İrəvanda anadilli
mətbuatımızın təməl daşı: 110
yaşlı "Ləklək"
Qədim Oğuz yurdu İrəvanda XIX əsrin ikinci
yarısından etibarən güclənən milli
oyanışımızın nəticəsi olaraq, ilk anadilli mətbuat
nümunəsi - "Ləklək"
satirik jurnalı nəşrə başladı. Doğrudur, bəzi
mənbələrdə XIX əsrin sonlarında İrəvanda
"Çələk" (1882) adlı qəzetin nəşri
haqqında məlumat da yer alıb. Ondan sonra isə İrəvan
ziyalılarından olan Cabbar Əsgərzadənin 1905-ci ildə
milli münaqişələr zəminində
soydaşlarının haqqını müdafiə etdiyindən
həbs olunduğu bir neçə ayda həbsxanada "Molla Nəhib"
və "Mollabaşı" adlı qəzet
çıxardığı da güman edilir. Lakin
adıçəkilən qəzetlərin bir nömrəsin
belə, maddi dəlil kimi əldə olmadığından
onlardan bəhs etmək mümkün deyil. Bununla da 1914-cü
il fevralın 22-də Cabbar Əsgərzadənin
redaktorluğu və Mirməhəmməd Mirfətullayevin
müdirliyi ilə nəşr olunmuş "Ləklək"
satirik jurnalı İrəvanda anadilli mətbuatın ilki, təməl
daşı hesab olunur. Həmin dövrdə "Ləklək"
satirik jurnalının nəşri Qafqaz ədəbi
mühitində rəğbətlə
qarşılanmış, onun haqqında dövri mətbuatda
elan və məlumatlar dərc olunmuşdu.
"Ləklək"in yaranma şəraiti, tarixi
missiyası da dövrünə məxsus idi. İrəvanda
soydaşlarımızın acı aqibəti, elmsiz, məktəbsiz
qalan uşaqların taleyi, xalqı qəflətdə saxlayan
fanatik mühitin doğurduğu ağrı-acılar, mədəni
gerilik İrəvanın maarifçi ziyalılarını
narahat edirdi. "Ləklək" belə bir vaxtda meydana gəldi.
Onu da qeyd etməliyik ki, "Ləklək"in yaranmasına
təkan verən amillərdən biri həmin dövrdə
Şərqi qəflətdən oyadan "Molla Nəsrəddin"
satirik jurnalı olmuşdu. Bu xüsusda jurnalın redaktoru
Cabbar Əsgərzadə mollanəsrəddinçi Məhəmmədəli
Sidqiyə yazdığı məktublarında açıqca
göstərir. Jurnalın baş məqaləsindən də
aydın olur ki, İrəvanda Azərbaycan mətbuatının
ilk müjdəçisi, zamanında quberniyanın yeganə mədəni-mənəvi
siması olan bu jurnal əvvəldən axıra qədər
"Molla Nəsrəddin"in yolu ilə gedib, onun ənənələrindən
bəhrələnib.
Qeyd edək ki, jurnalda dərc olunmuş bütün mətnlər
geniş müzakirə, tədqiq və təhlil olunmağa
imkan verir. Lakin yığcam bir yazıda təfsilata yer
olmadığından bir nüansı nəzərə
çatdırmağı vacib sanırıq. 2020-ci ildə
"Ləklək"in tərəfimizdən transliterasiya,
lüğətlə nəşri zamanı jurnala
yazdığımız ön sözdə onun bütün
saylarında yer almış aparıcı mövzular təhlilə
cəlb olunub. İndiki məqamda ideyasına, toxunduğu
mövzulara nəzər salmağı məqbul sayırıq.
Mövzu ilə bağlı apardığımız tədqiqatdan
bəlli oldu ki, böyük çətinlik və əziyyətlərdən
sonra "Ləklək"i nəşr etdirməkdə Cabbar
Əsgərzadənin ən böyük qayəsi İrəvanın
ictimai-siyasi, mədəni mühitini gerçəkliyi ilə əks
etdirmək olmuşdu. Qədim Oğuz yurdunda azərbaycanlıların
yaşadığı ağır həyat tərzi, çar
mütləqiyyətinin, xain ermənilərin millətimizə
etdiyi zülmlər, xalqın korafəhmliyi,
mollanümaların hoqqabazlığı, elmdən, təhsildən
uzaq olan balalarımızın, fanatik mühitdə boğulan
qadınların taleyi onu düşündürən məsələlər
idi. Yazıçı müşahidə etdiyi, şahidi
olduğu bütün hadisələrə özünün kəsərli
satirik qələmi ilə münasibətini bildirib.
Jurnal elə ilk sayından İrəvanda azərbaycanlıların
ictimai-mənəvi taleyinə həssaslıqla yanaşdı.
Bu istiqamətdə fəaliyyət göstərən "Ləklək"çilər
xalqın mədəni, mənəvi geriliyinə
acıyır, millətinə xeyir verməyən, onun dərd-sərinə
biganə qalan az-çox təhsil görmüş
cavanların həyat tərzini, naqisliyini incə yumor, kəskin
satira ilə hədəfə alırdı. "Hərif"
imzalı müəllifin "Nifrətnamə" şeirində
olduğu kimi:
Getdi birisi Moskvaya,
etmə ümid qayıtmağa,
Kursu çıxanda başlayır çulu,
palazı satmağa.
"Madmazel" aləmin görüb,
donbalanır sola-sağa,
Fatmanı görcəyin deyir:
Ax ti bolşoy qurbağa...
"Ləklək" əvvəldən sona qədər
İrəvandan, ümumən Qafqazdan xəbərlərə
yer verib. Bu xəbərlərdə böyük mətləblər
hətta bir cümlədə belə, kəsərli və təsiredicidir.
Jurnal öz səhifələrində ədəbiyyat, siyasi
lüğətlər, xəbərlər, məzhəki
elanlar, satirik şeirlər, teleqraf xəbərləri, şəhər
aralığından, xalqın məişəti ilə
bağlı yazılarda ictimai qüsurları cəsarətlə
tənqid edib. "Ləklək" bir qayda olaraq bəzi
şəhərlərdə nəşr olunacaq qəzet və
jurnalların elanını dərc etməklə həm də
xalqda mətbuata maraq oyatmağa çalışıb.
"Qafqaz xəbərləri", "İrəvan xəbərləri",
"Qaranlıq istiqbal", "Elanlar"da İrəvanın
ictimai-siyasi həyatı, xalqın balalarının elmdən,
təhsildən məhrum olması, qadınların
hüquqsuzluğu, mövhumatın, dini fanatizmin millətin
taleyində maddi və mənəvi geriliyə səbəb
olması ağrılarından bəhs edirdi. Bu
yazıların hər biri özlüyündə hədəfə
aldığı mövzunu real həyatın, xalqın
yaşam tərzinin fonunda işıqlandırıb. Cəmi 60
nüsxə ilə nəşr olunan jurnalın hər
sayının ərsəyə gətirilməsində çəkdiyi
əziyyətlərə rəğmən, "Ləklək"i
C.Əsgərzadənin mənəvi övladı kimi qəbul
etmək də doğru olar.
Demokratik düşüncəyə meyilli olan,
sözündə reallığa söykənən "Ləklək"in
səhifələrində dərc olunmuş felyeton, satirik məqalələrdə
bir ovuc ermənilərin azərbaycanlılara, savadsız və
avam kəndlilərə verdiyi sıxıntılar,
canlarına, mallarına etdiyi qəsdlər açıqca tənqid
olunurdu.
Jurnalın bütün saylarındakı ictimai əhəmiyyət
kəsb edən elanlar oxucuda rəğbət doğurur.
Müsəlman qadınlarının teatr tamaşalarına
baxmasına şərait yaratmaqdan ötrü günorta
tamaşaları barədə "Apollo teatrosu"nun anonsu,
Novruz bayramı münasibətilə Mirfətullayev
qardaşlarının mağazasında ucuz qiymətlə
satışa qoyulan malların çeşidi və güzəşti,
xaricdən gələn təcrübəli diş həkiminin
xidmət növü və şəraiti, əkin-biçindən
ötrü cürbəcür gül-çiçək, pencər
toxumlarının satışı, xalis və təmiz şirniyyatların
satıldığı qənnadı dükanının
reklamı bir əsr bundan qabaq İrəvanda
soydaşlarımızın həyatını, yaşam tərzini,
güzarını, gözlərimiz önündə
canlandırır. Burada bizə maraqlı görünən cəhətlərdən
biri odur ki, bu elan və xəbərlərdə qədim
yaşayış məskənimiz olan İrəvanda adları
çəkilən mülklərin, imarətlərin,
dükanların məhz azərbaycanlılara məxsus
olması bildirilir. Belə ki, Azərbaycan türklərinin dədə-baba
yurdlarında öz torpağının, mülkünün əsl
sahibi olması faktları hüquqi sənəd kimi nəzərə
çatdırılır.
Yeni üsullu məktəblərin
açılması, dərslərin səviyyəsi məsələsini
"Ləklək" maarifçi nəzərləri ilə
izləmiş, bu sahədəki qüsurları, yarıtmaz
halları satirik bir üslubda tənqid etmişdi. "İrəvanda
"Rusko-tatarski" məktəb və yaxud veyillərin
fabrikası" məqaləsində müəllif ana dili və
rus dili tərəfdarlarının fikirlərini
açıqlayır, heç bir hazırlığı
olmadan böyük sərmayə toplamaqla guya yeni bir məktəb
açılmasını və onun da ixtiyarının ruhanilərə
verilməsini götür-qoy edənlərin fikrinə diqqət
yönəldərək yazır: "Mənə ən heyrət
verən şey burasıdır ki, öz-özümə deyirəm:
Görəsən, bu şkolu bir onca il beləcə
başına qoyasan, heç dindirməsən, buradan ildə
neçə təsbih veyl uşaq çıxar ki, axırda
İrəvana desinlər Veyillər mədəni".
Jurnal bütün saylarında ədəbiyyata geniş
yer vermişdi. "Ləklək", "Hərdəmxəyal",
"Yetim cücə", "Keyfli", "Cinni",
"Şeytan" imzalı şeirlər mədəni
geriliyin tənqidi və ifşasına həsr edilmişdi.
Jurnalın saylarında verilmiş "Siyasi
lüğətlər"də əsasən İranın
siyasi həyatında baş verən hadisələr diqqətə
çatdırılır. Ümumiyyətlə, İran həyatı,
cənublu soydaşlarımızın ictimai halları "Ləklək"də
reallıq prizmasından işıqlandırılır. Məktub
formasında verilmiş felyeton, satirik məqalə və xəbərlər
- "Tiflisdən məktub", "Makudan",
"Ordubad", "Gəncə", "Mərənddən
məktub"da zamanında aktual olan məsələlərə
münasibət bildirilməsi həm də "Ləklək"in
yayılma arealının geniş olması baxımından
böyük əhəmiyyət kəsb edir.
Jurnalın onuncu sayına "Ləklək" can
verir" adlı, uşaqlar üçün nəzmlə
yazılmış bir kitabça da əlavə olunub. Ləkləkin
(Leyləyin) Hacıleyləklə dərdləşməsi
üzərində qurulan bu alleqorik hekayətdə müəllif
gözübağlı xalqın ictimai, mənəvi problemlərini
göz önünə gətirməklə kifayətlənmir.
İrəvan səmasında yenicə qanad açan "Ləklək"in,
ilk anadilli mətbuatın avam
millətin gözlərini açmağa, onları qəflətdə
saxlayan dini-fanatizmə qarşı çıxmağa,
cocuqları "Ləklək"ə dayaq olmağa, onu oxuyub
dərk etməyə, onunla dost, sirdaş olmağa
çağırır. Bu, jurnalın bağlanmaq təhlükəsini
hiss edən İrəvan ziyalısının
soydaşlarının ağrı-acısından yana
harayıdır. "Ləklək" deyir, gəlmişəm
İrəvanda elə bir məcmuə çıxardaq ki, milləti
doğru yola səsləsin. Təəssüf ki, onun
qol-qanadını sındırıb şikəst etdilər.
Can verən "Ləklək"ə (Leyləyə) nə
bir baş çəkən, halını soruşan oldu, nə
də yarasına məlhəm qoyan, bir içim su verən
tapıldı. "Ləklək" son nəfəsinə qədər
cocuqları yalvar-yaxarla dilə tutur:"Ləklək"
xatirini istəyirsəniz, Ata-qardaşınızdan xahiş
ediniz... Elə ki müştəri oldu atanız,"Ləklək"i
sağaldar sizin davanız... Ondan sonra sizin üçün
ayda bir,"Ləklək" sizə bir hədiyyə göndərər..."
Belə bir vaxtda daim çətinliklərlə
üz-üzə gələn C.Əsgərzadə jurnalın
nəşrini davam etdirməyin mümkün
olmadığını bildiyindən 12-ci sayda
"İxtar" başlığı ilə dərc
olunan yazıda oxucularına məlumat
vermiş, bunun əvəzinə daha mükəmməl olacaq
"Çınqı" məcmuəsinin
çıxacağını vəd etmişdi. Lakin burda geniş təfərrüata varmadan
bildiririk ki, "Ləklək"dən sonra
"Çınqı" doğulmadı. Və İrəvanın
ictimai həyatını, ədəbi mühitini əks etdirən
"Ləklək" - bu mübariz jurnal cəmi 12
sayından sonra (30 iyun 1914) fəaliyyətini dayandırdı.
Bu yerdə onu da bidirməliyik ki, az bir müddətdə fəaliyyət
göstərməsinə baxmayaraq, maddi dəlil kimi əlimizdə
olan "Ləklək" satirik jurnalı ilk anadilli mətbuat
olmaqla, 110 il əvvəl İrəvanda azərbaycanlıların
ictimai-siyasi-mədəni problemlərini öyrənib tədqiq
etmək baxımından mükəmməl bir mənbə, səhih
məxəzdir. Digər tərəfdən "Ləklək"
özündən sonra Qərbi Azərbaycanda yaranan mətbuatın
cığıraçanı olduğu üçün də
çox dəyərlidir.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2024.- 16 mart, ¹50.- S.23.