Anar
yaradıcılığı haqqında yeni monoqrafiya
Bu günlərdə
yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş
redaktoru, filologiya üzrə fəlsəfə doktoru Pərvin
Nurəliyevanın “Anar yaradıcılığında janr
müxtəlifliyi” adlı monoqrafiyası işıq
üzü görüb. Kitab Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun rəyi ilə “Qanun” nəşriyyatında
çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Xalq
yazıçısı Anarın
yaradıcılığının ardıcıl tədqiqatçısı
P.Nurəliyeva bu dəfə yazıçının teatr,
kino, tərcümə, şeir, ictimai-həyat kimi istiqamətlərdə
uyğun əsərlərini geniş tədqiqata cəlb edib.
Müəllif “525-ci qəzet”ə
verdiyi a,ıqlamada kitabın araya-ərsəyə gəlmə
səbəbləri barədə danışıb: “Artıq
10 ildən çoxdur ki, ustad Anar
yaradıcılığı ilə bağlı dissertasiya,
yazılar, məqalələr, ön sözlər, kitablar
yazıram. Yazıçının 80 və 85 illiklərində
isə bu yuvarlaq rəqəmlərin diktəsi ilə Anarsevərlərə
təqdim etdiyim işlərin miqyasını bir az da genişləndirdim.
80 yaşında Türkiyədə dəyərli dostumuz,
yazıçı-tərcüməçi İmdat Avşarla
birlikdə “Türk ədəbiyyatı” dərgisinin Xalq
yazıçısı Anardan bəhs edən xüsusi
sayını hazırlayıb oxuculara təqdim etdik. Həmçinin
İmdat Avşarın təşəbbüsü ilə
“Yaxşı Padşahın nağılı” əsərinin
qazax, özbək, tatar və s. türk dillərinə tərcümə
olunmuş versiyasının, eləcə də, orijinal
variantının toplandığı kitabı mənim redaktəm
və ön sözümlə çap etdirdik. Eyni zamanda, Anar
müəllimin “Çağdaşlarım” (tərcümə:
İ.Avşar) kitabı da mənim ön sözümlə
TÜRKSOY-da işıq üzü gördü. Ötən il
isə 85 illik yubiley münasibətilə Bakıda “Anar
yaradıcılığında zaman və insan” adlı dərs
vəsaitim, Türkiyədə İmdat bəyin tərcüməsində
“Anar: Çağının önündə bir yazar”
kitabım işıq üzü gördü. Kitab
İstanbulda dəyərli Kabaklılar ailəsinin ustad Anara dərin
hörməti ilə Türk Ədəbiyyatı Vəqfində,
daha sonra İstabul Universitetində, Ankarada TÜRKSOY-da təqdim olundu. Həmçinin
ssenari müəllifi olduğum, Azərbaycan Televiziyasında
ekranlaşdırılan “Sarsılmaz dostluq” filmində
üç sənətkarın Anar, Emin Sabitoğlu və
Vaqif Səmədoğlunun dostluğundan yaranan, Azərbaycan mədəniyyətinə
bəxş edilən ölməz əsərlərdən
söz açdım. Opera Studiyasında “Anar 85 -
Yazıçı ilə görüş” tədbirinin də
ssenari müəllifi və aparıcısı kimi ustadın
yaradıcılığını bir az daha anlamağa,
duymağa çalışdım”.
P.Nurəliyeva onu da
xüsusi qeyd edib ki, yeni işıq üzü görən
monoqrafiyada daha əvvəllər toxunmadığı
mövzulara geniş yer verib: “Daha öncələr fəlsəfə
doktoru dissertasiyamın mövzusu yazıçının nəsri
ilə bağlı olduğu üçün, əsasən,
prozanı təhlilə cəlb etmişdim. İlk yazdığım
“Anar dünyası” kitabımda ayrı-ayrı əsərlərə
həsr edilmiş esselər yer alırdı, dissertasiyada bu
bilgiləri ümumiləşdirib daha geniş, sistemli təhlillər
apardım. Yeni monoqrafiyada isə artıq
yazıçının sənətin müxtəlif yönlərinə
aid əsərləri tədqiqat obyektimdir. Anar müəllimin
Azərbaycan kinosu, teatrı üçün
gördüyü böyük işlər, ictimai fəaliyyəti
və bunu əks etdirən əsərləri, çox da
geniş tətqiq edilməyən şeir və tərcümələri
burada ardıcıl təhlil edilib”.
Sonda kitabın müəllifi
monoqrafiyanın işıq üzü görməsində əməyi
olan hər kəsə minnətdarlığını bildirib,
eyni zamanda, maraqlı bir anons verib: “Əlbəttə,
kitabın işıq üzü görməsi və
ümumiyyətlə, monoqrafiya arzusu, ilk növbədə,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və
hörmətli elmi məsləhətçim, akademik İsa Həbibbəylinin
xidmətidir. İsa müəllimin timsalında İnstitut əməkdaşları
gənclərin yazıb-yaratmaq arzusuna böyük motivasiya
verir və bu yolda dəstəklərini, gözəl rəy və
münasibətlərini əsirgəmirlər. Buna görə
də başda İsa müəllim olmaqla, dəyərli alimlərimizə
minnətdarlığım sonsuzdur. Həmçinin kitabın
belə qısa müddətdə çap olunması “Qanun” nəşriyyatının
həssaslığı, yazıçıya hörməti və
ədəbiyyat adına görülən işlərə əbədi
qayğısı sayəsində alındı. Şahbaz
Xuduoğluna və nəşriyyatın əməkdaşlarına
təşəkkür edirəm. Həm də bir kiçik
anonsu da verim ki, ustad Anar haqqında geniş “Ədəbi
söhbətlər” kitabımın konturları artıq
görünür. Təki ustad uzun və sağlam ömür
yaşasın, mən də hər il onu sevənləri yeni
kitabla sevindirim!”
Nadir Yalçın
525-ci qəzet.- 2024.- 15 mart, ¹49.- S.9.