"Tutuşdu qəm
oduna..."
Həyat lövhələri
499 SÖZ
Ana sığalı
görməyənlərə ithaf olunur
...Sən demə,
qadın qarşı tərəfdə, üzbəüz əyləşmiş
oğlanın onun üzündə gəzən, hərdən
azıb boynuna, çiyinlərinə, saçlarına səpələnən
baxışlarını hiss edirmiş, yoxsa qəfildən nəzərlərini
əlindəki kitabın açıq səhifəsindən
ayırıb zəhərli ox kimi düz oğlanın gözlərinin
içinə sancmazdı - yəni nə var, nə olub, ay
görməmiş? Qadın-zad görməmisən?
Oğlan dərhal nəzərlərini
yayındırıb qadının başı üzərində
vaqonun divarına vurulmuş reklam lövhəsinə yönəltdi
- guya bayaqdan qadına yox, ora baxırmış.
Vaqonda seyrəklik idi.
Amma təkəm-seyrək, orda-burda əyləşmiş
adamların üz-gözündən yağan yorğunluq,
qayğılı baxışlar elə bil vaqonun
boşluğunu doldurub ona qəribə bir ağırlıq gətirmişdi
və bu ağırlıq vaqonu metronun növbəti stansiyasına
tərəf yox, geriyə - hansısa məchul, qaranlıq bir
ünvana tərəf dartırdı.
...Hardansa
süzülüb gələn zərif, titrək bir
işıq o qaranlığı tam qova bilməsə də,
qatı zülmətə çevrilməyə də qoymurdu.
Oğlan diqqətini qaranlığa az da olsa işıq salan o
tərəfə yönəltdi: göyçək, gənc
bir qadın köhnə dəmir çarpayıda uzanıb nəzərlərini
aşağı tərəfdə çarpayının dəmirinə
söykənmiş 4-5 yaşlı oğlan uşağına
zilləmişdi. Sanki uşağın gözlərinin,
üzünün rəngini, baxışlarını həmişəlik
yaddaşına hopdurmaq, o uşağı doğanda tutulduğu
və onu yeganə övladını oxşamağa tamarzı
qoyan əlacsız xəstəlikdən bu yolla hayıf almaq
istəyirdi. Çünki bilirdi ki, iflic olmuş
ayaqlarını, əllərini tərpədib o uşağa
yaxınlaşmağa, qolların açıb onu
qucaqlamağa, saçlarını sığallayıb
gözlərindən öpməyə bundan sonra da heç
vaxt şansı olmayacaq.
...Oğlan nəzərlərini
reklam şəklindən çəkdi, amma
qarşısında oturmuş bu qadının nəyisə
onun yadına salan, nəyə görəsə ona doğma gələn
çöhrəsindən yayındırmağa gücü
çatmadı və
baxışlarını oğrun-oğrun onun qara saçlarında
gəzdirə-gəzdirə təəssüfləndi ki, bu
qadının gözlərinin içinə baxmağa cəsarət
eləmir.
...Çarpayıdakı
qadın nə isə demək istəyirdi, amma deyə bilmirdi
- həmin gün onun dili də tutulmuşdu. Ona görə də
çarpayının dəmirinə söykənmiş ciyərparasına
son sözlərini dodaqlarına qonan təbəssüm və
ala gözlərinə dolan iki gilə göz yaşı ilə
dedi: "Balamı sənə tapşırıram,
İlahi".
Ala gözlər! Hə,
ala gözlər... İndi yadına düşdü və nəzərlərini
qadının kirpikləri ilə
yarıörtülmüş gözlərinə dikdi ki,
başını qaldıranda çəkinib eləmədən
düz içinə baxsın. Əmin idi ki, bayaqdan bəri
üzünün cizgiləri, saçının rəngi ona
uzaq dağ kəndindəki köhnə evdə
çarpayıya uzanmış anasının zorla
xatırladığı çöhrəsini yada salan bu
qadının da gözləri ala rəngdədir.
Amma o gözlərin rəngini
görmək oğlana qismət olmadı.
- Podumaeş, kəndən-dağdan
gəlib özlərini heyvan kimi aparırlar. Elə bil meşədə
böyüyüblər! Nə abır qalıb, nə də həya!
Bunları artıq
ayağa qalxıb qapıya tərəf gedən qadın dedi və
elə dedi ki, sürətini yavaş-yavaş azaldan qatarın
təkərlərinin səsi bir anlıq eşidilməz oldu
- Əşi, niyə əsəbiləşirsən?
- vaqonun lap aşağı tərəfindən
toyuq qaqqıltısına oxşayan səs gəldi. -
Sumkanı çırp kəlləsinə! Bəlkə onda
ağlı başına gəldi.
Vaqondakılar axır
ki, başlarını qaldırıb onlara tərəf
baxdılar. Təəccüb, maraq, istehza yağan cürbəcür
baxışlar bir-birinə qarışıb sel kimi bir
nöqtəyə - yerində heykəl kimi donub qalmış
oğlana sarı axdı. Amma onun bəbəklərinin
qabağını tutmuş bulanıq pərdə bunu görməyə
imkan vermirdi - gözlərinə dolan iki damla göz
yaşı orda donub qalmışdı - nə geri qayıdırdı,
nə də daşıb yanaqları ilə aşağı
yuvarlanırdı.
...Çox sevdiyi həmin
o mahnının melodiyaları müğənninin
şüşə kimi kövrək səsi ilə bir yerdə
yenə gəlib doldu içinə:
Çeşmə
görüb dayandım,
Alışdım, oda
yandım,
Xəyallardan
oyandım,
Anam yadıma
düşdü...
ÖLMƏK
İSTƏYƏN "ÖLÜM SKAMYASININ" MONOLOQU
Dünyada hər
şeyin - ağacın, daşın, çiçəyin, hətta
tozun da yaddaşı var. Onlar da danışırlar, amma
öz dillərində.
Ə.H.
Vallah, mənim
gördüklərimi siz də görsəydiniz...
Cəmi 5 yaşım
var, amma yaşımdan 15-20 il qoca görünürəm.
Halbuki 5 il əvvəl usta məni düzəldəndə elə
bilirdim ki, heç nə - nə yağış, qar, nə
günəşin od saçan nəfəsi, nə də
şaxta məni sındıra bilər. Axı usta vicdanlı
adam idi, məni ən möhkəm, uzunömürlü
ağacdan düzəldilmiş taxtalardan
yığmışdı. O taxtalar hələ də
çürüməyib, amma mən əvvəlki skamya deyiləm
- üstümə çəkilən təzə rəngə
baxmayın, bir vaxtlar öyündüyüm şuxluğumdan,
bəxtəvər günlərimdən heç nə qalmayıb.
Beş il əvvəl
məni gətirib bu idarənin həyətində, bax
gördüyünüz bu ağacların kölgəsində
quraşdıranda, düzü, əvvəlcə bir az narahat
oldum, çünki biz skamyaları, adətən, adamların
gur olduğu yerlərdə - parklarda, xiyabanlarda
quraşdırırlar ki, yorulub dincəlmək istəyən
adamlara, görüşə çıxmış sevgililərə,
hətta uşaqlara adımıza layiq xidmət göstərək.
Məni isə şəhərin qırağında yerləşən
bir idarənin həyətinə gətirmişdilər.
Narahatlığım gərəksizlikdən,
baxımsızlıqdan üzülmək, hələ desən,
çərləmək qorxusundan irəli gəlirdi. Skamya ki
heç kimə lazım olmadısa, onda elə onun
özünün də var olmağındansa, olmamağı
yaxşıdır.
Amma gözlədiyimin
əksinə olaraq ilk vaxtlar işlərim pis getmirdi. Yazda
ağacların çiçəklərindən ətrafa
yayılan xoş reyihə, yayda onların kölgəsi,
payızda verdiyi bar burda işləyən adamları dostuma,
simsarıma çevirmişdi - fasilə vaxtı gəlib əyləşir,
gülüb zarafatlaşır, dincəlib gedirdilər. Bir
sözlə, işlər yağ kimi gedirdi, ta o əhvalat
baş verənə qədər.
Ona kimi isə sevgililər
tədricən bura ayaq açıb onu görüş yerinə
döndərdilər. Əvvəlcə işçilərdən
subay bir oğlan və göyçək bir qız nahar fasilələrində
bura gəlir, mən də qucağımı səxavətlə
onlara açırdım, çünki mərifətli, ədəb-ərkanlı
idilər, yersiz hərəkətlərə yol vermir, astadan
danışa-danışa gələcək həyatları
barədə plan cızırdılar. Bir neçə aydan
sonra toy edib evləndilər.
Elə bilirdim, həmişə
belə olacaq, mənim xoşbəxt günlərim bitib
tükənməyəcək, amma...
Amma sonuncu
cütlüyün başına gələn əhhvalat bu
xoşbəxtliyə son qoydu.
Onlar çox gənc
idilər, gözəllikləri də bir-birini
tamamlayırdı. Oğlan sürücü, qız isə
müdirin katibəsi idi. Gəlib burda oturanda sifətlərindən
bəxtəvərlik yağır, dünyanın ən
xoşbəxt adamları olurdular. Amma hardan biləydilər ki,
qarşıda onları nə gözləyir.
Hər şey ondan
başladı ki, idarənin müdirini dəyişdilər:
nurani, xoşxəsiyyət kişini yaraşıqlı, amma
kobud, təkəbbürlü, şorgöz və eqoist bir
cavan oğlan əvəz elədi.
Cütlüyün qara günləri də bundan sonra
başladı. Bir müddət keçəndən sonra hiss elədim
ki, tədricən onların münasibətində nə isə
bir dolaşıqlıq, anlaşılmazlıq yaranır. Belə
ki, qız görüşə daha əvvəlki kimi həvəslə
yox, candərdi gəlir, söhbət vaxtı şuxluq, səmimi
davranış göstərmir, bir bahənə gətirib
tezliklə çıxıb gedirdi. Açıq-aşkar hiss
olunurdu ki, oğlandan soyuyub. Oğlan ondakı bu qəfil dəyişiklikdən
çaşıb qalmışdı, bilmirdi nə etsin.
Tezliklə təzə
müdir nəyisə bəhanə edib oğlanı işdən
çıxartdı və bununla da onların ayağı
buradan biryolluq kəsildi.
Mən əməlli-başlı
darıxmağa başladım. Onların əvvəlki
şirin söhbətlərinə, şən
gülüşlərinə öyrəşmişdim axı.
Bir gün gecə
gözləmədiyim halda həmin sürücü oğlan
hasardan aşıb mənə tərəf gəldi. Ayın
işığında gördüm ki, xeyli arıqlayıb.
Gözləri çuxura düşmüş,
üzünü tük basmışdı. Gəlib oturdu,
cibindən bir araq şüşəsi çıxarıb
başına çəkdi, sonra qollarını yana
açaraq məni qucaqladı və dodaqlarının
altında nə isə deyə-deyə səssizcə,
xısın-xısın ağlamağa başladı.
İlahi, o nə cür ağlamaq idi?! Bəlkə də bu,
ağlamaq deyildi, tamam başqa bir şey idi, sadəcə
adını tapmamışdılar. Ürəyini
boşaldandan sonra qalxıb ayaqlarını zorla sürüyə-sürüyə
getdi. Amma ertəsi gün gecə yenə gəldi,.. sonra o biri
gün də və hər dəfə də əvvəlkindən
daha zəif, halsız görünürdü. Sonuncu gəlişində
halı lap pis idi - ağlayıb qurtarandan sonra qalxıb getməyə
gücü çatmadı, tirtap üstümə
yıxılıb məni qucaqlamış şəkildə
qaldı. Dedim, yəqin yatır, dincini alıb qalxar. Amma bu,
onun son yatışı imiş. Səhər məlum oldu ki,
zavallı elə mənim qucağımdaca keçinib.
Fikirləşirdim ki,
bu ölümün səbəkarı dönük qız bir
daha buralara hərlənməz. Amma bir gün iş qurtarandan
30-40 dəqiqə sonra gəldi. Halı yaxşı deyildi,
gözləri qəribə tərzdə bərəlmişdi,
dodaqları əsirdi. Çırtma vursaydın, qanı
çıxardı. Oturdu, başını əlləri
arasına alıb deyəsən, kimisə gözləməyə
başladı. Nəhayət, gözlədiyi adam da gəldi -
təzə müdir idi. Çox əsəbi və dəhşətli
bir söhbətin şahidi oldum. Düzdür, qəfil əsən
külək ağacların yarpaqlarını
xışıldatdığına görə deyilənlərin
hamısını eşidə bilmədim. Amma tez-tez təkrarlanan
"məni aldatdın", "uşaq",
"biabırçılıq", "günah özündədir",
"abort", "videogörüntülər" sözlərindən
işin nə yerdə olduğunu başa düşdüm.
Aydın oldu ki, müdir qızı aldadıb, indi də
şantaj edərək bütün rayonda biabır edəcəyi
ilə hədələyir ki, dediyinə razı olsun.
Bir azdan müdir idarənin
qarşısında saxladığı maşınına
minib getdi. Qız isə heykəl kimi donub qalmışdı.
Hiss olunurdu ki, özünə nəzarəti tam itirib. Bir
neçə üzücü dəqiqə keçdi.
Sonrakı hadisələr isə bir neçə saniyənin
içində baş verdi. Qız qəfildən
çantasını açdı, oradan
çıxardığı ülgücün əlində
parlamağı ilə onu içəri tərəfdən sol
biləyinə çəkməyi bir oldu və
qarşımdakı kiçik meydançaya yıxılıb
yavaş-yavaş canını tapşırdı.
O əhvalatın
sonrakı təfərrüatları barədə heç nə
bilmirəm. Düzü, heç bilmək də istəmirəm,
çünki indi öz canımın hayındayam.
Aydındır ki, mənim də dövranım bitib. İki
ölümə qucaq açan, üstünə qan
tökülən skamyaya kim yaxın gələr ki? Əlbəttə
ki, ancaq narkomanlar, alkaşlar, nə bilim başqa sarsaqlar.
İndi hamı mənim adımı "ölüm
skamyası" qoyub, hamı məndən uzaq gəzir. Düz
də edirlər. Hər gecə şəhərin bir-iki
narkomanı, alkoqoliki bura gəlir, üstümdə oturur, iynələrini
vurub araqlarını içir, sonra öz dədələrinin
goruna söyə-söyə çıxıb gedirlər. Belə
skamyanı kim xoşlayar?
Bu da mənim sonum.
Düşünürəm
ki, belə ömür yaşamaqdan, "ölüm
skamyası" kimi şərəfsiz adı
daşımaqdansa, elə ölmək yaxşıdır.
Amma nə cür, nə
təhər?
Nə yazıq ki,
skamyalar intihar edə bilmirlər...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2024.-
15 mart, ¹49.- S.11.