Ədibin arzusu - Cəfər
Cabbarlı-125
Görkəmli Azərbaycan
dramaturqu və teatr xadimi Cəfər Cabbarlı
ömrünün qısa, lakin mənalı illərini, demək
olar ki, əvvəldən axıra kimi Bakı şəhərində
keçirib. Lakin buna baxmayaraq, o, mütəmadi olaraq əyalət
teatrlarının fəaliyyəti ilə də maraqlanıb, həmin
sənət ocaqlarında çalışan aktyor və
rejissorlardan dəyərli məsləhətlərini əsirgəməyib.
Lənkərana xüsusi məhəbbəti olan ədib
bütün ömrü boyu bu əsrarəngiz cənub şəhərində
olmaq arzusu ilə yaşayıb.
Köhnə arxiv sənədləri
arasında teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər
Cabbarlı ilə görüşləri barədə xatirələri
bu gün də mühafizə olunmaqdadır. "1934-cü
ildə Lənkəranda işçi-kolxozçu dövlət
teatrı yaratmaq haqqında təşəbbüs irəli
sürdüm, - deyə Ə.M.Quliyev yazır. - İlk
tamaşanı həmin ilin dekabr ayında göstərməli
idik. Mən Bakıya gəlib Cəfərlə (C.Cabbarlı
ilə - A.B.) görüşdüm. Onu Lənkərana dəvət
etdim və dedim ki, teatrın təntənəli
açılışı olacaq. Opera teatrından, dram
teatrından, xalq maarif komissarlığından da nümayəndələr
çağırmışıq. Cəfər gülə-gülə:
- Paraxod məni tutmaz? - dedi. Mən isə: - Yox,
"Kalantay" çox böyük paraxoddur, - deyə cavab
verdim.
C.Cabbarlı belə məsləhət
gördü ki, açılışı yanvar ayında edək.
Mən razılaşdım. Ancaq sənətkarın qəfil
ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən
bir neçə gün sonra Lənkərana
qayıtdım".
Bununla belə
dramaturqun çox sevdiyi şəhərlə
"görüşü" onun əsərinin tamaşaya
qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran
teatrı C.Cabbarlının "Almaz" pyesinin premyerası
ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın
quruluşunu teatrın direktoru və rejissoru Əli Mənsur
Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti
rayon xalq teatrının yetirmələrindən və Bakı
teatrlarından dəvət olunmuş bir neçə artistdən
ibarət idi. Ən təqdirəlayiq cəhət isə onda
idi ki, Lənkəran teatrına həm də Cəfər
Cabbarlının adı verilmişdi.
Lakin 1940-cı ildə
məlum olmayan səbəblərdən C.Cabbarlının
adı Lənkəran teatrından götürüldü.
İndi artıq bu sənət ocağı Azərbaycanın
tragik aktyoru Hüseyn Ərəblinskinin adını
daşımağa başlamışdı. Bizim fikrimizcə,
Azərbaycanın ikinci böyük şəhəri Gəncədə
fəaliyyət göstərən teatrın da Cəfər
Cabbarlının adını daşıması belə bir qərarın
qəbul edilməsinə rəvac vermişdi. Buna baxmayaraq,
görkəmli dramaturqun əsərləri heç vaxt Lənkəran
teatrının repertuarından yerə düşməyib.
C.Cabbarlının yaradıcılığı bu sənət
ocağında çalışan yeni aktyor və rejissor nəslinin
həmişə nəzər-diqqətini özünə cəlb
edib.
1973-cü ildən fəaliyyətini
bərpa edən Lənkəran Dövlət Dram
Teatrının kollektivi də əvvəlki ənənəyə
sadiq qalaraq dəfələrlə Cəfər
Cabbarlının yaradıcılığına müraciət
etməklə, ədibin "Oqtay Eloğlu",
"Aydın", "Sevil", "Solğun çiçəklər"
kimi dram əsərlərini müvəffəqiyyətlə
tamaşaya qoyub. 2019-cu ildə isə teatrda dramaturqun 120 illik
yubileyinə tohfə olaraq onun "Vəfalı Səriyyə,
yaxud göz yaşı içində gülüş"
dramı səhnəyə qoyulub. Bu tamaşa həmin ilin
noyabr ayında Bakıda keçirilən "Cəfər
Cabbarlı həftəsi" çərçivəsində
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində,
habelə Astara, Ağdam, Biləsuvar, Lerik və digər
rayonlarda da uğurla nümayiş etdirilib.
Səhnə əsərinin
quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov,
quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı
Eldar Salayevdir.
Rolları aktyorlardan
Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm),
Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin
Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva
(Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev
(Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev
(Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə)
və Amil İbrahimli (Əsgər) ifa ediblər.
Qeyd edək ki, "Vəfalı
Səriyyə, yaxud göz yaşı içində
gülüş" tamaşası bu gün də teatrın
repertuarında özünə möhkəm yer tutmaqdadır.
Ağaddin BABAYEV
525-ci qəzet .- 2024.-
16 mart, №50.- S.21.