XI Qlobal Bakı Forumu - Parçalanmış dünyanı necə birləşdirməli?

 

Azərbaycanın paytaxtı növbəti dəfə mühüm tədbirə - XI Qlobal Bakı Forumuna ev sahibliyi edir. Dünyanın bir çox ölkələrinin hazırkı və sabiq liderlərinin, nazirlərin, Nobel mükafatçılarının, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən builki forum müasir dünyamızın üzləşdiyi qlobal problemlərin həll yollarını müzakirə edir. Bu baxımdan forumun həsr olunduğu mövzu da çox aktualdır - “Parçalanmış dünyanın bərpası”. Bu mövzu altında geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyanı əhatə edən çoxsaylı məsələlər diqqətdədir. Tədbir çərçivəsində, eyni zamanda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq.

Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən, iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə də toxunulacaq. Həmçinin, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələləri, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə məsələlərə diqqət yetiriləcək.

Göründüyü kimi, Forumun gündəliyi zəngindir və ən əsası vurğuladığımız kimi bütün dünya üçün əhəmiyyət kəsb edən mövzular müzakirə olunur.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin dəstəyi ilə yarandığı gündən bəri Qlobal Bakı Forumu təsirli müzakirələrin aparılması və konstruktiv dialoq irsinə əsaslanır. Bu səbəbdəndir ki, Foruma maraq, iştirakçılıq səviyyəsi ildən-ilə yüksəlir. Martın 16-dək davam edəcək Forumda 70-dən artıq ölkədən 400-ə yaxın qonaq iştirak edir. Forumun əsas məqsədi “Parçalanmış dünyanın bərpası” naminə kollektiv səyə töhfə verməkdir. “Parçalanmış dünya” bu gün qlobal narahatlıq yaradır.

Albaniyanın Prezidenti Bayram Beqay Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib ki, Avropadakı böhranlar artıq qapımızdadır və parçalanan dünyanın bərpasına birgə töhfə verməliyik. Təhlükəsizlik siyasətlərimizi birləşdirməliyik. Albaniya bir sıra geosiyasi maraqların birləşdiyi nöqtədə yerləşir: “Lakin biz əməkdaşlıq ölkəsiyik, regional təhlükəsizliyə sadiqik. Dünyada parçalanma nəinki dövlətlər arasında, hətta dövlət daxilində gedir. Vaxt artıq yetişib. Biz dialoq və əməkdaşlıq içərsində irəliləməliyik. Dayanıqlı inkişafı və sülhü təşviq etməliyik”.

Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirəsi, həlli yollarının tapılmasında önəmli bir platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindəki nitqində bu məqama toxunaraq deyib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.

Həqiqətən də Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir, əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münxen Təhlikəsizlik Konfransı kimi beynəlxalq aləmdə nüfuzlu tədbirdir. Eyni zamanda, həmin forumlardan həm miqyasına, həm də məzmununa görə ciddi şəkildə fərqlənir. Belə ki, Davos Forumu yalnız iqtisadi, Münxen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edirsə, Bakı Qlobal Forumu universal xarakter daşıyır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, ətraf mühüt, sosial, humanitar və digər məsələlərin müzakirəsinə açıq bir platformadır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Bu baxımdan Bakı Forumu öz əhatəsinə, iştirakçılıq səviyyəsinə, əhəmiyyətinə görə Davos İqtisadi və Münxen Təhlükəsizlik konfransları ilə müqayisə olunacaq dərəcədədir.

Bu gün dünya həmişəkindən daha çox beynəlxalq məsələlərin, aktual problemlərin müzakirəsinə, həll yollarının tapılmasına ehtiyac duyur. Ona görə də Bakı Forumu kimi platformaların yaradılması və inkişaf etdirilməsi çox vacibdir. Bu platformada toplaşanlar isə əsasən böyük siyasəti, iqtisadiyyatı, təhlükəsizlik məsələlərini bilən mütəxəssislərdir. Qlobal problemlərin həllindən çıxış yollarının məhz Azərbaycanda müzakirə edilməsi ölkəmizin nüfuzundan, beynəlxalq müstəvidəki rolunun göstəricisidir.

Qlobal Bakı Forumuna böyük maraq həm də Azərbaycana olan maraqdan irəli gəlir. Xüsusilə ölkəmizin postmüharibə dövründə regionda yaratdığı yeni reallıqlar, bölgənin güclü, nüfuzlu dövlətinə çevrilməsi, sülh gündəliyinin təşəbbüskarı olması və onun irəli aparması üçün göstərdiyi cəhdlər ortadadır. Bunu hər kəs görür, görmək istəməyənlər isə ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, regiona qarşıdurmaya sürükləyən Fransa kimi dövlətlərdir.

Dövlət başçısı öz çıxışında bu məqama toxunaraq deyib ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

Bakının sülh gündəliyinə diqqət çəkən Prezident bildirib ki, indi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir.

Dövlət başçısı onu da vurğulayıb ki, sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.

Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.

Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan Prezident deyib ki, hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub: “Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.

Bu gün dünyanın müxtəlif nöqtələrində mövcud münaqişələr, müharibələr və yaxud bəzi güclərin artıq bitmiş Qarabağ kimi münaqişələri yenidən “alovlandırmaq” cəhdləri, sülhə imkan verməmələri dünyanın parçalanmasına səbəb olur. Bu baxımdan XI Qlobal Bakı Forumunun parçalanmış dünyanın birləşməsi üçün hansı rolu olacaq?

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “525”ə bildirib ki, 11-ci Qlobal Bakı Forumunun devizi parçalanmış dünyanı (Fixing the Fractured World) düzəltməkdir. Foruma dünyanın müxtəlif yerlərindən 400-ə iştirakçı dəvət olunub: “Xüsusilə vurğulamaq istərdim ki, onların arasında dövlətlərin indiki və keçmiş rəhbərləri, Nobel mükafatı laureatları da var. Tədbir martın 14-də başlasa da, proqrama əsasən, ilk çıxışlar ondan bir gün əvvəl baş tutdu. Çıxışların mövzuları əsas gündəmə: Şərqlə Qərb arasında münasibətlər və Qəzzada indiki müharibəyə həsr olunmuşdu. Çıxış edənlər süni intellektin perspektivləri və riskləri ilə bağlı fikirlərini bildirib, Azərbaycana yaxşı məlum olan pilotsuz uçan aparatlar mövzusuna toxunacaqlar. Forum Azərbaycanın G-20 kimi heç bir böyük assosiasiyaya üzv olmayan kiçik ölkələrin liderləri üçün platforma təmin edən ölkə kimi imicinin təbliğində rol oynayır. Bu, Azərbaycanın əsas beynəlxalq platformalarda de-fakto dünyanın əksər inkişaf etməkdə olan ölkələrinin flaqmanı olduğu dövrdə Qoşulmama Hərəkatında dörd illik sədrliyin nəticələrini möhkəmləndirməyə kömək edir. Belə ki, tədbirin əsas natiqlərindən biri Albaniya Prezidenti, keçmiş hərbçi Bayram Beqaydır. Bununla belə, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus kimi şəxs də iştirak edir. Son illərdə qlobal səhiyyə sahəsində baş verənləri nəzərə alsaq, onun tədbir iştirakçılarına və qonaqlarına deyəcəkləri çoxdur”.

 

Pərvanə

525-ci qəzet .- 2024.- 15 mart, ¹49.- S.5.