Alim fədakarlığı,
tədqiqatçı kamilliyi
Ədəbiyyat xəzinəmizi
zənginləşdirmiş Xaqani Şirvaninin, Nizami Gəncəvinin,
Seyid İmadəddin Nəsiminin, Məhəmməd
Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah
Vaqifin, Qasım bəy Zakirin və başqa klassiklərimizin əlyazmaları
şəklində günümüzə gəlib
çıxmış və artıq kitab halında
böyük tirajlarla çap edilərək oxuculara
çatdırılmış əsərlərə görə
ilk öncə xəttatlara, təzkirəçilərə,
poetik nümunələri hafizəsində qoruyub saxlayan, nəsildən-nəslə
ötürən söz sərraflarına borcluyuq. Əgər
onlar öz dövrlərində bu nəcib işləri
vaxtında görməsəydilər, bu gün ədəbiyyatımız
bu qədər zəngin olmazdı.
Bu nəcib işi
sonralar dəyərli şərqşünas, mətinşünas
alimlərimiz həyata keçirdilər. Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda
çalışan alimlərimizin bu sahədə
gördükləri işlər təqdirəlayiqdir. Son 24 ildə
XIX əsr Qarabağ şairlərinin əlyazmalarını tədqiq
edən, araşdırıb gün işığına
çıxaran alimlərimizdən biri də filologiya elmləri
doktoru, professor Raqub Kərimovdur. Onun bu sahədə
gördüyü işlərin miqyası çox genişdir.
İxtisasca şərqşünas-filoloq, tərcüməçi,
pedaqoq olan Raqub Şahmar oğlu Kərimovun bu günə kimi
gördüyü işlərin işığında onun
keçdiyi həyat yoluna nəzər saldıqda bu təvazökar,
zəhmətkeş alimin zəngin bioqrafiyası gözlərimiz
önündə canlandı. O, hələ 1967-ci ildə Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin fars dili şöbəsinin beşinci kurs tələbəsi
ikən tərcüməçi kimi Əfqanıstana göndərilmiş,
1971-ci ildə vətənə qayıdaraq universiteti bitirib
Tarix İnstitutunda baş laborant vəzifəsində
çalışmışdı. Lakin Azərbaycanda çox
qalmaq ona qismət olmamışdı, 1973-1975-ci illərdə
yenidən Əfqanıstanda tərcüməçi kimi
çalışmışdı. Əlbəttə, o zaman
Raqub Kərimov Əfqanıstanda tərcüməçilik edən
yeganə azərbaycanlı deyildi. İllər sonra mənim də
yaxından tanışdığım, Azərbaycan ədəbiyyatına,
elminə töhfələr vermiş şərqşünas
alimlərdən Əlibala Hacızadə, Şahin Fazil, Maqsud
Hacıyev, Möhsün Nağısoylu da dəfələrlə
tərcüməçi kimi Əfqanıstana göndərilmişdilər.
On il Əfqanıstanı işğal altında saxlayan sovet
hökuməti 1989-cu ildə qoşunlarını geri çəkməyə
məcbur oldu. Sovet ordusunun tərkibində Əfqanıstanda
xidmət etməyə məcbur olmuş nə qədər
soydaşımız,o cümlədən, mənim bibim oğlu
Allahverən həyatını itirmişdi. Şükür
ki, tərcüməçi kimi Əfqanıstana göndərilmiş
yuxarıda adlarını çəkdiyimiz
ziyalılarımız sağ-salamat vətənə
qayıtdılar, əfqanlar haqqında, Əfqanıstan barədə
bir-birindən dəyərli əsərlər yazıb
çap etdirdilər. Raqub Kərimov da 1975-ci ildə
Əfqanıstandan vətənə qayıtdıqdan sonra,
1976-cı ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim
kimi pedaqoji fəaliyyətə başladı. Burada dekan,
kafedra müdiri vəzifələrində çalışdı.
1978-ci ildə ADU-nun nəzdində məqsədli aspiranturaya
daxil olub, 1982-ci ildə "XIX əsrin ikinci yarısı
farsdilli Azərbaycan poeziyası" mövzusunda dissertasiya
müdafiə edərək namizədlik, daha sonra "Qasım
bəy Zakir: həyatı, dövrü, mühiti və
müasirləri" mövzusunda dissertasiya müdafiə edib
filologiya üzrə elmlər doktoru dərəcəsi
aldı.
M.Qorbaçovun yenidənqurmasına
qədər Xankəndi Pedaqoji İnstitutunda erməni
professor-müəllim heyəti ilə azərbaycanlı alimlərlə,
tələbələrlə münasibətlərində elə
bir gərginlik yaşanmamışdı. 1988-ci ildə isə
vəziyyət dəyişdi, xəstə təfəkkürlü
ermənilərin içi üzə çıxdı. Xankəndidə
erməni separatçıları mitinqlər keçirməyə,
nəinki yerli azərbaycanlılara, hətta institutda
çalışan azərbaycanlı alimlərə, tələbələrə
qarşı da təziqlər, təhdidlər göstərməyə
başladılar. Vəziyyət o həddə
çatmışdı ki, Xankəndi Pedaqoji İnstitutunda
anadilli fakültələrin, professor-müəllim heyətinin
sərbəst, təhlükəsiz fəaliyyət göstərməsi
sadəcə müşkül bir işə çevrildi. Belə
olan təqdirdə institutun Azərbaycan fakültələri
bir müddət Şuşada fəaliyyət göstərdi.
Raqub müəllim ADPU-nun Şuşa filialında
Tarix-filologiya fakültəsinin dekanı, daha sonra ADPU-nun
Ağcabədi tədris məntəqəsinin müdiri vəzifələrində
çalışdı. Şuşa filialının sonuncu tələbələrini
uğurla (əlbəttə, kədərli notlarla) yola
saldıqdan sonra 2003-cü ilin iyul ayından Raqub Kərimov
Sumqayıt Dövlət Universitetinin Qədim və orta əsrlər
ədəbiyyatı kafedrasının, daha sonra Xarici ölkələr
ədəbiyyatı kafedrasının müdiri vəzifəsində
fəaliyyətini davam etdirdi.
Uzun illər pedaqoji fəaliyyət
göstərən Raqub Kərimov ömrünün 24 ilini AMEA
M.Füzuli adına Əlyazmalar İnstitutuna bağlayıb.
Doğrusu, hörmətli alimin ömrünün kamil
dövrünü Əlyazmalar İnstutuna bağlamaqla nə dərəcədə
özünü məmnun hiss edib-etmədiyini deyə bilmərəm,
amma mənə qalsa, deyərdim ki, Raqub Kərimov kimi şərqşünas-filoloqun,
tərcüməçinin burada baş elmi işçi kimi
çalışması, gənclər arasında elmə
marağın azaldığı bir vaxtda,İlahinin
lütfüdür. Axı doğrudan da, ömrünü sərf
edərək, dünyasını çoxdan dəyişmiş
şairlərin əlyazmasını araşdırmaq,
onların poetik irsinin məziyyətlərini, müasirləri
ilə münasibətlərini, həyatını, mühitini
öyrənmək, əski əlifbada yazdıqlarını səbirlə
müasir əlifbaya köçürmək, kitab tərtib etmək,
ön söz və şərhlər yazmaq, sonra isə
çap etdirməyin qayğısına qalmaq, nəşriyyatlar
qapısını döymək məgər hər "aliməm"
deyənin işidir?! Xeyr, bu, fədakarlıqdır. Alim-vətəndaş
fədakarlığı! Dünyasını çoxdan dəyişmiş,
zamanında yazdıqlarının sabahkı taleyindən
nigaran getmiş şəxslərin ruhunu şad etmək naminə
göstərilən fədakarlıq!
Raqub Kərimov
Qarabağ şairlərindən Mir Möhsün Nəvvabın,
Mir Mehdi Xəzaninin, Məşədi Əyyub Bakinin, Məhəmmədəli
bəy Məxfinin, Həsənəli xan Qaradağinin, Abdulla bəy
Asinin, Sədi Sani Qarabağinin, Məşədi Məhəmməd
Bülbülün, İbrahim Tahir Musayevin, Mirzə
Baxış Nadimin, Mirzə Rəhim Fənanın əsərlərini
transfoneliterasiya, tədqiq və tərtib edərək,
geniş ön sözlə nəşrə hazırlayıb
çap etdirib.
Hörmətli alimin
"Elm və təhsil" nəşriyyatında
Əlyazmalar İnstitutunun elmi şürasının 2012-ci il
tarixli qərarı ilə nəşr etdirdiyi "Qasım bəy
Zakir və müasirləri" monoqrafiyasını burada
böyük məmnunluq hissilə yad etmək istərdik.
Qasım bəy Zakirdən zamanında məqalələr,
oçerklər yazmış, əsərlərini toplayıb
çap etmiş Firidun bəy Köçərlini, Salman
Mümtazı, Kamran Məmmədovu, Həmid Araslını və
başqa alimlərimizi minnətdarlıqla yad edərək, R.Kərimovun
"Qasım bəy Zakir və müasirləri"
monoqrafiyasını zakirşünaslığa verilən dəyərli
bir töhfə hesab edirik. Şəxsən mən bu
monoqrafiyanı bədii publisistik bir roman kimi oxudum. Professor əsərdə
"Zakirin irsinə yeni baxış", "Zakirin
dostları və məsləkdaşları", "XIX əsr
ədəbi mühiti və Zakir", "Qasım bəy
Zakirin qeyri-mətbu şeirləri" başlıqları
altında "Satirik şeirimizin bayraqdarı"nın
(S.Mümtaz) həyatını,
yaradıcılığını, ədəbiyyatımızdakı
yerini, müasirləri ilə münasibətlərini, nəsil-səcərəsini,
bir sözlə, Qasım bəy Zakirin şəxsində
böyük bir dövrü araşdıraraq mükəmməl
bir monoqrafiya ərsəyə gətirib.
R.Kərimov fars dilini
bilən alim kimi kitablarını tərtib etdiyi XIX əsr
şairlərinin bəzən farsca yazdıqları şeirlərinə
də biganə qalmayıb, tərcümə edərək tərtibə
əlavə edib. Alimin sonuncu dəyərli işlərindən
biri də 2021-ci ildə nəşr etdirdiyi Məhəmməd
ağa Müctəhidzadənin "Əsərləri"dir.
Elm aləmində tərkirəçi-şair kimi tanınan Məhəmməd
ağa Müctəhidzadə sağlığında ancaq
İstanbulda "Riyazül-aşiqin" əsərini
çap etdirmişdi. R.Kərimov vaxtilə Xurşidbanu Natəvanın
rəhbərlik etdiyi "Məclisi-üns"ün üzvlərindən
olmuş Məhəmməd ağanın ədəbi irsini ilk
dəfə toplayıb tərtib etdi, "Məhəmməd
ağa Müctəhidzadənin həyatı və bədii
irsi" sərlövhəli geniş bir ön sözlə (34
səhifə) çap etdirdi. Bu geniş ön sözlə biz
Məhəmməd ağanı bir insan, şəxsiyyət,
şair-vətəndaş kimi tanıyıb sevirik. Tərtibçi
onu müasirlərinə bir vətənpərvər,
Qarabağı canından artıq sevən vətəndaş
şair, həm də alim kimi təqdim edir: "Vətənini,
eləcə də onun yetirdiyi gözəlləri fərəh
hissi ilə təsvir edən şair onları behiştin hurilərinə,
çəmənlərin tavusuna bənzətməklə bu
torpağın yetirmələrinin misli-bərabəri
olmadığını bəyan edir və onlarla qürur
duyur. Lakin şairin sevinc hissləri o qədər də uzun
çəkmir, vətəni Şuşanın başına gətirilən
müsibətlər, onun yağılar, yadellilər tərəfindən
yandırılaraq külə döndərilməsi şairin qəlbini
ağrıdır, onu düşündürür və bu faciələrin
əsl səbəbkarının kim olduğunu soraqlayır,
suallarına cavab axtarır".
Tərtibçi
yazır ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Məhəmmməd
ağa uzun müddət Bakıda müəllimlik etmiş və
1945-ci ildə xüsusi göndərişlə Ağdama gəlmişdir.
Şair ömrünün axırına qədər orada
yaşamış və 1958-ci ildə vəfat etmişdi.
Yeri gəlmişkən,
Məhəmməd ağanın Ağdam camaatı arasında
çox böyük nüfuzu olmuşdu. Ağdam məscidinin
axundu kimi onun xeyirxah əməllərindən bu gün də
söhbət açılır, adı rəhmətlə yad
edilir. Professor R.Kərimovun böyük
axtarışlarının, zəhmətinin bəhrəsi olan
Məhəmməd ağa Müctəhidzadə "Əsərləri"
(592 səhifə) ədəbiyyatımız üçün
çox böyük töhfədir.
Ömrünü
Qarabağ şairlərinin irsini öyrənməyə sərf
edən R.Kərimov bu günlərdə sayca 26-cı olan
"XIX əsr Qarabağ şairlərinin şeir
antologiyası" adlı irihəcmli (512 səh.) dəyərli
bir kitabda çap etdirib. Məlumdur ki, Şuşa şəhəri
2024-cü il üçün İslam dünyasının Mədəniyyət
Paytaxtı elan edilib. Fikrimizcə, bu antologiya İslam
dünyasının mədəniyyət paytaxtı
Şuşa şəhəri üçün ən
böyük töhfələrdən biridir.
R.Kərimov bu söylədiklərimizdən
başqa, həm də monoqrafiyaların, metodik tövsiyələrin
müəllifidir. Hörmətli alim bununla yanaşı,
orijinaldan tərcümə işinə də maraq göstərib,
Bəhmən Mirzə Qacarın "Şükümameyi-Şahənşahi",
Pənahi Semnarinin "Fətəli şah Qacar" əsərlərini
fars dilindən tərcümə edərək çap etdirib.
Təqvimə baxanda
gördüm ki, mart ayının 22-si hörmətli Raqub
müəllimin doğum günüdür. Fədakar alimimizi
bu münasibətlə öncədən ürəkdən təbrik
edir, ona möhkəm cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayıram.
Mustafa
ÇƏMƏNLİ
525-ci qəzet.- 2024.- 15 mart, №49.- S.12.