İstedadın cazibə
qüvvəsi
BİR TAMAŞANIN
BEŞ AKTYORU HAQQINDA SEVİNCLİ
DÜŞÜNCƏLƏR
Monumental tamaşalar
hazırlamaq və bu səhnə əsərlərində
aktyorların yeni-yeni yaradıcılıq imkanlarının
üzə çıxmasına zəmin yaratmaq Akademik Milli
Dram Teatrının uzun illər formalaşmış gözəl
və unudulmaz ənənələrindən biridir. Teatr bu
istiqamətdə daha bir addım ataraq dünya şöhrətli
qırğız ədibi Çingiz Aytmatovun "Əsrə
bərabər gün" romanını səhnələşdirərək
tamaşaya hazırlayıb. Romanı səhnələşdirən
və tamaşanın müəllifi teatrın yeni baş
rejissoru, Azərbaycan teatr məkanında istedadlı, səriştəli,
mürəkkəb mövzulara can atan, orijinal forma-məzmun həllinə
cəsarətlə girişən Mehriban Ələkbərzadədir.
Əminəm ki, tənqid tamaşanın rejissor işi, aktyor
oyunu, gözəl və məzmunlu musiqisi (Azər Hacıəsgərli),
obrazlı bədii tərtibatı (İlham Elxanoğlu), real
geyim eskizləri (Aygün Mahmudova) barədə peşəkar
sözünü deyəcək, təhlilə geniş yer verəcək
və buna ehtiyac var. Gəlin unutmayaq ki, belə möhtəşəm
rejissor və aktyor işi ilə bağlı müxtəlif
qeydlər, fərqli fikirlər, mübahisəli məqamlar da
ola bilər və bunlar tamaşanın bədii məziyyətinə
daha bütöv monolitlik gətirərsə, yəqin nəzərə
alınar.
Məni bu tamaşada
sevindirən cəhətlərdən bəlkə də
birincisi odur ki, əsas qəhrəmanlardan əlavə,
obrazların ifasında uğurlu, tamaşaçını
sevindirən, səhnə əsərinin fikir dərinliyinə,
fəlsəfi mahiyyətinə, rejissorun ali məqsədinə,
qabartdığı ideyanın bütövlüyünə zəmin
yaradan maraqlı yaradıcılıq uğurları var. Adətən
bədii təqdimat baxımından əsas qəhrəmanlara
yardımçı olan obrazlara ikinci dərəcəli
personajlar deyilir. Bu ifadəni işlətmək aktyorlara
şamil edilərək onlara "ikinci dərəcəli"
damğası "vurmur". Unutmayaq ki, Azərbaycanın
SSRİ Xalq artisti fəxri adına layiq görülmüş
sənətkarlarından Mirzağa Əliyevin və
İsmayıl Osmanlının zəngin obrazlar
qalereyasının əksəriyyətini məhz ikinci dərəcəli
tip-personajlar təşkil edir.
"Əsrə bərabər
gün" tamaşasının əsas və aparıcı
obrazlarından Yedigeyin (Nurəddin Mehdixanlı), Nayman
ananın (Bəsti Cəfərova) və Abutalıb Kuttubayovun
(Elşən Rüstəmov) bədii materialları
güclü və konflikt, ideya üçün daha əhəmiyyətli
məna daşıdığına görə
ifaçıların da çiyinlərinə
ağırlıq çox düşür. İnanıram ki,
tənqid onların ifaları haqqında öz peşəkar
sözünü deyəcək. Məni çox sevindirən
odur ki, Zərifə (Vəfa Rzayeva), Sabitcan (Anar Heybətov),
Ayzadə (Şəhla Əliqızı), Ayzadənin əri
(İlyas Əhmədov), Kospan və Juanjuan tayfa
başçısı (Rövşən Kərimduxt)
obrazlarının hər biri ayrılıqda və
tamaşanın ali məqsədinin məhvər cazibəsində
kamil, məna tutumu dərin, aktyor ifası yüksəl peşəkarlıqla
seçilən, dərin və cazibəli estetik yükə
malik yaradıcılıq nümunələridir.
1996-cı ildən
Akademik teatrın truppasında çalışan Vəfa
Rzayeva (əvvəllər Zeynalova soyadı ilə
çıxış edib) aktrisa kimi güclü emosiyaya
malikdir, zərif və lətafətli səhnə
davranışına yiyələnib, oynadığı
obrazın xarakterindən, mətn baxımından
böyük, yaxud kiçikliyindən asılı olmayaraq,
bütün tamaşalarda məlahətli və cazibəlidir,
obrazı dəqiq bədii məntiqə əsaslanan ifadə
vasitələrinin toplusunda təqdim etməyi məharətlə
bacarır. Sevimli ifaları ilə yadda qalan aktrisanın
Zöhrə ("Eşq və intiqam", Süleyman Sani
Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər...",
Ramiz Novruz), Səltənətbəyim, Bəyim
("Hökmdar və qızı" və "Xurşidbanu
Natəvan", İlyas Əfəndiyev), Leyla
("Mesenat", Əli Əmirli), Saqo ("Kaş araba
aşmayaydı!..", Otia İoseliani), Keysuel ("Tələ",
Aqata Kristi), Aynişan ("Burla xatun", Nəbi Xəzri), Gənc
qadın ("Uçqun", Tuncər Cücənoğlu),
Firəngiz və Fransuaza ("Qürbətdən məktublar",
Həsən Həsənov) obrazları siyahısında yeni
yaratdığı Zərifə surəti xüsusi yer tutur. Vəfa
Rzayeva səhnədə məlahətli, cazibəli olduğu qədər
də diqqətlidir, yöndaşları ilə səmimi
ünsiyyət qurmağı bacarır. Tamaşada əri
Sabitcan və uşaqları, Yedigey, eləcə də
ünsiyyətdə olduğu digər personajlarlarla dialoqunda,
davranışında səmimdir, təravətlidir, obrazın
ana xəttindən kənara çıxmır. Onun ifasında
Zərifə min bir zülmə düçar olsa da, mənəvi
saflığını, xanım-xatınlığını,
incə zərifliyini ləyaqətlə qoruyub saxlayır.
Anar Heybətov daxilən
sakit təbiətli aktyordur, yumşaq,
düşünüşlü ifaya üstünlük verir.
Qumarbaz ("Hələ "sevirəm" deməmişdilər...",
Ramiz Novruz), Əziz ağa ("Lənkəran xanının vəziri",
Mirzə Fətəli Axundzadə), Laert ("Hamlet", Vilyam
Şekspir), Şair ("Kəllə", Nazim Hikmət),
Daşdəmir ("Xurşidbanu Natəvan", İlyas
Əfəndiyev), Buxuti ("Kaş araba aşmayaydı",
Otia İoseliani), Rodolfo ("Körpüdən mənzərə",
Artur Miller), Qara ("Varlı qadın", Əli Əmirli)
rollarını məhz həmin ahəngdə oynayıb.
"Əsrə bərabər gün" tamaşasında
aktyorun ifa etdiyi Sabitcan obrazının daxili
qaynarlığı, riyakarlığının
ölçüyəgəlməzliyi, rəzilliyinin iyrəncliyi
sanki dayanmayan, mütəhərrik hərəkətlər
toplusu, dinamik cazibə qüvvəsi ilə
tamaşaçılara təqdim olunur. Aktyor sözün əsl
mənasında xarakter yaratmağa ustalıqla, peşəkar məharətlə
nail olub.
Anar teatrda İsgəndər
("Ölülər", Cəlil Məmmədquluzadə)
kimi baş rol da ifa edib. Ancaq mənim fikrimcə, Sabitcan
obrazı onun yaradıcılığında xüsusi yer
tutur. Çünki məhz bu rolla aktyor güclü satirik
çalarlara, qroteskli komediya cizgilərinə, obrazı koloritli
tip səviyyəsinə çatdırmaq üçün hələ
qatı açılmamış ifadə vasitələrinə,
potensial psixoloji imkanlarını ustalıqla, dəqiq ritm ahəngində,
rejissorun tamaşadakı üslubuna uyğun tərzdə
canlandırmaq gücündə aktyor olduğunu mətanətlə
göstərdi. Ümidvaram ki, teatrda tamaşa hazırlayacaq
digər rejissorlar da Anar Heybətova daxili yaradıcılıq
imkanlarının yen-yeni məziyyətlərini açan
mürəkkəb və tipik-xarakterik rolları cəsarətlə
tapşıracaqlar.
Şəhla
Əliqızı müxtəlif illərdə
oynadığı Xanım Həsənzadə, Zulya ("Qatil"
və "Arılar arasında", Elçin), Qumru
("Dirilən adam", Mir Cəlal), Ziba xanım ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Rozaliya Solimene ("Filumena Marturano", Eduardo de Filippo), Almaz
("Əmir Teymur", Hüseyn Cavid), Oledis
("Şorgöz deputat", Rey Kuni), Anaxanım ("Dantenin
yubileyi", Anar) obrazları ilə kifayət qədər
tamaşaçı rəğbəti qazanıb, səhnə
təcrübəsinin peşəkarlığını
artırmağa daim səylə can atır. Aktrisa tamaşada
Ayzadə obrazının ifasında coşqun ehtirasdan, dramatik
ritm ahəngindən həssaslıqla istifadə edir. Hərəkətləri
düşünüşlüdür, səhnədə
baş verən müxtəlif məqamların bədii
yükünü və oynadığı obrazla
bağlılığının məziyyətlərini dəqiqliklə
realizə edir. Xarakterindən asılı olmayaraq,
oynadığı personajlara yaradıcı axtarışlarla
yanaşmaqda, onun ana xətlə, əsas ideya ilə əlaqələrinin
estetik səciyyələrini öz ifasında təcəssüm
etdirməkdə məharətlidir.
Rövşən Kərimduxt
aid olduğu həmsənət nəslinin arasında xüsusi
seçilən, bənzərsiz aktyordur. Güclü
emosiyası var, daxilən dəyişməkdə səriştəlidir,
dramatik vəziyyətdən asılı olaraq, hərəkət
dialoqlarından, eləcə də kəskin psixoloji məqamda
hərəkət monoloqundan yaradıcılıqla bəhrələnir.
"Əsrə bərabər gün"
tamaşasındakı Kospan və Juanjuan tayfa
başçısı obrazlarının ifasında aktyorun
enerjisi sanki kükrəyir, səsinin ahəngini psixoloji
münasibətlərə uyğun şəkildə nizamlaya
bilir, hayqırtılı, gərgin məqamlarda da daxili təmkinini
itirmir və obrazı xarakter səviyyəsinə
qaldırmağa nail olur. Aktyorun oyunu ifadə vasitələrinə
görə digər yöndaşlarından fərqləndiyi qədər
də tamaşanın ümumi ruhuna, müəllif məqsədinə,
rejissor qayəsinə vəhdətdədir.
Rövşən Kərimduxt
Qara Musa ("Şeyda", Hüseyn Cavid), Cənab Cəbrayıl
("Teleskop", Elçin), Saday bəy ("Hökmdar və
qızı", İlyas Əfəndiyev), Don Baltasar Lopes
("Don Juan və həndəsə", Maks Friş),
Şahpələng ("Oliqarx", Əfqan), Mirzə Həsən
("Anamın kitabı", Cəlil Məmmədquluzadə),
Mixail Tyablov ("Sinif yoldaşları", Yuri Polyakov)
rollarındakı ifası kimi, Kospan və Juanjuan tayfa
başçısı obrazlarının ifasında da sifət
cizgiləri və səs ahəngi ilə oynadığı
obraza xarakterik səciyyə aşılaya, onların mürəkkəb
və təzadlı daxili xislətinin mahiyyətini
açmağa nail olub. Rövşənin eyni məkanda, eyni
hadisələr burulğanında iki müxtəlif obrazda
çıxış etməsi və sözün əsl mənasında
bütöv tip-xarakterlər yaratması istedadın, peşəkar
sənət vərdişlərinin bariz nümunəsidir.
İlyas Əhmədov
Akademik teatrın truppasında 11-ci ildir
çalışır. Bu zamanın da iki ili pandemiya
dövrünə düşüb və sənət
ocağında tamaşa oynanılmayıb. Zaman
azlığına, zəif uşaq tamaşalarında
çıxışlarına baxmayaraq, aktyor Bağır
("Dirilən adam", Mir Cəlal), Nağı
("Ölüləri qəbiristanlıqda
basdırın", İsmayıl Şıxlı),
Hüseynqulu xan ("
Qarabağnamə", İlyas Əfəndiyev), Gənc
kişi ("Uçqun", Tuncər Cücənoğlu), Fəxrəddin
("Qətibə İnanc", Məmməd Səid Ordubadi),
Cinni Mustafa ("Dəli yığıncağı", Cəlil
Məmmədquluzadə), Türbət ("Yaşar", Cəfər
Cabbarlı), Düşmən şair ("Ah, bu uzun sevda
yolu", Əli Əmirli)
rolları il öz istedadnı dəyanətlə və əsl
aktyor cəngavərliyi ilə təqdim edə bilib.
Aktyorun təqdimində
Ayzadənin əri içkiyə meyillidir, lakin məsləksiz
və şərəfsiz deyil; haqsızlıqlara qarşı
kəskin mübarizə aparmağı bacarmır, lakin
püskürən çılğınlığı ilə
etirazını və mənəvi
gücsüzlüyünü tamaşaçılara
çatdırır; hayqırtıları qəzəb
püskürür, ancaq mənsub olduğu xalqın, eləcə
də ailə fəlakətinin ictimai-siyasi mahiyyətini dərindən
anlamaq iqtidarında deyil. İlyas Əhmədov mürəkkəb
dialoqlarda da obrazın daxili ritmindən çıxmır,
güclü, ehtiraslı
çılğınlığını vəziyyətə
uyğun ifadə etməklə tip-personajın bədii məziyyətlərini
daha da gücləndirir. Sözü olmayan səhnələrdə
də "boş" dayanmır, daim hərəkətdədir
və qətiyyən personajın daxili gərginliyindən kənara
çıxmır. "Lal" səhnələrində
danışan adamların hər birinə onların söz-mətninə
uyğun hərəkət və mimika ilə reaksiya verir.
Vəfa Rzayevanın,
Şəhla Əliqızının, Rövşən Kərmduxtun,
Anar Heybətovun, İlyas Əhmədovun dəqiq,
düşünülmüş, psixoloji dürüstlüklə
ifa etdikləri obrazlar çağdaş teatr
estetikasının tələblərinə cavab verən bitkin
və ifadəli, məzmunlu və dəyərli, cazibəli və
təravətli xarakterlər kimi qəbul olunurlar. Unutmayaq ki,
tamaşaçıları heyrətləndirən sənət
ocağında mütləq böyük sənət
uğurları da var. Sənət uğurları varsa, teatrdan
daha möhtəşəm tamaşalar gözləməyə
inamımız da güclənir...
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2024.- 15 mart, ¹49.- S.10.