havalanması", "yaşından dava ilə davalı olması" kimi poetik tapıntılarının, həmin hadisələrlə bağlı acı tarixi xatırlaması İkinci Dünya müharibəsi haqqında yazan digər şairlərin şeirlərindən həm forma, həm də məzmun baxımından fərqli deyim tərzi ilə seçilən nümunələrdir. O, öz poetik deyimini oxuculara elə şəkildə çatdırır ki, sanki özü həmin günlərin yaşıdı olmaqla səsini canlı şahid olaraq bizə ötürür.

Şair bu narahat dünyamızla bağlı həyəcanını 1984-cü ildə qələmə almışdı. Doğrudan da, Ə.Salahzadə özünəməxsus intuisiyalı bir şair olaraq sanki dünyanın qarışacağını öncədən görüb, insanlığı, bəşəriyyəti silkələyəcək hala görə öz hayqırtısını qoparmağı zəruri hesab edib, ölkələri, xalqları yaxınlaşacaq bəşəri fəlakətlərdən qorumağa çağırırdı. Ə.Salahzadə dünyanı sanki altıncı hissi ilə həm də erməni qəsbkarlarının yaxınlaşacaq məkrindən qorumağa səsləyirdi. Şair dünya ədəbiyyatının daimi problemlərindən biri olan müharibəyə öz baxışı ilə yanaşırdı. O, bu şeirində sanki həyatın insanla bağlı olan mənəvi və fəlsəfi problemlərini qaldırırdı. O, təkcə Azərbaycanı yox, bütün dünyanı, Yerə kürəsini, göy üzünü, Afrikanı da, Avropanı da, Asiyanı da hamı üçün, bəşər övladı üçün ümumi məkan kimi nəzərdən keçirirdi. Müharibəyə görə onun ürəyi həyəcan və narahatlıqlarla dolu idi, acı hisslər sanki emosiyalarını kilidləyirdi, odur ki, fəryad qoparır və sanki "əsrimiz yüz ildi, gün sayımız bir, ay sayımız da birdir" deməklə dünyanı parçalayıb bölmək istəyənlərə içindən bir çağırış etməyi hər şeydən üstün tuturdu.

Ə.Salahzadə hansı fikri, hansı predmeti, hansı şəxsi, canlını, cansızı şeirinin nüvəsinə daxil edirsə, ona hamıdan fərqli poetik mənalandırma və qeyri-adi düzüm, struktur-kompozisiya elementləri ilə süsləyir. Nakam şairimiz, proletar ideologiyasının qurbanı olan Mikayıl Müşfiqin monoluqunu sanki bir nəfəsə, durğu işarələrində belə fasilə verməyən poetik intonasiyasının çalarları ilə oxucunun təfəkküründə bir rekviyem kimi ortaya qoyur. "Od odası" kitabında təqdim etdiyi "M.Müşfiqin monoloqu" şeiri rekviyemliyi ilə rojdestvenskisayağı, həm də sovetlər dövrünə ideologiyasına protest kimi səslənir:

 

...şeir yazmaq istəyirəm

lap təzədən

qəmdən sərməst

sərbəst yazmaq istəyirəm

Bağışlayın, əl-ayağa dolaşırsa,

misrada su bollaşırsa,

çalsaqqallar uşaq kimi

heca-heca dalaşırsa,

lap qəfildən gecələyən qafiyədən!

...Yenə çoxmu söz boyayan,

misra yozan?

Varmı yenə qələmiylə

quyu qazan?

Əl çəkibmi bu dünyadan

Kolımaya

Osvensimə

Xirosimaya qol çəkənlər?

Çoxmu gözü yol çəkənlər?!

 

Bu şeiri qələmə alan Ə.Salahzadə o vaxtlar cəmi 25 yaşında idi. Məlum olduğu kimi, Müşfiq sovet diktaturasının tənəsinə milli düşüncə daşıyıcısı olduğuna görə tuş gəlmiş və vur-tut 30 il ömür sürməyə macal tapmışdı. Ə.Salahzadə nakam Müşfiqin hansı yaradıcılıq ehtirasına malik olduğunu yaxşı bildiyindən böyük şairin həyat sevgisinə, yaradıcılıq şövqünə laqeyd qala bilmirdi. Ona görə də bu şeirin içində Müşfiqin "Şeir yazmaq istəyirəm!" fəryadını kifayət qədər fərqli biçimdə oxucunun yaddaşına ötürürdü.

Ə.Salahzadə öz lirik poeziyası ilə oxucularına daim fərqli mövzular, obrazlar, məzmun və məna özəlliyi ötürən orijinal şair kimi daim onların yaddaşında yaşayacaq. Çünki ürəklə, istedadla yazılanlar heç vaxt yox olmur!

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

525-ci qəzet.- 2024.- 15 mart, ¹49.- S.13.