Şəhid qoxulu
Füzulim
Esse
Böyük qələbəmizdən
sonra ilk dəfə idi, işğaldan azad edilmiş Füzuli
rayonuna səfər etmişdim. Yaşadığım hissləri,
qarşılaşdığım mənzərəni hər
hansı bir sözlə ifadə edib cümlələrə
düzsəm, anlatmaz, bəlkə də zəiflədər,
amma mən yenə də o məqamların unudulmasından
qorxduğum üçün xatirələrimi yazıya
köçürmək istədim.
Xocalı soyqırımının
32-ci ildönümünə bir gün qalıb və yenə
qar yağır. Amma bu dəfə qar sanki mülayimləşib,
yerə düşən kimi əriyir, maşınların
üstündə, otların, ağacların üzərində
seyrək görünür. O gün Horadizdən gəlib
çatdıq Füzuli postuna. Xəyallarımızın
möcüzəsi, dualarımızın vətəni, ən
gözəl xatirələrin yurdu olan Füzulinin düz
astanasında, bir addımlığında həyəcanla
gözləyirik. Mühafizə xidməti şəxsiyyət
vəsiqələrimizi yoxlayıb bir-bir adlarımızı
çəkdikdə uşaq kimi sevincək halda "burda"
- dedim. Hər şey qaydasında! Biz o müqəddəs
torpağa ilk dəfə qədəm basdıq. Elə sərhəddin
girişindən kol-kos basmış ərazilər, bir tək
çaylaq daşları qalan uçuq-sökük binalar və
səngər izləri rayonun hər qarışında insana
"mən yaralıyam, ağrılıyam" deyirdi. Sanki
bizi də görüb bir az kövrəlmişdi o yerlər.
Axı torpaq da canlıdır, o, hər şeyi hiss edir.
Füzuliyə qonaq getmək - nə gözəl bir
gündür, ilahi. Nəhayət, gəlib çatdıq
ünvana. Bizi qarşılayan əzizlərimiz Elşən və
Əfsanənin qonaqpərvərliyi bir başqa idi. Ev sahibləri
ayrı sevincək, qonaqlar ayrı. Sevinc-sevincə
qarışmışdı.
Düzü, ora gedərkən, mina
təhlükəsinə görə, yeni tikilən
binaların əhatəsindən kənara
çıxacağımızı
düşünmürdüm. Həmişə şəkillərini
gördüyüm o gözəl mənzərəli
küçələrin, yaraşıqlı binaların
külləri, dağıntıları arasında
olmağın, onlara toxunub ağrısını xəfiflətməyin
mümkün olduğunu biləndə çox
duyğulandım. Əvvəlcə yuxarıdan şəhərə
ümumi nəzər salaraq içimdəki sükutla şəhidlərimizin
xatirəsini yad edib, ruhlarına rəhmət dilədim. Mənzərəni
seyr etdikcə "Çoxmu gecikdik sənə,
Füzulim!" - deyirdim. Şəhərin incidildiyi,
küskünlüyü hər halından bəlli idi.
Yavaş-yavaş düşdük üzüaşağı,
"Araz" qəzetinin redaksiyasına tərəf. Bir tək
hündür sütunları qalan binanın məğrur
duruşuna baxdıqca qulaqlarımda "Araz" qəzetinin
devizi səslənirdi: "Günəş çıxmaya bilər,
amma qəzet mütləq çıxmalıdır".
İcra Hakimiyyətinin, Füzuli Dövlət Dram
Teatrının, Məscidin, 8 illik orta məktəb
binasının, digər inzibati və yaşayış binalarının
qalıqlarına baxdıqca insan dəhşətə gəlir.
Cənnət kimi təbiəti, insanlarının qaynar həyat
tərzi olan bir şəhəri bu cür xarabalığa
çevirməyi necə bacarıblar? İnsan zəhməti
ilə tikilmiş evləri, binaları, salınmış
bağları, əkilmiş ağacları insan əli məhv
edə, bu şəkildə xarabalığa çevirə
bilməz, demək ki, erməni bünyəsində tamam
başqa şər qüvvələr var.
Ara küçələrdən
enirik köhnə avtovağzala tərəf, bura o küçədir
ki, qarşısından ötüb keçdiyimiz ikimərtəbəli
yanıq, uçuq evdə bir zamanlar xalqın sənətkarı
yaşayıb, yaradıb. Oradan ötüb keçənlərə
xoş ovqat bəxş edən muğam səsi, Dədə
Süleymanın avazında "Qarabağ şikəstəsi"nin
sədaları hələ də qulaqlarımdaydı. Onda
anladım ki, bu yaralı vətəni ayaqda tutan qədim milli
mədəniyyətimizin sarsılmaz, güclü təməlidir.
Həmin gün
zığ-palçıqlı küçələrdə gəzmək
insanı, nəinki narahat etmirdi, əksinə, zövq verirdi.
Zığlı-palçıqlı da, uçuq-sökük
də olsa, biz Füzulimizdəydik. Yavaş-yavaş gəlib
çatdıq rayonumuzun azadlığını cənab
Prezidentin qürur və sevinclə xalqa bəyan etdiyi o məkanın
ətrafına. Həmin yerdə Azərbaycan Bayrağı
mavi səmalarda küləyin müşayiəti ilə əzəmətlə
rəqs edir. Tarix köhnəldikcə həqiqətlər daha
da aydınlanır. Necə ki, Qarabağ topaqlarının əsl
sahiblərinin kim olduğu həqiqəti 30 il sonra
bütün dünyaya ayna tək əks olunduğu kimi. Tarix,
sən nə ədalətli hakimsən!
Daha sonra yeni yaşayış
binalarının kənarı ilə qalxdıq
üzüyuxarı, indiki Dəmir Yumruq prospekti, əvvəlki
göz xəstəxanası və doğum evinə tərəf.
Xəstəxana binasının qalıqlarının
qarşı tərəfində əhaliyə müvəqqəti
xidmət məqsədi ilə tibbi məntəqə qurulub.
Yolun digər tərəfindən görünən Məngələnata
yüksəkliyi də sanki yenə şəhərə
keşik çəkir, ən strateji döyüş
mövqeyi olaraq qanlı-qadalı döyüşlərdə
sinəsini sipər etdiyi kimi, Qarabağ müharibəsinin ən
ağır günlərində oğullarımızın
kürəyini qoruduğu kimi. Köndələnçayın
ürəkaçan və insanı heyrətə salan mənzərəsi
vəsf etmək üçün o an ilhamlı bir şair
lazım idi. Buludların əksi çayın üzərində
elə dayanıb ki, sanki yerlə göy birləşib.
Çayda üzən ördəklər isə elə bil suyun
içində deyil, buludların arasında dincəlir. Digər
sahildə havanın tutqunluğu elə mənzərə
yaradıb, sanki yerlə göy əl-ələ tutub, bir-birindən
muğayat olur. Köndələnin sağ tərəfində
seyrək evləri olan Qərvənd kəndi, kəndin kənarında
erməni vəhşiliyinin şahidi türbə, kəndin
arxa tərəfindən ucalan yüksəkliklər və
Köndələnin yuxarısından kəndə sarı
boylanan tənha tut ağacı bir başqa təsirli mənzərənin
detallarıdır. Onlar elə baxırlar ki, illərlə
şahidi olduqları erməni vəhşiliklərindən bir
kəlmə danışsalar, ürəyim tab gətirməyəcəkdi,
bunu aydın hiss etdim.
Ətrafa baxdıqca mənə elə
gəlirdi ki, torpaq məni tanıyır. İkimiz də
azadıq, qürurluyuq, birimiz vətəninə, o birimiz
doğmalarına qovuşub, amma ikimiz də daxilən
yaralı... Biz bir-birimizi çox gözəl
anlayırdıq, çünki eyni hissləri keçirirdik. Gəzdikcə
gördüm ki, biz şəhərlə bir-birimizə necə
də bənzəyirmişik, ikimiz də erməni vəhşiliyinin
əzabını çəkirik.
Ən müassir texnikalarla təhciz
edilən, ən müasir standartlara cavab verən Füzulidə
ucaldılmış Mirzə Uluqbəy adına tam orta məktəb
binası orada təhsil alan şagirdlər üçün
böyük töhfədir. Dəmir Yumruq prospektindən məktəbə
tərəf endikdə yol boyu 240 nəfərlik uşaq
bağçasının planı həmin ərazidə
hasarlara vurulub, yolun solunda texnikalar plana uyğun işlər
aparır, sağında yeni yaşayış
binalarının tikintisi gedir, digər tərəfdə yeni
yollar salınır, şəhərin hər yerində
quruculuq işləri görülür, ətrafda isə rayon
sakinləri gündəlik həyat tələbatlarına
uyğun olaraq şəhərin içində hərəkət
edirlər. Bir sözlə, Füzulidə yenidən həyat
qaynayır. Və bu həyat
qığılcımlarını müşahidə etdikcə
insanın qəlbində fərəh hissi
coşub-daşır. Füzuli Beynəlxalq Hava Limanı isə
rayonumuzun dünyaya açılan qapısıdır. Bu
gün Füzulimizin işğal dövründə
aldığı yaralar yenilməz sərkərdə,
müdrik dövlət başçısı cənab
İlham Əliyevin qayğısı ilə şəfa
tapır...
Artıq saatlardan bəri bizi heyrətə
salan, duğularımızı anbaan dəyişdirən,
acıların məsumlaşdırdığı və məsumluğunun
ecazkarlıq qatdığı bu şəhərdən geriyə
- Horadizə qayıtmaq zamanıdır. Qayıtmaq istəməsək
də, başqa bir gün, nə zaman istəsək, rahat şəkildə
torpaqlarımıza gedib-gələ biləcəyimizə
görə Tanrıya şükranlıq və ürəyimizdə
əminlik hissi ilə geri döndük. Havasını
acgözlüklə, doya-doya, həsrətlə içimə
çəkdiyim şəhər ruhuma rahatlıq verirdi. Qəhrəmanların
qanları ilə çiçəklənən şəhərimiz
şəhid qoxurdu, bu şəhər şəhid Amilim
qoxurdu. Şəhid qoxan Füzulim, biz unuda bilərikmi sənin
köksünə çəkilən dağları?! Unuda bilərikmi
qoynunda yaşadığımız tarixi?! Əziz şəhərim,
yaraların sağalacaq, sən unudacaqsan 27 illik işğalda
gördüklərini, yaşadıqlarını. Biz sənin
yaşadığın hər əzabı unutduracağıq.
Kürəyi Məngələnataya söykənmiş, biləyi
Dəmir Yumruğa dönən insanları heç kim yıxa
bilməz. Çünki bizi sən yetişdirmisən, sənin
çörəyin, suyun, təbiətinlə
böyümüşük, Vətən! Bizim
damarımızdan axan azərbaycanlı qanıdır və sən
də Azərbaycan oğulların qanı ilə
çiçəklənən vətənsən, Füzulim!
Yeni görüşlərə qədər, doğma şəhər!
Xalisə MƏMMƏDOVA
Şəhid Hüseynov Amil Rasim
oğlunun həyat yoldaşı, Füzuli Tarix-diyarşünaslıq
muzeyinin direktor vəzifəsini icra edən
525-ci qəzet .- 2024.- 15 mart, №49.-
S.8.